Qapın açıq olsun...

 

“Xatirə yarpaqlarından”

 

Tofiq Mahmudov tanınmış mətbuat işçisi idi. Uzun müddət AYB-nin ədəbi orqanlarında  - "Ulduz", "Azərbaycan" jurnallarında məsul katib kimi səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə də təltif olunmuşdu."Azərbaycan" jurnalında yazılarımın çap müjdəsini o mətbu orqanının məsul katibi kimi ilk dəfə Tofiq müəllimdən eşidərdim. Əlbəttə, Tofiq müəllimin "o şad" xəbərini onunla birgə qeyd etməyi özümə "borc" bilirdim və sonralar heç bir "xəbər" olmadan da "oturub-duranda" bildim ki, Tofiq müəllim sadəcə olaraq səmimi dost məclislərində oturmağın, halal süfrədə "kasıbın olanından" nuş etməyin, deyib danışmağın azarkeşi, bununla da qəlb rahatlığı tapan kişilərdən imiş...

"Dostumun dostu mənim dostumdur!" Tofiq Mahmudovun xatirəsi həmişə qəlbimdə əziz insanlardan biri olan unudulmaz şairimiz Ələkbər Salahzadə ilə yaxınlığı onu mənə daha da doğmalaşdırdı, yaxın etdi.

Bizim Şabrandan Bakıya yollananda - istər qış, istər yay - həmişə evdən erkən yola çıxırdım uzaqbaşı bir saatlıq yoldan sonra özümü AYB binasına çatdırırdım. Təbii ki, saatının başlamasına hələ xeyli qalardı AYB ilə birlikdə üzbəüz bağda oturub siqaret tüstülədə-tüstülədə bilirdim ki, Ələkbər Salahzadə mütləq, vaxtından tez işə gələcək. Bəzən Ələkbər müəllimi "Azərbaycan" jurnalının məsul katibi Tofiq Mahmudov qabaqlayırdı digər dostlarla görüşmək üçün onların otaqlarında, necə deyərlər, vaxt keçirirdim.

Ələkbər müəllimin qəfil vəfatından sonra AYB ədəbi orqanlarının yerləşdiyi binanın üst qatında Tofiq müəllimin qapısı digər otaqlardan qabaq açıq olardı. "Azərbaycan" jurnalının baş redaktoru, hörmətli dostumuz İntiqam Qasımzadə təkcə baş redaktor kimi deyil, öz yoldaşının can sağlığının qayğısına qalan bir qələm yoldaşı kimi Tofiqi o məclislərdən uzaqlaşdırmağa çalışırdı...

Qələm dostum Novruz Nəcəfoğlunun haqqımda "Nağıl adam" adlı avtobioqrafik romanı çapdan çıxmışdı. Novruz müəllim o kitabdan bir nüsxəni Bakıya gedəcəyimi bilib mənə verərək, İntiqam müəllimə çatdırmağımı xahiş etmişdi. İntiqam müəllimi həmin gün görə bilmədiyimdən kitabı Tofiqə verib sahibinə çatdırmağı xahiş etdim. O kitabdakı epizodlardan birində jurnalın məsul katibi Tofiqin baş redaktorun gözündən oğurlanıb mənə qoşularaq "mey" məclisinə getməyindən xoş yumorla söz açılırdı. Tofiq , heç demə, İntiqam müəllimin o kitabı oxuyub "ciddi nəzarət etdiyi" Tofiqin o hərəkətindən xəbər tutacağından ehtiyatlanaraq uzun müddət "əmanəti" yiyəsinə çatdırmamışdı. Bunun əvəzində jurnalda hazırladığı "Kitab rəfi"nə verilən kitabları mənə bağışladı.

AYB-nin üst qatına, axırıncı mərtəbəyə qalxanda Tofiqin otağının qapısını da bağlı görüb onun əlindən hətta inciyirdim : "Tofiq harda qaldı?" Axı, mən onun otağının qapısını həmişə açıq görərdim. Son illər gec-gec getdiyim AYB- qəfil eşitdim ki, demə, Tofiq xəstə imiş, işə çıxmırmış...

Bir gün onun ölümündən qəzetlərdən xəbər tutdum. Tofiq müəllim dipdiri gözlərim önündə durdu. Çöhrəsindəki həmin xoş qılıq, hardasa elə həmişə dost yolu gözləyən bir intizar təbəssümlə... mənə elə gəldi ki, Tofiq müəllim ölüm mələyi cənab Əzrayılı da çöhrəsindəki həmişəki qılıq, ərklə qapısını açan bir dost kimi qarşılayıb...

Cənnətə qapın açıq olsun, mənim unudulmaz dostum Tofiq Mahmudov!

 

 

Aydın TAĞIYEV

 

Ədalət.- 2019.-13 iyul.-S.10.