“Kitabi Dədəm Qorqud”un üçüncü əlyazması tapıldı

 

"Kitabi Dədəm Qorqud” abidəsi Azərbaycan və Türkiyə türklərinin hal-hazırda da danışdığı Oğuz türkcəsində yazılmışdır və tarixi baxımdan ana qaynağımız hesab olunur. Maraqlı digər faktlardan biri də ondan ibarətdir ki, indi Azərbaycana ərazi iddiasında olan ermənilərin (və ya hayların) adı "Kitabi Dədəm Qorqud”da çəkilmir. Halbuki gürcülərin, abxazların, qıpçaqların və başqa qonşuların adları dəfələrlə çəkilməkdədir. "Kitabi Dədəm Qorqud” abidəsi daim tədqiqat obyekti olmalı və araşdırmaçılar bu istiqamətdəki tədqiqatlara ciddi yanaşmalıdırlar. Ona görə də "Kitabi Dədəm Qorqud”un yeni tapılmış Türkmən Səhra nüsxəsi haqqında məlumat verərək bəzi fikirlərə aydınlıq gətirməyin zəruri olduğu qənaətindəyik.

 

Dastanmı, salnaməmi yoxsa epiqrafik abidəmi?

 

İlk öncə qeyd etmək vacibdir ki, hələ də "Kitabi Dədəm Qorqud”un, epiqrafik abidəmi, dastanmı, yoxsa salnaməmi olması haqqında ziddiyyətli fikirlər var. Əslində "Kitabi Dədəm Qorqud” hər üçünün də xüsusiyyətlərini özündə birləşdirən təkrarolunmaz bir abidədir. Salnamə deyil, çünki hadisələr ardıcıl formada əks olunmayıb. Dastan da deyil, çünki ilk baxışdan ədəbi bir abidəyə bənzəsə də, burada xəyali obrazlara demək olar ki, rast gəlinmir və təsvir edilən qəhrəmanlar ya həqiqi tarixi şəxsiyyətlərin özləri, ya da prototipidirlər. Mifik obrazlar isə simvolik xarakter daşıyır. Məsələn, "Duxa Qoca oğlu Dəli Domrul boyu” (D-154/13 –170/4) İslamın yayılmasına bir növ etirazın simvolik təsviridir. Bu əsər epiqrafik abidədir, ona görə ki, abidədə çoxlu sayda tarixi, mifik, onomastik, toponimik məlumatlar mövcuddur. "Kitabi Dədəm Qorqud”də tarixi əlamətlər digər dastanlarda olduğu kimi eroziyaya uğramayıb. Dastanlara nəzərən "Kitabi Dədəm Qorqud” daha qədimdə yazıya alınıb, indiyə qədər dəyişilməz qalıb, üzərində heç bir düzəliş və ya dəyişiklik aparılmamışdır. Mehmet Fuad Köprülüzade əbəs yerə deməyib ki, Türk ədəbiyyatı nümunələrini tərəzinin bir gözünə, "Kitabi Dədəm Qorqud”u digər bir gözünə qoyarsaq bu abidənin çəkisi daha ağır gələcək.

 

Daha öncə vurğulanmış olduğu kimi, "Kitabi Dədəm Qorqud”un iki əlyazma nüsxəsinin olduğu bilinməkdə idi. Abidənin Drezden kitabxanasında saxlanılan əlyazması "Kitabi Dədəm Qorqud. Əla lisani-taifeyi Oğuzan” (3) adlanır və həmin nüsxə 12 boydan ibarətdir. KDQ-nin Vatikan əlyazması isə "Hekayəti-Oğuznameyi Qazan bəg və qeyri” (4) adlanır. Bu nüsxə isə Qazan xanla bağlı olan 6 boydan ibarətdir. Hər iki nüsxə Oğuz türkcəsində, ərəb qrafikalı əlifba ilə yazılmışdır. Drezden nüsxəsinə baxanda Vatikan nüsxəsi tamamilə hərəkəlidir və səliqəli yazılmışdır. Drezden nüsxəsində sadəcə üç səhifədə hərəkə mövcuddur. Hər iki əlyazma nəsx xətti ilə yazılıb. Hər iki əlyazmada müqəddimə mövcuddur. Həm "D”, həm də "V” əlyazmasının hər səhifəsində 13 sətir, lakin, "D” nüsxəsinin ikinci səhifəsində 12 sətir vardır. "D” nüsxəsi 152 vərəq (yəni 304 səhifə), "V” nüsxəsi isə 49 vərəq (yəni 98 səhifə) olaraq dövrümüzə gəlib çatmışdır. Fonetik baxımdan "D” nüsxəsi Azərbaycan türkcəsinə, "V” nüsxəsi isə Doğu Anadolu türkcəsinə daha yaxındır. Yəni "mən” əvəzliyi, Drezden nüsxəsində "mən” formasında işləndiyi halda, Vatikan nüsxəsində "bən” kimi işlədilmişdir (9, s. 30-33).

 

 

 

 

"Kitabi Dədəm Qorqud”un yeni boyu və ya əjdahanı öldürən Qazan xan

 

 

 

 

Uzun müddət abidənin əlavə boylarının olduğu ehtimal edilirdi. Çünki, "Kitabi Dədəm Qorqud”da digər boyların olduğuna işarə verən müxtəlif personajlar mövcuddur ki, digər Türk yazılı abidələrində və "Oğuznamə”lərdə onlar haqqında xeyli məlumatlara rast gəlinir. "Kitabi Dədəm Qorqud”un bir neçə boyunda Alp Ərən bəy adlı bir Oğuz igidindən söz açılır, lakin onun haqqında heç bir müstəqil boy mövcud deyil. Ehtimal etmək mümkündür ki, Alp Ərənlə bağlı da müstəqil boy olmuşdur. Çünki Ali Yazıcıoğlu "Oğuznamə”sində bu qəhrəman ilə bağlı hadisələrə rast gəlinməkdədir. Bundan başqa Peyğəmbər (ə.s.)–ın yanına gedib onun üzünü görən, ona səhabə olan Bəktüz Əmən adlı personaj haqqında da ola bilsin ki, bu hadisələrin təsvir olunduğu boy mövcud olmuşdur (5, s. 164-178). Həmçinin "Salur Qazanın tutsak olduğu oğlu Uruzun onu çıxardığı boy”unda soylamaların birində Qazan xan yeddi başlı əjdahanı öldürdüyünü söyləməkdədir (D-271/12-D-291/7).

 

 

 

 

 

Bu ehtimallar özünü bu ilin aprel ayında doğrultdu. Ulu kitabımızın üçüncü nüsxəsi haqqında məlumatlar 2019-cu ilin aprel ayında keçirilən "Dünya Kültür Mirası Dede Korkut Uluslararası Sempozyumu”nda Prof. Dr. Metin Ekici tərəfindən açıqlandı. Məlumatlar keçməzdən öncə təəssüf hissi keçirərək bildiririk ki, bu cür konfranslarda Azərbaycan demək olar ki, təmsil olunmur. Halbuki boylarda keçən hadisələrin çoxu Azərbaycanda baş verməkdədir. Konfransdan bir müddət sonra həmin əlyazmanın iki müxtəlif nəşri işıq üzü gördü. Bunlardan birincisi Prof. Dr. Yusuf Azmun tərəfindən mətin-fotofaksimilə, transfoneliterasiya və Anadolu türkcəsinə uyğunlaşdırma formasında nəşr olundu (1). İkincisi isə Prof. Dr. Metin Ekici tərəfindən hazırlandı və bu kitaba da mətin-fotofaksimilə, transfoneliterasiya və Anadolu türkcəsinə uyğunlaşdırma daxil edildi (2). Bundan başqa əsər haqqında məlumatlar, əsərin əski əlifba ilə təshihi və foto-faksimilənin daxil olduğu "Dede Korkut Kitabı’nın Günbet Yazması: İnceleme, Metin, Dizin ve Tıpkıbasım” daha bir məqalə nəşr olundu (6). Təxmini eyni ayda üç nəşrin gerçəkləşdirilməsi əlyazma ətrafında "kim öncə əldə edib?” söz-söhbətlərin yaranmasına səbəb oldu. Əslində bu normaldır. Çünki "Kitabi Dədəm Qorqud”un həm Vatikan nüsxəsinin, həm də Drezden nüsxəsinin Türkiyədə və Azərbaycanda həmişə ən azı iki nəşri olub. Buna misal olaraq Muharrem Ergin və Orhan Şaik Gökyay, Həmid Araslı və Şamil Cəmşidov nəşrlərini göstərmək mümkündür. Əslində nəşrin birdən artıq olması əlyazma üzərində müxtəlif istiqamətli və geniş düşünmə imkanı yaradır. Məlumat üçün deyək ki, Yusuf Azmun nəşrində əsər haqqında məlumat, transfoneliterasiya, Anadolu türkcəsinə uyğunlaşdırma və fotofaksimilə ayrı-ayrı verilmişdir. Lakin Metin Ekici nəşrində isə bir vərəqdə foto-faksimilə, digər vərəqdə transfoneliterasiya verilmişdir. Mətinin oxunuşları arasında qismən fərq vardır (1; 2).

 

 

 

 

 

Əlyazmaya gəlincə, bu əlyazma İranın Türkmən Səhra bölgəsində yaşayan və zəngin əlyazmalar kitabxanası olan Vəli Məhəmməd Xocaya aiddir. Yusuf Azmunun iddialarına görə əlyazmanın PDF versiyası ilk dəfə olaraq ona göndərilmişdir. Bu iddianı Metin Ekici təkzib etmir. Əlyazmanın taleyi haqqında "Dede Korkut`un üçüncü elyazması. Soylamalar ve iki yeni boy ile Türkmen Sahra nüshası” kitabında Timur Kocaoğlunun "Ön Söz”ünü oxuyaraq aydın məlumat almaq mümkündür (1, s. 6-7). Fikrimizcə əlyazmanın ilk kimdə olması fikri bu qədər əhəmiyyət kəsb etməməlidir. Çünki, araşdırmanı dəyərli edən onun ilk dəfə və ya sonradan tədqiqata cəlb edilməsi deyil, onun elmi zənginliyi və obyektivliyidir. Yeni tapılan 61 səhifəlik "Kitabi Dədəm Qorqud”un üçüncü Türkmən Səhra nüsxəsinə 13-cu və 14-cü boylar daxildir. Bundan başqa əlyazmada 20 yeni soylama (nəzm parçası) mövcuddur. Əlyazmanın vərəqində 14 sətir mövcuddur. Əlyazma nəstəliq xətti ilə yazılmışdır. Qara və qırmızı mürəkkəbdən istifadə olunan əlyazmada nömrələmə mövcud deyil, əlyazma ənənələrinə uyğun olaraq hər səhifənin sonunda növbəti səhifənin ilk sözü yazılmışdır. Xatırladım ki, rəddadə həm Drezden, həm də Vatikan əlyazmasında mövcuddur. Boylardan biri "Salur Qazanın Araz suyu ilə Qars qalasını aldığı boy”, digəri isə "Salur Qazanın Yeddi başlı Əjdahanı öldürdüyü boy” adlanır. (1; 2)

 

 

 

 

Türkmən Səhra nüsxəsinin yaşı

 

 

 

 

Əlyazmanın yaşı ilə bağlı da fərqli fikirlər mövcuddur. Yusuf Azmun əlyazmanın üzərindəki 1353 yazısına diqqət çəkərək vurğulayır ki, bu yazı sonradan da əlavə oluna bilər Çünki rəqəm əlyazmaya sonradan və fərqli bir mürəkkəblə əlavə olunub. Araşdırmaçı ardınca onu da qeyd etmişdir ki, əlyazmada yarı pozulmuş halda 944 (M. 1537) rəqəmi də mövcuddur. Y. Azmun haqlı olaraq əsərdə ÇİM (ج) və PE (پ) hərflərinin istifadə olunması, XIX əsrdən etibarən əlifbaya daxil edilən GAF (گ) hərfinin isə əlyazmada olmamasını əsas gətirərək, nüsxəni XVII əsrə aid edir (1, s. 12). Bundan başqa onu da vurğulamaq lazımdır ki, nəstəliq xəttinin ən geniş yayıldığı dövr təxminən XIV əsrdən XVII əsrə qədərki bir müddətdir. XIX əsrdə daha çox şikəstə, reyhani və s. kimi xətlər dəbdə idi. Bundan başqa əsərdə Qızılbaş ideologiyasına işarə edən çoxlu sayda məqamlar mövcuddur ki, bu da əlyazmanın XVI əsrdə yaranma ehtimalını söyləməyə imkan verir. Çünki, XVII əsrdə Qızılbaş təsirləri XVI əsirdəki kimi deyildi. Onu da vurğulamaq lazımdır ki, bu abidə Drezden və Vatikan nüsxələrindən sonra qələmə alınmışdır. Ümumiyyətlə, bu nüsxələrin hansının qədim olması haqqında da Türkologiyada ziddiyyətli fikirlər mövcuddur.

 

"Kitabi Dədəm Qorqud”un yaşını müəyyən etdikdə bir neçə məqama diqqət yetirmək lazımdır. Abidədə bəhs olunan Oğuzların yaşadığı dövr ilə, hadisələrin yazıya alınması və sonradan onların vahid bir kitab halına salınması müxtəlif zamanlarda baş verdiyindən, abidənin yaşının qiymətləndirilməsi zamanı həssas davranmaq tələb olunur. "Kitabi Dədəm Qorqud”un boylarında tarix öncəsinə dair izlər də mövcuddur, XII əsrə aid izlər də. Bu, abidənin yaşının həmin dövrə aid olduğunu göstərən əsas amil deyil. Boyların yazıya alınması da abidənin yaşının müəyyən edilməsi üçün yetərli deyil. Çünki boyların hər biri ayrılıqda bir ozan tərəfindən qeydə və yaxud yazıya alınmış, sonradan bu hissələr toplanaraq bir kitab halına salınmışdır. Məhz ona görə də bu abidənin konkret bir müəllifi yoxdur, mövcud əlyazmalarda isə redaktorun adının yazılmasını lazım bilməmişlər. Son tapılan Türküstan Səhra nüsxəsində sadəcə iki boyun mövcud olması bu fikri bir daha təsdiqləyir. Abidənin yaşı əsasən bu boyların bir yerə toplanılıb və kitab halına salındığı zamandır. Eyni zamanda bu da düşündürücü faktdır ki, kitab nə zaman tam olaraq hazır oldu, boyları toplandı və cild halına salındı. Kitabın Drezden nüsxəsi haqqında ilk fikir söyləyənlər W. Barthold (O, almanşünas olsa da şərqşünaslığın bütün sahələri üzrə tədqiqatları mövcuddur – B.Q,) və onun tələbəsi Y. Yakubovski olmuşlar. O, kitabın Osmanlı dövlətinin yaranmasından öncəki bir tarixdə kitab halına salındığını söyləməkdədir. Məlumdur ki, Osmanlı dövlətinin Kiçik Asiyada tam bərqərar olması Sultan I Bəyazid zamanında (1389 — 1402) baş vermişdir. Ona görə də kitabımızın bu nüsxəsinin "Müqəddimə” bölməsində Osmanlıların hakimiyyətə gəlməsinə işarə vardır (7, s. 83). M. Ergin və S. Əliyarlı isə haqlı olaraq "D” nüsxəsini aydın hərəkəsiz, Vatikan nüsxəsi qədər səliqəli olmayan və bizə məlum olan ilkin nüsxə hesab etmişlər. M. Erginin fikrincə, "D” əlyazması "V” əlyazmasından öncə yazılmışdır. Çünki, "D” nüsxəsindəki bir neçə söz səhvi eyniliklə "V” nüsxəsində də təkrar olunub (8, s. 68-69 ). Səhra Türkmən əlyazması isə Drezden və Vatikan əlyazmalarından sonra qələmə alınmışdır. Bundan başqa üçüncü əlyazmada "Bayandur xan” yerinə "Bayandur padşah” ifadəsi işlədilmişdir. Heç şübhəsiz ki, padşah titulu XIX əsrdə geniş formada istifadə olunmurdu. Xan titulu isə daha çox təqribən XII-XV əsrlərdə istifadə olunmuşdur. Bu məqamlara diqqət yetirərək, Türküstan Səhra əlyazmasındakı Qızılbaş ideologiyalarının qabarıq təsvirini də göz önündə saxlayaraq əlyazmanın XVI əsrə aid olduğu ehtimalının həqiqətə daha yaxın ola biləcəyini söyləmək mümkündür.

 

 

 

 

Türkmən Səhra nüsxəsinin adı

 

 

 

 

Səhra Türkmən əlyazmasının xüsusi bir adı yoxdur, lakin əlyazmaya sonradan "Cildi-düyyümi (devvom)-kitabi-Türkmən” cümləsinin əlavə edildiyini müşahidə etmək olar. Ehtimal ki, Türküstan səhra nüsxəsi tam deyildir və bu hissə ümumi əlyazmanın bir hissəsidir. Çünki tam olsaydı, onda adı ilə bərabər digər analoji boylar da daxil edilmiş olardı. Əlyazmanın dili haqqında məlumat verən M. Əkici vurğulayır ki, əlyazmanın dili Türkiyə türkcəsi və Azərbaycan türkcəsinə yaxındır və Qıpçaq türkcəsi özəllikləri var (2, s. 11). Lakin boylara nəzər yetirdikdə əlyazmanın tamamilə Azərbaycan türkcəsində yazıldığını müşahidə edirik. Bu fikrimizi Yusuf Azmun da konkret faktlar gətirərək təsdiqləyir (1. 13-16). Abidənin adından söz etmişkən təəssüf doğurucu bir məqama da diqqət çəkmək istərdim.

 

Filoloqların demək olar ki, hamısı və tarixçilərin bir çoxu abidənin adını "Kitabi Dədə Qorqud” və ya elə sadəcə "Dədə Qorqud” formasında, bir qisim türkoloqlar və tarixçilər isə "Kitabi Dədəm Qorqud” formasında təqdim ediblər. Hətta abidə ilə bağlı ensiklopediya da "Dədə Qorqud Ensiklopediyası” adlandırılmışdır (9). Kitabımızın üçüncü əlyazmasına həsr olunmuş hər iki kitabda da "Dədə Qorqud” kimi verilib. Halbuki, Türkmən Səhra nüsxəsi əlyazmasının sonundakı sətirlərdə "Dədəm” ifadəsi işlədilmişdir. Elmi araşdırmalarda və elmi əsərlərdə hər hansı bir epiqrafik və ya tarixi əsərin adının təhrif olunması yolverilməzdir. İlk öncə ""Kitabi Dədəm Qorqud”un ən iri həcmli variantı və ən qədim nüsxəsi hesab olunan "D” nüsxəsinin titul vərəqinə nəzər salaq.

 

KDQ-nin Drezden nüsxəsində abidənin orijinal adı "Dədəm” sözü ilə işlədilib. Bu sözün sonunda işlədilən "–m” hissəciyi sonu saitlə bitən sözlərə qoşulan I şəxs mənsubiyyət şəkilçisidir. "Dədə” sözünün mənsubiyyətə görə dəyişmiş hallarına nəzər salaq: dədəm, dədən, dədəsi, dədəmiz, dədəniz, dədələri. Demək ki, "MIM” (م) hərfi sadəcə bəzək olsun deyə və ya başqa bir məqsədlə dastanın üz qabığına əlavə olunmayıb. Buradan normal olaraq belə bir sual ortaya çıxır. Niyə görə abidənin orijinal adı "Kitabi Dədəm Qorqud” ola-ola çox zaman "Dədə Qorqud” kimi işlədilib? Bunun həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Bilindiyi kimi, 70 ildən çox Azərbaycan SSRİ-nin tərkibində olmuşdur. Bu zaman bir çox şeylər yasaqlanmışdı. "Kitabi Dədəm Qorqud” abidəsi da yasaqlanmış kitablar sırasında idi. SSRİ zamanında Azərbaycan xalqının maddı və mənəvi mədəniyyəti, tarixi ilə bərabər xalqın kimliyi də yasaqlanmışdı. Əgər Sovet alimləri "Dədəm” sözünü işlətmiş olsaydılar onda dolaysı yolla türklüyü qəbul etmiş və Türk olduqlarını təsdiq etmiş olardılar. Hətta bu məsələni "həll” etmək üçün bir sıra alimlərimiz müxtəlif araşdırmalar aparmışlar. Görkəmli alimimiz Xalıq Koroğlu özünün "Oğuz qəhrəmanlıq eposu haqqında yeni biliklər” adlı məqaləsində kitabın tarixini onun adındakı hərflərin əbcəd hesabı ilə hesablamaqla müəyyən etməyə cəhd etmişdir. O belə izah etmişdir ki, "MIM” (م) hərfi əsərin yazılma tarixi dəqiq olsun deyə bura əlavə olunub (10). Bu həqiqətən dərininə bir araşdırmadır, lakin dəqiq deyildir. Çünki dastanda "Qorqud” sözü həm قورقوت kimi, həm də قورقود kimi işlədilmişdir. Sadəcə "MIM” (م) hərfinin olmaması əsərin tarixindən 40 il ala bilər. Amma bu söz Te (ت) ilə verilsə 400 il, Dal (د) ilə verilsə 4 il edir. Demək ki, Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə” əsərində olduğu kimi əsərin yaşının əbcəd üsulu ilə hesablanması mümkün deyil və bu cür araşdırmanı dəqiq hesab etmək olmaz. Bu fikri ustadım Prof. Dr. Süleyman Əliyarlıdan eşitmişdim. İndi nə qədər haqlı olduğunu bir daha görmüş oluram.

 

Həm Türkiyədə, həm də Azərbaycanda əsərin adının çox zaman "dədə” kimi işlədilməsinin obyektiv səbəbləri də var. Məlumdur ki, Heinrich Friedrich von Diez Drezden nüsxəsinin surətini öz əlləri ilə çıxararaq Berlin Kayzer kitabxanasına hədiyyə etmişdir. Bu zaman o, bilinməyən bir səbəbdən kitabın adındakı "MIM” (م) hərfini, söz sonunda işlənərkən "ə” səsini ifadə edən He (ه) hərfi ilə əvəz etmişdir (11, s. 127). Türkiyə, Rusiya və Azərbaycan alimlərinin bir çoxu da məhz bu, yəni, Berlin kitabxanasındakı nüsxədən istifadə etmişlər. Hətta Kilisli Rıfat tərəfindən kitabımızın ilk çapı da "MIM” hərfi unudularaq nəşr olunmuşdur və dolayısı yolla 30-cu illərə qədər əsər sadəcə "Dədə” formasında işlədilmişdir. Ona görə də əsərin orijinal adı əvəzinə "Kitabi Dədə Qorqud” adı daha geniş yayılmışdır. İlk baxışdan cüzi bir problem kimi görsənsə də əsərin orijinal adını söyləmək və araşdırmalarımıza olduğu kimi daxil etmək hər bir tarixçi, filoloq və türkoloq alimin borcudur. Adətən əsərin adı, ən qədim nüsxənin adı əsas götürülərək adlandırılır. Demək ki, əsərin adı Drezden nüsxəsinə uyğun formada qəbul edilməlidir.

 

 

 

 

Yeni əlyazmamı yoxsa Oğuznaməmi?

 

 

 

 

Digər bir məqam isə ondan ibarətdir ki, istər XIX əsrə aid olsun, istər XVI əsrə aid olsun bu, "Kitabi Dədəm Qorqud”un üçüncü əlyazmasıdır. Bu hər hansı bir müstəqil Oğuznamə deyil. Çünki bu əlyazmanı bizə məlum olan əlyazmalarla bağlayan bir çox fakt mövcuddur. Birincisi, "Oğuznamə”lərdə adətən Peyğəmbərlər sadalanır, Nuh Peyğəmbərin, onun oğlu Yafəsin, onun oğlanlarının adı çəkilir. Oğuz xan və onun gördüyü işlər, eləcə də fəthləri haqqında məlumat verilir. Bundan başqa bəzilərində Oğuz tayfalarının təsnifatı göstərilir. Bu məqamlar "Kitabi Dədəm Qorqud”a xas olan xüsusiyyət deyil. Bunun üçün iki fərqli "Oğuznamə”yə nəzər saldıq və eyni mənzərə ilə qarşılaşdıq (12; 13). Bundan başqa "Qalın Oğuz” ifadəsinə ən çox "Kitabi Dədəm Qorqud” abidəsində rast gəlirik: "Qazan Oğuz bəglərinə cırğab-cırğab çadır, otaq bağışladı” (D-123/6-7) və ya "Ağ-boz atlar binübən yortaşdılar, Qalın Oğuz ellərinə xəbər gəldi” (D-234/5-6). Bu kimi faktların sayı həddindən artıq çoxdur. Bundan başqa "Doqquz tümən Gürcüstan” ifadəsi də "Kitabi Dədəm Qorqud” da işlənməkdədir. "Doqquz tümən Gürcüstanın xəracı gəldi. Bir at, bir qılınc gətirdilər” (D-235/9-10)). "Qalın Oğuz” və "Doqquz tümən Gürcüstan” ifadələri eyniliklə Türkmən Səhra nüsxəsində də işlənməkdədir. "Doqquz tümən Gürcüstana ürkü alan, uladuğca amusı Qazan, atası Qara Güməyə ümid olan, böyüldüqca düşmənin ödün yaran, qarıdıqca qarına qan qusduran, Qalın Oğuzun yügrüyi,.” (T-3/13-4/1). "Kitabi Dədəm Qorqud” abidəsinin Drezden və Vatikan əlyazmalarında olduğu kimi Türkmən Səhra nüsxəsində də "İç Oğuz” və "Dış Oğuz” ifadələrinə də rast gəlinir (T-51/3). Bu ifadələrə demək olar ki, "Oğuznamə”lərdə rast gəlmək olmur. Daha öncə deyildiyi kimi Drezden əlyazmasının 11-ci boyunda Qazanın yeddi başlı əjdahanı öldürməsi haqqında məlumatlar var idi. Həmçinin, Drezden və Vatikan nüsxələrində tətbiq olunan əlyazma üsulları Türkmən Səhra nüsxəsində də tətbiq olunmuşdur. Buna misal olaraq sətirlər arası məsafənin səliqəliliyinə diqqət yetirilməsi, səhifələnmədə sözlərdən istifadə və s. bu kimi məqamları göstərmək mümkündür. Abidənin öncəki iki nüsxəsində olduğu kimi, bu nüsxədə də Allah və onun Peyğəmbəri haqqında təriflər ilə bərabər Qazan xanın içki içməsi səhnəsinə də rast gəlirik. Onu da vurğulamaq istərdik ki, heç bir "Oğuznamə”də Boy sonunda Dədəm Qorqud gəlib soy soylamır. Halbuki həm Vatikan, həm də Drezden əlyazmalarının bütün boylarının sonunda "Dədəm Qorqud gəldi, söz söylədi, boy boyladı” və buna bənzər ifadələr işlənməkdədir. Heç şübhəsiz ki, bu ifadənin eynisi "Salur Qazanın yeddi başlı əjdahanı öldürdüyü boyu”nun sonunda da mövcuddur. Boyda göstərilir ki, Qazan xan yeddi gün, yeddi gecə Bayandur Padşahı qonaq edir və şənlik tərtib edir. Bu zaman "Dədəm Qorqud der: "Qazan kimi cəsur igid gəldi keçdi”” (T-61/4-5). Bütün bu faktlar göstərməkdədir ki, Türkmən Səhra nüsxəsi "Kitabi Dədəm Qorqud”un üçüncü əlyazmasıdır. Lakin əlyazma tam olaraq gəlib əlimizə çatmamışdır.

 

Qeyd: Müəllif hüquqları qorunur. Məqaləyə istinad vacibdir. Fikriniz, iradınız və təklifiniz olarsa yaza bilərsiniz: bayramqulusoy@yahoo.com

 

 

 

 

 

Mənbə və ədəbiyyatlar

 

 

 

1. Dede Korkut`un üçüncü elyazması. Soylamalar ve iki yeni boy ile Türkmen Sahra nüshası. Metin, çeviri, sözlük ve tıpkıbasım Yusuf Azmun. İstanbul, 2019

 

2. Dede Korkut Kitabı. Türküstan/Türkmen Sahra nüshası. Salur Kazan`ın yedi başlı ejderhayı öldürmesi. İstanbul, 2019

 

3. Kitabi Dədə Qorqud: Əsil və sadələşdirilmiş mətnlər. Bakı: "Öndər nəşriyyatı”, 2004

 

4. Dədə Qorqud Kitabı (Vatikan nüsxəsi). Bakı: Xan nəşriyyatı, 2018

 

5. Əliyarlı S. S. Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı: " Mütərcim ”, 2012

 

6. Shahgoli N. K., Yaghoobi V., Aghatabai S. Dede Korkut Kitabı’nın Günbet Yazması: İnceleme, Metin, Dizin ve Tıpkıbasım // Modern Türklük Araştırmaları Dergisi Cilt 16. Sayı 2. Haziran 2019, s. 147-379

 

7. Barthold V. V. Orta Asiya Türk tarihi hakda dersler. Hazr. İsmayil Aka. Ankara, TTK, 2006

 

8. Ergin M. Dede Korkut kitabı. 2. Baskı. Ankara: TTK, 1989

 

9. KDQ ensiklopediyası: 2 cilddə, I cild, Bakı: Yeni nəşrlər evi, 2000

 

10. Êîðîãëû Õ. Ã. Íîâûå äàííûå îá îãóçñêîì ãåðîè÷åñêîì ýïîñå / Íàðîäû Àçèÿ è Àôðèêè. Ìîñêâà: 1986, ¹6, ñ. 87 – 89

 

11. " Kitabi-dədəm Qorqud ” aşiqi / Tərtibçilər: Prof. Dr. S. S. Əliyarlı, Dr. H. A. Schmiede. Bakı: Xəzər universiteti nəşriyyatı, 2002

 

12. Oğuz destanı. Reşideddin oğuznamesi, tercüme ve tahlili Z. V. Togan 2. Baskı. İstanbul: Enderun yayımları, 1982

 

13. Oğuzname. Kazan nüshası. Hazr. Prof. Dr. Necati Demir ve Dr. Özkan Aydoğlu. İstanbul, 2015

                  

 

 BAYRAM QULİYEV,

Tarix üzrə fəlsəfə doktoru,

AMEA-nın Elm Tarixi İnstitutu

 

 

           Ədalət.-2019.-16 iyul.-S.6.