YAD TƏFƏKKÜRDƏN DOĞMA
DÜŞÜNCƏYƏ
yaxud gənc
yazıçı Məmməd Məmmədlinin ilk tərcümə
kitabı haqqında
Gənc
tərcüməçi-yazıçı Məmməd Məmmədlinin
imzası ilə «Ay işığı» kitabını vərəqləyirəm.
İspan dilindən tərcümədir. Qürurvericidir. Milli
dilin daşıyıcısı ispan dili üzrə mütəxəssisdir.
Düşünürəm ki, «Ay işığı» adı
ilə nəşr olunan nəsr kitabı onun ilk uğuru kimi
yadda qalacaq. Əlbəttə, bir çox cəhətlərinə
görə. Əvvəla, tərcümə işinə gəncliyindən
başlamaqla bu sahənin ustadına çevrilmək
imkanları hələ qarşıdadır. Üstəlik də
hələ bu işə sevərək, öyrəndiyi dilin
incəliklərinə bələd olaraq və bu dilin cazibəsilə
sahəyə gəldiyi üçün gələcəkdə
daha böyük əsərləri və demək, daha qüdrətli
sənətkarları Azərbaycan dilində
danışdıra biləcək.
Məmməd
Məmmədli müstəqqillik dövrünün yetirməsidir.
2004-cü
ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini
bitirib. Əməli fəaliyyət dövründə isə
ispan xalqının mədəniyyətini, tarixini və ən
başlıcası, ədəbiyyatını sevə-sevə
öyrənib, inadla sahə bilgilərinin dərinliklərinə
can atıb.
Burada yerinə düşür ki, geniş imkanlar
açılmasına baxmayraq tərcümə problemləri
ilə bağlı bir-iki məqama diqqət yetirək.
Kimsəyə
sirr deyil ki, bizim nəsil – öz həmyaşıdlarımı
nəzərdə tuturam – dünya ədəbiyyatına rus
dili vasitəsilə daxil olub. Başqa sözlə,
dünya ədəbiyyatının şah əsərləri
(və demək olar ki, bütün əsərləri) rus
dilindən Azərbaycan dilinə çevrilib. Don-Kixotu da, Jan Valjanı da, Ovodu da, Qorio Atanı da…
bu yolla tanımışıq. Məşhur
əsərlərin qəhrəmanlarını görkəmli
tərcümə ustadları Azərbaycan dilində elə
danışdırıblar ki, biz onları sevmişik. Həmin əsərlər haqqında ədəbi
düşüncələrimizi də doğmsalıqla ifadə
etməyə çalışmışıq. Təəssüf
ki, bu zaman az qala katorqa əməyi qədər
çətin olan tərcümə işinin ustadlarını
bircə xoş sözlə də yad etməmişik, yaxud nəsə
deyəndə də xəsislik göstərmişik. Nəhayət, zaman dəyişdi… Sovet düşərgəsi sərt qadağaları
ilə tarixə gömüldü. Xalqlar
bir-birinə qapı açdılar. Çox sevirinəm
ki, bu gün nəinki artıq həyatımıza daxil
olmuş Avropa dillərindən, hətta Çin, yapon, hind, eləcə
də digər bizə çox yad olan Asiya xalqlarının
dillərindən bədii tərcümələr Azərbaycan
dilində işıq üzü görür.
Öndə olan əsgərin öz səhvlərini
düzəltməsi çətin olur. Amma bu səhvlər
onun fədakarlığının üzərinə kölgə
sala bilmir. Ola bilsin ki, ispan dilindən tərcümələrlə
təcrübəsi olan yazarlarımız var. Ancaq hər halda
hər bir gəncin bu sahəyə gəlişi yeni
addımdır və yeni təfəkkürdən xəbər
verir.
Məmməd Məmmədlinin yaradıcılıq istəyi
ilə tərcümə fəaliyyəti göstərir ki, bu
işə yaradıcılıq zövqü ilə yanaşma
daha üstün fayda verər.
Ancaq tərcümə işinə dövləti əhəmiyyəti
olan bir sahə kimi diqqət göstərilməsi də
vacibdir. Gənc tərcüməçilərə sərbəst
işləmək üçün şərait
yaradılması dövrümüzün tələbidir.
Doğrudur, dövlət təminatında olan Tərcümə
Mərkəzi fəaliyyət göstərir. Ancaq bu işi sırf yaradıcılıq istəyi
ilə öz üzərinə götürmüş gəncləri
də diqqətdən kənarda qoymaq olmaz. Sərbəst tərcüməçilik fəaliyyətilə
məşğul olan gəncləri istiqamətləndirmək,
onların tərcümə kitablarının təqdimatlarını
keçirmək, müzakirələrini təşkil etmək
də fayda verərdi.
«Ay
işığı» kitabında toplanmış povest və
hekayələr məndə belə bir təsəvvür
yaratdı ki, Məmməd insan psixologizminin dərinliklərinə
varmağa çalışır. Xüsusilə,
fəlsəfi təfəkkürü qabarıq olan yazıçıların
əsərlərinə üstünlük verir. «Ay
işığı» kitabında Xavier Serkasın «Təhrik»
povesti, Qustava Adolfa Bekkerin «Ay işığı»,
İ.Ayendenin «Ümidsiz sevgi məktubları», B.B.İbanyezin
«Məhkum olunmuş qadın», «Mavrin qisası», «Dənizdə»,
X.Rulfonun «Alovlu gecə» hekayələri yer alır. Bir müşahidəmi də qeyd etmək istərdim;
bu nəsr əsərləri bir ümumi xətdə birləşir
– həyatın fəlsəfi dərki məsələsində.
Bu da Məmmədin seçdiyi yolda çətinlikdən
çəkinməməsi, özünə inamı ilə
bağlıdır. Xaviyer Serkasın «Təhrik» povestinin əvvəlində
belə bir epiqraf verilir: «Latınca belə bir ifadə var:
«Zibillikdən dişi ilə qızıl çıxartmaq». Bu, alverçilərin işlətdiyi təsviri bir
ritorikadır. Mən də onlar kimiyəm.
Məqsədimə çatmaqdan ötrü
heç bir maneə məni yolumdan döndərə bilməz».
(Qustave Flaubertin Louis Koletə məktubundan).
Bu epiqrafı nə üçün diqqətə
çəkirəm? Yəqin ki, elə əsərin
əvvəlində də bu epiqraf var. Ancaq mən burada tərcüməçinin
öz işinə inadlı münasibətini, inamıni və
qətiyyətini də görürəm. «Təhrik»
povestində təqribən belə bir fikir ifadə olunur ki,
insan öz həyatını təzədən yaşaya bilməz.
O, yaşadığı həyatdakı səhvləri ilə
bütövdür. Ancaq hər halda
yaşanmış həyatdan çıxarılan nəticələr
insanın gələcəyə ötürdüyü ibrət
elementləridir. Müəllif əsərin
fəlsəfi mahiyyətini qabarıq verdiyi üçün
çox güman ki, aborigen dildə də yazısını
ağır üslubda təqdim edir. Oxudan sonra məndə
belə bir qənaət yarandı ki, tərcüməçi
də bu ağırlığı öz işində
qoruyub-saxlaya bilib: «Alvaro öz işinə ciddi
yanaşırdı. Hər gün düz saat səkkizdə
yuxudan qaldırdı. Soyuq duş qəbul
etdikdən sonra çörək və qəzet almaq
üçün aşağı – supermarketə
düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmış
çörək hazırlayır, radioya qulaq asa-asa qəzet
oxuyur, mətbəxdə səhər yeməyi yeyirdi. Saat
doqquzda isə o, artıq işdə olurdu…»
Məmməd Məmmədlinin tərcüməçi
kimi imzası çoxdan görünür. Mən deyə bilmərəm
ki, ilk tərcümələri necə olub, ədəbi
mühit necə qarşılayıb?..
Ancaq hiss olunur ki, «Ay işığı» kitabına
toplanmış hekayələrin dilində artıq bir səlistlik
var. Sanki söz-sözü çəkib gətirir. Qustava
Adolfo Bekkerin «Ay işığı» hekayəsi belə bir
cümlə ilə başlayır: «Bilmirəm,
danışacağım əhvalat hekayəyə, yoxsa, əksinə,
hekayə əhvalata oxşayır. Bircə onu
deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli
bir həqiqət dayanır».
Sanki yazıçının özü
danışır. Sözlər nitqdə
ilişmir. Və məntiq cümlənin
quruluşunda öz hökmünü qoruyur. Tərcüməçi
müəllif şərhinə o qədər doğma,
istiqanlı yanaşır ki, sanki biz bir-birinə
qovuşmuş ruhların səsini dinləyirik:
«Başqası bu ideyanı götürüb bəlkə də,
kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün
yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə, bir
az əylənib vaxt keçirə bilsinlər». Şübhəsiz, burada müəllifin məqsədi
oxucusunu əsəri qavramağa hazırlamaqdır. Tərcüməçi də
yazıçının məqsədini başa
düşdüyündən onun şərh üslubunu qoruyub
saxlaya bilmişdir.
Biz həmin
düşüncə tərzini yazının sonunda da, tərcüməçinin
dil yumşaqlığında da görürük: «Manrike dəli
olmuşdu. Ən azından hamı onun barəsində
belə fikirləşirdi. Ancaq mən belə
düşünmürəm. Hesab edirəm
ki, o, yuxudan ayılmışdır». Məmməd
Məmmədli tərcümə üçün seçdiyi əsərlərdə
o ideyanı görür ki, onun özü də bu ideyanı cəmiyyətə
ötürmək istəyir. Və bu da ona
imkan verir ki, düşüncəsini kompleks şəkildə
hərəkətə gətirə bilsin, yazıçının
düşüncə sisteminə vara bilsin. Onun düşüncəsinin alt qatlarına enə
bilsin.
İsabel Ayendenin «Ümidsiz sevgi məktubları» hekayəsi
də maraqla oxunur. Başlanğıca diqqət edək
«Analia dünyaya gələndə anası qızdırmadan vəfat
etmişdi. Və iki həftədən
sonra atası buna dözməyərək özünü
tapança ilə sinəsindən vurdu». Ancaq
mənə elə gəlir ki, müəllif cümlənin əvvəlindəki
zaman mahiyyətini sonunda da qorumalı idi. Yəni
«vurdu» yox, «vurmuşdu» şəklində yazmalı idi. Bu hekayədə də müəllif dəst-xətti
tərcüməçinin seçimində öz yerini
alır.
Məmməd Məmmədli «Ay işığı»
kitabında Visente Blaska İbanyezin üç hekayəsinə
yer verib.
«On dörd aydı ki, Rafael həbsxananın bir dar
otağında cəza çəkirdi». Bu, «Məhkum
olunmuş qadın» hekayəsinin ilk cümləsidir. Bizdə də beləcə işlənir. Bir ildir ki, gözə dəymir, on ildir ki,
görmürəm… yəni tərcüməçi ispan dilindən
aldığı informasiyanı Azərbaycan dilinin canlı
ifadə tərzinə oturda bilir.
Məmməd öz tərcüməsində səhnəni
canlandıra bilir. Müəllif təhkiyəsi ilə obrazların nitqi
bir-birinə qarışmadan aydın düşüncə
elementi kimi görünür: «Qadın göz
yaşlarını sildi. Onun gözləri nifrət
dolusu baxışlarla parladı.
–
Yaxşı, öldürməyin onu… İndi
rahatam. O, xilas olundu, bəs mən?
Uzun
sürən sakitlikdən sonra öz-özünə
danışırmış kimi əlavə etdi:
– İndi
məhkum olunan bədbəxt mənəm…»
Təkcə elə bu bir parçanı Məmməd
sanki həmin mənzərəni müşahidə edərək
çevirib.
Görünür, tərcümə işində əsas
şərtlərdən biri də tərcüməçinin
hadisələrin içərisinə psixoloji cəhətdən
daxil ola bilməsi ilə də
bağlıdır.
Nümunə gətirilmiş mətndə bir ifadə
diqqətimi çəkdi. Düşünürəm
ki, tərcüməçi «nifrət dolusu baxışlarla»
yox, eləcə, «nifrət dolu baxışlarla» yazsaydı,
daha dəqiq olardı. Doğrudur,
«gözü dolusu» ifadəsi var dilimizdə. Amma «nifrət dolusu» ifadəsini işlətmirik,
«nifrət dolu baxışlar» işlədirik. Belə səhvlər və xətalar təcrübənin
müddətindən asılı olaraq zaman-zaman aradan
qalxır. Həm də tərcüməçi
daha iri, geniş həyat hadisələrini əks etdirən əsərlərə
müdaxilə etdikcə, yəni tərcümə fəaliyyətini
genişləndirdikcə, doğma dilin alt qatlarına enə
bilir, dili bütün canlılığı ilə öz
varlığında hiss edir. Əməli fəaliyyət
zamanı qarşıya çıxan çətinlikləri fəhmi
və düşüncəsi ilə həm də dəqiqliklə
aradan qaldıra bilir.
Düşünmək olar ki, Məmməd Məmmədlinin
daha irihəcmli əsərlərə nüfuz etmək
imkanı və potensialı var.
«Mavrin qisası» hekayəsinin qəhrəmanı
Marietanı müəllif müxtəlif vəziyyətlərdə
tanıdır.
Tərcüməçinin dilə bələdliyi
ayrı-ayrı məqamlardakı ab-havanı obrazın təbiətinə
uyğun verməsində özünü göstərir: «Marieta
ilk baxışdan həyatından razı və sakit
görünürdü. Əhvalı qəmgin
olsa da, necə də gözəldi, sanki şahzadəydi.
Onu görənlər qızın cazibədarlığı
qarşısında heyran qalırdılar». Tərcüməçi Azərbaycan dilindən gələn
emosiyanın təsiri ilə «sanki» sözünün yerinə
«elə bil» ifadəsini də işlədə bilərdi.
Bəlkə də, bu, mahiyyəti bir az da
qabardar, obrazı bir az da canlandırardı.
Kitabda bu cür, yerində səslənməyə ifadələrə,
sözlərə rast gəlmək olar. Ancaq
bütün bunlar Məmmədin tərcümə işinin
üstünə kölgə sala bilmir. «Uşağı
hürkmüş qarınını qucağında alanda
çox kövrəldi. – Yazıq balam, –
deyərək körpəni öpdü».
«Hürkmüş» sözünün əvəzinə
«səksənmiş, diksinmiş» sözləri də işlədilə
bilərdi. Adətən, «hürkmək» sözünü azərbaycanlılar
heyvanlarla bağlı işlədirlər.
«Dənizdə»
hekayəsinin başlanğıcı: «Günorta saat iki idi ki,
birdən qapı döyüldü». Az qala
düşünürsən ki, ispan yazıçısı
cümləni elə beləcə, Azərbaycan dilində
yazıb. Xon Rulfonun «Alovlu gecə» hekayəsi demək
olar ki, dialoqlar üstündə qurulub. Tərcüməçi
dialoqların orijinaldakı lakonikliyini,
yığcamlığını qorumağa
çalışıb.
Kitab
halında Məmməd Məmmədlinin tərcümə
debütü… Gedişləri, düşüncə
orijinallığı, seçdiyi dilə
doğmalığı aydın görünən bir debüt…
Endşpiləcən hələ çox yol var… Və Məmmədin bu yolu uğurla gedəcəyinə
inanmaq olar.
«Ay
işığında» kitabının bədii tərtibatı
gözoxşayandır. Şrift seçiminə
diqqət edilsəydi, oxucunun gözünü oxşama tələbatını
da ödəyərdi. Bir də onu qeyd etmək
istəyirəm ki, tərcüməçi seçim elədiyi
müəlliflər haqqında kitabın sonunda qısa məlumat-xronikaları
versəydi Azərbaycandilli oxucu üçün maraq
doğurardı. Şübhəsiz, tərcüməçi
seçdiyi yazıçıların həyat və
yaradıcılıq yolları haqqında kifayət qədər
geniş məlumata malikdir. Nəzərə
almalı idi ki, əsas oxucu kütləsi belə məlumatlardan
xəbərsizdir.
Yaradıcılıqda bu da var ki, müəllifin həyatı
və yaradıcılığı haqqında qısa məlumat
onun əsərini dərk etməyə vəsilə olur,
kömək edir.
Bütün bunları Məmməd Məmmədlinin gələcək
işlərində diqqətdə saxlaması
üçün deyirik.
İspan ədəbiyyatından örnəkləri
dilimizə çevirmək zəhmətini öz üzərinə
yaradıcılıq istəyi ilə götürmüş tərcüməçinin
zəhməti, şübhəsiz, çox təqdirəlayiqdir.
Tərcüməçinin təqdim elədiyi kitaba «Ay
işığı» hekayəsinin adını verməsini də
təsadüfi hesab etmirəm. Həyat hadisələrinin
sənətdə əks olunması, bir sözlə, sənətin
həyatın güzgüsü olması haqqındakı fikir
nə qədər qəbul olunmuş düşüncə
olsa da, burada bir şərtilik görürəm. Çünki həyat o qədər zəngin, o qədər
təkrarsız, bənzərsiz və çoxşaxəlidir
ki, onun bütövlükdə bədii əsərə gətirilməsi,
şübhəsiz, məcazi xarakter daşıyır. Sənət isə bir növ həyatdakıların
ay işığında görünən tərəfləridir.
Düşünmək
olar ki, Məmməd Məmmədli həyat və sənət
qarşılaşmasında öz mövqeyini «Ay
işığı»
adında ümumiləşdirə bilib. Kitab «Ulduzlu nəşrlər» seriyasındandır və
Azərbaycan Yazıçılar Birliyi ilə «Ulduz»
jurnalının birgə layihəsi olaraq işıq
üzü görüb. Layihənin rəhbəri
Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir.
«Təhsil» nəşriyyatında bu il
işıqlığa çıxmış «Ay
işığı» kitabı ilə Məmməd Məmmədli
həm tərcüməçi, həm də nasir kimi
inamlı addımını təsdiqləyib.
Əvvəldə qeyd etdiyim kimi, Məmmədin ədəbi
dərgilərdə orijinaldan tərcümə müəllifi
kimi imzası ədəbi mühitə kifayət qədər
tanışdır. Və ədəbi mühit Məmmədin
imkanlarından istifadə edə bilər. Ədəbi
əlaqələrdə digər xalqların həyatına
yazıçılarımızın müraciət etməsi
təbiidir. Şübhəsiz, bədii əsərlərdə
haqqında söhbət gedən xalqın koloritini qorumaq
üçün dialoqların, ayrı-ayrı etnoqrafik qeydlərin
həmin xalqın dilində verilməsi əsərin təsir
gücünü daha da artırır. Və
bu zaman, şübhəsiz, Məmməd kimi tərcüməçilər
də yada düşür.
Məmməd ziyalı mühitində böyüyüb. Necə deyərlər,
sözün əhatəsində dünyaya göz
açıb və onun sözün qoxusunu bilməsini də təbii
qəbul etməliyik.
Tərcümə
yaradıcılıqdır, özü də ciddi
yaradıcılıq! Kifayət qədər
çətinliyi və əzabları ilə birgə.
Məmməd Məmmədlinin tərcüməçilik
fəaliyyətinə təsadüfi gəlmədiyini «Ay
işığı» təsdiq edir.
Əli Rza XƏLƏFLİ,
şair-publisist,
Beynəlxalq Rəsul Rza,
mükafatı laureatı
Ədalət.-2019.-13 iyul.- S.12.