“Kitabi Dədəm Qorqud”un üçüncü əlyazması tapıldı

 

O, kitabın Osmanlı dövlətinin yaranmasından öncəki bir tarixdə kitab halına salındığını söyləməkdədir. Məlumdur ki, Osmanlı dövlətinin Kiçik Asiyada tam bərqərar olması Sultan I Bəyazid zamanında (1389-1402) baş vermişdir. Ona görə də kitabımızın bu nüsxəsinin “Müqəddimə” bölməsində Osmanlıların hakimiyyətə gəlməsinə işarə vardır (7, s. 83). M. Ergin və S. Əliyarlı isə haqlı olaraq “D” nüsxəsini aydın hərəkətsiz, Vatikan nüsxəsi qədər səliqəli olmayan və bizə məlum ilkin nüsxə hesab etmişlər. M. Erginin fikrincə, “D” əlyazması “V” əlyazmasından öncə yazılmışdır. Cünki, “D” nüsxəsindəki bir neçə söz səhvi eyniliklə “V” nüsxəsində də təkrar olunub (8, s. 68-69). Səhra Türkmən əlyazması isə Drezden və Vatikan əlyazmalarından sonra qələmə alınmışdır. Bundan başqa üçüncü əlyazmada “Bayandur xan” yerinə “Bayandur padşah” ifadəsi işlədilmişdir. Heç şübhəsiz ki, padşah titulu XIX əsrdə geniş formada istifadə olunmurdu. Xan titulu isə daha çox təqribən XII-XV əsrlərdə istifadə olunmuşdur. Bu məqamlara diqqət yetirərək, Türküstan Səhra əlyazmasındakı Qızılbaş ideologiyalarının qabarıq təsvirini də göz önündə saxlayaraq əlyazmanın XVI əsrə aid olduğu ehtimalının həqiqətə daha yaxın ola biləcəyini söyləmək mümkündür.

 

Türkmən Səhra nüsxəsinin adı

 

Səhra Türkmən əlyazmasının xüsusi bir adı yoxdur, lakin əlyazmaya sonradan "Cildi-düyyümi (devvom)-kitabi-Türkmən” cümləsinin əlavə edildiyini müşahidə etmək olar. Ehtimal ki, Türküstan səhra nüsxəsi tam deyildir və bu hissə ümumi əlyazmanın bir hissəsidir. Çünki tam olsaydı, onda adı ilə bərabər digər analoji boylar da daxil edilmiş olardı. Əlyazmanın dili haqqında məlumat verən M. Əkici vurğulayır ki, əlyazmanın dili Türkiyə türkcəsi və Azərbaycan türkcəsinə yaxındır və Qıpçaq türkcəsi özəllikləri var (2, s. 11). Lakin boylara nəzər yetirdikdə əlyazmanın tamamilə Azərbaycan türkcəsində yazıldığını müşahidə edirik. Bu fikrimizi Yusuf Azmun da konkret faktlar gətirərək təsdiqləyir (1. 13-16). Abidənin adından söz etmişkən təəssüf doğurucu bir məqama da diqqət çəkmək istərdim.

Filoloqların demək olar ki, hamısı və tarixçilərin bir çoxu abidənin adını "Kitabi Dədə Qorqud” və ya elə sadəcə "Dədə Qorqud” formasında, bir qisim türkoloqlar və tarixçilər isə "Kitabi Dədəm Qorqud” formasında təqdim ediblər. Hətta abidə ilə bağlı ensiklopediya da "Dədə Qorqud Ensiklopediyası” adlandırılmışdır (9). Kitabımızın üçüncü əlyazmasına həsr olunmuş hər iki kitabda da "Dədə Qorqud” kimi verilib. Halbuki, Türkmən Səhra nüsxəsi əlyazmasının sonundakı sətirlərdə "Dədəm” ifadəsi işlədilmişdir. Elmi araşdırmalarda və elmi əsərlərdə hər hansı bir epiqrafik və ya tarixi əsərin adının təhrif olunması yolverilməzdir. İlk öncə ""Kitabi Dədəm Qorqud”un ən iri həcmli variantı və ən qədim nüsxəsi hesab olunan "D” nüsxəsinin titul vərəqinə nəzər salaq.

KDQ-nin Drezden nüsxəsində abidənin orijinal adı "Dədəm” sözü ilə işlədilib. Bu sözün sonunda işlədilən "–m” hissəciyi sonu saitlə bitən sözlərə qoşulan I şəxs mənsubiyyət şəkilçisidir. "Dədə” sözünün mənsubiyyətə görə dəyişmiş hallarına nəzər salaq: dədəm, dədən, dədəsi, dədəmiz, dədəniz, dədələri. Demək ki, "MIM” (م) hərfi sadəcə bəzək olsun deyə və ya başqa bir məqsədlə dastanın üz qabığına əlavə olunmayıb. Buradan normal olaraq belə bir sual ortaya çıxır. Niyə görə abidənin orijinal adı "Kitabi Dədəm Qorqud” ola-ola çox zaman "Dədə Qorqud” kimi işlədilib? Bunun həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Bilindiyi kimi, 70 ildən çox Azərbaycan SSRİ-nin tərkibində olmuşdur. Bu zaman bir çox şeylər yasaqlanmışdı. "Kitabi Dədəm Qorqud” abidəsi da yasaqlanmış kitablar sırasında idi. SSRİ zamanında Azərbaycan xalqının maddı və mənəvi mədəniyyəti, tarixi ilə bərabər xalqın kimliyi də yasaqlanmışdı. Əgər Sovet alimləri "Dədəm” sözünü işlətmiş olsaydılar onda dolaysı yolla türklüyü qəbul etmiş və Türk olduqlarını təsdiq etmiş olardılar. Hətta bu məsələni "həll” etmək üçün bir sıra alimlərimiz müxtəlif araşdırmalar aparmışlar. Görkəmli alimimiz Xalıq Koroğlu özünün "Oğuz qəhrəmanlıq eposu haqqında yeni biliklər” adlı məqaləsində kitabın tarixini onun adındakı hərflərin əbcəd hesabı ilə hesablamaqla müəyyən etməyə cəhd etmişdir. O belə izah etmişdir ki, "MIM” (م) hərfi əsərin yazılma tarixi dəqiq olsun deyə bura əlavə olunub (10). Bu həqiqətən dərininə bir araşdırmadır, lakin dəqiq deyildir. Çünki dastanda "Qorqud” sözü həm قورقوت kimi, həm də قورقود kimi işlədilmişdir. Sadəcə "MIM” (م) hərfinin olmaması əsərin tarixindən 40 il ala bilər. Amma bu söz Te (ت) ilə verilsə 400 il, Dal (د) ilə verilsə 4 il edir. Demək ki, Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə” əsərində olduğu kimi əsərin yaşının əbcəd üsulu ilə hesablanması mümkün deyil və bu cür araşdırmanı dəqiq hesab etmək olmaz. Bu fikri ustadım Prof. Dr. Süleyman Əliyarlıdan eşitmişdim. İndi nə qədər haqlı olduğunu bir daha görmüş oluram.

Həm Türkiyədə, həm də Azərbaycanda əsərin adının çox zaman "dədə” kimi işlədilməsinin obyektiv səbəbləri də var. Məlumdur ki, Heinrich Friedrich von Diez Drezden nüsxəsinin surətini öz əlləri ilə çıxararaq Berlin Kayzer kitabxanasına hədiyyə etmişdir. Bu zaman o, bilinməyən bir səbəbdən kitabın adındakı "MIM” (م) hərfini, söz sonunda işlənərkən "ə” səsini ifadə edən He (ه) hərfi ilə əvəz etmişdir (11, s. 127). Türkiyə, Rusiya və Azərbaycan alimlərinin bir çoxu da məhz bu, yəni, Berlin kitabxanasındakı nüsxədən istifadə etmişlər. Hətta Kilisli Rıfat tərəfindən kitabımızın ilk çapı da "MIM” hərfi unudularaq nəşr olunmuşdur və dolayısı yolla 30-cu illərə qədər əsər sadəcə "Dədə” formasında işlədilmişdir. Ona görə də əsərin orijinal adı əvəzinə "Kitabi Dədə Qorqud” adı daha geniş yayılmışdır. İlk baxışdan cüzi bir problem kimi görsənsə də əsərin orijinal adını söyləmək və araşdırmalarımıza olduğu kimi daxil etmək hər bir tarixçi, filoloq və türkoloq alimin borcudur. Adətən əsərin adı, ən qədim nüsxənin adı əsas götürülərək adlandırılır. Demək ki, əsərin adı Drezden nüsxəsinə uyğun formada qəbul edilməlidir.

 

Yeni əlyazmamı yoxsa Oğuznaməmi?

 

Digər bir məqam isə ondan ibarətdir ki, istər XIX əsrə aid olsun, istər XVI əsrə aid olsun bu, "Kitabi Dədəm Qorqud”un üçüncü əlyazmasıdır. Bu hər hansı bir müstəqil Oğuznamə deyil. Çünki bu əlyazmanı bizə məlum olan əlyazmalarla bağlayan bir çox fakt mövcuddur. Birincisi, "Oğuznamə”lərdə adətən Peyğəmbərlər sadalanır, Nuh Peyğəmbərin, onun oğlu Yafəsin, onun oğlanlarının adı çəkilir. Oğuz xan və onun gördüyü işlər, eləcə də fəthləri haqqında məlumat verilir. Bundan başqa bəzilərində Oğuz tayfalarının təsnifatı göstərilir. Bu məqamlar "Kitabi Dədəm Qorqud”a xas olan xüsusiyyət deyil. Bunun üçün iki fərqli "Oğuznamə”yə nəzər saldıq və eyni mənzərə ilə qarşılaşdıq (12; 13). Bundan başqa "Qalın Oğuz” ifadəsinə ən çox "Kitabi Dədəm Qorqud” abidəsində rast gəlirik: "Qazan Oğuz bəglərinə cırğab-cırğab çadır, otaq bağışladı” (D-123/6-7) və ya "Ağ-boz atlar binübən yortaşdılar, Qalın Oğuz ellərinə xəbər gəldi” (D-234/5-6). Bu kimi faktların sayı həddindən artıq çoxdur. Bundan başqa "Doqquz tümən Gürcüstan” ifadəsi də "Kitabi Dədəm Qorqud” da işlənməkdədir. "Doqquz tümən Gürcüstanın xəracı gəldi. Bir at, bir qılınc gətirdilər” (D-235/9-10)). "Qalın Oğuz” və "Doqquz tümən Gürcüstan” ifadələri eyniliklə Türkmən Səhra nüsxəsində də işlənməkdədir. "Doqquz tümən Gürcüstana ürkü alan, uladuğca amusı Qazan, atası Qara Güməyə ümid olan, böyüldüqca düşmənin ödün yaran, qarıdıqca qarına qan qusduran, Qalın Oğuzun yügrüyi,.” (T-3/13-4/1). "Kitabi Dədəm Qorqud” abidəsinin Drezden və Vatikan əlyazmalarında olduğu kimi Türkmən Səhra nüsxəsində də "İç Oğuz” və "Dış Oğuz” ifadələrinə də rast gəlinir (T-51/3). Bu ifadələrə demək olar ki, "Oğuznamə”lərdə rast gəlmək olmur. Daha öncə deyildiyi kimi Drezden əlyazmasının 11-ci boyunda Qazanın yeddi başlı əjdahanı öldürməsi haqqında məlumatlar var idi. Həmçinin, Drezden və Vatikan nüsxələrində tətbiq olunan əlyazma üsulları Türkmən Səhra nüsxəsində də tətbiq olunmuşdur. Buna misal olaraq sətirlər arası məsafənin səliqəliliyinə diqqət yetirilməsi, səhifələnmədə sözlərdən istifadə və s. bu kimi məqamları göstərmək mümkündür. Abidənin öncəki iki nüsxəsində olduğu kimi, bu nüsxədə də Allah və onun Peyğəmbəri haqqında təriflər ilə bərabər Qazan xanın içki içməsi səhnəsinə də rast gəlirik. Onu da vurğulamaq istərdik ki, heç bir "Oğuznamə”də Boy sonunda Dədəm Qorqud gəlib soy soylamır. Halbuki həm Vatikan, həm də Drezden əlyazmalarının bütün boylarının sonunda "Dədəm Qorqud gəldi, söz söylədi, boy boyladı” və buna bənzər ifadələr işlənməkdədir. Heç şübhəsiz ki, bu ifadənin eynisi "Salur Qazanın yeddi başlı əjdahanı öldürdüyü boyu”nun sonunda da mövcuddur. Boyda göstərilir ki, Qazan xan yeddi gün, yeddi gecə Bayandur Padşahı qonaq edir və şənlik tərtib edir. Bu zaman "Dədəm Qorqud der: "Qazan kimi cəsur igid gəldi keçdi”” (T-61/4-5). Bütün bu faktlar göstərməkdədir ki, Türkmən Səhra nüsxəsi "Kitabi Dədəm Qorqud”un üçüncü əlyazmasıdır. Lakin əlyazma tam olaraq gəlib əlimizə çatmamışdır.

Qeyd: Müəllif hüquqları qorunur. Məqaləyə istinad vacibdir. Fikriniz, iradınız və təklifiniz olarsa yaza bilərsiniz: bayramqulusoy@yahoo.com

 

 

Mənbə və ədəbiyyatlar

 

1. Dede Korkut`un üçüncü elyazması. Soylamalar ve iki yeni boy ile Türkmen Sahra nüshası. Metin, çeviri, sözlük ve tıpkıbasım Yusuf Azmun. İstanbul, 2019

2. Dede Korkut Kitabı. Türküstan/Türkmen Sahra nüshası. Salur Kazan`ın yedi başlı ejderhayı öldürmesi. İstanbul, 2019

3. Kitabi Dədə Qorqud: Əsil və sadələşdirilmiş mətnlər. Bakı: "Öndər nəşriyyatı”, 2004

4. Dədə Qorqud Kitabı (Vatikan nüsxəsi). Bakı: Xan nəşriyyatı, 2018

5. Əliyarlı S. S. Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı: " Mütərcim ”, 2012

6. Shahgoli N. K., Yaghoobi V., Aghatabai S. Dede Korkut Kitabı’nın Günbet Yazması: İnceleme, Metin, Dizin ve Tıpkıbasım // Modern Türklük Araştırmaları Dergisi Cilt 16. Sayı 2. Haziran 2019, s. 147-379

7. Barthold V. V. Orta Asiya Türk tarihi hakda dersler. Hazr. İsmayil Aka. Ankara, TTK, 2006

8. Ergin M. Dede Korkut kitabı. 2. Baskı. Ankara: TTK, 1989

9. KDQ ensiklopediyası: 2 cilddə, I cild, Bakı: Yeni nəşrlər evi, 2000

10. Êîðîãëû Õ. Ã. Íîâûå äàííûå îá îãóçñêîì ãåðîè÷åñêîì ýïîñå / Íàðîäû Àçèÿ è Àôðèêè. Ìîñêâà: 1986, ¹6, ñ. 87 – 89

11. " Kitabi-dədəm Qorqud ” aşiqi / Tərtibçilər: Prof. Dr. S. S. Əliyarlı, Dr. H. A. Schmiede. Bakı: Xəzər universiteti nəşriyyatı, 2002

12. Oğuz destanı. Reşideddin oğuznamesi, tercüme ve tahlili Z. V. Togan 2. Baskı. İstanbul: Enderun yayımları, 1982

13. Oğuzname. Kazan nüshası. Hazr. Prof. Dr. Necati Demir ve Dr. Özkan Aydoğlu. İstanbul, 2015

 

 

BAYRAM QULİYEV,

Tarix üzrə fəlsəfə doktoru,

AMEA-nın Elm Tarixi İnstitutu

 

Ədalət.-2019.- 18 iyul.- S.5.