Aristokratlığı
ilə seçilən fərqli xanım
O,
xanım-xatınlığı ilə seçilir. Fərqli bir xanımdır. Ədəbi
mühitdə özünün və şeirlərinin sakit və
“ağır taxtalı” olması da diqqətdən kənar
qalmır. Sözlərinə yazılan
mahnılarda da bir ziyalılıq, bütövlük və
böyüklük boy verir. Haqqında həmişə
xoş sözlər eşitmək olar.
Onunla,
tanınmış şair Kəmalə Abiyeva ilə “qora
bişirən” iyul ayının nisbətən sərin
keçən bir günündə həmsöhbət olduq. Müstəqil.Az-ın oxucuları üçün
maraqlı olacaq bir söhbətə imza atdıq.
– Kəmalə
xanım, necəsiz? İsti iyul ayı sizin
üçün nə ilə fərqlənir?
– Xoş
gördük, Faiq bəy. Bu isti günlərdə
oxucularımızla belə isti görüş
üçün təşəkkür edirəm. Yəqin hamı üçün dünyaya gəldiyi
gün, ay fərqlidi -“mənim ayım, günüm” deyirsən.
Nədənsə həmişə valideynlərimi,
onların gəncliyini, sevgisini xatırlayıram.
– Nədənsə
bu isti yay havasında sözlərinizə yazılan
mahnılar daha çox yada düşür. Bakı
yay aylarında istisi ilə adamı bezdirir, ya əksinə bu
dünyanı nağıl bilirik?
– Bir
neçə gün öncə Mərdəkanda idim. Bakı küləyi gecəni “Bakı haqqında
nağıl”a bürümüşdü. Xoş
duyğu idi. Öz-özümə
düşündüm ki, mahnını vurğunluqla dinləyənlər
bilmir ki, müəlliflərdən biri eyvandan Xəzərə
baxır. O mahnılar gözəldir, ona görə həmişə
yada düşür.
İsti hava adamı bezdirir, amma Bakı, ya başqa bir
qarış torpağım məni bezdirmir. Mən problemlərə
görə bu yurdu, bu Vətəni qınayanları başa
düşmürəm. Azərbaycanın,
Bakının dili olsaydı, “sizdən bezmişəm” deyərdi.
Bakının havası həmişə
bürkü, isti olub. Amma belə
olmayıb. Bu sayı-hesabı olmayan tikililər
Bakını boğub, küləyi çaşbaş edib.
Bu qədər daşın içində
havamı olar? Bu şüşələr
var ha, hər yerə vururlar, bunlar hamısı havaya
ziyandı.
– Əslində bu suallarla
yaradıcılığınıza keçmək
üçün körpü salmaq istədim. Nə
yazırsız, nədən yazırsız?
– Əslində çox şeydən yazıram və
yazmaq istəyirəm. Yeni şeirlər, yeni publisitik yazılar,
hekayələr. Bütöv Azərbaycan istəyirəm. Son
şeirlərim bu haqdadır:
Bir az bənövşə kimi kol dibində
qalmışam,
Bir az İrəvan kimi böynubükük
olmuşam…
İtən
bir iz kimiyəm, axtarıb tapmaq olmur,
Bir az Təbriz kimiyəm, gedirsən çatmaq
olmur.
….
– Bəs
nədən bezirsiz?
– İnsanın kiçik düşməyindən,
xırdalanmağından – yalandan, laqeydlikdən,
haqsızlıqdan. Nədənsə bezmək bir az da əhvala
bağlıdır.
– Deyirsiz”dünyanı nağıl bilək”. Mümkünmü?
–
Nağılların təsiri ilə yazılan şeirlərim
var: Mənə nağıl danış, ay ana de ki, ötən
günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın, nə qədər
qorxulu olsa da belə.
Və ya
Ən sadə
həqiqəti, ən adi həqiqəti elə nağıllar
dedi:
Əgər biri vardısa, o biri də yox idi.
Həyat
elə nağıldı: həmişə biri yoxdu…Xeyir –
şər, divlər, təpəgözlər, Simurq quşu və
s. həyatımızda var. Hər kəsin nağıllardan fərqli
olaraq sonu həmişə xeyrin qələbəsiylə bitməyən həyat nağılı var. Kiminsə
əlindən tutub özünü “nağıl şahzadəsi”
kimi hiss etdiyin anlar var. Yanaşma nisbidi həyatın
özü kimi. Bir vaxt anlayırsan: “nağıllar anaların
uydurduğu ümidlər, ümidlər anaların
uydurduğu nağıllardı”.
– Və
havaların istisi təbinizin ləngiməsinə təsir
etmir ki?
– Xeyir, yazmaq istəyirəm. Məncə yazı fəslin deyil, adamın öz
havasından asılıdır.
-Bildiyim qədər
tərcümə ilə də məşğul olursuz
– Elədi.
Rus dilini təmiz bilirdim. Dünya
ədəbiyyatını rus dilində oxuyurdum. Son illər
danışmadığımızdan sərbəst
danışıqda bir az çətinliyim
olur. Amma tərcümədə çətinlik
çəkmirəm. Qızım Aysel
Əlizadənin tərcümə kitablarını redəktə
etmişəm. Hal-hazırda İ.
Pintoseviçin kitabını tamamlamışam. Belarus ədəbiyyatından Aleksey Matvienko və
Oleq Jdan Puşkindən tərcümə etmişəm.
Lap elə bu günlərdə Belarusyanın informasiya naziri
Ales Karlyukeviçdən yeni tərcümə təklifi gəlib.
Minskdə MDB ölkələrinin “Sozvuçye”
ədəbiyyat və publisistika portalı fəaliyyət
göstərir. Dəyərli
yazıçımız Kamran Nəzirlinin şəxsi təşəbbüsü
ilə bədii əlaqələrimiz yaranıb. Son bir – neçə ildə Kamran bəy neçə
-neçə istedadlı yazarlarımızın
yazılarını “Sozvuçye”- yə təqdim edir. Heç bir dostluq, tanışlıq əlaqəsi
olmadan. Ədəbiyyatımıza xidmət
edir təmənnasız əsil ziyalı, yazıçı,
söz adamı kimi. Təəssüf ki, o yeganədir.
-Kəmalə
xanım, gününzün yəqin ki bəzi vaxtları nəvənizlə
keçir. Nəvə şeir kimi şirindir,
yoxsa şeir nəvə kimi?
– Şeir nəvə kimi şirin olar. Nəvədən
şirin, nəvədən böyük nə var ki? Siz də bunu bilirsiz. Dəniz indi
sizdən məşhurdur.
– Sözlərinizə
yazılan mahnılar hamısı ürəyə
yatımlıdır. Sizcə buna görə bəstəkara
təşəkkür düşür, yoxsa bəstəkar bu
sözlərə görə sizə “sağ ol” deyir?
–
Ümumilikdə, mətni seçə bilən bəstəkarların
hamısına təşəkkür edirəm. “Gəl, gəl
yarım, get, get yarım” tipli sözlərə elə bu tip
musiqi yazanları, ifaçıları peşəkar hesab etmirəm,
yüz musiqi təhsili olsa da. Amma bəstəkarlar
da “sağ ol”deyir. Başqa necə ola
bilər? Axı mahnını çox vaxt
şeir yazdırır. Bəstəkar
sözü duymasa, gözəl mahnı yarada bilməz. Sevimlimiz, Xalq artisti Aygün xanım Səmədzadənin
mahnıları çox sevilir. Çünki
sözə həssaslıqla yanaşır, şeiri duyur.
–
Xanım xatın qadınsınız, özünüzə məxsus
xarakteriniz var. Şeirləriniz necə, başqa şairələrin
şeirlər ilə müqyisə də
atistokratığı ilə seçilirmi?
– Belə
fikir yaratmaq çox xoşdur. Hər kəsin
özünəməxsusluğu var. Yaradıcılıq da belədir.
Siz də fərqli görürsüz məni və
yaradıcılığımı. Deməli
seçilirəm müəyyən mənada. Bayağı, şit görünmək istəmirəm.
Mən başqasının kitab təqdimatında
güclə söz alıb öz şeirini oxuyanları
başa düşmürəm. Adam elə aristokrat
olmalıdır: özünə, sözünə hörmət
etməlidir.
– Sizin
mahnılarınız elə bil Bakının boyuna
biçilib, başqa regionlarla müqyisədə yəni. Ümumiyyətlə mətnləriniz fərqlidir.
–
Bakıda böyümüşəm, oxumuşam,
yaşamışam. Təbiiki təsiri hiss olunmalıdır. Nəsə anladan, yaşadan söz dəyərlidir.
Mahnı mənim üçün ciddi sənətdir.
Bir mahnı səni daha çox tanıdır,
fikir yaradır, sevgi, şöhrət verir. Mahnının insanların müsiqi zövqünə
təsiri daha çoxdur.
–
Doğum gününz olacaq bu günlərdə.
– 13 – də.
– Siz də
nəhs hesab edirsiz?
– İnsan həyatı boyu yalnışlar edir. Sonra səbəb,
bəhanə axtarır. Olub ki, mən də
“nəhs gündə doğulmuşam”
düşünmüşəm. Amma
götür-qoy edəndə görüsən ki, 13 yox,
özüm günahkaram.
– Nə
hisslər yaşayırsız?
– Yaşa
dolduqca doğum günlərinin gec olmasını, unudulmasını
istəyirsən. Qocalıq gəlir. “Yaşımla fəxr
edirəm-filan. Qocalıq gözəldi” deyənlər
var. Mən demirəm. İstəmirəm
yaşımı soruşsunlar. Qocalıq
da elə qocalıqdı. Nəyi gözəldi?
– Deyin, gənclik
illərində sizə məktub yazanlar çoxmu olub? İndi necə? Heç məşhur
bir mahnıda deyildiyi kimi məktub yazıb
bağışlanmağını istəyənlər olubmu?
– İlk sevgi məktubunu məktəb illərində
almışam.
Çox yazılıb, etiraflar olub. Amma elə ciddi günahı olan biri olmayıb ki,
bağışlanmasını istəsin. Sevgilər,etiraflar və hörmət olub. Amma
“nə vaxtsa sizi incitmişəmsə məni
bağışlayın”kimi mesajlar almışam.
– Kəmalə
xamım, bu isti yay havasında ədəbi aləmdə vəziyyət
sizcə necədir? Bürkü, boğanaq deyil
ki?
–
Boğanaqdı. Söz var,yaradıcılıq
var, istedadlı nəsil var. Amma çoxu işsiz,evsiz… Bilirsiz, mən hay-həşir salan deyiləm.
Amma bu yaxında bir status paylaşmışdım: “Deyirlər,
AYB-nin 1500-dən çox üzvü var. Amma elə bil AYB-nin
15 üzvü var”- qısaca deyirəm. Hər
yerdə eyni adamlar. Cavanlar danışanda
qınayanlar çox olur, amma haqlıdılar. Niyə Mövlud kimi istedalı gənc intihar etməlidir?
Ya Mahmud ölməlidir? Dözmürlər.
Rəşad Məcid dəstək olmağa
çalışsa da, kifayət deyil. İllərdi
prezident təqaüdü var. İllərdi
düşünürəm ki, daha çox ehtiyacı olanlar
var. Amma elə adamlara verirlər ki, heç o pula ehtiyacı
yoxdur. Axı bu təqaüd hansısa
xüsusi əsərə, yazıya görə verilmir. Bu yazarların maddi vəziyyətinə dəstək
kimi təsis olunub. Nə bilim, nə deyim?
Əgər mən də danışıramsa,
deməli boğanaqdı.
-Sizcə
nə etmək olar?
– Bilirsiz,
bir dəfə müəllimə yoldaşımla AYB-yə
getdim. Xanım elə bilirdi ən möhtəşəm
yerdədi. Ona elə gəlir yazıçılar ən
ədalətli, ən ağıllı, ən dürüst
insanlardır, yəni fərqlidilər.Tərif çıxsa
da, məni tanıyır yaxından: yalan danışmayan,
haqqın yanında, ədalətli kimi. Kənardan
çoxu belə düşünür. Bu
mühiti yaratmaq lazımdır. Gənclərə,
cavanlara daha həssas yanaşmaq, istedadlara dəstək olmaq
lazımdır. Azərbaycanın
Yazıçılar Birliyi olmaq lazımdır.
– Biz sizə
uğur, xoş günlər, bütün
planlarınızın yerinə yetməsini arzulayırıq. Siz özünüzə nə arzulayardınız?
–
Özümə də, hər kəsə də mənəvi
və fiziki sağlamlıq arzulayıram. Sizə
də mənə oxucularla söhbətləşmək
imkanı verdiyinizə görə təşəkkür edirəm.
Ədalət.-2019.-13
iyul.-S.9.