Bu qərar tariximizin dünyada tanıdılması baxımından önəmli nəticədir”

 

"Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi böyük bir hadisədir. Çünki Şəki artıq dünya arenasına çıxır. Bu qərar həm Şəkinin, həm də Azərbaycan tarixinin dünyada daha yaxından tanıdılması baxımından önəmli bir nəticədir. Təbii ki, belə qərarın verilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti var. Mehriban Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün əlindən gələni edir”. Bu fikirləri millət vəkili Tahir Rzayev bildirib.

Millət vəkili qeyd edib ki, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib: "Bu layihələr beynəlxalq təşkilatlarla, xüsusən də dünya mədəniyyətinə, təhsil və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Bu əməkdaşlığın belə bir yüksək səviyyəyə çatmasında Mehriban xanım Əliyevanın rolu misilsizdir. Şəki şəhərinin tarixi hissəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətlə həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həm də Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqına təbrik ünvanladı. Həmin təbriklərdə də qeyd edildiyi ki, artıq Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab edilir”.

T.Rzayev onu da vurğulayıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi də əhəmiyyətli hadisədir: "Burada bir sıra məsələlər müzakirə olunub. Sessiyada ekologiyanın, ətraf mühitin, tarixi-mədəni abidələrin qorunması ilə bağlı müzakirələr aparılıb. Təbii ki, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi təsadüfü deyil. Bu ölkəmizin nüfuzundan və Azərbaycana göstərilən etimaddan xəbər verir”.

Xatırladaq ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələyə baxılıb, vəziyyət qiymətləndirilib. Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.(hafta.az)

 

Ədalət.- 2019.- 11 iyul.- S. 2.