Əgər Allah bizə
nəfs və iradə veribsə, İblisə nə ehtiyac?!
Dinə
görə onlar bizimlə eyni dünyada yaşayırlar. Və guya o vaxt Adəmlə
Həvvanı da məhz o aldadıb. Siz buna inanırsınız? Həvva yaranandan
sonra Adəmi aldatmağa şeytanmı
lazım idi? Kişi onsuz da ömrü
boyu qadına aldanır. Şirin sözünə, naz baxışına, göz yaşına, ehtirasına.
Mən dəqiq
bilirəm, Həvva sadəcə Adəmlə
küsülü olub. Neyləsin? Nə qaynanası olub, nə də baldızı. Boş-bekarlıqdan Adəmlə dalaşıb.
Həvva
qadındır axı.
Qışın ortasında hamiləliyi
bəhanə edib 100 manatlıq çiyələk
istəyən bir varlıqdır. İndi
bir alma nə
olan şeydi ki? Adəmə deyib ki, özünü bağışlatmaq
üçün o almadan
yeməlisən. Yeməsən nə səni bağışlayacam, nə
də mənim sevgimdən, ehtirasımdan
bəhrələnəcəksən.
Beləcə Adəm bütün
bəşəriyyətin işini
salıb çətinə.
Əgər keçmişdə bu qeyri-adi məxluqlar insanların gözünə
görünə bilirdisə,
indi niyə bu hadisələr baş vermir?
Bir də görürsən, hansısa
tv-də bir cindarı çıxarırlar
efirə. Bir psixi xəstənin
diaqnozunu belə qoyur ki, guya
bu adama cin girib. Və bir neçə veriliş bu cindarla cin girmiş
adama həsr olunur. Cindar başlayır Qurandan
ayələr oxumağa.
Adamın halı pis olur, başlayır sayıqlamağa. Hamını inandırırlar ki, cin həqiqətən də insan bədəninə
girə bilirmiş.
Bu cür şarlatanlıqla
məşğul olanlar
özləri cindirlər.
Camaatın cibinə girib
əclaflıqla məşğuldurlar.
İndi sizə məşhur bir sitatı dekonstruksiya edib deyim ki, şeytan
olmasaydı da, insan onu yaradacaqdı. İnsanın ta qədimdən şeytana ehtiyacı olub. Niyəsini yavaş-yavaş izah edəcəm.
Haqverdiyevin "Pəri cadu”su, Hüseyn Cavidin "İblisi”. Bunun kimi dünya
ədəbiyyatında da
nümunələr çoxdur.
Dantenin
"Cəhənnəm”i, Hötenin
"Faustu” və s.
Bu, İblisin ədəbiyyat
tərəfidir. Yəni İblisin fantastik
bir varlıq olmasını ədəbiyyatda
görmək normaldır.
Bəs həyat? Axı həyat belə
deyil. Məsələn, nüvə silahı,
atom bombası, raketlər,
dar ağacları, qəlb qıran sözlər və s. Hamısı İblisdən
deyilmi?
Bəs bunları
yaradan kimlərdir? İnsan!
O zaman niyə İblisi qeyri-adi varlıq kimi təsəvvür edirlər?
Səbəb sadədir. Öz əməllərini İblisin
üstünə yıxmaq!
"Allah şeytana lənət eləsin” deyib günahdan yayınmaq!
İblis varsa da, bizə
ziyanı yoxdur. Ən dar
məqamda dadımıza
yetişir. Bədbəxtin balası elə bil günah keçisidir.
Amma bütün
bunlar bir qırağa, mənim dediklərimin ən yaxşı izahı Hüseyn Cavidin "İblis”indədir. Ümumiyyətlə, nə Dante, nə
Höte, nə də digərləri İblisin tərifini Hüseyn Cavid kimi verə bilməzlər.
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul
ikən, bəslər
ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü
miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib
qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də əmin ol, sizə rəhbərlik
edən var.
Qan püskürən, atəş
savuran kinli krallar,
Şahlar,
ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşgünü
divanə bəbəklər.
Bin hiylə quran tülki siyasilər, o hər an
Məzhəb çıqaran, yol
ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü
şər, zülmü
xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi göynətməyə
kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əlan nəmə lazım!
Heçdən gələrək, heçliyə
olmaqdayım azim.
İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis...
Əsərin məzmun və qayəsi İblisi bəşəri fikirləri meydana gətirən amillərin ümumiləşdirilmiş obraz kimi canlandırmaqdır. Bu əsərlə müəllif bütöv insanların mənəvi mühitini, intellektual düşüncəsini dövrün məsələlərinə yönəldir ki, bu da bəşəriliyi ilə bağlıdır.
Bəli, İblis qeyri-adi varlıq deyil və mən buna inanmıram...
Əgər Allah bizə nəfs və iradə veribsə, İblisə nə ehtiyac?!
Mənim üçün İblis məsələn, Roma İmperiyasının üz qarası, "Kiçik Bot” ləqəbiylə tanınan Kaliquladır. Çox qəddar hökmdar olub. Güclü və gənc qladiatorların əvəzinə xəstə, yaşlı və hətta fiziki qüsurlu insanları seçərdi. Onun fikrincə bu daha zövqlü idi. Arenada qladiatorların vəhşi heyvanlarla savaşını izləyər, ürəyi istədiyində izləyicilər arasından bir neçə nəfəri seçib onların da döyüşməsini istəyərdi. Döyüşdürdüyü heyvanlara yemək çatdırmaqda çətinlik çəkilən zamanlarda isə əsirlərdən istifadə edərdi. "Bu keçəldən bu keçələ qədər” – deyərək, təsadüfən seçdiyi əsirlərin yem kimi heyvanalara verilməsini əmr edərdi.
Əsirlərinin, hətta bəzən xalqının keçəl olmasının səbəbi onun əmriydi. Keçəl qalmaq kompleksi olduğu üçün hər kəsin saçlarını ya tamam, ya da çox qısa şəkildə kəsdirilməsini əmr edərdi. Senatorların ailələrindəki qadınları toplayıb fahişəxanalar yaratdığı, onlardan gələn pullarla xəzinəni doldurmağa çalışdığı bilinir.
Qəddar olduğu qədər həm də əqli problemi vardı. Bacısı Drussilanın ölümündən sonra yas elan ettiyini demişdik, ölümün səbəbkarı da elə Kaliqula idi. Bacısını hamilə qoyduqdan sonra körpəsi hələ bətnində ikən çıxartdırıb yarı tanrı elan etmişdi.
Atı onun üçün
ən dəyərli, senatorlar isə ən
dəyərsiz insanlar idi.
Şəxsi atını
senator, hətta senatordan
daha üstün olan konsul belə
elan etmək istəyirdi.
İndiki dövrdə heyvanlara qayğı göstərən
insanları görəndə
bir anlıq Kaliqula yadıma düşür. İnsanlar tanıyıram ki,
küçədə ac insan
görsə, görməzlikdən
gələr, amma bir pişik görsə, tutub evinə aparar, axşam da sosial
şəbəkədə paylaşıb
heyvansevərliyini göstərər.
"Çernobıl” insanların səhvi deyildimi? "Xocalı” ermənilərin qəddarlığı
deyildimi? Hüseyn
Cavidin, Mikayıl Müşfiqin qatili insanlar deyildimi? Bu qədər şeylərdən
sonra İblisi günahkar çıxarmaq
sadəcə nadanlıqdır.
Eminquey
Ədalət.-2019.-13 iyul.-S.7.