“KÖNÜL NƏĞMƏLƏRİ”
Əli
Vahid Çaylını uzun müddətdi tanıyıram. Çox səmimi
və ziyalı bir insandı. Həm də Əli Vahid Çaylı ilə biz
6-cı mərtəbədə qonşuluq eləyirik. Qonşu kimi də dəyərli
ziyalıdı. Tez-tez deyir
ki, gəl oturaq bir stəkan
çay içək.
Bir istəkan çay içəndə də yeni şeirlərini oxuyur, ya da
təzə çapdan
çıxmış kitabını
hədiyyə eləyir.
Əli Vahid Çaylının nə
az, nə
çox, düz 5 kitabı çapdan çıxıb.
Və sonuncu dəfə çay içəndə də axırıncı çapdan
çıxmış "Könül nəğmələri”
kitabını mənə
bağışladı. Dedi ki, vaxtın olsa və şeirlər
xoşuna gəlsə
bir-iki kəlmə yazarsan. Sözün düzü, heç
mənim də vaxtım bir o qədər yox idi. Amma dostun sözünü
yerə salmadım və kitabı vərəqlədim. Bir-birindən gözəl və rəngarəng bayatılara,
gəraylara, qoşmalara,
rübailərə, aforizmlərə...
rast gəldim.
Onun
"Getdi”, "Mən”,
"Şamaxınam”, "Bəlkə”,
"Məni”, "Dünya”,
"Bir gün”, "Nə var”, "Belə getsə”, "Qaçır”, "Qardaş”,
"Yoxsa”, "Hayıf”,
"Bu dünya”, "Dələduz”,
"Agahdı Allaha”,
"El qədrini bilək”,
"Dönər”... şeirləri
diqqətimizi çəkdi.
Təbii
ki, şeir yazmaq elə də asan deyil.
Bunu hamıdan yaxşı şairlər bilirlər.
Çünki mən şair
deyiləm və ömrüm boyu da şeir yazmamışam.
Ancaq şeir yazmasam da, yaxşı və pis şeiri
ayırmağı bacarıram.
Onun
"Hayıf” şerində
belə bir bənd var:
... Oğraşlar təpəni
dağ elədilər,
Dəyişib qaranı ağ elədilər,
Alim hikmət dedi, lağ elədilər,
Pərt
olub onun tək sınana hayıf...
Bu gün dünyanın
mizan tərəzisi itib. Yəni alimin, şairin,
ziyalının qiyməti
bir o qədər də bilinmir. Ən azından ona görə ki, bir çox vəzifələrdə iki
eşşəyin arpasını
bölə bilməyən
cahillər əyləşib
və onlar da cəmiyyətə yuxarıdan aşağı
baxır. Adamın ürəyi
ağrıyır ki, bəs görəsən
biz hara gedirik belə? Bu yol
bizi hara aparır? Elə Əli Vahid Çaylının da ürəyini parçalayan,
qəlbini yaralayan, iç dünyasını
narahat eləyən bu qaranlıq yoldu. Şair çalışır ki, bu qaranlıq
yola işıq salsın. İşıq sala bilirmi?
Bunu oxucular deyə bilər.
Şairin
belə bir şeiri də var: "Belə getsə”. Həmin şeirdən bir
bəndi oxucuların diqqətinə çatdırırıq.
Əli Vahid Çaylı, gəl indi yaşa,
Arzular-diləklər çırpıldı daşa.
Oğrular, quldurlar çəkilir
başa,
Əsir qalacaqdı düz, belə getsə.
Görünür şair Əli Vahid Çaylı tükü tükdən seçməyi də bacarır. Əsl şair odur
ki, adi insanların
görə bilmədiyini
görsün və şeirə çevirsin.
Bu şair vətənin
hər daşını,
hər qayasını,
hər torpağını,
hər gülünü,
çiçəyini sevməyi
bacarır. Və kədərin
içində də bir işıq axtarır. Düzdür, o işıq çox
çətinliklə üzə
çıxır. Ancaq
Əli Vahid Çaylı özü işıqlı adam
olduğu kimi, dünyada da işıq axtarır.
Onun şeirlərini
oxuduqca kövrək notlarla yanaşı, nikbin anlar da
tapmaq olur. İnanmırsınız, özünüz bilərsiniz?!
Amma bu şair axtardığını
gec-tez tapır.
Bu da onun tapdığı məqam:
Arzular içində seyrə çıxmışam,
Gecəli-gündüzlü səfərdəyəm mən.
Gah ulaq belində yük daşıyıram,
Gah qızıl
yəhərli kəhərdəyəm
mən.
Çaylıyam, ömrümdə etmərəm
günah,
Günahı törədən tamahdı,
tamah.
Üzümə müjdəylə açılır
sabah,
Görürəm, nurlu bir səhərdəyəm
mən.
Nə qədər gözəl və nə qədər də nikbin bir mənzərə!
Kim istəməz ki, səhəri xeyrə açılsın?
Kim istəməz ki, səhəri nurlu və işıqlı olsun! Əli Vahid Çaylının
ürəyinin böyüklüyünə
bir baxın ki, bu millətə,
bu xalqa hər səhərin xeyirli olmağını arzulayır. Səhəriniz
xeyirli olsun, ey gözəl dünyamız!..
Faiq QİSMƏTOĞLU
Ədalət.-2019.-11
iyul.-S.7.