Özündən qaçış

 

“Bir nəfər qədim yunan filosofu Falesdən soruşdu:

- Hamı üçün ümumi olan nədir?

- Ümid.

- Bəs ən çətin şey nədir?

- Öz-özünü dərk etmək...”

Növbəti essemin adını ağ vərəq üzərinə yazıb kənara çəkilirəm... Eləcə hardan başlayacağımı düşünə-düşünə gecəni yarıdan keçirirəm. Sonra da “ta yox, bu gecədən keçdi... get yat...” deyən daxili səsə tərəf dönürəm:

- Düz deyirsən, özündən qaçmağın bir yolu da elə məhz yuxu deyilmi.!?

Yatmaq və xoşuna gəlməyən, səni incidən nə və bəlkə də kim varsa, müvəqqəti də olsa unutmaq..! Tərslikdən belə vaxtlarda yuxu da ərşə çəkilir. Beynimdə aləm bir-birinə dəyib, bütün sistem həmin o qaçışı planlamaqla məşğuldu, amma hara, necə? Axı onsuz da bütün gedişlər dönüşə hesablanıb, onda əgər elədirsə, gərək getməyinə dəyə!.. Yadıma bir bayatı düşür:

 

Əzizim su dayandı,

Sal getdi, su dayandı.

Eşq dərdinə su tökdüm,

Alışdı su da yandı...

 

Bax bu da özündən qaçmağın eşq forması...

Sabah şənbə günüdü, yığışıb bir sakit yerə getsəm, dünya dağılmaz ki... Təklifim qəbul olunur...

Səhər obaşdan hazırlaşıb respublikamızın cənub istiqamətinə yola başlayırıq. Bəlli məsafədən sonra rahat yola çıxırıq, hərəkət istiqaməti birtərəfli olan bu təzə salınmış asfalt yol birbaş cənub rayonlarına aparır, olduqca rahat və komfortludur, sürət də saatda 120 km. Bir anlıq qəlbimdə qürürla  “Yaşa, var ol, Azərbaycan...” kəlmələri işıqlanır. Mənzil başına rahat çatırıq, Masallı ərazisində gecələmək üçün yolboyu adama gəl-gəl deyən “Ailəvi istirahət mərkəz”lərindən birinin reklam lövhəsinin göstərdiyi tərəfə dönüb meşənin içinə qədər irəliləyirik. Burda “domik” deyilən taxta evlər tikilmiş və qonaqların istirahəti üçün şərait yaradılmışdır. Ətrafdan arası kəsilmədən bir “musiqi” eşidilir, susmaq bilmir, lap adamın beyninə işləyən bu səsin sahibləri sən demə, cırcıramalar imiş! Meşəni başına alan xoşbəxt həşaratlar gecə-gündüz bilmədən oxuyurlar! Yadıma “Cırcırama və Qarışqa” nağılı düşür. “Hə, hələ yaydı, kef edin, qışda yem olmayanda gedib Qarışqaya yalvaracaqsız” - deyə ürəyimdə onlarla bir zarafat da edirəm. Yol qırağı yerləşdiyindən keçən maşınların səsi məni özümdən qaçdığım bu yerdə özümə qaytarır, başqa əlac yoxdu, yenə qələm-kağızda gəzirəm dincliyimi. Bu sətirləri də Talış meşələrinin dərinliyində, Talış dağları ilə üzbəüz əyləşib yazıram.

Bəs özündən qaçış nədir, nədən qidalanır, insan hansı hallarda ona ehtiyac duyur? Həddən artıq psixoloji yüklənmə, müxtəlif növ sinir sarsıntıları, düşdüyü və kritik hesab etdiyi vəziyyətdən çıxış yolunun olmaması fikri, bədbinlik, xəstəlik və bu zaman kiməsə yük olma düşüncəsi və s. Adam yaşadığı ərazidən başqa yerə gedəndə bir az qərib olur sanki, onda dostlara ehtiyacı daha da artır. Bayaqdan bu zonada olduğumu bilən yerli tanış, doğma insanlar axtarır bizi. Fikrimdən Əli Tudənin “Dost əllərdən yapışmasa neylər əlimiz...” misrası keçir. İnsan həyatında elə anlar olur ki, sanki əli-qolu bağlı, uçurum qarşısında tək qalmış kimi hiss edir özünü. Bu zaman öz-özü ilə, səhvləri, günahları ilə üzbəüz qalır həm də. Darıxır, sıxılır, vəziyyətdən çıxış yolları arayır. Bu zaman yaranır özündən uzaqlaşmaq, qaçmaq istəyi. Olub-olacaqları qəbullanmaq üçün insanın yaş faktoru, yaşam tərzi, içindəki azadlıq duyğusu, keçdiyi həyat yolu və qazandığı təcribə yetəri qədər əhəmiyyətlidir. İnsan içində bu və ya digər səbəbdən yaranan boşluqdan can qurtarmaq üçün qaçmağa qərarlıdır və elə qaçır da! İnsan bu zaman qorxur, özünü itirməkdən qorxur... Amma kim ki, özüdür, onlar qorxmur. Qaçır, kimi musiqi dinləməyi, kimi səfərə çıxmağı, kimi də heç vaxt qapısını açmadığı dost-tanışını seçir. İnsan nə qədər yetkin və təcrübəlidirsə, aldığı yaraların ağrıları nisbətən az olur, vay o günə ki, gənc və təcrübəsiz ola, onda yaralar daha dərin, ağrıları isə dözülməz olur. Bir filosof əminliklə söyləyir ki, siz yaralarınızdan qorxmayın, gün işığı məhz həmin yaralardan süzülür ruhunuza. Məncə də!..

 

Hər yarpaq bir can kirəsi,

Axdı, qurudu şirəsi.

Fırlanır bu Yer kürəsi

Bir payızın başına!.. (Ş.Ş)

 

... Masallıdan Yardımlıya yetənədək yolun sağ və solu ailəvi istirahət mərkəzlərinin müxtəlif səviyyəli reklamları ilə süslənib, axtardığım “Yanardağ” istirahət və müalicə mərkəzinin reklam lövhəsi isə solğun və köhnə olduğundan yanından bir neçə dəfə o baş-bu başa keçib getsək də görməmişdik. Nəhayət tapdıq (Amma bu ara çaşıb mühafizə kəməri bağlamadığımızdan yol polisinin də nəzərindən qaçmadıq...).

Bu, əsl möcüzədir! Kənarları daşla hörülmüş, mənbəyini isə dağların ta başından alan bulaq 70-80 dərəcədə yerin təkindən qaynayaraq çıxır, artığı da axaraq yan tərəfdən gedən çaya tökülür. Burdaca tikilib əhalinin istifadəsinə verilmiş ”İstisu” müalicəvi mərkəzinin işçisi yaxınlaşıb əlavə məlumatlar verir. Suyu min dərdə əlac olan bulaq suyunun tərkibi alimlər tərəfindən öyrənilmiş, bir çox kimyəvi elementlərlə, o cümlədən, kükürdlə zəngindir, bunu daşların üstündəki çöküntü və onun xüsusi iyi də təsdiq edir. Eyni zamanda, suya qaz da qarışdığından od vuranda yanır. Elə bulağın adı da burdan alınıb. Mərkəzdə dəri, sümük-oynaq-əzələ, sonsuzluq və s. xəstəliklər uğurla müalicə olunur!

Axşamüstü isə yolumuzü Yardımlı ərazisindəki “Təkdam şəlaləsi”ndən salırıq. Təbii bulaq suyu dağların arasından süzülərək burda böyük və kiçik deyilən iki şəlalə əmələ gətirir. Suyu da ki, tərtəmiz, buz kimi sərin. Deyəsən, özündən qaçmağıma dəyərmiş. Bu zaman Oşo yadıma düşür:

- “Əgər Himalay dağlarına gedib tənha qalırsınızsa, bir musiqi notu kimisiniz, əgər böyük dünyada yaşayıb kiməsə bağlısınızsa, onda da musiqinin bir notu kimisiniz.Əgər siz dünyada və ondan kənardasınızsa və əgər siz Himalayı ürəyinizdə daşıyırsınızsa, siz not yox, harmoniyasınız... Həyat daha mürəkkəb olanda daha yüksək harmoniya yaranır!..”

Bəli, mən artıq harmoniya olmağa yaxın yerdəyəm! Axşam yeməyini də elə burdaca edib geri - bir gecəlik evciyimizə dönürük... Səhər yeni yol başlayacağam, ta üzü İranla sərhəddə dəyənədək bu yerləri gəzmək keçir könlümdən.

P.S. Özündən qaçmağın ən təhlükəli isə yolu intihardı. Demişdim axı, bütün yolların dönüşü var,elə intiharın da. Amma bir başqa şəkildə! Elə yol seçək ki, özümüzə qayıtmağa yolumuz qalsın. Özü də sağ-salamat, arınmış, yetkin və güclü qayıtmağa! İstəsən neçə səbəb

 

Tapılar ayrılığa.

Hər an açıla bilər

Qapılar ayrılığa.

 

Bax mən elə bu səhər

Ayrılıqdan gəlmişəm.

Bəlkə elə sən özün

Ayrılıqdan ölmüsən...

 

Sözün ən şirini də

Acısı da ayrılıq.

Yolların uzağı da

Yaxını da ayrılıq.

 

Tutar gur yağış kimi

Ömrümüzü bir anda.

Çırpılar qırma-qırma

Üzümüzə dumanda.

 

Yığışıb köç edərik

Bir həzin ayrılığa.

Bir üzüm sevgiyədi,

Bir üzüm ayrılığa!.. (Ş.Ş)

 

 

Şahnaz Şahin,

Yazar

 

Ədalət.-2019.- 18 iyul.- S.8.