Əlibalanın şeirləri

 

Hələ imzaları mətbuatda tanınmayan gənclərin, o cümlədən Əlibalanın, mənə göndərdikləri şeirlərin böyük əksəriyyəti kədərdən, tənhalıqdan bəhs edir mənə elə gəlir ki, bu - yalnız sosial hadisə deyil, bəlkə daha artıq dərəcədə sənət hadisəsidir.

Biz gənclərin (həvəskarların) yox, ümumiyyətlə, müasir poeziyamızın son iyirmi illik mənzərəsinə nəzər salsaq, maraqlı ( təbii!) bir özünüifadə hadisəsi ilə qarşılaşırıq: elə bil, Azərbaycan poeziyası 70 illik sosrealizm qadağasından azad olaraq, var gücü ilə daxilində boğulub, qalmış kədəri, tənhalığı ifadə etməyə başlayıb.

Elə bil, poeziya, şüşənin ağzındakı tıxac açıldığı üçün, kədəri, qəm-qüssəni bir cin sürəti enerjisi ilə ifadə edərək, o 70 illik poetik boşluğu doldurmağa çalışır belə demək mümkünsə, bu - poeziya məfhumundakı genetik (!) sövqün nəticəsidir.

bəzən o sövq tələsgənlik yaradır, elə bil, birdən yenə fürsətin əldən çıxacağından qorxur.

Uğurlar əldə olunur yaxşı bir "poetik özünübərpa" işi gedir (mən əvvəllər bu barədə yazmışam), ancaq bu "poetik özünübərpa"nın ətrafını "poetik alaq" bürüyür bu da təbii bir prosesdir - poeziya yarandığı gündən "poetik alaq" da onun ətrafından əskik olmayıb.

Kədər məhəbbət, sevgi kimi poeziyanın əbədi mövzularındandır sosrealizmin 70 illik kədər tabusu, süni "bədbinlik-nikbinlik" ayrı-seçkiliyi nəticəsində kədərin qarşısına çəkilmiş sipər bizim poeziyamızın hərtərəfli inkişafına ziyan vurub, onun bir qolunu şikəst edib.

Ancaq dediyim həmin tələskənlik sənətdə irəli yox, geri aparır, açıq qapını döyür bu zaman epiqonçuluq aşkar hiss olunur, özünütəkrar başlayır, obrazlı düşüncəni, poetik təxəyyülü primitiv ah-uflar, poetik sözü birbaşa şikayətlər əvəz edir, sözün kəmiyyəti mənanın miqyasından artıq ağır olur.

Şeirin bədii-estetik mündəricatı ilə kədər məfhumunun bədii-psixoloji zənginliyi üst-üstə düşməlidir - belə olmadıqda bədii məğlubiyyət baş verir.

Gənc Əlibalanın da şeirlərinin əsas mövzusu, dediyim kimi, kədərdir onun yazdıqları - hər halda mənim oxuduqlarım - istedadın, verginin ifadəsidir.

Hələlik isə, bu vergi rüşeyim halındadır, embiriondur o yetişməlidir.

Verginin olub-olmaması (verilib-verilməməsi!) Əlibaladan asılı deyildi, ancaq bu vergini yetişdirmək ondan asılıdır - onun mütaliəsindən, əzmkarlığından, yazılarındakı tələskənliyi poetik təmkinlə əvəz etmək bacarığından asılıdır.

Əlibala buna nail olacaqsa - yaxşı şair olacaq.

Oxuculara təqdim etdiyim şeir Əlibabanın mətbuatda ilk dərcidir mən bu münasibətlə onu təbrik edir, ona uğurlar diləyirəm.

 

15 iyul 2019.

Bakı.

 

 

 

Elçin,

Xalq yazıçısı

 

Ədalət.- 2019.- 19-20 iyul.- S.9.