Azan gəmilər limanına yan alarkən
Bu günlərdə “kitabevim.az” Kitab Evində Yaşar Bünyadın növbəti əsərinin - “Azan gəmilər limanı” romanının təqdimatı oldu. Ölkəmizin azman ədəbi tənqidçilərindən Cavanşir Yusiflinin, eləcə də, sözə, sənətə layiqincə dəyər verən say-seçmə yazıçı və şairlərin həmin tədbirə qəlbən qatılmaları müəllifin yaradıcılığına böyük hörmətdən qaynaqlanırdı. Yaşar Bünyadın yeni romanında atasının təkidilə fərarilik etmək məcburiyyətində qalan Qismətin həyatından bəhs olunur. Müəllif baş qəhrəmanının şəxsində Qarabağ müharibəsindən yayınan, həmçinin, bir parça çörək naminə Rusiyaya üz tutan sayagəlməz soydaşlarımızın əksəriyyətinin acı talelərinə hərtərəfli işıq salıb. Bu baxımdan xaraktercə zəif, vaxtilə valideynlərinin sözündən çıxa bilməyən, müharibədən yayınmaq üçün Vətənini darda gündə tərk edən, sonradansa həyat dərsləri sayəsində peşimançılıq çəkənlərin mənəvi əzabları əsərdə maksimum əksini tapıb... Öz sevginlə məni, yeganə oğlunu dərin quyuya sallayıb, kəndiri kəsdin, ağzını daşla qapadın, bilirsən?.. İndi əzab çəkirəm, ata... Sənin sevginin əzabını... Yaşar Bünyad əslində Qismət obrazında miqrant soydaşlarımızın həyat hekayətlərinin real təsvirini yaradıb, onların xislətini, arzuedilməz gün-güzaranını, gündəlik dözülməz yaşantılarını xırdalıqlarına qədər ümumiləşdirə bilib. 18 il ərzində Rusiyanın Saratov vilayətində yaşayan müəllif “İblis busəsi” və “Azan gəmilər limanı” romanları, eləcə də, “Miqrant” hekayələr toplusundakı bir sıra əsərləri ilə olduqca aktual, günümüzlə səsləşən vacib mövzunu diqqət mərkəzinə gətirib. Məhz Yaşar Bünyadın bu əsərləri bizi fərariliklə yanaşı Rusiyaya bir parça əppək dalınca yollanmaq məcburiyyətində qalan çoxsaylı soydaşlarımızın məşəqqətli həyatı ilə yaxından tanış olmağa və düşünüb-daşınmağa sövq edir.
Məncə,
Yaşar Bünyadın “Azan gəmilər limanı” romanı
onun yaradıcılığında növbəti keyfiyyət
dəyişikliyinə bir işarədir. Əsərdə
struktur və mahiyyət peşəkarcasına
uzlaşdırılıb, obrazlı düşüncə hakimdir. Məğzin dərinliyi oxucunu mətni su kimi bir nəfəsə
içməyə kökləyir. Oynaq təhkiyə, tutumlu dil və həsəd
doğuran təsvir
vəhdətdədir, bir yumruğu
andırır. Əl boyda, cəmi yüz səhifəlik kitabda
milyonların taleyi ən yığcam
şəkildə dolğun bədii əksini
tapıb. Əsərdə vizuallıq o dərəcədə
güclüdür ki,
zənnimcə, Azərbaycan kinosu tarixinə
düşə biləcək bir filmin ssenarisinə artıqlaması ilə yetər.
Roman boyunca zəngin təəssürat
səni ağuşuna alır, qəhrəmanın
taleyinə, onun təbəddülatına
biganə qala bilmirsən. Hadisələrin
eyni məkanda baş
verməsinə baxmayaraq bədii vasitələrin(priyomların)
rəngarəngliyi diqqətdən yayınmır. Əsərdəki
obrazların xarakterləri canlı və bitkindir,
həyatidir. Rusiyanın dörd
bir tərəfinə səpələnən,
ömrünü bazarlarda
çürütməklə keçirən
soydaşlarımızdan ən imtiyazlı və
imkanlılarının əksəriyyətinin belə həqiqi
xoşbəxtlikdən məhrum olduğu da romanda
inandırıcı şəkildə qələmə
alınıb... Təsəvvür elə,
Moskvanın göbəyində dördotaqlı mənzili, Rublyovkada villası, İspaniyada
mülkü, rayonun ən
böyük meyvə-tərəvəz
bazasının sahibi olan
Xıdır kişi(nədənsə bazarda onu hamı dyadya Fedya deyə
çağırırdı) xoşbəxt deyildi!
Ancaq adama ilk baxışdan elə gəlirdi ki, o, Rokfellerlər nəslindəndi.
Vallah məzələnmirəm. Kişinin əli Kremləcən
çatır. İstəsəydi deputat, lap qubernator da seçilərdi... İstəmirdi.
Xıdır kişi xoşbəxt
görünmək yox, xoşbəxt olmaq istəyirdi...
Müəllifin nəqletməsinin ritmini
sanki öz nəbzinlə
tutursan. Roman boyunca zərif psixologizm səni
heyrətdə qoyur. Yaşar
Bünyad əsərinin qəhrəmanının
emosional durumu ilə məharətlə
“davrandığından” hadisələri məzmuna uyğun olaraq gah gur, gah
da aramlı axara
yönəldir. Surətlər səciyyəvidir, o qədər həyatidir ki,
hətta, onlara qanın da
qaynayır. Bədii texnika mükəmməldir.
Bütün süjet
xətti boyunca müəllifin kreativliyi aydın duyulur.
Əsərdəki sətiraltı mənalar da
yerində işlənib.
Yaşar Bünyadın “Azan gəmilər limanı” romanının elə ilk cümlələrindən klassik ədəbiyyat mühitinə yuvarlanırsan, paralel olaraq yaddaşında nəhəng yazıçıların əsərləri sıralanır. Yaradıcı ovqata köklənirsən. Gah müəllifin, gah da birinci şəxsin dilində növbələşən təhkiyə səni ardınca aparır... İndi bu uzun, cansıxıcı gecənin bitməsini gözləməyə səbri tükəndikcə fikirləşirdi ki, nə qədər ki əjdahanın bir başını kəsəndə yerində ikisi, üçü əmələ gələcək, bu dünya şərdən xilas olan deyil, çünki əjdahalar günbəgün artmaqdadır... Təsvirin çoxşaxəliliyi və hərtərəfliliyi də əsərin oxunaqlığında mühüm yer tutur. Bədii lövhələr kamilliyi ilə diqqəti çəkir. Əsərdə Qismətin payına düşən cəhənnəm əzabı dolğunluğu ilə əksini tapıb, emosional qat səni bir an da olsun sakit buraxmır. Obrazların dili maksimum təbiidir, onların yaşantıları dəqiqliklə verilib. Bu məqamda müəllifin hafizəsinin dərinliyi həsəd doğurur. Onu da xüsusi vurğulamaq lazımdır ki, eyni bir məkanda – dizəcən qarın içində, göz-gözü görməyən hava şəraitində olan, psixoloji və güclü bədən xəsarəti almış qəhrəmanın şəxsində bir ömrü vərəqləmək heç də hər kəsin çəkə biləcəyi yük deyil. Ədəbiyyata dərindən bələd kəslərin Yaşar Bünyadın yeni romanını oxuyarkən, yəqinki, arada sanki dünyanın ən təcrübəli yazıçılarından biri ilə gözbəgöz olduğu qənaətinə gəlmələrinə də inanıram. Təqlidetmədən söhbət belə gedə bilməz, hər şey özünəməxsusdur. Müəllifin sözlə bu qədər masştabda və dərinlikdə “oynamaq” bacarığı içdən gələn ehtiram hissi doğurur. Əsərdə hadisə planının zərgərdəqiqliyi ilə sıralanması, ahəngdar inkişafı, cilalanmış məntiq, dipdiri həyati səhnələr, insan xislətinə bu qədər dərindən nüfuzetmə bacarığı, sözlə nəqqaşlıq oxucunu sakit buraxmır. Sanki, obrazlar mahir rəssamın qələminin məhsuludur. Həmin obrazların sözdən yoğrulması, sözlə bu qədər qolboyun olmaq da böyük istedaddan xəbər verir. Zənnimcə, bu yerdə ədəbiyyat aləminə son dövrlərdə baş vuran Yaşar Bünyadın qısa müddətdə respublikamızda qatıldığı bütün müsabiqələrdə qaliblər sırasında yer almasını, “Proza.ru” ədəbiyyat portalının 2015-ci ildə nominatı olmasını, Beynəlmiləl Yazıçılar Birliyinin üzvlüyünə namizəd seçilməsini xatırlatmaq da yerinə düşər.
Məncə, Yaşar Bünyadın “Azan gəmilər limanı” romanı müəllifin növbəti, daha mükəmməl əsərlərinin müjdəçisidir. Əminəm ki, bu əsəri oxuyan(və oxuyacaq) və sabaha boylanmaq imkanı olan hər bir kəs mənimlə həmfikirdir. Ən əsası, bu məqamda ədalət naminə bir vacib və həlledici faktı da yada salmaq nəinki yerinə düşər, hətta, zəruridir. Söhbət resbulikamızda keçirilən ədəbiyyat müsabiqələrindən gedir. Kimsəyə sirr deyil, təəssüf ki, belə müsabiqələrin əksəriyyəti subyektivliyə, bəzənsə “Əl əli yuyar, əl də üzü” məntiqinə söykənir. Ədibin Evinin təşkilatçılığı ilə Mir Cəlalın xatirəsinə həsr olunan nüfuzlu hekayə müsabiqəsi isə bu baxımdan müsbət tərəfdən fərqləndi və Yaşar Bünyad kimi bir yazıçının daha ürəklə ədəbiyyat meydanına atılmasına təkan verdi. Ədəbiyyatda peşəkarlıq və halallığın qatı tərəfdarı olan Xalq yazıçısı Elçinin rəhbərlik etdiyi münsiflər heyəti Yaşar Bünyadın “Hələ ki təyyarələr uçur” hekayəsini ikinci mükafata (xatırladaq ki, münsiflərin qərarı əsasında həmin müsabiqədə birinci yer heç kimə verilmədi) halalcasına layiq gördü. Beləliklə, Ədibin Evi qısa müddətdə “Miqrant” hekayələr toplusu, “İblis busəsi” və “Azan gəmilər limanı” kimi layiqli əsərləri ortalığa qoyan Yaşar Bünyada qol-qanad verdi, onu daha böyük hədəflərə köklədi. Xatırladım ki, müəllif yeni kitabının təqdimat mərasimində bu həqiqəti içdən gələn səmimiyyətilə etiraf etdi. Yazımın sonunda əsərlərində xeyli orfoqrafik və üslub səhvlərinə yol verdiyini, yazılışca oxşar, mahiyyətcə isə tamam başqa mənalar kəsb edən bir sıra sözləri dəyişik saldığını müəllifə xatırlatmaq istərdim. Bundan başqa onun bizim milli-mənəvi dəyərlərimizə yad olan bəzi məqamlara bütün çılpaqlığı ilə əsərlərində yer verməsinə də lüzum görmürəm. Həmin səhnələrsiz də Yaşar Bünyadın əsərlərinin qəhrəmanları kifayət qədər təbii və dolğundur. Yeni-yeni yaradıcılıq uğurları diləyi ilə...
Azad Müzəffərli
Ədalət.- 2019.- 23 iyul.- S.5.