Bu gecə

 

Bu gecə yenə

zənbillər içində bacadan tənhalıq

atıldı evimə.

Gecənin içində səmanın solğun

rəngi -

ruhumun məyusluğu,

çöldə qurumuş tut ağacının

gövdəsinə yaxılan

kədərli küləklə birlikdə.

Yalqız bir hənirti var otaqda -

gözlərimdən soyüq əllərimdən

ümidsizlik yığır.

 

... Bir otaq, bir qonaq bir tənha

var bu gecə.

xatirələr öz şirəsini bu otağın

düz ortasına süzür

bu gecə.

Necə bir dadsızlıq...

 

beləcə, otaqdakı o tənha səhv salır

bir vaxtlar ağılsızca sevdiyi

qadının səsiylə

çöldəki küləyin pıçıltısını.

İndi dağlar, təpələr sonrasında

o qadın,

uzaqlıqda, ayrılıqda dayanıb.

Bu gecə

bir sönmüşlük,

bir yuxu ölümü kimi

gerçəklik var havada.

 

... Tənhalıq -

pəncərəmə toxunan

kiçik yarpaqlar tək...

Ancaq

ümidim vardı

bu gecə bəlkə

əvvəlkilər tək olmayacaq...

 

Əlibala

 

Ədalət.- 2019.- 19-20 iyul.- S.9.