Dostları qoruyaq
İNTİQAM QASIMZADƏ
İLƏ BİR TELEFON DANIŞIĞINDAN SONRA DİLƏ
GƏTİRDİKLƏRİM
Məşhəddə,
Qumda, Nəcəfdə ali-ruhani təhsili alan,
ərəb, fars, rus dillərini mükəmməl bilən
babam Molla Əhəd Axund dövrünün
tanınmış din xadimlərindən olub.
Mömin
olsam da, Ulu Tanrımın rəhminə, mərhəmətinə
sığınıb müsəlman bəndələrinə
qoyduğu qadağaları pozmağım da var. Allah Təala
bağışlayandır, yəqin ki, axirət
dünyasında rəhm edib az-çox savab əməllərimə
görə günahlarımdan keçər. Cənab
Haqq bəndələrinin şükranlıqlarını
özü üçün ibadətdən də əfzəl
bilərək ən böyük mükafatı hesab edir.
Ona görə də hər sübh mələklərin
namaza durduqları vaxt Tanrıma dünyamızın,
doğmalarımın, yaxınlarımın
salamatlığı xətrinə şükranlıq etməyi
özümə borc bilirəm.
Bugünlərdə qədim dostlarımdan İntiqam
Qasımzadəyə telefon açmışdım (gecə
onu yuxuda görmüşdüm deyə). Hal-əhval
tutdum. Dəstəkdən dostumun zarıncı səsi gəldi:
- Aydın, xəstəyəm, yataqdayam, - dedi - Bu kondisioner
axırıma çıxacaq...
Qərəz
xəstəyə şəfa dilədim, təsəlli verib
özündən muğayat olmağı tapşırandan
sonra sidq ürəklə: - Bəs indi əlimdən nə gələ
bilər, - deyə xəbər aldım. - Mənə görə
bir qulluq...
Təbii
ki, bu canıyananlığıma görə İntiqam müəllim
də mənə təşəkkür etdi: -
Sağlığın, - dedi. Sonra da elə səsindən
bildim ki, ürəkdən gələn xahişidir - Aydın,
səhərlər yuxudan qalxanda əllərini göyə
qaldırıb mən xəstə dostuna Allahdan şəfa dilə!
Tutuldum.
İntiqam müəllimə deyə bilmədim
ki, hər gün sübh çağı Ulu Yaradandan
dostları hifz edilməyi diləməklə yanaşı,
dünyadan köçən dostlarımın da ruhlarına rəhmətlər
oxuyuram. Elə biri İntiqam müəllimin doğmaca
qardaşı Daşqın Qasımzadə! Daşqın
müəllimlə məni elə İntiqam müəllim
özü tanış etmişdi.
Qələm
dostum Novruz Nəcəfoğlunun haqqımda yazdığı
"Nağıl adam" avtobioqrafik romanda
bu tanışlığın tarixçəsi ətraflı
təsvir edilib. Sözümün bu yerində romandakı həmin
sətirləri iqtibas edirəm:
"... Ötən əsrin 80-ci illərində "Azərbaycan"
jurnalında Aydının iki hekayəsi və hətta həcmcə
böyük bir publisistik yazısı çap edilir.
Jurnalın məsul katibi isə indi bu dərgiyə rəhbərlik
edən İntiqam Qasımzadə idi.
Yay vaxtı, bir bazar günü səhər ertədən
məhəllə camaatından kimsə Aydını
çölə çağırır. Və o da həyətə
düşəndə qapılarının ağzında bir ağ "Jiquli" görür.
Demə, Aydıngilin qapısının ağzına
maşın sürən bu qonaq da olur İntiqam müəllim. Təbii ki,
qonaqların, özü də İntiqam müəllim kimi
hörmətli bir qələm adamının - hələ o
vaxtlar, söz yox ki, İntiqam müəllimlə aralarında
elə bir yaxın münasibət olmasa da - onu
axtarmağına Aydın çox şad olur. Evə dəvət
edir, İntiqam müəllim də onunla gələn yol
yoldaşını Aydına təqdim edib:
- Qardaşım Daşqındır, - deyir. Aydının evə dəvətinə
isə: - Bir vacib işimiz var, - deyir, - işimizi görək,
sonra evə gələrik, hələ çörək də
yeyərik...
Aydın
deməsə də, burası mənə dərhal gün kimi
aydın oldu ki, belə mötəbər şəxslər, yəqin,
xeyir iş qabağı - o zamanların Dəvəçisində
lap bol olan - "asetrin" balığı üçün
gəlibmişlər...
Və o
da şəksizdir ki, dost yolunda canını belə əsirgəməyən
Aydın gün ərzində qonaqlarına yaxşı bələdçilik
və layiqli yoldaşlıq edir. Bax o görüşdəki
tanışlıqdan məlum olur ki, Daşqın müəllim
Bakıdakı məşhur "Kitab pasajı"nın direktorudur...
Xudahafizləşib ayrılanda Daşqın müəllim
qardaşından da qabaq dönə-dönə Aydından
xahiş edir ki, Bakıya gələndə ona da baş çəkməyi,
görüşüb hal-əhval tutmağı unutmasın.
O vaxtlar
nadir kitablar vardı ki, hələm-hələm ələ
düşməzdi. Bakıya səfərlərində
Daşqın müəllimlə görüşəndə məşhur
kitab pasajının direktoru həmin o sayla gələn kitabların
siyahısını Aydının qabağına qoyub:
- İstədiyini seç, götür, - deyərmiş.
O vaxtlar
çətin tapılan, mənim də müştərisi
olduğum, ancaq istəməyə üzüm gəlməyən
məşhur "Ojeqov lüğəti"ni də Aydın
elə o kitab mağazasından alıb...
Sözüm bunda deyil.
Artıq
nəşriyyatların təsərrüfat hesabına
keçdiyi bir vaxtda "Gənclik" nəşriyyatında
Aydının "Ümid" adlı povest və hekayələr
kitabı plan əsasında nəşrə hazırlanır. Kitab yığılıb səhifələnibmiş.
Elə bu zaman məlum olur ki, kitab lazımi
tirajı yığmayıb və bu tiraj məsələsi
bir-iki günə həll olunmasa, nəşri
dayandırılacaq.
Bir-iki
gün şəhərdə kitab mağazalarını gəzib
tiraj toplaya bilməyən Aydın məşhur
"Tarqovı" küçəsi ilə məlul-müşkül,
üzü "Gənclik" nəşriyyatına tərəf
addımlayarkən nəzərləri "Kitab pasajı"nda
ilişib qalır. Yadına İntiqam müəllimin
qardaşı Daşqın Qasımzadə düşür.
Ləngimədən "Ya Mədəd!" deyib
Daşqın müəllimin yanına yollanır. Aydını dinləyən
Daşqın müəllim də: "Əşi, min nüsxə
nədir, mən sənin kitabının bütün
tirajını götürüb satmağa hazıram", -
deyərək, nəşriyyatın direktoru Əlican Əliyevə
zəng vurur. Nəşriyyat direktoru ilə
sözləşib-razılaşandan sonra kitabın nəşri,
necə deyərlər, rəsmiləşdirilir.
İndi
aradan illər keçəndən sonra, neçə-neçə
kitab müəllifi olan Aydın deyir: "Ümid" adlı
o kitab mənim çap olunan ikinci kitabım idi. Həcmcə
elə də böyük olmayan, nazik bir kitab... Ancaq
o kitab mənə çox əzizdir. Ona görə əzizdir
ki, o kitabın çapında dost qayğısını, kəsilən
duz-çörəyə qiymət qoyub kömək
üçün əlindən gələni əsirgəməyən
bir insanın diqqətini, etibarını görmüşəm..."
Sonra
Aydın dərindən köks ötürüb: "Ancaq nə
yazıqlar ki, Daşqın müəllim kimi xeyirxah,
etibarlı insanlar çox vaxt həyatdan erkən gedib
dostları tez tərk edirlər. Daşqın
müəllim də dünyadan vaxtsız getdi!"
Ulu Tanrı
öz haqq dünyasına qovuşan dostlarımıza qəni-qəni
rəhmət eləsin! Aramızdakıları hifz etsin! Bir də
dostları elə özümüz də qoruyaq!
Aydın TAĞIYEV,
AYB Şabran bölməsinin rəhbəri
Şabran
Ədalət.- 2019.- 19-20 iyul.- S.10.