Azərbaycan mətbuatı - 144 illik yol
Bu gün Azərbaycan milli mətbuatının
144 yaşı tamam olur.
Ölkədə
ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi
tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin
nəşrə başladığı 22 iyul Azərbaycanda
Milli Mətbuat Günü kimi qeyd olunur.
"Əkinçi"nin
1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap
olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının
təşəkkül tapmasında, inkişafında əvəzsiz
rolu olub. Əsasən maarifçilik
missiyasını üzərinə götürmüş
"Əkinçi" az müddətdə
həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox
məşhurlaşıb.
Ötən
illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin
proseslərə baxışını əks etdirən
güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda ümummilli lider Heydər
Əliyev tərəfindən senzuranın ləğvi isə
Azərbaycanda mətbuatın inkişafına ciddi
təkan verib.
Azərbaycan
mətbuatı indi özünün yüksəliş mərhələsini
yaşayır. Bu yeni inkişaf
dövrünün təməlini qoyan ulu öndər Heydər
Əliyev hər zaman mətbuatın cəmiyyətə
təsir gücünü yüksək
qiymətləndirib, mətbuat və söz
azadlığı, kütləvi informasiya
vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirib.
Müstəqillik dövründə Azərbaycan
mətbuatı ilə bağlı ilk Fərman
da Heydər Əliyev tərəfindən
imzalanıb. 2000-ci il martın 27-də imzalanan "Azərbaycanda milli
mətbuatın yaradılmasının 125 illiyi"
haqqında Fərmanla ölkəmizdə demokratik
mətbuatın yaradılmasının 125 illiyi
təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu
Öndər mətbuatın problemlərinin həlli ilə
bağlı ondan çox
sərəncam və fərman imzalayıb.
1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən Qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı.
Ümummilli
Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən
də yüksək dəyərləndirildi. Heydər
Əliyev 2002-ci il martın 22-də
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
tərəfindən "Jurnalistlərin dostu"
mükafatına layiq görüldü.
Bu
gün müstəqil mətbuatın formalaşması və
inkişafına xidmət edən siyasət Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və
mətbuat azadlığına, kütləvi informasiya
vasitələrinə ən yüksək səviyyədə
diqqət və qayğı göstərilir. Azərbaycanın
artan iqtisadi
imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin
aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə
şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli
Sərəncamı ilə "Azərbaycan Respublikasında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun
yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək,
jurnalistlərin sosial vəziyyətini
yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın
yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik
yardımların göstərilməsi, mətbuat
işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə
görə jurnalistlərin fəxri adlarla
təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə
çalışanlara göstərilən qayğının
tərkib hissəsidir.
Prezident
İlham Əliyev hər beş ildən bir milli mətbuatımızın
yubileyinin təntənə ilə keçirilməsini ənənəyə
çevirib. Dövlətimizin
başçısı milli mətbuatın
yubileyi ilə bağlı ilk
Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın
130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu
sayda KİV əməkdaşı orden və medallarla təltif
edildi, fəxri adlara, Prezident təqaüdünə layiq
görüldü.
Milli
mətbuatımızın 135 illiyi də böyük təntənə
ilə qeyd edilib. Bu dəfə də
mətbuat nümayəndələri fəxri adlara
və mükafatlara layiq
görülüblər, kütləvi informasiya
vasitələrinə maddi yardım
ayrılıb. Mətbuat Şurası üçün yeni
binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham
Əliyevin binanın açılışında
iştirakı, jurnalistlər qarşısında
çıxışı bir daha bu həqiqəti təsdiq
etdi ki, azad mətbuatın inkişafı dövlət
siyasətində prioritetdir.
Prezident
İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə
gətirdi, böyük rəğbətlə
qarşılandı. Mətbuat
işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış
evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi
İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin
ayrılması mətbuat tariximizdə mühüm
hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən
20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə
Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu"
mükafatı qalibinin müəyyənləşdirilməsi
ilə bağlı KİV və jurnalist təşkilatları
arasında keçirdiyi sorğunun
nəticələrinə əsasən, Prezident
İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf
etdirilməsi sahəsindəki xidmətlərinə görə
"Jurnalistlərin dostu"
mükafatına layiq görülüb.
2013-cü
il iyulun 22-də dövlətimizin başçısı
jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat
Günü münasibətilə mənzillərin
paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa
edilən növbəti binanın təməlqoyma mərasimində
iştirak edib.
2017-ci
ildə sə milli mətbuatın yaranmasının 142-ci
ildönümündə Azərbaycan Prezidenti İlham
Əliyevin iştirakı ilə jurnalistlər
üçün ikinci binanın təntənəli
açılış mərasimi keçirildi və
üçüncü binanın təməlqoyma mərasimi
baş tutdu.
Dövlətimizin
başçısının mətbuata
qayğısının daha bir təzahürü 2018-ci il
iyulun 16-da Azərbaycanda nəşr olunan qəzetlərə
maliyyə yardımının ayrılması haqqında Sərəncam
imzalamasıdır.
Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır.
Ədalət.- 2019.- 23 iyul.- S.2.