"Aqil Abbasın 100 dollarının hesabatı"

 

Peterburqa getmək istədiyimi Aqil Abbasa qəfil dedim. Dedim ki, bəs bilet almışam, sabah Peterburqa gedirəm, qəzet üçün yazılar yazacam ordan. O da yarı inanaraq, yarı inanmayaraq razılaşdı. Hələ bu aniliyə baxmayaraq 100 dollar xərclik də verdi. Sağ olsun!

İndi görürəm ki, yazı göndərmədiyim günlərdə zəng edib vəziyyətimlə maraqlanır, kef-əhvalımın necə olduğunu soruşur.

Əslində bilirəm ki, məhz yazı göndərmədiyim günlərdə mənimlə maraqlanması "Ya yazı göndər, ya da qalx gəl işinin başına!” mənasına gəlir.

Qərara gəldim Aqil əminin verdiyi 100 dolların hesabatını həm ona, həm də sizə təqdim edim.

1. Aqil əmi, birinci iş Puşkinin ev muzeyinə yollandım. Məncə, siz də belə etməyimi istəyərdiniz və Puşkinə tək özümün yox, sizin də salamınızı çatdırdım.

2. Peterburqa gəlib "Ermitaj” muzeyinə getməsəm, ayıb olardı. Muzey haqqında sonra daha ətraflı yazacam.

3. "Mariinskiy” teatrında "Klassikadan Jazz-a kimi” adlı musiqi konserti keçirələcəyini öyrəndim. Güc-bəla ilə bir bilet tapdım Gələndə hansı musiqiləri dinlədiyimi mütləq sizə danışacam.

4. "Ukusno” adlı Serbiya mətbəxində nahar elədim. Rusiyalı dostum İqor da mənimlə idi və mən İqorun əlini cibinə atmağına icazə vermədim. Düşünürəm ki, bu addımım da mənə haqq verəcəksiniz. Axı biz sizdən belə öyrənmişik.

5. Həmin gün şəhərin mərkəzində mənə rus personajlar yaxınlaşdı. Bir rus knyaqinyasının əlini öpdüm. Buna 300 rublumun gedəcəyini bilsəm, belə etməzdim.

Sonra elə buna əsəbləşib yanındakı personajı qapazımın altına saldım.

6. Aleksandr Blokun ev muzeyinə getdim. Vətəndaşlar Peterburq şəhərində blokun heykəlinin qoyulması üçün kampaniya başladıb. Mən bu kampaniyaya qoşulub dəstək üçün imza atdım. Hətta sizin əvəzinizdən imza atdım.

Ümid edirəm ki, siz Blokun şeirlərini sevirsiniz sizin əvəzinizdən imza atmağıma qəzəblənməyəcəksiniz. Bəlkə bir neçə il sonra Blokun heykəlinin yanında birgə şəkil çəkdirib paylaşmaq bizə qismət olar.

7. "Petropalovsksarayına da getdim. Artıq muzey kimi fəaliyyət göstərən demək olar bütün imperatorların dəfn olunduğu Petropalovsk kilsəsinə baş çəkdim. Sizin Qarabağla bağlı bütün gileylərinizi imperatorlara şəxsən çatdırdım. Hətta I Pyotrun qulağına pıçıldadım ki, davamçılarına de, Aqil əmimi az əsəbləşdirsinlər! Qarabağın bizim olduğunu nəinki bütün bəşəriyyət, hətta təbiət bilir. Axı torpağın da yaddaşı var!

8. Dünən Peterqorfa getmişdim. I Pyotrun şəhərdən kənarda yerləşən sarayına. İndi sarayın həyəti gözəl, nəhəng park kimi fəaliyyət göstərir. Orda dələlərin olduğunu öyrənmişdim. Yarım kilo fındıq alıb apardım özümlə. Düz 7 dələyə fındıq qonaqlığı verdim. Dedim narahat olmasınlar, fındığın pulunu Aqil əmi verib.

Uşaqlar üçün "Dələşeirimi orada yazdım.

9. Elə Peterqorfa getmişkən Fin körfəzini görmək istədim. Baltik dənizinin sahilində, gözəl bir restoranda sizin sağlığınıza "StaroBaltikapivəsindən içdim.

10. Yadımdan çıxmamış. Kazan kilsəsinə girmişdim. Gördüm toy gedir. Toy vaxtı gərək əlin cibində ola. Bir az keşişə, bir az da uşaqlara şirinlik verdi.

Belə, Aqil əmi!

"Hesabatadı ilə sizə yazdığım bu məktubun sonunda isə onu demək istəyirəm ki, bir gün məmləkətimizdə hər şeyin arzuladığımız qədər gözəl olacağına ümidim çoxdur.

Mən inanıram ki, məmləkətimizin dənizi səması daim masmavi, Günəşi gün doğumunda olduğu kimi qıpqırmızı, ağacları torpağı da yamyaşıl bərəkətli olacaq, eynən bayrağımızdakı kimi.

 

 

Sevgi sayğılarla,

Ulucay Akif.

Peterburq, 2019.

 

Ədalət.-2019.- 19-20 iyul.- S.7.