Aləmzər SADIQQIZI        

 

Şeirlər

 

 

 

* * *

 

Yenə nə dolmusan bulud gözlərim.

 

Dərdini tökməyə yer axtarırsan.

 

Bezmisən dünyanın haqsızlığından

 

Quş kimi uçmağa göy axtarırsan.

 

Bir qərib yolçusan yol yoldaşın yox

 

Yollarda islanır yağışın altda.

 

Eləcə yol çəkir yol gözləyirsən,

 

Yollarda utanır baxışın altda.

 

Fələk çox ağladıb səni, əzizim.

 

Neyniyim bir azca güləsən, gülüm.

 

Yumum kirpiyimi bir azca dincəl.

 

Qorxuram dərdimdən öləsən, gülüm...

 

Sənsən bu Aləmin qəm daşıyanı,

 

Mən sənin bir qəmli yarın olmuşam.

 

Hər kəsin bəxtinə gülənlər düşüb,

 

Mən səni ağladan payın olmuşam.

 

 

 

* **

 

Səndən getmək qədər çətin deyil sənə qayıtmaq,

 

Səni sevmək qədər gözəl deyil səni unutmaq.

 

Hər daşına , hər çiçəyinə vurulmaqdı VƏTƏN...

 

Gözlərində iki damla yaş aparmaqdı uzaqlara

 

Yenilməkdi içindəki sazaqlara.

 

Əsir düşməkdi ayrılıqlara,

 

Ağrılarını özünlə daşımaqdı VƏTƏN.

 

İçində hekayələr yazmaq qədər çətin deyil,

 

qələmlə ağlamaq,

 

 

 

Yanılmaq qədər çətin deyil,

 

Bir güvən dağından yıxılmaq...

 

Bir dodağı güldürmək qədər çətin deyil, bir gözü ağlatmaq...

 

Acılarını şirin kimi bağrına basmaqdı VƏTƏN.

 

Sənə qayıtmaq səndən getmək qədər çətin deyil...

 

Naxçıvanım...

 

 

 

* * *

 

Dərdin ən gözəlini,

 

Çəkə bildikcə çəkdim.

 

Ürəyimə min ağrı

 

Əkə bildikcə əkdim.

 

Hər tərəfim qəm dolu,

 

Dolu kimi yağıram.

 

Dişim kəsmir dərdimi,

 

Qorxuram ki, bağıram.

 

Ölüm çox uzaqdadı,

 

Neynirəm yaxın gəlmir.

 

Özümdən çox sevdiyim,

 

Dərdimi görə bilmir...

 

Gözlərimi yummuşam,

 

Kimsə məni görməsin.

 

Aləm öldüyü dərddən,

 

Düşmənim ölməsin!

 

 

 

* * *

 

Doğulmayan körpə kimidi bu sevda,

 

Adını bilmədiyim,

 

Bəmbəyaz gəlinlik kimi...

 

Qarımış qızların yuxusunda üşüyən,

 

Dadını bilmədiyim ömür kimi...

 

Şirin dadır içimdəki sızılar,

 

Bir az yazıq olurmuş sənsiz açan sabahlar...

 

Kor kimi tanış olmayan küçələrdə axtarmaqdı itirdiyini

 

Sevgi qatılmamış yemək kimi dadsızdı.

 

Qapıdan girməyən gözləmələr

 

Sabah yazıb cibinə qoymadığım həsrətimdi

 

Əlindən ala bilmədiklərim...

 

Sabaha ümidi olmayan boşluqdu sənsiz

 

axşamlar...

 

Durna səsi eşitməyən şəhər kimidi,

 

gözləri çiçək görməyən kordu həyat.

 

Kiriməyən körpə kimidi sənsizliyi yaşamaq,

 

Gülən dünyaya göz yaşıdı baxmaq.

 

Səssiz-səmirsiz payıza getməkdi.

 

Sənsiz yaşadığım baharlar...

 

Dəli yağışlarda dəli kimi qışqırmaqdı,

 

Susa-susa bağırdıqların.

 

Çiskin yağışlarda həzin-həzin pıçıldamaqdı

 

ağrılarını,

 

Tökülməkdi ömürdən sarı-sarı.

 

Köçüb getməkdi ölümlərə,

 

Sən olmayan payızlar.....

 

* * *

 

Yuvasından düşən bir quş balasıdı,

 

Payızda doğulan ümidlər.

 

Suya həsrət torpaq kimi çatlar həsrətinə,

 

Atasız-anasız uşaqlar kimidi.

 

Boynubükük arzularına

 

Sən, mənim əlimdən alınmış xoşbəxtlik

 

oyuncağımsan....

 

Gecələr ay işığına qəribsəyər,

 

günəşə titrəyə-titrəyə baxar.

 

İçindən baxar məsum xəyallarına,

 

Hər günü axan ulduzlar kimi,

 

Öldüyü yer görünməz.

 

Sən mənim bir qapımdan girməyəcək,

 

Ata payım kimisən...

 

Öləcəyi üzünə deyilmiş adamlar kimi,

 

Çırpınar çarəsiz yaşamaq ehtirasına.

 

Əlində çəlik gəncliyini axtaran qocalar kimi

 

Belibükülmüş yeriyər təzə doğulmuş

 

sevdalarına...

 

Sən mənim gedib çata bilmədiyim

 

İlğım kimi ən gözəl duyğularımsan.

 

Payızda çiçəkləyən ağaclar kimi,

 

Bir qəfil qar yağar aldanışlara.

 

Qanadı qırılmış durnalar kimi,

 

çata bilməz qatar-qatar isti yuxularına.

 

Sən mənim isti əllərimdə,

 

Bumbuz üşüyən nağıllarımsan.

 

Dəcəl uşaqların dağıtdığı ev kimidi,

 

Sənsiz darmadağın günlərim.

 

Ot basmış yollar kimidi,

 

Mənə gəlmədiyin yollar.

 

Bir qəfil yağışa düşən əyni nazik

 

Yuvasından düşən quş balasıdı,

 

Sənsiz yaşaya bilmədiyim həyat.

 

Sən mənim əlləri olmayan

 

Ovcuna möhtac dünyamsan....

 

* * *

 

Daha yazım var, yaz günəşim,

 

Yazımdan adlayıb qışıma keçdim.

 

Səni ürəyimdə mənsiz saxladım,

 

İçimdən adlayıb dışıma keçdim!

 

Hələ ürəyimə vərəcəyin var,

 

Sənə yüz gileyim, deyəcəyim var,

 

Qal orda gör nəcə görəcəyin var,

 

Hər gün bir il qədər yaşıma keçdin.

 

Sənə özüm qədər dəyər vərmişəm.

 

Sənə sevgi adlı səhər vərmişəm.

 

Elə göz yaşımdan bəhər vermişəm,

 

Gözümdən yol edib başıma keçdin.

 

İnanıb uzatdım yara əlimi,

 

Sən qısa elədin uzun dilimi,

 

Yolunda ağartdım qara telimi

 

İndi adlayıb qaşıma keçdin.

 

Daha yol qalıb, iz qalıb,

 

Daha yaşamağa bu payız qalıb.

 

Məzarım qazılıb, vaxtım az qalıb,

 

Ömürdən inciyib daşıma köçdüm!

 

* * *

 

Bu gecədən sağ çıxan

 

Ruhum, sabahın xeyir!

 

Güzgüdən mənə baxan

 

Canım, sabahın xeyir!

 

Kirpiyindən qan sızan,

 

Gözlərindən qəm süzən,

 

Öz içimdən üzülən

 

Yarım, sabahın xeyir!

 

Ey dərdi sorulmayan,

 

Əzabdan yorulmayan,

 

Heç rəngi durulmayan,

 

Qanım, sabahın xeyir!

 

Ay dünyası qarışan,

 

Öz-özüylə danışan,

 

Hər tərəfi pərişan,

 

Halım, sabahın xeyir!

 

Açılmaz ki, sandığım,

 

Səhərədək yandığım,

 

Diri gözlü açdığım...

 

Danım, sabahın xeyir!

 

İlləri ötürdüyüm,

 

Ayları bitirdiyim,

 

Qəniməttək bildiyim,

 

Anım, sabahın xeyir!

 

Aləm ilə yol gələn,

 

Hər gün dirilən-ölən,

 

Tanrı ilə verilən,

 

Payım, sabahın xeyir!

 

* * *

 

Mənim yaşamağım möcüzə, vallah,

 

Gör necə qoruyur məni mələklər.

 

Tək bir tutunduğum o gözəl Allah,

 

Ondan yıxa bilmir məni fələklər.

 

Yüz yerə bölünür, min tikə olur,

 

Bir gözüm güləndə bir gözüm dolur.

 

Mənim çiçəklərim açmadan solur,

 

Ondan ağladırmı məni çiçəklər?

 

Ürəyim dumduru, sözüm dumduru,

 

Əyrini görməyən gözüm dumduru.

 

Ömrümə yazılan izim dumduru,

 

Ondan tez tapırmı məni kələklər?

 

Göyərçin ruhumu aparır hara,

 

Əllərim ömrümü hey çəkir dara.

 

Məni yox eləyir hər deyən yara...

 

Ondan uçururmu məni küləklər?

 

Arzular, ümidlər tərk edir necə,

 

Göydə günəş kimi yanıram gecə,

 

Ən gözəl günümü verdim bir heçə,

 

Ondan tərk edirmi məni diləklər?

 

Həyat bir nağıldı mələkləri biz,

 

Bir Simruq quşu var, lələyi yüz-yüz,

 

Aləm lələk olsa əllərini üz,

 

Ondan güldürməyir məni lələklər...

 

 

Ədalət.-2019.-16 iyul.-S.7.