Bolqar rejissor Qarabağ barədə pyes yazır
Bolqarıstanın tanınmış teatr rejissoru Xristo Stoyçev Bakıdadır. Bu, Azərbaycanın yaxın
dostunun ölkəmizə
ilk səfəri deyil,
o, həm yaradıcılıq,
həm də şəxsi işləri ilə bağlı tez-tez paytaxtımıza gəlir. Teatrlarımızda tamaşa hazırlayır,
Bakıdakı qohumlarına
baş çəkir.
Xristo qohumluq əlaqələri
barədə söhbətimizin
gedişində özü
ətraflı danışacaq.
Müsahibəmizin əsas məqsədi
bolqar rejissorun yeni yaradıcılıq işi haqqında oxuculara dolğun məlumat verməkdir.
– Xristo, sizi yenidən
Azərbaycanda görmək
xoşdur. “YUĞ” teatrındakı
məşqdən dərhal
sonra müsahibəyə
razılıq verməyinizdən
budəfəki səfərinizin
məqsədi məlum
oldu…
– Hər dəfə Bakıya gəlmək, köhnə dostlarla görüşmək xoş
hiss yaradır. Bu qızmar yay günlərində Novxanı
çimərliyində dincəlmək
əla olardı, amma təəssüf ki, istirahətə vaxt yoxdur. Bu dəfə sırf
yaradıcılıq işləri
ilə bağlı gəlmişəm. Çox yaxın
dostum, “YUĞ” Dövlət
Teatrının direktoru
İslam Həsənov
məni maraqlı bir layihəni reallaşdırmaq üçün
yenidən Bakıya dəvət edib. Biz onunla uzun
illərdir ki, həm dostluq edirik, həm də yaradıcılıq
əlaqələri saxlayırıq.
İslam hələ Lənkəran Dövlət
Dram Teatrına rəhbərlik
edəndə məni
o gözəl şəhər
və istedadlı kollektivlə tanış
etmişdi və teatrın səhnəsində
Molyerin “Mizantrop” əsərinə quruluş
vermişdim. Sonra İslam Həsənov
Sumqayıt Dövlət
Dram Teatrının direktoru
vəzifəsinə təyin
olundu, biz yenidən birgə layihə barədə düşündük.
Sumqayıt səhnəsində tam fərqli yozumda və yeni yanaşmada
“Otello” hazırlamaq istədik.
– Lakin nədənsə həmin layihə reallaşmadı…
– Doğrudur, istəyimizi həyata keçirə bilmədik, hazırlıq
prosesinin əvvəlində
texniki və digər başqa problemlər ortaya çıxdı. Həyat
sürprizlərlə doludur…
İnsan düşündüklərinin
hamısını həyata
keçirə bilsəydi
yaşamaq yəqin ki, maraqsız olardı…
– Növbəti işbirliyinizin
uğurlu alınacağına
ümid edirik…
– İnşallah. İslam Həsənov
istedadlı və bacarıqlı təşkilatçıdır,
son zamanlar dünya və Avropa teatrlarında hansı tendensiyaların getdiyini yaxşı bilir, yeni teatr çağırışlarını
dərk edir və Azərbaycan teatrının xaricdə yüksək səviyyədə
təbliğinə çalışır.
Yeni işbirliyimiz də bu istiqamətdədir.
Həm də elə birinci sualınıza cavab olaraq deyim
ki, məhz dostumun təklifi ilə “YUĞ”un səhnəsində Şekspirin
“III Riçard” pyesi əsasında “Lənət”
tamaşasını hazırlayıram,
yeni səhnə redaksiyasının müəllifi
də özüməm.
Klassik və dünyaca məşhur səhnə əsərinə belə bir adın seçilməsi
isə təsadüfi
deyil. Lənət motivinə böyük
Şekspirin əksər
pyeslərində rast gəlmək mümkündür.
“Hamlet”də atasının
Hamletə dediklərini
xatırlayırsınız yəqin. Və yaxud, “Maqbet” pyesində qadınların
Maqbetə etdikləri
xəbərdarlığı yada salaq, onlar
deyir ki, sən kral olacaqsan,
lakin lənətlənmiş
kral…
“III Riçard”ın bu yeni traktovkası üzərində çoxdan
çalışırdım, sevinirəm ki, Bakıda bu istəyimi reallaşdırmaq
imkanı əldə etdim. “YUĞ”un
kollektivi ilə üzərində çalışdığımız
yeni səhnə əsərinin bir neçə mühüm özəlliyi var, istərdim ki, oxuculara bu barədə
bilgi verim. Tamaşanı iki ayrı-ayrı
heyətlə qururam, amma bu hər
kəsin alışdığı
dublyor məsələsi
deyil, yəni rol ifaçıları sadəcə bir-birlərinə
dublyor olmayacaqlar.
Hər bir heyətin tamaşası o biri heyətin tamaşasından
fərqlənəcək. Tamaşaçılar rollarda
Oktay Mehdiyev, Əmrah Hacıyev (III Riçard), Qasım Nağı, Elgün Həmidov (Bekinhem), Sonaxanım Mikayılova, Natəvan Qeybani (Marqarita), Zümrüd Qasımova, Təranə Ocaqverdiyeva (Yelizaveta) kimi çox istedadlı aktyor və aktrisaları görəcəklər. Sonaxanım Mikayılova
və Natəvan Qeybani tamaşada həm də Dukesayoq-Kölgə rolunu oynayırlar.
Aktyor və aktrisalar məşqlərdə
ürəklə çalışır,
işə yaradıcı
yanaşırlar, bu, bir rejissor kimi
məni sevindirməyə
bilməz. “YUĞ”da
ilk işim olsa da, mərhum Vaqif İbrahimoğlunun yaratdığı bu kollektivi uzun illərdir ki, izləyir, beynəlxalq teatr festivallarındakı
uğurlarından xəbərdar
oluram. Bu gün Avropada belə teatr-studiyalar, yaradıcılıq laboratoriyaları
çoxdur, “YUĞ” seçilən,
tanınan teatrlardan biridir. İnanıram ki, kollektivin
uğurları bundan sonra daha da
çox olacaq.
“Lənət” tamaşası
üzərində mənimlə
birgə çalışan
istedadlı bəstəkar
Sərdar Fərəcovun,
quruluşçu rəssam,
həmyerlim Olqa Bosevanın, geyim rəssamı Elnarə Bəkirovanın, rejissor Günay Səttarın da işindən razıyam. Hamımız çalışırıq ki, nəticə ürəyimizcə alınsın.
Yeri gəlmişkən,
layihəni gerçəkləşdirməkdə
mənə və “YUĞ”a dəstək olan Mədəniyyət Nazirliyinə, xüsusən
də nazir Əbülfəs Qarayevə
minnətdarlığımı bildirmək istəyirəm. Dövlət sifarişi ilə hazırlanan bu mürəkkəb tamaşanı
indiki çətin zamanda nazirin diqqət və dəstəyini görmədən
reallaşdırmaq mümkün
olmazdı yəqin.
– Teatr mövsümü başa çatır. “Lənət” tamaşasına
yəqin ki, yeni mövsümün əvvəlində – sentyabrda
baxa biləcəyik…
– Teatr rəhbərliyinin qarşımıza qoyduğu
tapşırıq belədir
ki, iyulun 20-nə qədər tamaşanın
daxili baxışını
keçirək. İnşallah, “Lənət”in premyerası
yeni teatr mövsümündə olacaq.
– Bayaq “YUĞ”un
beynəlxalq festivallardakı
uğurlarından danışdıq.
Yeni layihənin xarici ölkələrdəki teatr
festivallarında nümayişi
nəzərdə tutulubmu?
– Təbii ki, belə bir niyyətimiz
var. Rejissor kimi “Lənət”in İngiltərədə
keçirilən Edenburq
Şekspir festivalında
iştirakını arzulayıram
və bu istəyi həyata keçirmək üçün
danışıqlar aparıram.
İnşallah, bu məsələni
reallaşdıra biləcəyik.
Edenburq teatr festivalı dünyanın ən nüfuzlu sənət yarışmalarından biridir.
Əminəm ki, yeni layihəmiz Edenburqda maraqla qarşılanacaq.
– Şekspirin vətənində
onun əsərini oynamaq böyük məsuliyyət tələb
edir…
– Sözsüz. Mən və tamaşada rol alan
aktyorlar bu məsuliyyəti dərk edirik. Bir daha əminliklə
deyirəm ki, “YUĞ”
teatrında ərsəyə
gətirdiyimiz yeni tamaşa beynəlxalq arenaya çıxmağa layiqdir.
– Tanınmış rejissor və Azərbaycanın dostlarından biri kimi dramaturqlarımızın
əsərlərinin Bolqarıstanda
səhnəyə qoyulması
ilə bağlı hansı işləri görə bilərsiniz?
– Həm klassik, həm də müasir yazıçılarınızın,
dramaturqlarınızın əsərlərini
oxuyuram, bu sahədə yenilikləri
imkan daxilində izləyirəm. Onların bəzilərini təkcə
Avropada deyil, dünyada təbliğ etmək bu gün
çox vacibdir.
Mən də bu işdə
əlimdən gələni
etməyə hazıram
və deyim ki, artıq müəyyən addımlar
da atıram. İstedadlı, rus dilində maraqlı əsərlər qələmə
alan Elman İsmayılov adlı bir gənc yazarla
tanış olmuşam.
Onun pyeslərindən birini Bolqarıstan Mədəniyyət
Nazirliyinə təqdim
etmişəm, yəqin
ki, yaxın gələcəkdə bu əsəri Sofiyanın hansısa bir teatrında səhnəyə
qoya biləcəm.
Bir məsələni
də qeyd edim, hazırda Qarabağ hadisələrindən
bəhs edən pyes yazıram. Bu əsər vasitəsi ilə Azərbaycan həqiqətlərini bolqar
ictimaiyyətinə çatdırmaq
istəyindəyəm. Ölkənizin Sofiyadakı səfirliyi
bu istiqamətdə çox işlər görür, müxtəlif
tədbirlər keçirir,
bizim ailə də belə tədbirlərdə həmişə
fəalıq göstərir.
Çünki Ermənistanın işğal etdiyi Qarabağda bu gün baş verənlər, evini-ocağını
itirib köçkün
kimi yaşamağa məcbur olan insanların taleyi bizi daim narahat
edir.
– Xristo, söhbətimizin bu yerində ailəniz haqqında məlumat vermənizi istərdim. Bilirəm ki, oxucularımız üçün çox maraqlı olacaq…
– Həyat yoldaşım Natella xanım Bakıda doğulub. Taleyimə və dostlarıma minnətdaram ki, məni belə bir gözəl insanla qarşılaşdırdılar. Natella xanım Vətənini, xalqını sevən, ziyalı bir ailənin övladıdır. Qayınatam professor Faiq Abdullayev tanınmış kimyaçı alimdir. Azərbaycanda kimya sənayesinin inkişafında böyük xidmətlər göstərib. Faiq müəllim əslən Naxçıvandan, qaynanam isə Lənkərandandır.
Qızım hazırda Londonda yaşayır və biznes sahəsində çalışır. Bir vaxtlar aktrisa olmaq istəyirdi, amma mən razı olmadım.
– Niyə?
– Çox çətin sənətdir, açığı, istəmədim bu çətinliyi görsün.
Etibar, sənin oğlun Turan bizim məşqlərə tez-tez gəlib baxır, maraqlanır. Bilirəm ki, gələcəkdə rejissor olmaq istəyir. Onunla da söhbət edəndə deyirəm ki, çox çətin peşədir.
Digər yaradıcı insanlar – şair və yazıçılar, bəstəkarlar, rəssamlar individual çalışır, sənət nümunələri yaradırlar. Rejissorlarda, aktyorlarda isə bu proses tam fərqlidir, fərdi istedadınla hər şey həll olunmur, sən başqalarından əhəmiyyətli dərəcədə asılısan.
– Yeni tamaşanın daxili baxışından sonra Sofiyaya qayıdırsınız. Yəqin ki, bundan sonra Bakıda sizinlə tez-tez görüşəcəyik…
– İnşallah.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2019.-13 iyul.- S.5.