Tarixin danışan dili

 

Öncə tarixdən başlayaq. O tarixdən ki, o yazılıb. Biz orta məktəbin aşağı siniflərindən auditoriyalara qədər bu tarixi az-çox öyrənmişik hər imtahandan sonra da bizə elə gəlib ki, biz tarixi bilirik. Amma sən demə, biz yanılırıqmış. Doğrudur, deyirlər ki, şairlər fəhmli olur. Görünür elə buna görə böyük Səməd Vurğun məşhur əsərlərinin birində yazırdı:

 

Bilinməyir yaşın sənin,

 

Nələr çəkmiş başın sənin!..

 

 

Sonra böyük Məmməd Araz yazdı ki, hər daş parçası bir tarixdi. onun ardınca da arxeoloq alimə üz tutub öyrəndiyi təqdim etdiyi tarix üçün ona minnətdar olduğunu xatırladırdı.

 

Mən butun bunları ümumiyyətlə, tarixlə poeziyanın təmasını istənilən qədər davam etdirə bilərəm. Lakin indiki halda ehtiyac görmürəm. Çünki bizim bugünümüz əslində tarixi bilməyin qədər zəruri olduğunu bizə poeziyasız da diktə edir. Yəni zorən cəlb edildiyimiz müharibə, işğal edilmiş torpaqlarımız, düşmənin uydurma arqumentləri bizə birmənalı olaraq tarixi öyrənməyi, tariximizi özümüz kimi tanımağı ona istinad etməyi bizdən tələb edir.

 

Mən Dağlıq Qarabağda doğulmuşam. Dünyanın zaman tapıntıları baxımından ən böyük abidələrindən biri olan Azıx mağarası Quruçay vadisində, Xocavənd rayonunun ərazisində yerləşir. Amma ən qədim insanın çənə sümükləri tapılan bu mağara böyük arxeoloq alim, tarixçi mərhum Məhəmmədəli Hüseynovun böyük zəhməti nəticəsində dünya arenasına çıxarıldı. O sovet dönəmində ermənilərlə vuruşa-vuruşa bu mağaranın şöhrətini dünya tarixçilərinin, arxeoloqlarının diqqətinə çatdırdı. Böyük alimin zəhməti hesabına Azıx mağarasından cəmi beş-altı kilometr məsafədə yerləşən ikinci bir mağara da tarixə bəlli oldu. Bu da Böyük Kiçik Tağlar mağaraları idi. İndi bu qədim abidələr işğal altında olmaqla yanaşı, həm ermənilərin informasiya maşınının təqdimatında düşmən ölkənin mədəniyyət nümunələri kimi, ulu tarixin vərəqləri kimi təqdim olunur burada Azərbaycan Elmlər Akademiyasının icazəsi olmadan tədqiqatlar aparılır. O cümlədən Dağlıq Qarabağda digər işğal altında olmuş ərazilərimiz həmin acı taleyi yaşayır.

 

Yolum Ağcabədiyə düşmüşdü. Açığı yayın istisindən son yağışların gətirdiyi bir dinclikdən bütövlükdə bir az torpağa, kəndə-kəsəyə yaxınlaşmaq istəyindən bəhrələnən bu səfər mənim üçün gözlənilməz sürprizlərlə yadda qaldı. İlk sürprizim az qala iki ilə yaxındı ki, görmədiyim Ağcabədi rayon mərkəzindəki tikinti-abadlıq, özü planlı bir arxitektorun məharəti ilə yaradılan səliqə-səhman qəflətən gözlərim önündə açılan gözəlliyi mənə yaşatdı. Açığını deyəcəm, bu gün respublikanın əksər şəhər rayonlarında tikinti-abadlıq işləri aparılır. Ancaq bəzi şəhər rayonlarda yol boyunca, küçə uzunu çəkilən ikitərəfli hasarlar öz arxasında çox eyibləri gizlədir. Yəni bu cür abadlıq mənə yamaq kimi görünür, qəbul edə bilmirəm onu. Lakin Ağcabədidə gördüyüm səliqə-səhman məndə bir ev sahibinin, bir ağsaqqalın, torpağa, xalqa, dövlətə bağlı adamın canıyananlıqla, öz ailəsi üçün gördüyü işi xatırlatdı. Sevindim ki, döyüş bölgəsində, Azərbaycanın qədim bir guşəsində bu gün həyat doğrudan da çiçəklənir. Yol boyunca əkilən ağacların sırası da bu işlərə əlavə bir yaraşıq verir.

 

Ağcabədinin qədimliyini tarixdən bilirəm, oxuduğum bədii əsərlərdən . Ancaq bu rayonda olarkən dost-tanışdan eşitdim ki, rayon ərazisində xüsusi arxeoloqlar - tədqiqatçılar qrupu işləyir. Özü bu beynəlmiləlçi qrupa Almaniyadan olan bir xanım professor rəhbərlik edir.

 

Maraq güc gəldi elə o dostların təqdimatı ilə millət vəkilləri Tahir Rza Aqil Abbasla birlikdə arxeoloqların görüşünə getdik. Yol boyunca bizimlə həmsöhbət olan Tahir Rza Ağcabədinin digər tanınmış insanları bu arxeoloji qazıntılar barəsində həvəslə, ağızdolusu danışdılar.

 

Eşitdiklərim məni əməlli-başlı səbirsiz edir, tələsdirirdi ki, həmin ünvana tez çatım, deyilənləri öz gözlərimlə görüb, şahid olum.

 

Bu da Ağcabədi rayonunun Aşağı Aran kəndinin bir tərəfi Xocavənd, bir tərəfi Ağdam olan Haramı düzü. Burada bizi arxeoloqlarla yanaşı, yerli sakinlər qarşılayır. Bu qarşılanma məqamında millət vəkili Aqil Abbasla ən doğma adam kimi görüşən, üz-gözündən yorğunluq, həm maraq tökülən bir nəfərin sevinci, canfəşanlığı diqqətimi çəkir. Öyrənirəm ki, o, tarix üzrə fəlsəfə doktoru, Arxeologiya Etnoqrafiya institutunun şöbə müdiri Təvəkkül Əliyevdi. Təvəkkül müəllim onunla birlikdə çalışan Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyanın rəhbəri doktor Barbara Helvinqi bizə təqdim edir. Türk dilində rahat danışa bilən Barbara xanım millət vəkillərinə gördükləri işlər barəsində həvəslə, həm xüsusi bir maraqla məlumat verir. Hiss olunur ki, millət vəkillərinin ekspedisiyanın çalışdığı əraziyə gəlişi onu bir az da sevindirib, ürəkləndirib.

 

Elə sözarası da deyir ki, Ağcabədi rayon rəhbərliyi, xüsusilə rayonun icra hakimiyyətinin başçısı Şahin Məmmədov onlarla demək olar ki, hər gün maraqlanır. Zəruri ehtiyaclarının ödənilməsinə, və yaşayış şəraitlərinin qənaətbəxş olmasına diqqət yetirir. Barbara xanımın dediklərindən məlum olur ki, bu gün Ağcabədi ərazisində Kamiltəpə deyilən arxeoloji abidələr - kurqanlar var. Sayı 37-ə çatan bu kurqanların beşində tədqiqatlar aparılır. Qazıntı işləri zamanı məlum olub ki, bu kurqanların yaşı eradan çox-çox əvvəllərə - 7600-8000 il əvvələ gedib çatır.

 

Çox qəribədir ki, qazıntı aparılan kurqanlarda arxeoloqları təəccübləndirən maddi-mədəniyyət nümunələri tapılıb. Burada hətta nərə balığının, eləcə də digər canlıların sümükləri, muncuqlar, küp qalıqları, kərpic, hətta ocaq külü da tapılıb. Ocaq yerinin ətrafında tapılan nümunələr isə həmin yerin kütləvi toplantı yeri olduğunu göstərir. Çünki tapılan maddi-mədəniyyət nümunələri bunu sübut edir.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2019.-13 iyul.-S.4.