Əbülfət MƏDƏTOĞLU:
DÖZÜMÜN MƏLHƏMİ
Onu torpaqdan
soruş
... Məclis sükut içərisində idi.
Adamların üz-gözündən hiss olunurdu ki, çiyinlərinə
bir ağırlıq çöküb. Ürəkləri
o ağırlığın caynağındadır. Elə
bil ki, barmaqlar sıxıldıqca ağrı da artır...
Düşünməyin ki, bu hansısa bədii
yazıya girişdi. Sizi kökləmək, sizi mövzunun
ovqatına qatmaq üçün bu üsulu seçmişəm.
Xeyr! Doğrudan-doğruya məclisin
hüznü hər andan, hər hərəkətdən, hər
rəhmət diləyindən bir daha yaşanır, bir daha təkrarlanır.
Mən bu məclisdə tək deyildim. Yəni fərd kimi bir bucaqda çəkilib
durmamışdım. Mən də
olanların içərisindəydim və mən də
yaşananları yaşayırdım. Üstəlik
həm də özümün, öz dünyamın, öz
çevrəmin sızıltılarını da yenidən
ürəyimin daşlaşmaq bilməyən həssaslığına
yük edirdim. Ona görə də mənim
üçün daha çətin, daha ağır idi – itirilən
və itən! Bu həm həyəcandı, həm
də hardasa sualdı. Ona görə ki, bunun
damarında, canında günah da var, tale yazısı da, biganəlik
də və bir az da hər şeyi öz
axarına buraxmaq da. Belə olan halda həyəcanı
və sualı seçmək, bir-birindən ayırmaq, hər
birini öz axarına, öz məcrasına yönəltmək
adamdan hünər istəyir. Təəssüf
ki, indi adamlarda hünər qalmayıb. Səbəb
çoxdur. Yəni burda qidalardan tutmuş
depresiyalara, streslərə qədər hər şeyi səbəb
kimi görmək olar. Mən bu fikrin dərinliyinə
baş vurmuram. Sadəcə, indiki anda mənə daha
çox inandırıcı görünən biganəlik və
bir də hər şeyi zamanın axarına buraxmaqdı...
Bəzən deyirlər ki, "saxla samanı, gələr
zamanı”. Bu deyimi ədəbiyyatşünaslardan tutmuş
aqillərə və adillərə qədər hər kəs
bu və ya digər formada şərh edir, onun qatlarına
işıq salır. Mən aqil və adil
olmasam da, özümə görə bir azacıq
anlayışım var. Yəni xatırlatdığım
atalar sözünün arxasında mən daha çox
israfçılığı görürəm. Mənə belə gəlir ki, həmin fikri səsləndirmiş
müdrik "saxla” deyəndə, artıq olanını qoruyub
saxlamağı, ehtiyat tədarükü görməyi nəzərdə
tutur. Çünki elə bir məqam gələr
ki, bir saman çöpü də bir qarışqanı xilas
edər. Daha başqa mənalarını mən
heç yaxınıma da buraxmıram. Ona görə ki,
çəkdiklərim, yaşadıqlarım mənə bunu
diqtə edir... Bunu hər an kino lenti kimi
gözümün önündə fırladır. Ekrana baxmaqdan gözlərim artıq yorulub. O
yorğunluq saxlaya bilmədiklərimin həsrətini də,
acısını da, yanğısını da özünə
çəkib, hopdurub. Ona görə də
zamanın nə vaxt gələcəyinə, samanın nə
vaxt istifadə olunacağına xüsusi bir diqqət
ayırmağa özümdə maraq görmürəm.
O ki, qaldı...
Bəli, iştirakçısı olduğum məclis,
yaşadığım həyat mənim əlimdən tutub bir
küncə yönəldir. O künc həm
sığınacaqdır, həm düşünmək yeri, həm
də yaşananların üst-üstə
yığılıb mənə suallar ünvanlandırdığı
hücrə. Mən öz hücrəmdə
yaşadıqlarımın yarısı ilə ortaq oluram.
Yarısı isə...
Tanrı
qarşısında başım aşağı
Kirpikdən
boylanır yaşım aşağı...
Vaxtsız
diyirləndi daşım aşağı –
Söndü
xəfif mehdən şam yarısında...
Mənə
nə veribsə dərddi damarı
Çeynəyə
bilmirəm sərtdi damarı...
Elə
büdrədi ki, sərpdi damarı –
Seçdiyim
bu yolun, tam yarısında...
Ötüşən
illərim – sümbül ovuldu
Cicək
çırtlamadan barı sovuldu...
Vurhavur,
qaçhaqaç, qovhaqov oldu –
Kam ala
bilmədim, kam yarısında...
Güzgüdə
baxıram bu üstə başa
Dən
ayaq açıbdı saqqala, daşa...
Gəlib
yetişmişəm mən altmış yaşa –
Yuxulu
yarısı, xam yarısı da...
***
Adətən düşündüklərimi bilgisayara
diqtə etməmişdən öncə onu özüm
özümə, dörd divar arasındakı dünyama
pıçıldayıram. Və mənə elə
gəlir ki, həmin o dörd divar məni dinləyir. Əgər yazdığımı divarlar sükutla
qarşılayırsa, onu kağıza
köçürmürəm. Yox,
divarların əhvalında hansısa bir dəyişiklik hiss
edirəmsə, onda ürəklənirəm,
pıçıltılarımı köçürürəm
bilgisayarın yaddaşına. Sual verə
bilərsiniz ki, divarların məgər dili var? Və yaxud özünün münasibətlərini
ifadə etmək qabiliyyəti var ki, ağlına gələn
hər mənasız fikri oxucuya ünvanlayırsan. İnanın ki, yanılırsınız. Bu dünyada Tanrı yaradan nə varsa, o cümlədən
də Tanrının iradəsilə bəndənin ortaya
qoyduğu nə mövcuddursa, dili də var ifadə
üsulları da. Bax, bu mənada mən
divarlarla danışanda elə bilirəm ki, canlıdılar.
Və o divarlar mənim oxuduğum şeiri,
pıçıldadığım yazını dinləyəndə
məni şövqləndirirsə, mən özümdən
asılı olmadan səsimin tempini müxtəlif formalara
salıramsa, deməli, divarlar məni dinləyir, deməli,
yazdığım alınıbdı!.. Hətta bəzən kimlərsə qapı arxasında
məni dinləyib içəri daxil olanda otaqda kimsəni
görməyib çox qəribə baxıbdı mənə.
Bəzən soruşan da olubdu:
-Telefonla
danışırdın?
Demişəm :
-Yox!
- Bəs
onda kimlə?
-
Divarlarla!
Məni sorğuya tutan başını bulayıb və
mimikasından tutmuşam ki, "bu yazıq da dəli oldu”
fikrini tutmuşam. Heç nə deməmişəm. Çünki o, məni duymaq iqtidarında
olmayıb. Divarı necə duydun?!.
Hə, yazımın bu nöqtəsində sizin də
dodağınızın ucundan bir təbəssüm
keçdiyini hiss etdim. Bunu mənə dizaynerimiz Şamxal bəy də hiss etdirdi.
Özündən asılı olmadam dedi ki, Allah şəfa
versin”.
- Nə
deyirəm Şamxal bəy, şəfa diləmək də
xoş məramdı. Amma inan ki, mənimki nə şəffalıq
deyil, nə də...
Bəli, bu dünyadakı ən böyük
sıxıntım elə özümdən və Səndən
başqa kimsənin bilmədiyi, təkcə Allaha bəlli olub
və Allahdan gələn sevginin yaşantılarıdı. O elə bir yaşamdı
ki, o səndən hamını bezdirir. Bəzən
sən özün də özündən bezirsən. Ona görə ki, səni anlamırlar və yaxud da
anlamaq istəmirlər. Belə olan halda mən yenə
üzümü dörd divara tuturam:
Mən hərdən
özümdən də bezirəm
və
onda
məndən bezənləri
daha
yaxşı
dərk
edirəm...
həmin
anda
susub
sadəcə
içimdəki xəcaləti
götürüb
yaddaş
kartıma ötürüb
tərk
edirəm
olduğum məkanı,
adamları
ağrımasın,
sıxılmasın deyə
kimsənin canı
mən
həmişə
və hətta
hərdən də
bezəndə özümdən
yapışıb dörd əlli
verdiyin
dözümdən
görüş yerimizə
gedirəm
çünki
bu
dünyada
bir
Allaha
bir də
Sənə
inanclıyam
sizə
ərk edirəm
bağışlayın məni...
***
Doğurdan da insanların bir-birinə qarşı
anlayışlı olması müəyyən mənada sizin
ironik yanaşdığınız daşa-divara da dil verir...
onlarla da danışmaq, fikir bölüşmək olur. Və həmin
o dediyim anın içərisində insana ən çox
lazım olan ürəkdi. Çünki
daşı-divarı ancaq ürəklə dinləmək
mümkündü. Bax, elə hərdən mənim
mövzumun qəhrəmanı olan Sənə irad bildirənlər
unudurlar ki, onlar sadəcə olaraq ürəklərini işə
salmırlar... ürəklərini dincə qoyublar... İstəmirlər
ki, o ürək sevgidən, həsrətdən bir balaca
ağrısın, bir balaca özünü unutsun... Başa düşmürəm onları. Elə ona görə də birbaşa ağlımdan
gəlib keçən, daha doğrusu, birbaşa ürəyimin
diqtəsiylə ağlımda şeirləşmiş misralara
üz tuturam.
Kiçik
bir kürəyəm hey fırlanıram
Özüm
öz içimdə qıfıllanıram...
Hər
gün təzələnib – sıfırlanıram –
Dərdimin
üzünü güldürmək üçün...
Dilverən,
gözverən çəkib araya
Duz səpib
qaysaqsız qanlı yaraya...
Hərdən
də qatıpdı ağı qaraya –
Mənə
kimliyimi bildirmək üçün...
Durduğum
nöqtəni – yeri daraldıb
Oduma su səpib
- közü qaraldıb...
İndi
anladım ki, onu yaradıb –
Məni
gülə-gülə öldürmək üçün...
***
Həqiqətən bu yazını yazdığım
gün çox ağır bir məclisin stresində və həm
də o stresin necə yaşandığını
görüb dərk etmək zorunda qaldım. Gördüm
və anladım ki, dünyada ən dözümlü "nədir”,
"kimdir” sualının cavabı birmənalıdı.
-
İNSAN!
Bu fikrə ona görə xüsusi diqqət
ayırıram ki, daşın ovulduğunu da, ağacın
kökündən qopduğunu da, budağın
sındığını da bu və ya digər şəraitdə
müşahidə etmişəm. Amma sınan
budağın, ovulan daşın öz dözümünü
ifadə etmək gücünü görməmişəm.
İnsan isə canından artıq sevdiyi, necə
deyərlər, sinədə ürək, ağızda dil
bildiyini itirəndə göz yaşıyla ovunur,
danışıb yüngülləşir. Ən vacibi isə torpaq onun sərpini alır. Yarasına sanki məlhəm çəkir. Və
beləcə, itirdiyinin 3-ü, 7-si, 40-ı, nəhayət ili... sonra yavaş-yavaş həmin o məlhəm
öz işini görür. Sadəcə, ürəkdə
bir yara hansısa məqamda, hansısa təsadüfdə
özünü hiss etdirir. Bax, buna görə də ən
dözümlü yenə də İNSANdı!
Bəli, bütün yazı boyu mən nə
yaşadım, fikirlərim harda düyün, harda pərən
düşdü bir özüm bildi, bir də Allahım. Yox, üzr istəyirəm
oxucularımızdan, bilgisayar yazarımız Gülər
xanım da xəbərdar oldu baş verənlərdən.
Bir az mən ona istinad edib dözdüm, bir
az da o mənə. Məqsədimiz kimsəni təkləmək
yox, nəyisə anlatmaq idi. Bilmirəm, necə
alındı, amma həqiqətən daş-divarla
danışmaq daha məqsədə uyğundur. Çünki o, səni rahat dinləyir. Və
mən də yazımın mövzusuna uyğun olaraq sənə
üzümü tuturam:
Sönən
bir işıq üçün,
Kipriklərini
sıxma...
Xəyalını
qurduğun,
yolun
sonuna çıxma...
Getsən
özünlə birgə,
sevgini də
apar, get –
İçindəki
ümidi,
Toz
olmaqdan xilas et!..
Sadəcə
dodağının,
ucunda bir ad
göyərt...
Hər dəfə
o adı de –
və
ürəyini kövrəlt...
... Hə,
gördünüzmü necə çətindi dözmək?!
Gördünüzmü mən nə çəkirəm?!
Və bir də gördünüzmü necə
ağırdı anlayışlı olmaq?!
P.S. Sizə dözüm, anlayış və
bir də hərdən dörd divarla danışmaq
gücü arzu edirəm.
Ədalət.- 2019.-13 iyul.- S.8.