Ceyhun Hacıbəyli haqqında ilk
monoqrafik tədqiqat
1991-ci
ildə keçirilən "Azərbaycan mühacirət ədəbiyyatı"
Beynəlxalq elmi simpoziumda gündəmə gələn məsələlərdən
biri də Azərbaycan xalqının görkəmli
simalarından olan Ceyhun Hacıbəyli haqqında ciddi,
sanballı və hərtərəfli işlənilmiş ilk
monoqrafiyanın ərsəyə gəlməsi idi.
Bu gün
deyə bilərik ki, tanınmış tədqiqatçı
Abid Tahirli bu sahədə üzərinə düşən
mühüm işin öhdəsindən uğurla gəlib
(Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və
yaradıcılıq yolu. Bakı, "Elm və təhsil",
2019, 344 səh.). Azərbaycan Milli Elmlər Akademiyası Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi
Şurasının 19 iyun 2017-ci il tarixli (protokol №8) qərarı
ilə çapı tövsiyə edilmiş əsərin
mündəricatına nəzər salarkən aydın olur ki,
müəllif qarşısına nə kimi böyük bilik və
gərgin zəhmət tələb edən məsələlərin
həllini qoyub.
"C.Hacıbəyli
Azərbaycan maarifçi-realist nəsrin görkəmli
nümayəndəsi kimi. Ədibin mühacirətəqədərki
yaradıcılığı" adlanan I fəslində
müəllif tamamilə doğru olaraq maarifçilik və
maarifpərvərçilik anlamları arasında olan fərqi
göstərir, C.Hacıbəylinin rusdilli qəzetlərlə
əməkdaşlıq və əsərlərinin də
çox zaman rus dilində yazılmasının səbəblərini
açıqlayır. C.Hacıbəylinin "Kaspi" qəzetində
dərc olunan məqalələrini ardıcıllıqla izləyərək,
onları tamamilə düzgün olaraq 9 yöndə qruplaşdırır:
məktəb, təhsil problemləri, dini dəyərlərin
təbliği, cəhalət və fanatizmin tənqidi, xeyriyyəçilik,
onun cəmiyyət üçün faydaları, formaları,
xeyriyyə təşkilatları, Qars qaçqınları,
onların problemləri, nadanlığın, laqeydliyin,
çürük adət-ənənələrin tənqidi, mətbuat-nəşriyyat
məsələləri, ədəbi-mədəni mühit,
onun problemləri, tarixi şəxsiyyətlər, onların
xidmətlərinin dəyərləndirməsi, xatirələrinin
əbədiləşdirilməsi, ilin ədəbi-mədəni,
ictimai-siyasi hadisələrinə həsr olunmuş hesabatlar və
qarşıda duran vəzifələr.
Araşdırmalardan
çıxış edərək, müəllif təsdiqləyir
ki, C.Hacıbəylinin publisistikasının məğzi,
mahiyyəti, ideyası, amalı maarifçilik missiyasına
xidmət etmə-sidir. Material üzərində işlərkən
tədqiqatçı Ceyhun bəyin imzalarına da xüsusi
önəm vermiş və qeyd etmək lazımdır ki, əldə
etdiyi faktlarla özündən əvvəlki tədqiqatçıların
fikirnə zidd olaraq sübut edir ki, "Dağıstani",
"Daqestanı" imzaları Cəmaləddin Məmmədquluzadəyə
deyil, məhz Ceyhun Hacıbəyliyə məxsusdur. A.Tahirli
bir çox məqalələrin qısa izahını oxucuya
çatdırır və maraqlısı odur ki, elə bil
onlar bu gün üçün yazılıb: misal
üçün "dil və məktəb" mövzusu,
toy məclislərinin ağlamalı sonu, yaxud
qaçqınlar, erməni düşmənçiliyi, xeyriyyəçilik,
humanitar yardım, təşkilatçılıq məsələləri
ilə bağlı yazılar. Müəllif belə qənaətə
gəlir ki, bu məqalələr tariximizi, ənənələrimizi
öyrənmək, tədqiq etmək baxımından
maraqlı mənbədir və bugünkü jurnalist -
publisistlər üçün böyük məktəbdir, həyatın
ibrət dərsidir.
I fəslin
"Din və ruhanilərimizin cəmiyyətdəki rolu
haqqında" olan bölümündə də müəllif
C.Hacıbəylinin bu mövzuda olan məqalələrini diqqətlə
izləyərək, əvvəla Ceyhun bəyi
"İslamın mahir bilicisi" adlandırır və
göstərir ki, istedadlı qələm sahibi, ruhaniliyin
mövcud problemlərini çox obyektiv şəkildə
araşdırmış, çıxış yollarını
göstərmiş, bununla da, yalnız "ifşa etməklə"
məşğul olan, həm qafqazlı həmkarlarını
qınamış, həm də Avropada "fanatizm",
"dözülməzlik" kimi ibarələrlə car
çəkən İslamın düşmənlərinə
tutarlı cavab vermişdir. Hal-hazırda dünyada baş verən
münaqişəli hadisələri nəzərə alsaq, demək
olar ki, C.Hacıbəylinin İslamdan bəhs edən
yazıları elə bu gün də aktualdır.
Fəsilin
dördüncü bölümündə C.Hacıbəylinin
mühacirətəqədərki bədii
yaradıcılığını izləyən müəllif
sənətkarın povest, hekayə və felyetonlarını
araşdıraraq tarix və ədəbiyyatşünaslıq
baxımından olduqca dəyərli nəticələr əldə
edir. Yazarın "Hacı Kərim" povestinin yaranma
tarixini, nəşrlərini, tərcümələrini əsaslı
şəkildə nəzərdən keçirərək
olduqca inandırıcı bir fikir irəli sürür ki,
görünür, rus ədəbiyyatı ilə yaxından
tanış olan C.Hacıbəyli XIX əsr rus
yazıçısı Qleb Uspenskninin naturalist bədii
oçerk-hekayələr silsiləsindən bəhrələnərək
Azər-baycan ədəbiyyatına tam yeni bir bədii forma gətirib.
6 hissədən ibarət povestin hər bir hekayəsini
ayrı-ayrılıqda araşdıraraq A.Tahirli göstərir
ki, müəllif hər bir hekayədə öz sevimli qəhrəmanı
Hacı Kərimin xarakterinin hansısa cəhətlərini
açıqlayaraq, qəhrəmanın bütöv, tam bir
obrazını yaratmağa səy göstərmişdir.
Bu
bölümdə tədqiqatçı, C.Hacıbəylinin
mühacirətəqədərki dövrdə
yazdığı hekayə və felyetonlarında üzərində
onların mövcud hökumətin
yararsızlığını, xalqı
aldatdığını, məmurların rüşvətxorluğunu
əks etdimək məqsədilə yazdığını
tutarlı nümunələrlə nümayiş etdirir.
Nailə
MURADƏLİYEVA,
AMEA Nizami
adına Ədəbiyyat
İnstitutunun baş elmi
işçisi,
filologiya elmləri doktoru
Ədalət.- 2019.- 25 iyul.- S. 7.