Baş nazir: 70-ci
illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və
təşəbbüskarlığı ilə Azərbaycanın
gələcək müstəqilliyinin iqtisadi
əsası formalaşdırılıb
XX əsr
tariximizin parlaq siması, böyük şəxsiyyəti olan
Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan
xalqının dövlətçilik şüurunun, tarixin
sınağından şərəflə
çıxmış unikal idarəçilik məktəbinin,
müasir ictimai-siyasi, fəlsəfi fikrin ən üstün keyfiyyətlərinin
canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini
öyrəndikcə, əslində,
müstəqil Azərbaycan
dövlətinin tarixi
keçmişini, bugününü,
ölkəmizdə həyata
keçirilən dövlət
quruculuğu prosesini öyrənir.
Trend-in məlumatına görə,
bunu Baş nazir Novruz Məmmədov
bildirib.
Hökumət başçısı vurğulayıb ki, tarixi gerçəkliklərin
müqayisəsi böyük
şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində
ən obyektiv istinad yeridir:
"Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik
etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi,
sosial, humanitar və mədəni sahələrdə intibaha
can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan
ölkə kimi görünür. Ötən yüzillikdə
cərəyan edən
hadisələrin təhlili
göstərir ki, respublikanın müstəqilliyə
gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik
etdiyi dövrdə həyata keçirilən
məqsədyönlü siyasətlə
tamamlanmışdır. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi
dövrün əsas bənzər cəhətləri
isə Ulu Öndərin Azərbaycana
müqayisəyəgəlməz dərəcədə böyük
nailiyyətlər qazandıran
fədakar xidməti, eləcə də ölkənin inkişafında
yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olmuşdur. Beləliklə, Ulu Öndər
Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər eyni missiyanın sadəcə biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə
bilər.
İdarəçilik fəlsəfəsi fərqli
və özünəməxsus
cəhətlərlə zəngin
olan Ümummilli Liderin sovet Azərbaycanına
rəhbərliyi mərhələsi
ölkəni sürətli
inkişaf yoluna çıxarmaqla yanaşı,
milli müstəqilliyə
etibarlı zəmin formalaşdıran amillərlə
də zəngin olmuşdur. Milli özünəqayıdış
və özünüdərkin
məhz bu dövrdə başlanğıcını
qoyan, azərbaycançılığın
keçən əsrdə
yazılan ən parlaq səhifələrinin
müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını büsbütün
müasirləşdirmişdir".
N.Məmmədov vurğulayıb ki,
tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan
Heydər Əliyevin
nadir idarəçilik keyfiyyətləri,
xarizmatik liderlik məziyyətləri, böyük
vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən
milli ruhun hədsiz yüksəlişinin
təmin edilməsində
misilsiz rol oynamışdır: "Onun
keçmiş sovet idarəçilik sisteminin
forma və məzmununu,
bütün incəliyini
dəqiqliklə bilməsi
bu prosesdə maneə yaradıcı amilləri uğurla neytrallaşdırmasına, eyni
zamanda öz ideyalarını reallaşdırmaq
istiqamətində mərkəzdən
lazımi dəstək
almasına imkan vermişdir. Bu kontekstdə
Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin digər
önəmli xüsusiyyətləri
Azərbaycanın bütün
əsas sahələr
üzrə inkişafının
yeni mərhələsinə
qədəm qoyması,
sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur.
İqtisadi asılılığın
aradan qaldırılmasının
siyasi müstəqilliyin
təməlində duran
əsas amillərdən
biri olduğunu aydın görən Ulu Öndər respublikanın istehsal potensialının mühüm
hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq
əsaslı şəkildə
müstəqilləşdirilməsi, Azərbaycanın iqtisadi muxtariyyətinin təmin edilməsi, sənaye potensialının güclənməsi,
təhsil sferasında
yeni inkişaf mərhələsinin əsasının
qoyulması, xalqın
uzaq gələcəyini
nəzərdə tutan
milli kadr potensialının, o cümlədən
nadir ixtisaslar üzrə
mütəxəssis kontingentinin
yaradılması kimi möhtəşəm nailiyyətlərə
imza atmışdır".
Baş nazir qeyd edib
ki, Ulu Öndər
həmin dövrdə
azərbaycanlıların keçmiş
SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə
çalışır, respublikamıza
ayrılmış müsabiqədənkənar
yerlərin sayının
artırılmasını Moskvadan
israrla tələb edir, əksər hallarda buna nail olurdu: "1970-ci ildə respublikadan kənara oxumağa göndərilən
belə tələbələrin
sayı əgər 60
nəfər idisə,
1975-ci ildə onların
sayı 600 nəfərə,
1978-ci ildə 800-900 nəfərə
çatmışdı. Beləliklə,
SSRİ-nin müxtəlif
ali təhsil
müəssisələrinə göndərilənlərin sayı
o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar - 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində
ali təhsil
almış məzunlarla
görüşündə bununla bağlı demişdir: "Azərbaycanda
kadr hazırlığı
məsələsi ilə
şəxsən, bilavasitə
ciddi məşğul
olarkən və o cümlədən sizləri
respublikamızdan kənarda
ali məktəblərə
göndərərkən mütləq
və mütləq Azərbaycanın gələcəyini,
müstəqilliyini düşünürdüm.
O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil
Azərbaycana lazım
olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil
olacaqdır və bu kadrlar Azərbaycanın
müstəqilliyini təmin
edəcəklər”.
Həmin illərdə məhz Heydər Əliyevin qətiyyəti, iradəsi
və təşəbbüskarlığı
ilə keçmiş
SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri
məhz Azərbaycanda
inşa olunmuş, bununla da respublikamızın
gələcək müstəqilliyinin
iqtisadi əsası formalaşdırılmışdır. Ulu Öndər
Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın
rəhbərliyi qarşısında
israrlı tələblərlə
çıxış etmiş,
prinsipiallıq göstərmişdir.
Bu nöqteyi-nəzərdən
dahi öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi
əzmkarlığı xüsusi
qeyd etmək lazımdır.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu
müdrikliklə nəzərə alan Ulu Öndər Heydər Əliyev 70-ci illərdə
bu sahənin dinamik
inkişafına nail olmuş,
neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini
təmin etmişdir. Həmin dövrdə
neft sənayesinin inkişafında tamamilə
yeni mərhələ başlanmış,
bu zəngin milli sərvətin
Azərbaycanın rifahına xidmət edən vasitəyə
çevrilməsi prosesinin əsası qoyulmuşdur. Heydər
Əliyevin müəllifliyi ilə tərtib olunan
"Azərbaycanda neftayırma sənayesinin yenidən
qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə
keçməsi prosesi sürətlə başa
çatdırılmışdır".
Ədalət.-2019.-13 iyul.-S.2.