Azərbaycan şeiri - 2018
Şeirmizdə
Qarabağ mövzusu haqqında düşünəndə istər-istəməz
keçən əsrin doxsanıncı illərində qələmə
alınmış və hər misrasından ümid, inam, qələbəyə
çağırış ifadə edən «Ayağa dur, Azərbaycan»,
«Ayağa dur, məmləkətim», «Qalx ayağa məmləkətim»
(Məmməd Araz, Xəlil Rza, Zəlimxan Yaqub) şeirləri
yada düşdü. Xüsusilə, Xalq şairi Qabilin o illərin ən
haraylı, çağırış şeirindəki həqiqəti
xatırladıq.«Ümid sənədir
ancaq..» şeiri göstərdi ki:
Ali
qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək
yanır, göz dolur
Şəhid qəbirlərindən.
Düşünüb-daşınıram
Özlüyümdə
dərindən:
İntiqam
ala bilməz,
Qana qan ola bilməz
Məzarları
bəzəyən
Ehtiram
çiçəkləri…
Ümid sənədir
ancaq,
Azərbaycan
əsgəri!
Qabilin doxsanıncı illərdə səsləndirdiyi
bu çağırış nidasının həqiqət
olduğunu 2016-cı ilin Aprel döyüşləri təsdiq
etmədimi? Nədənsə
şeirimizdə belə nümunələrin sayı getdikcə
azalır, amma Ramiz Duyğunun, Rəşid Faxralının,
Əbülfət Mədətoğlunun, Musa Ələkbərlinin,
Rəfail Tağızadənin, Əli Rza Xələflinin, Adil
Cəmilin, Əli Nəcəfxanlının, Rizvan Nəsiboğlunun
bəzi şeirlərində həmin tendensiyanın davam etməsinə
yalnız sevinmək olar. Xüsusilə, Rəşid
Faxralının Aprel döyüşləri ilə
bağlı şeirlərini təqdir edirik. Bir məqamı
da unutmayaq: Qarabağ problemi təkcə ölkə
prezidentinin apardığı ardıcıl, məqsədyönlü
siyasətlə yaqaşı, həm də hər bir azərbaycanlını
düşündürən bir həyat amalı
olmalıdır. Şair Vahid Əziz də elə bunu deyir:
Gör, nə qədər itirmişik?
O
Qarabağ, bu Qarabağ.
Danışmayaq
düşüyk-düşük,
torpaq
satmağı unudaq.
Sındırmaqda
düşmən bizi,
yetər
boğduq səbrimizi,
qırıb «Tamah dişimizi»,
rüşvət almağı unudaq.
Tanrı
nuru qəlbimizdə,
dəyər verdi sevgimizə,
içimizdə bir-birimizə,
düşmən olmağı unudaq.
Bu
torpaqlar çox ağlayıb,
sinəsində minlərlə dağ.
qanları yadda saxlayıb-
unutqanlığı unudaq!
3.Bəs
şeirimizin lirik qəhrəmanı haqqında nə söyləyə
bilərik? Burada biz V.Q.Belinskinin məşhur tərifini misal gətirəcəyik:
«Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi
onun şəxsiyyətində ifadə olunan poetik
ruhundadır, buna görə də onun əsərlərinin
ruhunun və xarakterinin izahını birinci növbədə
şairin şəxsiyyətində axtarmaq lazımdır.Hər
bir poetik əsər şairin bütün varlığına
hakim kəsilən qüdrətli fikrin məhsuludur». Hər bir şeirin mətnində şairin duyğu
və düşüncələri yaşayır. Vaxtilə,
sovet dönəmində lirik qəhrəman özünü «Mən
və Vətən» «Mən və Dünya», «Mən və
Zaman», «Mən və Həyat», «Mən və Təbiət», «Mən
və Sevgilim» paralelləri ilə ifadə edirdi. Bu paralellərdən çox zaman «sovet adamı»
obrazı reallaşırdı. indi də
bu paralellar davam edir. Amma «sovet adamı»
obrazına daha ehtiyac qalmayıb. Müstəqillik
dövrünün şeirində isə lirik qəhrəmanın
həyat hadisələrinə, dünyaya, zamana, insana,
Tanrıya, ölümə, varlığa-yoxluğa münasibəti
dəyişib. Lirik qəhrəman, yəni
şair fikrən də, ruhən də azaddır. Şairlər bir vaxtlar sanki içərilərinə
çökmüş dumanı ciyərlərindən
çıxarıb azad nəfəs alırlar. Biz bu
sırada Ramiz Qusarçaylının, Əhməd Qəşəmoğlunun,
Əjdər Olun, Ağacəfər Həsənlinin, Barat
Vüsalın, Avdı Qoşqarın, Rəşad Məcidin,
İlham Qəhrəmanın, Elçin İsgəndərzadənin,Yusif
Nəğməkarın, Rafiq Yusifoğlunun, Balayar Sadiqin, Qəşəm
Nəcəfzadənin, Sabir Yusifoğlunun, Xanəli Kərimlinin,
Maşallah Məftunun, Ağamir Cavadın, Zirəddin
Qafarlının, Tahir Talıblının, Orxan Paşanın,
Gülnarə Cəmaləddinin, Adil Cəmilin, Hüseyn
Bağıroğlunun, Faiq Balabəylinin,Tərlan Əbilovun,
Asim Yadigarın, Zakir Məmmədin, Tahir Taisoğlunun, Kəmaləddin
Qədimin, İslam Sadığın, Nazim Əhmədlinin,
İnqilab İsaqın, Bilal Alarlının, Əlisəmid
Kürün,Vəliyulla Novruzun, Əlizadə Nurinin, Dayandur
Sevginin, Sərvaz Hüseynoğlunun şeirlərini xüsusi
qeyd edə bilərik.
Əsasən ədəbiyyatımızın orta nəslini
təmsil edən adlarını çəkdiyim bu şairlər
özünü ifadə baxımından bir-birindən fərqlənə,
seçilə bilirlər. Məsələn, Ağacəfər
Həsənlinin şeirlərində fikir ahəngi ön plana
keçməkdədir, «Günlər ömrün gülləridi,
solur zamanın əlində» deyən Ağacəfər
başqa bir şeirində yazır ki: «Haçandlan eyni havaya
oynayaram, eyni sudan içərəm, eyni yoldan keçərəm,
eyni sünbüldən biçərəm, gözümü
kor edib işıqlar, qulağım dəng olub oxşar
sözlərlən» misralarıyla əslində, XXI əsr
şairinin, daha çox öz ədəbi nəslinin poetik məramını
ifadə edir. Və onun şeirlərində də
yenilik hissi, «eyni havaya oynamamaq», həyata, dünyaya
düşüncə çevrəsindən yanaşmaq prinsipi
üstünlük təşkil edir. «Fikir ahəngi» ifadəsini
işlətdik və Əhməd Qəşəmoğlunun
sonuncu şeirlər kitabına yazdığı ön
sözləri xatırladıq: «Dünya-ahəng dilidir. Ahəng dili Allahın yoludur. Qəlbim
mənə deyir ki, nə qədər ki, insanlar
dünyadakı əməllərini ahanglə kökləməyiblər,
özləri də, ətrafları da, Yer üzü də
qan-qada içində olacaqlar. Dünyanın bir çox
sirlərinin açarı elə həmin ahəng aləmindədir».Əhməd
Qəşəmoğlunun bu «ahəng qanunu» təzə deyil,
amma onun əksər şeirləri bir ahəng üstündə
qurulub: dünyada heç bir zərrə adi deyil, hər
şey, hər nəsnə ahəng içindədir,
İlahinin yaratdığı bu ahəngin Eşq mərtəbəsinə,
ucalığa köklənməsi insanın Sirri-xudaya sonsuz məhəbbətinin
ifadəsidir. «Azərbaycan bayrağı» kimi
çox gözəl bir şeirin müəllifi olan Ramiz
Qusarçaylı bu ədəbi nəslin içərisində
xüsusilə seçilir. Onun nisgilli «Toy»
şeiri sübut edir ki, Ramiz hər hansı bir hadisəsini
poeziya hadisəsinə çevirə bilər.
Nişanlısı Lələdağ döyüşlərində
həlak olan bir qız toy zamanı bu xəbəri eşidir, amma :
O qız
toyda ölənəcən oynadı,
Ayaqları
gülənəcən oynadı,
Toyu toydan silənəcən oynadı.
Gör o
toyda iqarğılı ney neynədi,
Zilində
Yer,
bəmində Göy göynədi,
Xarı
bülbül namus yeri, göynədi,
Cıdır
düzü qisas yeri, göynədi,
Daşaltıda casus yeri göynədi.
Qurd
çölündə çadır yeri oynadı,
Güləbürtdə
abır yeri oynadı,
Gülablıda
qəbir yeri oynadı,
Dözüm yeri, səbir yeri oynadı.
Kim o
qızı saxlayacaq bu axşam,
Kim o toyu
ağlayacaq bu axşam…
Daha bir şairdən söz açaq. İnqilab İsaqın
şeirləri barədə həmkarımız Rüstəm
Kamal acı bir təəssüf hissilə yazır ki: «Ədəbi
tənqidin «əyalət» sindromu nəticəsində dəyərli
bir şairin obrazının yetərincə təqdim
olunmaması təəssüf doğurur» Amma elə Rüstəm
Kamal İnqilab İsaqın kitabına yazdığı
ön sözdə bu sindromu aradan qaldırır və onun
şeirlərini layiq olduğu tərzdə təhlil edir.
Yazır ki: «İnqilab İsaqın poeziyasında bəlağətli
deklarasiyalar və yüksək nidalar səslənmir, sanki
sualtı axın şeirin üstü ilə gedir, sükutu
intonasiyanın axarı üzə çıxarır». Doğrudur. Və biz təfərrüata
varmadan İnqilab İsaqın «Bir uşaq ağlayır»
şeirini misal gətirəcəyik. Bu
şeir bir qaçqın ananın dilindən söylənilir.
Bu şeirdə hüzn və kədər var,
amma ritorikadan uzaq bir kədər. Kədərlənən
təkcə anna deyil, qüssəyə qərq olan həm də
şeirin özüdür, təşbihlər, metaforalar,
xitablar da bu hüznün içindədir.
O uşaq
ağlayır, ovutmayın siz,
İtən yurd yerində yuxusu qalıb.
Yüyürüb
o cıdır, çəmən boyunca,
İçində bönövşə qoxusu qalıb.
O uşaq
aldanmır, vallah, şirəyə
Böyüklər çox zaman aldanan kimi.
O uşaq
ağlayır hey «Şuşam» deyə,
Odlanır dünyaya boylanan kimi.
Tapın
o uşağın oyun yerini,
Bənövşə üzdüyü çəməni
tapın.
Tapın
üç almanı, nağıl yerini,
Tapın,
ay böyüklər, Vətəni tapın!
Kiridin
uşağı, kiridin görək!
Adlarını geniş siyahidə çəkdiyimiz hər
bir şairin yaradıcılığından, xüsusən,
2018-ci ildə yazdıqları şeirlərdən misallar gətirə
bilərik. Şeirimizdə əsl azadlıq ruhu
dolaşmaqdadır və hər bir şair müstəqilliyin
ona bəxş etdiyi bu mənəvi azadlıqdan bəhrələnir.
Amma çox maraqlıdır ki, bu azadlıq şeirdə
çox vaxt lirik qəhrəmanın-şairin mənən
azadlığına dəlalət eləmir. Şeirimizdə
ictimai həyatdan yox, yalnız şəxsi, subyektiv azar-bezardan
doğan dərdlərdən, darıxmaqdan, ölümdən
çox yazırlar. Biri yazır ki: «Mən bədbəxt
adamam, yazıq adamam!», başqa birisi «Mən
çıxıb getməyə bir küçə tapsam»
deyib «kimsənin olmayan uzaqlara» getmək arzusunu ifadə edir,
bir başqası «Ölümüm qədər, kaş deyirəm
gözəlləşəydi həyatım da» deyir və
ölümü həyatdan üstün tutur, yenə bir
başqa gənc şair yazır ki: «Sir-sifətim
qırışmamış, Kimsə gəlib
soruşmamış, Toz-torpağa qarışmamış
Çürüməyi öyrənirəm», yenə bir misal: «Əcəl
son etirafdfr. Hər insanın dilində. Ölüm hədiyyəmizdir, Yaşam müqabilində».
Belə «ölüm şərqilərinin»
sayını artırmaq olar, düşünürük ki, əksəriyyəti
cavan olan, «çiçəyi burnunda olan» bu şairləri əcəl
köhləninə minməyə nə vadar edir? Ədəbiyyatda Ölüm mövzusu əbədi
mövzulardan biridir, istər klassik poeziyada, istərsə də
müasir poeziyada ölümdən çox yazıblar. Amma bu mövzuya fəlsəfi rəng qatıblar.
Müasir poeziyada Vaqif Səmədoğlunun və Ramiz
Rövşənin şeirlərində Ölüm motivinə
daha çox rast gəlirik. Ramiz Rövşən bir müsahibəsində
deyir ki: «Ölüm bütün dinlərin məğzindədir.
Ölüm o qədər təbii, sadə anlayışdı
ki…Platon deyir: hər bir yaradıcılıq öz
gücünü ölümdən alır. Mən
ən çox o vaxt yazıram ki, ölümlə
toqquşuram. Yazmağın özündə
bir ölməməzlik iddiası var. Yazırsan ki, ölməyəsən,
qalasan, ölümdən sonra qalasan. Həyatın
sonu ölümdü, ölümün sonu həyat deyil.
Zen-buddizm fəlsəfəsində deyilir: «Bizim həyatımız
ölümümsüzdə qısa fasilədir». Müasir Azərbaycan şeirində ölüm
haqqında ən çox düşünən şair Vaqif Səmədoğlu
idi, amma onun «ölümlü» şeirlərindən qətiyyən
qəbristanlıq qoxusu gəlmir. Baxın:
«Özümü öldürmək istəmişəm iki dəfə,
amma öldürməmişəm min dəfə». «Ay
yarımçıq, ulduzlar yoz, yaman ölməli gecədir».
«Allah, məni yarı öldür, yarı saxla
ağlamağa», «Özümlə məşğulam,
özümü hər gün yüz yol dirildirəm, yüz
yol asıram», «Sevgilim, mən öləndə, Bir küncdə
xısın-xısın Ağlayacaqsanmı sən? Kimin xarabasında Bir damla yaşa dönüb,
Düşəcəyəm gözündəın? Ağla, qurbanım, ağla, Ağla, heyranım,
ağla».
4. 2018-ci
ilin Azərbaycan şeirində sənətkarlıq məsələləri
ilə bağlı nə demək olar? Əslində,
çox şey. Vəzn məsələsindən
tutmuş şeirimizin bədii təsvir vasitələrinə
qədər, qoşmalı, gəraylılı,
çoxbölgülü heca şeirindən sərbəst
şeirinə qədər, Avropa şeirindən, türk
poeziyasından gələn təsirləri də unutmayaq,
klassik poeziya ənənələrinə
bağlılığı da…Şeirdə novatorluq cəhdlərindən
tutmuş «stəkanda fırtına» yaratmaq iddiasıyla «yeni
şeir» eksperimentlərinə qədər…Şeirnimizdə
yeni cərəyanların, xüsusilə postmodernizm
dalğasının milli şeir ərazisində görünməsinə
qədər…Dilimizin saflığını, gözəlliyini,
zərifliyini qoruyan şeirlər də var, onu kimyəvi,
fiziki, riyazi terminlərlə, əcayib-qəraib sözlərlə,
ifadələrlə zibilliyənlər də. Ancaq
bir yazıda bütün bunları əhatə eləmək
mümkün deyil, yalnız bəzi vacib məqamlara diqqət
yetirəcəyik.
Azərbaycan poeziyasında uzun müddət yaşayan ənənələr
olmuş ki, bu da onların vərəsəlik qaydası ilə
əsrlərdən əsrlərə gəlib keçməsi
və özəl xüsusiyyətlərini saxlaması ilə
bağlıdır. Poeziyamızda ənənələrin zənginləşməsi
iki axarda cərəyan etmişdir. Birinci
halda ənənələr daxilən, məzmunca dəyişmişdir.
İkinci halda isə bu dəyişiklik bədii
formada baş vermişdir. Ənənələrin
məzmunca dəyişməsi, yeni çalarlar kəsb etməsi,
heç şübhəsiz, xalqın ictimai həyatında baş
verən yeniliklərlə bağlıdır ki, bu inkişaf və
dəyişikliklər bədii təfəkkürə də təsirsiz
qalmamışdır. XX-XXI əslər
heca şeiri də məhz belə inkişaf və yeniləşmə
imkanları ilə diqqəti cəlb etmişdir.Ümumiyyətlə,
XX əsr Azərbaycan şeirində heca vəzninin nisbətən
üstün mövqeyindən söz açmaq olar.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət.- 2019.- 19-20 iyul.- S.15.