Rüstəm Əliyev bir ərəbşünas kimi

 

  Görkəmli şərqşünasın 90 illiyi münasibətilə

 

 “Ədalət” qəzeti İmamverdi Həmidovun "Rüstəm Əliyev bir ərəbşünas kimi” məqaləsini təqdim edir:

 

  Professor Rüstəm Əliyevin təqdimində elmi və əməli fəaliyyətinin nəticəsi kimi işlədilən "şərqşünas” sözü tamamilə yerinə düşən bir tərifdir. Coğrafi baxımdan Avropa qitəsinə görə Şərq anlayışı ilə bağlı olan bu sahənin hüdudları çox geniş olsa da, bu halda biz ənənəvi olaraq Yaxın və Orta Şərq regionunu nəzərdə tuturuq. Regionda isə üç dildə -– ərəb, farstürk dillərində yaradılmış zəngin ədəbi-mədəni irsin öyrənilməsi Azərbaycan şərqşünaslığının diqqətində olmuşdur. Şərqşünaslarımız, adətən, bu sahələrin birində ixtisaslaşmışlar. Təcrübə göstərir ki, hər üç dildəki irsi öyrənməklə fəaliyyətini istiqamətləndirməyi bacaran şərqşünas-alimlərimizin uğuru daha böyük və şöhrətlidir. Keçən əsrin ikinci yarısında və hazırda belə alimlərdən prof. Rüstəm Əliyev, akad. Ziya Bünyadovakad. Vasim Məmmədəliyevi göstərmək olar.

  Əsas elmi fəaliyyət sahəsi iranşünaslıqla – farsdilli ədəbiyyatın tədqiqi, mətnşünaslıq məsələləri ilə bağlı olan prof. Rüstəm Əliyev ərəb dilində yaradılmış və təsiri dünya mədəniyyətinə keçmiş sivilizasiyanı sadəcə öyrənməklə kifayətlənməmiş, eyni zamanda bir ərəbşünas kimi fəaliyyət göstərmişdir. Rüstəm müəllimin ərəbşünaslıq  işləri müxtəlif istiqamətlərdə olmuşdur: ərəb ədəbiyyatına aid yazıları, iranşünas kimi apardığı tədqiqatlardakı müvafiq problemlər haqqında bəhs etdikdə ərəb ədəbiyyatı məsələlərinə yer verməsi, mətnşünaslıq işlərində və filoloji tərcümələri yerinə yetirdikdə nəşrlərə yazdığı izahları, ABŞ, ərəb ölkələri və keçmiş Sovet İttifaqının müxtəlif universitetlərində ərəb ədəbiyyatı tarixinə aid oxuduğu mühazirələri, ərəb filologiyası ilə bağlı keçirilən elmi müzakirə və yığıncaqlardakı çıxışları, ərəb ədəbiyyatının ayrı-ayrı dövrləri sahəsində aspirantdissertantlara elmi rəhbərliyi.

  60-cı illərin sonuyetmişinci illərin əvvəllərində dörd ilə yaxın bir müddətdə aspirantı olduğum SSRİ  EA Şərqşünaslıq İnstitutundakı Yaxın və Orta Şərq xalqları ədəbiyyatı sektorunda, sonralar isə Əlyazmaları Fondu (indiki Əlyazmalar İnstitutu), Şərqşünaslıq və Ədəbiyyat İnstitutlarında  çıxışlarını dinlədiyim Rüstəm müəllimi həm də bir ərəbşünas kimi tanımışam.

  Professor Rüstəm Əliyevin ərəb filologiyasına ciddi marağı Leninqrad Dövlət Universitetində təhsil aldığı illərdən başlamışdır. O, akad. Kraçkovskinin tələbəsi kimi ərəbşünas Rozenin ənənəsini davam etdirmişL.Z.Pisarevski ilə birgə universitet tələbələri üçün "Ərəb müntəxəbatı”nı hazırlamışdır. 20 ç.v. həcmində olan bu kitabda ərəb ədəbiyyatına aid çoxlu nümunələr toplanmışdır. Məncə, bu əsər indi də aktuallığını saxlayır.

  Fars ədəbiyyatı və Nizami Gəncəvinin lirikası haqqında yazdığı işlərdə alim qəzəl haqqında fikirlərini ərəb ədəbiyyatında bu janrın yaranması ilə başlamaqla qəsidənin ilkin şəkli, əhatə etdiyi nəsib və başqa bölmələrinə ərəb dilində ilkin qaynaqlar əsasında diqqəti  yönəldir.

  O, şeirin vəzni ilə bağlı problemlərdən bəhs etdikdə, ərəb şeri mühitində təşəkkül tapmış əruzun xüsusiyyətləri, növləri və inkişafını izləyir. Bununla əlaqədar gətirdiyi nümunələr ərəb, farstürk – Azərbaycan ədəbiyyatlarını əhatə edir.

  Rüstəm Əliyev ərəb dilində yaradılmış ədəbiyyatda islam xilafətində birləşmiş xalqları təmsil edən ədib və şairlərin xidmətini nəzərə almağın  tərəfdarı kimi çıxış edir, ərəbdilli mədəniyyətdə qonşu xalqların ədəbi-mədəni abidələrinin rolunu dəyərləndirirdi.

  Rüstəm müəllimin aspirantdissertantlar üçün müəyyən etdiyi mövzular bu baxımdan diqqəti çəkməklə ərəb ədəbiyyatının əlaqələrini də öyrənməyə kömək edir. Ərəb ədəbiyyatının VIII-IX əsrlər dövründən tutmuş XX əsr də daxil olmaqla bütün dövrlərinə aid olan mövzularda bunu görmək olar: sanskrit abidəsi hesab olunan, fars dilinə tərcümə edilən, sonra isə ərəb dilinə çevrilən "Kəlilə və Dimnə”nin mütərcimi Abdulla ibn əl-Müqəffənin yaradıcılığı; əsərlərində şüubiliyin, qədim İran abidəsi "Tacnamə” və başqa abidələrin təsiri duyulan İbn Quteybə Dinəvərinin ədəbi görüşləri; yeni ərəb ədəbiyyatının mühacir qolunda maraqlı səhifə təşkil edən "Qələm birliyi” və Mixail Nuaymənin yaradıcılığı; çoxəsrlik tarixə malik ərəb şeri ilə yanaşı başqa xalqların bədii düşüncə məhsulu olan əsərlərdən bəhrələnən yeni poeziyanın xüsusiyyətləri və s.

  Göründüyü kimi, bu mövzular ərəb ədəbiyyatının başlıca zəngin dövrlərini çevrəsinə almaqla onun keçdiyi inkişafın səciyyəsi haqqında təsəvvür yaradır. Şəxsi təcrübəmdən bilirəm ki, Rüstəm müəllim aspirant və dissertantlarına verdiyi mövzuların planını hazırlamaqla ümumi elmi istiqamətin müəyyənləşdirilməsinə ciddi yanaşırdı. Buna görə də onların dissertasiyalarında qoyulmuş məqsəd Rüstəm müəllimin ərəb ədəbiyyatı sahəsindəki elmi duyumundan xəbər verir. Belə bir fakt da maraqlıdır ki, onun 16 aspirant və dissertantından 9-u ərəb ədəbiyyatı və ərəb dili ixtisasları sahəsində dissertasiya müdafiə etmişlər.

  Bəllidir ki, ərəb ədəbiyyatı haqqında elmin, ərəb qaynaqlarında "ən-nəqd əl-ədəbi” adlanan elm sahəsinin yaranması ərəb dilçiliyi ilə bağlıdır. Daha doğrusu, ilkin mərhələdə –  VIII əsrin  sonu – IX əsrdə ədəbi tənqidin nümunələrini dilçi alimlərin əsərlərində görmək olar. İlk "ədəbi tənqidçilər”dən təmiz dilçilik məktəbləri olan Kufə və Bəsrə məktəblərinin uğurlarını sintez edən Bağdad məktəbinə filoloji cizgi daha çox uyğun gəlir. Artıq bu məktəbin bir çox nümayəndələri dilçilik və ədəbiyyat məsələlərini öyrənməklə, poeziyaya ayrıca əsərlər həsr etməyə başlamışlar. Professor Rüstəm Əliyev klassik ərəb ədəbiyyatının nəzəri məsələlərinin öyrənilməsində bu cəhətə ayrıca fikir verməyin gərəkliliyini zəruri sayırdı. O, klassik bədii-estetik sistemin və poetikanın nəzəri əsaslarını təşkil edən bəlağət, bəyan, və qafiyə haqqında ərəb ədəbiyyatşünaslığında mövcud fikirləri öyrənməyi və onlara münasibət bildirməyi əhəmiyyətli bilirdi. Onun elmi rəhbərliyi ilə yerinə yetirilmiş "Ərəb ədəbiyyatı nəzəriyyəsi”nin əsasları (əs-Səkkakinin "Miftahül-ülum” əsəri əsasında)» namizədlik dissertasiyasında göstərilən məsələlər kifayət qədər həllini tapmışdır. Orta əsrlər filoloji fikrinin inkişafında böyük rol oynamış Azərbaycan alimləri Xətib Təbrizi, Zəncani və başqalarının ədəbi irsinin öyrənilməsinə qayğı ilə yanaşmağı tövsiyə edən Rüstəm Əliyev bu sahədə ayrıca tədqiqat işini istiqamətləndirmişdir: "Ərəb dilinin qrammatikasına və leksikoqrafiyaya aid Azərbaycan alimlərinin əsərləri”. XII əsrin abidəsi olan əl-Cövhərinin "əs-Sihah” əsərinin leksikası da onun diqqətini cəlb etmişdir.

  Onun verdiyi ilkin istiqamət əsasında tədqiqatlarını davam etdirmiş tələbələri mərhum Aida İmanquliyeva, Mahirə Quliyeva və Vilayət Cəfərov ərəb ədəbiyyatı ixtisası üzrə doktorluq dissertasiyası yazıb müdafiə etmişlər.

İstər ərəb ədəbiyyatına, istərsə də farstürkdilli ədəbiyyatlara fəlsəfi-ədəbi cərəyan kimi təsəvvüfün böyük təsiri olmuşdur. Prof. R.Əliyev Mənsur əl-Həllacdan başlayaraq bu cərəyanın keçdiyi yolun öyrənilməsində XI-XII əsrlərdə İmam əl-Qəzzali və İbn əl-Ərəbinin əsərlərində təsəvvüfün dinielmi aspektlərinin araşdırılmasının üstündə ayrıca dayanmağın gərəkliyini vurğulayırdı.

  Rüstəm müəllimin mətnşünaslıq təcrübəsi ərəb əlyazmalarının nizama salınması və öyrənilməsi sahəsində səmərəli nəticələr vermişdir. Əlyazmalar İnstitutundakı ərəb əlyazmalarının kataloqunun hazırlanıb nəşr edilməsində onun zəhməti böyükdür. R.Əliyev 1975-1980-ci illərdə Əlyazmalar İnstitutunda ərəbdilli yazılı abidələrin öyrənilməsi və nəşri şöbəsinin müdiri işləmişdir. Sonralar o, bu yöndəki təcrübəsi haqqında "Əlyazma kataloqunun tərtibi prinsipləri” adlı məqalə ilə elmi mətbuatda çıxış etmişdir.

  Ərəbdilli ədəbiyyatın inkişaf tarixinin incə məqamlarını və özəlliklərini yaxşı bilən prof. Rüstəm Əliyev bu sahədə yazılan monoqrafiya və məqalələrin qiymətini özünəməxsus şəkildə verərdi. O, rus ərəbşünaslığında B.Y.Şidfarın "Klassik ərəb ədəbiyyatının obrazlar sistemi” əsərini dəyərli hesab edirdi. Bununla belə, elmdə qeyri-ciddi, plagiatsaxta yazalıra qarşı amansız şəkildə qəzəbini bildirirdi. Çoxunuz yaxşı xatırlayırsınız ki, Azərbaycanda saxta elmi "kəşf» etmək iştahasında olan Şumovski "More arabistiki” kitabında şirvanlı Ətallah Arrani adlı bir şairin ərəb dilində divanını quraşdırmışdı. Daha doğrusu, bu saxtakarlıq Rüstəm Əliyev və Ziya Bünyadovun elmi əsaslı məqaləsindən sonra faşifşa oldu. Məlum oldu ki, qurama şair "Ətallah” Şumovskinin öz adı "Boqdan”ın ərəb dilinə tərcüməsi imiş (EA Xəbərləri, ¹ 4, 1977).

  Rüstəm müəllim ərəb ədəbi dilində sərbəst danışırdı. Bu fakt Moskvada Şərqşünaslıq institutunda çalışan ərəbşünaslarla müqayisədə onun nüfuzunu çox artırırdı.

  Ərəbşünas Rüstəm Əliyevin fəaliyyəti mətbuat səhifələrində, görkəmli alimlərin deyimlərində öz əksini tapmışdır. "Əl-ittihadus-sufyətiyyu” jurnalındakı (1964, ¹ 9) məqalədə ərəbşünas alimin layiqli qiyməti verilmişdir. Bir çox ərəb alimləri və ədibləri Rüstəm müəllimi yaxşı tanımış və fəaliyyətini təqdir etmişlər. Mənim tanıdığım iraqlı alimlər Əbdülhəmid Alovci, Hüseyn Əli Məhfuz, Beyrut Universitetinin professoru Viktor əl-Keyk Rüstəm Əliyev haqqında ürək dolusu danışırdılar. Prof. Davud Səllum onun haqqında məlumatlı olduğunu söyləyir. Sudan şairi və tədqiqatçısı Cili Əbdürrəhman Moskvada təhsil aldığı dövrdə Rüstəm müəllimdən çox şey öyrəndiyini bildirmişdir.

  Müqayisəli ədəbiyyat və islam ədəbiyyatı mövzusunda yazılmış əsərlərin müəllifi Misir alimi Hüseyn Mücib əl-Misri öz tədqiqatlarında prof. R.Əliyevin elmi əsərlərinə isnad etmişdir.

  Rüstəm Əliyev elmi-tədqiqat və mətnşünaslıq işləri ilə yanaşı ərəb dilindən bir çox bədii nümunələri tərcümə etmişdir. Ərəb ədəbiyyatının maraqlı nümunələrinin toplandığı aşağıdakı iki kitab Rüstəm müəllim tərəfindən rus dilinə çevrilmişdir: "Qüdrətli xəlifə Harun ər-Rəşid, hazırcavab Əbu NüvasCuha haqqında əsil hekayələr” (1976), "Orta əsrlər ərəb povest və novellaları” (1982). Tərcümə işlərində o, ən çox M.N.OsmanovO.Yusupovla əməkdaşlıq etmişdir.

  Hər bir ərəbşünas islam dininin qaynaqları ilə tanış olmadan bu sahənin inkişaf xüsusiyyətlərini öyrənə bilməz. Rüstəm Əliyev hələ sovet ideologiyasının hakim olduğu dövrdə Azərbaycana nisbətən əlverişli olmuş Rusiya mühitində islamın əsaslarına, Qurani-Kərimə mənəvi bir maraq göstərirdi. Mən yaxşı xatırlayıram, aspirantura illərində (60-cı illərin sonuna təsadüf edirdi) islam dininin əsasları ilə bağlı mənə ciddi şəkildə tövsiyə edirdi ki, bu məsələ haqqında İqnatiy Qoldsiyerin "İslam haqqında mühazirələr” kitabını oxuyum. 80-ci illərdə isə Rüstəm müəllim Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə başlamışdır. Ümumiyyətlə, onun Qurani-Kərimin rus dilinə tərcümələri haqqında dəyərli  fikirləri var idi. O, Sablukov, Kraçkovski, Eberman, Valeriya Proxorovanın tərcümələrinin tarixi rolunu qiymətləndirməklə bərabər onların qüsurlarını da göstərmişdir. "Əl-fatihə”» surəsinin Rüstəm müəllim tərəfindən yerinə yetirilmiş tərcüməsi "Şəhriyar” qəzetinin ilk nömrəsində (1992) verilmişdir. Mənim üçün çox xoşdur ki, oxuculara bu tərcüməni mən təqdim etmişəm. O, bu işi davam etdirmiş və yerinə yetirilmiş tərcümələr, mənə məlum olduğuna görə, ev arxivində saxlanılmışdır. Tərcüməni nəşr etmək bu müqəddəs kitabın dilimizdə anlamı haqqında daha bir nümunəni göstərərdi.

  Ərəbşünas R.Əliyev iranşünas R.Əliyevi tamamlamış və onun şərqşünaslıq sahəsində nüfuzunu artırmışdır. Onun bu fəaliyyəti Azərbaycan – ərəb ədəbi-mədəni əlaqələrinin genişlənməsinə təsir göstərməklə bərabər, Azərbaycanda ərəbşünaslığın inkişafına xeyli kömək etmişdir. Odur ki, 90 illik yubileyində iranşünaslar kimi ərəbşünaslar da böyük alimi hörmətlə anır, onun ideya və araşdırmalarını davam etdirməyə səy göstərirlər.

 

 

Ədalət.- 2019.- 11 iyul.- S.5.