SAZIN-SÖZÜN İŞIĞI
Mənim barmaqla sayılası çox sədaqətli
və səmimi ziyalı dostlarım var. Nə
onlar məndən bir şey umur, nə də mən
onlardan. Sadəcə olaraq bizi
yaxınlaşdıran, doğmalaşdıran, bir-birimizə
sevdirən sadəliyimiz, səmimiyyətimiz və bir də dünya
malında gözü olmamağımızdı.
Belə dostlarımdan biri də çox böyük
ziyalı, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı,
Azərbaycan Aşıqlar Birliyinin sədri,
professor Məhərrəm
Qasımlıdı.
Məhərrəm müəllimlə mənim dostluğum ötən əsrin 70-ci illərində ADU-da (indiki BDU) oxuduğumuz vaxtlarda başlayıb. Və o dostluq 40 ildən çoxdur ki, davam eləyir. Tez-tez bir-birimizlə telefon əlaqəsi yaradırıq. İmkan olanda, vaxt tapanda bir stəkan çay da içirik. Və çay süfrəsi arxasında tələbəlik illərindən bu günə kimi keçdiyimiz yolu yada salır, maraqlı anları və məqamları xatırlayır, o ki, var keçmişin şirinliyində özümüzü daha doğma hiss eləyirik.
Hər
yeni kitabı çıxanda ilk oxucusu da mən oluram. Yenə
görüşdük, bir
stəkan çay içdik,
çörək kəsdik, təzə çap
olunmuş "Azərbaycan aşıq ədəbiyyatı”ı
kitabını mənə hədiyyə etdi.
Aqil Abbasa və
Əbülfət Mədətoğluna salamını
çatdırmağı bildirdi.
Sözün düzü, onun kitablarının hər biri mənim üçün çox doğmadır. Çünki Məhərrəm müəllim hansı məqaləni, hansı yazını, hansı kitabı araya-ərsəyə gətirirsə, o yazıların dili, üslubu bal kimi şirindi. Və mənə bağışladığı yeni kitabı da bir axşamın içində bir nəfəsə oxuyub başa çatdırdım. Düşündüm ki, ürəyimdən keçənləri qələmə alım ki, qoy oxucular da bilsinlər ki, Məhərrəm müəllimin yeni çapdan çıxmış "Azərbaycan aşıq ədəbiyyatı” kitabı nə qədər maraqlı, orijinal, sazın və sözün koloritini özündə əks etdirən dəyərli bir mənbədir. Onun ərsəyə gətirdiyi "Azərbaycan aşıq ədəbiyyatı” kitabı aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarətdir. Görkəmli alimin bu kitabı hazırlamaqda əsas məqsədi Azərbaycan aşıq ədəbiyyatının milli özünəməxsusluğu və tarixi inkişaf mərhələləri barədə oxuculara dolğun bilgi verməkdir. Müəllif kitabın ön səhifəsində yazır: "İstəkli oxucu, iyirminci yüz ilin səksəninci illərindən başlayaraq ozan-aşıq ədəbiyyatı ilə bağlı sistemli və çoxyönlü araşdırmalar aparmaqdayam. Azərbaycanla yanaşı, Sibir-Altay, Orta Asiya, İran və Anadollunu dönə-dönə gəzib dolaşmışam. Gəldiyim son qənaət budur ki, "aşıqlıq” ecazkar saz-söz sənəti olmaqdan daha çox möhtəşəm fəlsəfi sistemdir...”.
Doğurdan
da kitabı vərəqləyəndə biz bu sistemin bir daha fəlsəfi
sistem olduğunu dönə-dönə hiss edirik. Hiss edirik ki,
Məhərrəm müəllim əli qələm tutandan ömrünü, gününü ozan-aşıq sənətinin
araşdırılmasına, təhlilinə və fəlsəfəsinə
həsr edib. Bu sahədə
o, Azərbaycanda ən istedadlı və zəhmətkeş
alimlərdəndir.
Kitabı
vərəqlədikcə bir-birindən gözəl
aşıq sənəti ilə bağlı oçerklərə
rast gəlirik. Həmin yazıların sərlövhəsini
bir daha oxucuların
diqqətinə cəlb edirik: "Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”,
"Dədə Qorquddan üzü
bəri”, "Qurbanidir mənim adım”,
"Aşıqlığın padşahı – Abbas Tufarqanlı”,
"Bayatılarımızın heyrət heykəli – Sarı
Aşıq”, "Xəstə Qasım Tikmədaşlı”,
"Abdalgülablı Valeh – Valeh ləqəbimdi, Səfidir adım”, "Aşıq
Hüseyn Şəmkirli”, "Ələsgərəm,
hər elmdən haliyam”, "O bir Haqq
aşığı idi – Hüseyn
Bozarqanlı”, "İsmi Pünhan
aşığı Molla Cüma”,
"Aşıqlığın Dədə Şəmşir
ucalığı”... Bu yazıların hər
birinin öz dili, öz üslubu,
öz mayası var.
Məsələn,
"Dədə Qorquddan üzü” bəri oçerkindən
oxuyuruq: "Sazın-sözün əzəli və əbədi
missiyası xalqın dilini, ruhunu yaşatmaq,
arıdıb-durultmaq, onun tarixi-mənəvi kimliyini, etnoqrafiq
yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə
özünəməxsusluğunu, könül gözəlliklərini
sirli-sehrli bir ecazkarlıqla sabaha daşımaqdır. Yüzilliklərin uzaq dərinliklərində
möhtəşəm oğuznamələri düzüb-qoşan
alp ozanlarının könül
yadigarları bu gün
bizim üçün
ona görə əzizdən əzizdir ki, onların hər kəlməsində dilimizin, ruhumuzun, mənəvi
varlığımızın aydınlığını, duruluğunu, yenilməzliyini görə bilirik. Bu baxımdan Ata Qamların
(şamanların), Dədə ozanların əski çağlardan başladıqları
mübarək yolu – dil
və ruh mücadiləsini sonrakı
dönəmlərdə ustad
aşıqlarımızın poetik ovqatla davam etdirməsi, mənsub
olduğu xalqın mənəvi gücünü qürurla
daşıması, yeni nəsillərə
təlqin edib mənimsətməsi, milli varlığımızın, o cümlədən də istiqlal
və dövlətçilik düşüncəmizin qorunub möhkəmləndirilməsində mühüm rol oynamaqdadır...”.
Bu milləti, bu xalqı dünyaya tanıtdıran, dünyaya sevdirən ozan-söz sənətidir. Çünki bizim millətin mayası sazdan, qoşmadan, bayatıdan, təcnisdən, dodaqdəyməzdən, dildönməzdən... yoğrulub. Və bu həm də millətin vizit kartıdır. Bizi dünyada ən çox saza və sözə görə tanıyıblar. Hətta Dədə Qorqud qopuzu Aruzun qarşısına çıxararaq deyirdi ki, sizi and verirəm bu qopuza, qardaş qırğınına getməyin! Deməli, qopuz, saz bizim həm də inanc və and yerimizdi. Və bu and yerimiz mübarək olsun!
Biz bu kitabda böyük aşıqlarla – Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Abdalgülablı Valeh, Yəhya bəy Dilqəm, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cümə, Növrəs İman, Dədə Şəmşir, Mikayıl Azaflı... ilə yenidən tanış olur, onların böyük istedad və aşıq sənətinin şahidinə çevrilirik.
Kitab
"Şərq-Qərb” nəşriyyatı tərəfindən
çap edilib. Redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı,
rəyçi filologiya üzrə fəlsəfə
doktoru Tinatin Məmmədova,
tərtib edən Təranə Vəliyevadı.
İnanırıq
ki, professor Məhərrəm Qasımlının "Azərbaycan
aşıq ədəbiyyatı” kitabı kitab bolluğunda
tamamilə başqalarından seçiləcək və
öz sevimli oxucularını tapacaqdı. Çünki Məhərrəm müəllim bu
kitabı ürəyinin atəşi, qəlbinin aşıq sənətinə
olan böyük sevgisiylə qələmə alıb. Böyük sevgilərsə həmişə
ürəklərə yol tapıb.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2019.- 25 iyul.- S.6.