ADAM KİMİ SEVMƏK...
Yeddi il öncənin
yaddaş yazısı
Şəhərin Qurd qapısı
tərəfindən olan guşələrindən birində əyləşmişik.
Söhbətimiz heç də təzə
deyil. Yəni biz nə
vaxt qarşılaşırıqsa, nə
vaxt baş-başa
qalırıqsa, onda mütləq həmin
mövzunu yenidən ortaya
gətirirk. Əslində bu mövzu nə bizim
aramızdan, nə də içimizdən heç
vaxt uzaqda olmur. Həmişə bizimlədi və biz də onun
yarasının sağalmasına imkan vermirik. Və bu
bizim özümüzün
özümüzə bəlkə də ən böyük
təzyiqimiz, ən böyük zülmlərimizdən
biridi. Çünki bu mövzu az
qala 30 ilə yaxındı ki, istənilən səviyyədə, istənilən
yerdə bu və ya
digər formada danışılır, çözülür,
buna münasibətlər bildirilir.
Amma...
Amma əslində
bu mövzu təkcə danışmaq üçün deyil...
bu mövzu heç da bir araya gəlmək üçün,
bir-birimizin iç dünyasına işıq salmaq
üçün, üz tutub getmək üçün deyil. Əslində elə bu mövzu bizim özümüzdü, həyatımızdı,
işimizdi, gücümüzdü.
Daha çox da biz elə həm də
bu mövzunun özüyük. Bax, bu qəribə,
bəlkə də anlaşılmaz və yaxud
qəbuledilməz bir təqdimatın
içərisində oturub özünü yox, mövzusunu hər dəfə təzələyən
və hər dəfə də mövzusu
ilə birlikdə özü qocalan, ahıllaşan bizlər yenə
baş-başayıq və yenə də həmin
mövzudu süfrəmizin şəkəri
də, noğulu da, istiotu da, duzu
da. ümumiyyətlə bütün
nemətlər bu mövzunun
içərsindədi və bu mövzunun da adı Vətəndi
- Qarabağdı, Xocavəndi, Füzulidi,
Şuşadı, Ağdamdı, Laçındı, Zəngilandı,
Qubadlıdı, Kəlbəcərdi, Xocalıdı...
bütövlükdə bizi göynədən
torpaqdı. Bizi həm var
edən, həm də varlığımızı əlimizdən
alan yurd nisgilidi...
Mənə
elə gəlir ki, bu söhbətin, bu mövzunun ətrafında
özlərini unudan üç kişinin yaşı o qədər
də çox deyil. Çünki onlar daha çox 1988-ci ildən bu
günə qədər olan zamanı
çözürlər, hadisələri xatırlayırlar, bu zaman kəsiyinin içərisində
olurlar... bu zaman kəsiyinə anbaan, saatbasaat qiymət verirlər... anbaan,
saatbasaat o zamanın
içində doğulurlar,
yaşayırlar və hətta bəzən də ölürlər.
Özü də ruhən tərk edirlər
bu dünyanı...
Bax,
bu təsvir etməyə çalışdığım həmin
o guşənin içindəki donan zaman əslində o
üç kişinin də yaddaşında işığa
çevrilir, buz əridir, ruh təzələyir, ümid
ocağı yandırır. Kənardan bu
süfrəni, onun ətrafındakı
insanları seyr etmək və burada gedən söhbətləri dinləmək
bəlkə də bu günün
adamlarına, bu günün
uşaqlarına gülünc görünə
bilər. Hətta ironik bir
şəkildə bir-birlərinə pıçıldaya bilərlər:
- Yenə
həmin adamlar, yenə həmin məkan, yenə torpaq, yenə
Qarabağ.... Bu adamların deyəsən
başqa bir işi, başqa bir mövzusu yoxdu. Yəqin yaşlaşıblar. Ona görə də belə sakit
yerdə şənlənmək əvəzinə xatirələrini
çözüb keçmişi
bu günə calamağa
çalışır və əslində də heç nə edə bilmirlər...
Bəli,
üç nəfər əyləşmişik və
üçümüzün də mövzusu elə həmin o
köhnə dərdimiz, köhnə yaramız və bir də
o köhnə dərdə, köhnə yaraya tapmaq istədiyimiz
yeni yanaşma, yeni dərman, yeni müalicə üsulu...bir
sözlə, köhnəyə yeni nəfəs gətirmək
arzusu. Amma neyləyək ki, bu arzu hələ ki, heç nəyi
dəyişmək gücündə deyil.
Hər
dəfə o, istər dövlət səviyyəsində, istər
özəl imkanları daxilində torpaqla, Qarabağla
bağlı görülən işləri, çəkilən
filmləri, yayımlanan verilişləri nöqtəbənöqtə
şərh edir, ona münasibət bildirir, onu hadisələrin
içində olan bir şəxs kimi oddan, alovdan qorxmadan,
mövqeyinin zərbə altına düşəcəyini
gözə önünə gətirmədən
çılpaq bir gerçəklik kimi ortaya qoyur. Özü də
elə şövqlə, elə ehtirasla,
elə coşquyla xırdalayır, açıqlayır
ki, razılaşmaya bilmirsən. Çünki onun məntiqi
o qədər güclüdür ki, o səni öz təsiri
altında saxlaya bilir.
Təbii ki, şəxsiyyəti
ilə məntiqi rahatca bir-biri
ilə anlaşan dostumuz
öz dostlarının da,
öz tərəf müqabillərinin də
yaradıcılığını, fəaliyyətini ən
azı işgüzarlığını qiymətləndirməyi
bacarır və onları da özünün dinləmək
bacarığı ilə yanında saxlayır,
özünə dəstək kimi,
anlayışlı birisi kimi
görür. Kəsəsi o,
yerində olan adamdı və hər şeyi də idarə etməyi bacarır. Məhz həmin gün də onun təşəbbüsü ilə şəhərimzin
Qurd qapısı tərəifndə olan güşəsində oturub
bizim əbədi və əzəli mövzumuzu şərh edirdik...
yenə Qarabağdan
danışırdıq... yenə torpaqdan
danışırdıq... yenə Xocavənddən
danışırdıq. Və mən də bütün bunların içərisində hər
şeyin gec-tez
yaxşı olacağına inana-inana
duyğularımı könül vərəqimə
köçürürəm.
yenə
yorğun, kədərli
yenə
gözü yaşlıyam...
bu əhvalı
da gərək
gün
uzunu daşıyam-
özümlə...
yenə
məqam üzücü,
yenə
çevrəm darısqal...
istəsəm
də dilucu
deyə
bilmirəm gəl, qal!-
özümlə...
yenə
günahlarımı
didirəm,
darıyıram...
bilmirəm
ki, bu anlar
nəyəsə
yarıyıram?-
sözümlə...
yenə
həsrət güc gəlib
qəmi
qəmə hörmüşəm...
sənsiz
necə kövrəlib
mən
- özümü görmüşəm!-
gözümlə...
***
Bəli, biz Qarabağdan danışırıq... artıq işğalından 20 il ötmüş Şuşadan danışırıq... 20 il həsrətini içimizdə daşıdığımız Xocavənddən danışırıq. Və yadımıza düşür ki, qarşıdan növbəti 20 illik gəlir - Ağdamın işğalının 20 illiyi, Füzulinin işğalının 20 illiyi, Cəbrayılın işğalının 20 illiyi... Eh, çox qəribə xalqıq. Dərdimizin, kədərimizin yaşını hesablayırıq. Qələbəmiz barəsində ancaq xəyal qururuq. O da ilğıma bənzəyən bir xəyal. Nə vaxt gerçəkləşəcək? Bu sual zamana möhtacdır, yəni onu zaman bilir. Daha doğrusu, o qələbə gününün tarixi yalnız tanrıya bəllidi. Biz isə itirdiyimiz yerlərin itən gününü yaddaşımızda saxlamışıq, onu təqvimə yazmışıq və o itən günü anımlarla qeyd edib, bir az dərdimizdən danışıb, bir az nisgilimizdən kövrəlib boynubükük qərənfilləri Şəhidlər Xiyabanında, bizi ittiham edən baş daşları qarşısında belimizi büküb düzməklə sanki dərddən bir az uzaqlaşırıq. Sanki həmin günün vəzifəsini yerinə yetirmiş oluruq. Maraqlıdı, elə deyil? Ayın, daha doğrusu, ilin tək bircə günü həmin o itən gün üçün bir araya gəlirik. Amma onda da hamımız gəlmirik. Çünki hamımızın ayrı-ayrılıqda yetərincə problemlərimiz, yetərincə itirdiklərimiz, yetərincə arzusunda olduqlarımız var. Və biz də o itən günə həmin o yetərincə olanların içərisindən qopub gələ bilmirik. Buna gücümüzmü çatmır?- bilmirəm, buna təşəbbüskarlığımız yoxdu?- deyə bilmirəm, Ümumiyyətlə bu nədisə sanki elə bizim üçündü, elə bizim boyumuza biçilib. Biz də həmin o itən günün acısını ellikcə yox, el üçün yox, olsa-olsa özümüz üçün kədər, nisgil hopmuş ürəyimizlə, gözlərimizlə yada salıb yola veririk.
Bu
günlərdə rəsmi bir tədbirdə qəribə bir
söz eşitdim. Rəsim gündə, rəsmi
adamın dilindən eşitdiyim bu söz, açıq etiraf edim ki,
rəsmi bir şəkildə mənə
təsir etdi, yaxamdan tutub silkələdi. Heç
gözləmədiyim halda rəsmi bir gündə, rəsmi bir
dildə deyildi ki,
hardadı Qarabağın ziyalıları? Hardadı Qarabağdan seçilmiş
millət vəkilləri? Niyə onları Qarabağla
bağlı tədbirlərin önündə, özü də hamısını bir yerdə görə bilmirik?
Axı bu insanlar
seçilmişlərdi, ziyalısı da,
millət vəkili də!!! Onlar seçənlərin
önündə, yanında olmalıdılar, onlar
münasibət bildirməlidilər. Təəssüf...
Doğrudan
da rəsmi bir dildən eşitdiyim bu sözlər
çılpaq bir gerçəklik idi. Və neyləmək
olar ki, biz beləyik və bizim
belə olduğumuzu təkcə biz özümüz yox, elə hamı bilir ki, biz beləyik. Bax elə biz üç dost da, üç
kişi də, üç
qarabağl da
müzakirə etdiyimiz mövzunun
içində o qədər suallar gördük, o qədər suallarla
qarşılaşdıq ki, az qala fikirlərimiz yüz yerə şaxələndi. Əslində
isə biz şaxələnən fikrin bir kəsişmə
nöqtəsini, bir ortaq məxrəcini tapmağa
çalışırdıq, amma
alınmadı. Çünki mövzu o qədər böyük və geniş,
münasibətlər o qədər fərqli
və pərakəndə idi ki, onun hər birini ayrı-ayrılıqda götürüb
çözsək belə, yenə parçalanma
baş verəcəkdi. Ona görə də biz bu günlərdə Mətbuat
Şurasında təqdimatı keçirilən "Ruhum Qarabağlıdı!" filminin
işıqlı tərəfini daha çox qabartmağa və
o işığa qoşulub
daha böyük
işıqlara doğru getməyə üstünlük veririk. Çünki bir yerdə dayananda süstlük yaranır.
Süstlük də özü
özlüyündə insanı içindən çökdürür. Nə yazıqlar olsun ki, bu
məmləkətdə süstləşmiş, laqeydləşmiş
bəndələr də az deyil. Hətta süstləşmiş
kürsülər də var. Bu bir gerçəklik...
Bəli, telekanalların yayımlarında, daha doğrusu, təqdimatında Azərbaycanın istənilən guşəsi göz oxşayır, könül açır. Ancaq bu gözümüzü, könlümüzü sevindirən gözəlliyin yarımçıqlığı, bütöv olmaması təkcə bütövlük arzusunda olanları deyil, o bütövlüyün parçalandığı gündən onun acısını yaşayanları daha çox mütəəssir edir. Ona görə ki, yayın bu od püskürən havası nələri, haraları itirdiyimizi bizə bir daha xatırladır və biz yenidən xatirə danışmağa, yenidən bulaq başlarını, ormanları, şəlalələri, dağ çaylarını sadalamağa başlayırıq.... Təsəllidi!.. Gücümüz buna çatır. Mən isə şeir yazıram:
batan
gəmi kimiyəm
gözün
nəmi kimiyəm
Allah,
qəmin kimiyəm?-
bilmirəm...
günüm
günə calanmır
ruhum
yanmır, qalanmır
niyə
dönmür, qalammır-
bilmirəm...
selbələnmiş
ağacam
yoluna
hey baxacam
qəmdən
necə çıxacam?-
bilmirəm...
***
Deyəsən dolaşıq fikirlərlə,
təzələnən dərdlərlə,
qaysağını qopardığım
yaralarla yordum sizi. Havanın istisi
bir yandan, səhərin bürküsü
o biri tərəfdən,
üstəlik də mənim kədər hopmuş fikirlərim əhvalı bir az da korlayır, durumu bir az da
ağırlaşdırır. Bunu özüm də hiss edirəm. Ona görə də onsuz da sıxıcı
olan durumdan çıxmaq üçün
hərə bir cür təşəbbüs
göstərir. Mən də
bu təşəbbüslərdən
birinə əl uzadıram. İstəiyrmə
ki, indii yazacaqlarım bizi bir az nostalgiyadan qoparıb ayırsın, bir az özümüzə, daha doğrusu, özəl sevgimizə qayıdaq. Çünki müdriklərin dediyi "dünyanı gözəllik xilas edəcək" oforizminin
içərisində gözəlliyn
əksi olan sevgi də var. Deməli, dünyanı həm də sevgi xilas edəcək.
Təbii ki, biz Adam kimi, biz Məcnun kimi, biz Kərəm kimi, biz özümüz kim sevə
bilsək. Amma neynəmək olar
ki, bu gün
Adam kimi, Məcnun kimi, Kərəm kimi sevənlər yaman azalıb. Lakin şükr etməli bir məqam qalıb. Bir az çılpaq
desəm, and içməyə
bir yer qalıb.
Bu and yerimiz də
elə bizim kimi, yəni özümüz kimi sevməyimizdi.
Təəccüblənməyin, əgər təəccüblənirsinizsə, onda mən adam kimi sizin qarşınızda etiraf edə bilərəm ki, mən özüm kimi, özüm bacardığım kimi sevirəm. Bu sizi
razı salsa da, salmasa da. Və düşünürəm
ki, lap elə bu günün özündə, bu dəqiqələrin içərisidə
mən adam
kimi öz sevgimi ifadə edə bilirəmsə, düşünə bilirəmsə,
deməli, bu sevgi var!!! Bir
az da
xırdalasam, mən varamsa, mənim sevgim də var. Özü də real sevgi! Nağıl sevgisi, kitab
sevgisi yox, konkret həyat sevgisi. Hətta bu günlərdə ağlıma gəldi və yazdım:
məndən bir az uzaq dayan
uzaqdan sevmək öyrənim...
qar-qışın oğlan
çağında-
sazaqdan sevmək öyrənim...
kipriyində bz bağlayım
kiprik çaldıqca
ağlayım
səni yaz kimi saxlayım-
bu yazdan sevmək öyrənim...
yanağı xalı
lalə tək
məndən hər cürə halə çək
lap sinəmi şumlayıb ək-
bu nazdan sevmək öyrənim...
gör sözü başladım hardan
bir dilək dilədim yardan
sən - sinəni əzən taradan-
mən sazdan sevmək öyrənim!
Hə,
gördünüz də bütün dərdlərin bir dərmanı
var - o da sevgidi!!! Bu mənada yurd acısını da. torpaq itgisini
də sevgi ilə müalicə etmək,
sevgiilə qaytarmaq, sevgi
ilə xilas etmək mümkündü.
Qarabağ uğrunda
şəhidliyi sevə-sevə qəbul etmək, qazilik yolunu sevə-sevə
qəğul etmək yeganə xilasımızdı. Bax, mən də, süfrələri
başında əyləşdiyim dostlarım Eyvazla, Bəxtiyarla bütün
söhbətimizin mayasında daxili
yanmanın, içdən gələn istəyi əsas görürük, əsas götürürük.
Bizim üçün
hər şeydə gerçəkçi olmaq,
içdən gələni reallaşdırmaq yolunda
çəkinməmək, usanmamaq əas
şərtdi. Biz belə
yaşayırıq, belə də sevirik- Adam kimi, Məcnun kimi, Kərəm kimi, özümüz kimi!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2019.- 19-20 iyul.- S.8.