Ağıl xəzinəsinin
qılıncı – Dil
"Dil yırtıcıdır,
cilovu buraxıldımı, hücum çəkər,
parçalar" (həz.Əli)
Dil Allahu-Təalənin yaratdığı çox vacib və qəribə cövhərlərdən biridir. Görünüşcə bir ət parçasıdır, fəqət var olan hər şey onun idarəsi altındadır. Hətta mövcud olmayan şeylər də. Çünki o, həm yox olanları (olmayanları), həm də var olanları anladır və əslində ağlın tərcümanı və vəkilidir. Sözü "doğan" dil, "əkən" ağıldır. Yəni təbir caizsə, sözün anası dil, atası ağıldır. Ağlın xaricində isə heç bir şey yoxdur. Dil də ağla, vəhmə (qorxu hissi, şübhə, fikir) və xəyala gələn hər şeyi söyləyir. Digər üzvlərin bu qədər çoxfunksiyalı vəzifələri yoxdur. Məsələn, göz rəng və şəkildən başqasını görmür. Qulaq isə ancaq səsi eşidir. Bədəndəki üzvlərin də hər birinin əsasən, bir vəzifəsi var. Dil isə qəlb kimi bütün üzvlərlə münasibət qurur.
İman, qəlb və dil
münasibətləri
Söz, qəlb, dil münasibətləri barədə həz.Əli buyurub: "Sözün yeri qəlbdir, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə məna; bəzəyi biçimli deyilməsidir; düzgünlüyü doğruluğundadır".
Dil qəlbin
qarşısındadır. Qəlbdəki surət və hissləri
ondan alıb söylədiyi kimi, qəlbin xaricindəki surətləri də
qəlbə çatdırır və söylədiyi hər
sözdən qəlbdə bir sifət meydana gəlir. Məsələn, dil yalvarma-yaxarma kəlmələrilə
danışıb fəryad etdikdə, qəlb şəfqət,
rəhm, qəmlənmə və kədər sifəti
alır. Beləcə, qəlbdə yaranan
atəşin alovu beyni
örtür və gözlərdən yaş (damcı) axmağa
başlayır. Xoş və gözəllikləri
vəsf edən sözlər danışılanda qəlbdə
sevinc duyğuları əmələ gəlməyə
başlayır və şəhvət qamçılanır.
Beləliklə, dilin ifadə etdiyi hər sözdən qəlbdə ona müvafiq bir sifət yaranır. Dil pis sözlər danışdıqda qəlb
qaralır, bərkiyir. Əksinə, doğru
və yaxşı şeylər barədə danışarsa,
qəlb nurlanmağa, parlamağa
başlayır. Dil yalan
və əyri danışsa, qəlb də əyilər və
o, artıq heç bir şeyi doğru
görməz, əyri ayna kimi
olar. Həmin səbəbdən
yalançının, riyakarın, fasiqin
(pozğunun) yuxuları doğru
olmaz. Çünki qəlbləri
yalan və pis sözlərdən
əyrilmişdir. Qəlbi və dili doğru olanın isə, yuxusu
da Yusif (ə) kimi doğru olar.
"Qəlbi
pis olan yaxşı şeylər söyləyə bilməz. Çünki ağız (dil)
qəlbin daşmasından söylər" (həz.İsa):
"Biz atların ağzına yüyən
taxırıq ki, bizə itaət etsinlər
və bütün bədənini də
çevirə bilirik. Baxın, gəmilər
də kiçik bir sükanla idarə edilir. Dil də belədir.
O, kiçik bir üzvdür, amma çox lovğalanır. Dil
alovdur. O, haqsızlıq aləmidir...
İstər heyvanların, istər quşların hər cinsi insan tərəfindən
əhliləşdirilir. Dili isə heç bir insan əhliləşdirə bimir.
Dil qarşısıalınmaz bəla və öldürücü
zəhərlə doludur. Biz dil
ilə Rəbbi həmdi-səna edirik.
Və dil ilə də pis sözlər danışırıq. Təqdis və lənət eyni ağızdan çıxır. Məgər bir qaynaq eyni gözdən şirin və acı su çıxardarmı" (İncil, Yaqub 3: 2-11); "Əgər sizlərdən biri düşünürsə ki, dindardır, amma qəlbini aldadıb öz dilini yuyənləməzsə, onun dindarlığı boşdur" (İncil, Yaqub 1:26).
İman, qəlb və dil münasibətlərini açıqlayan Peyğəmbər (ə) buyurub: "Qəlb doğru olmadan iman doğru olmaz. Dil də doğru olmadan qəlb doğru olmaz". Həmin səbəbdən dinimizdə çox və səbəbsiz danışmaqdan, dilin bəlalarından uzaq durmaq mühüm işlərdən biridir. Rəbbimiz buyurub: "Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir" (Nisə114). Həz.Məhəmməd isə buyurub: "Susan və vüqarlı bir mömin görsəniz, ona yaxın durun. O, hikmətsiz deyil".
Söz yağışa bənzər: çox
yağanda fəlakət, münasib
yağanda bərəkət
Klassiklərə
görə, söz dörd qisimdir. Birincisi
tamamilə zərərlidir. Sümükdən olmayan
dil bu halda
çox sümüklər sındırar.
İkincisində həm zərər, həm də fayda var.
Üçüncüsündə nə fayda,
nə zərər var. Bu,
mənasız danışmaqdır və zərəri
vaxtı boş keçirmək baxımından kifayət qədərdir. Dördüncüsü ancaq
faydalı sözlərdir. Elə "susan
xilas oldu" Peyğəmbər
(ə) kəlamının mənası da
budur. Quran hikmətinə görə, bəndənin
danışdığı hər
söz həm də onun
"anketinə" yazılır. Əgər mələklər
bu sözlərin əvəzinə pul istəsəydilər, zəhmət
haqqının qorxusundan on
sözün doqquzunu tərk
edib, bəlkə birini
də danışmazdıq. Göründüyü
kimi, söz yağışa
bənzər. Çox yağanda
fəlakət, münasib yağanda
bərəkət olar.
"Dil yırtıcıdır,
cilovu buraxıldımı, hücum çəkər,
parçalar" (həz.Əli)
Elə adamlar var ki, kimsə bir söz söylədimi, dərhal onu inkar edib: "Xeyr, elə deyil" - deməklə sərt etiraz etməyin adətkarıdır. Bunun mənası: "Sən bilmirsən, yalan danışırsan. Mən isə doğru danışıram" - deməkdir. Dilini ağlından qabağa salan belələri iki məhvedici sifəti büruzə verirlər. Biri təkəbbür, digəri başqasına təpkidir. Belə arzuolunmaz məqamlara toxunan həz. Məhəmməd buyurub: "Haqlı olduğu halda mübahisəni tərk edənə Cənnətin ən yüksək yerində, haqsız olduğu halda mübahisəni tərk edənə isə Cənnətin ortasında yer verilir". Çünki, inciklik olmasın deyə, haqqı deməməkdə səbir etməyin savabı, yalan və əsassız şeyləri deməməkdə səbir etməyin savabından daha çoxdur. Deməli, zərurət olmadan heç bir adamın qəlbinə toxunmaq doğru deyil. Belə müstəsna hallarda "haqqı demək haqdandır, fəqət hər haqqı demək də haqdan deyil" tövsiyəsi daha bəyəniləndir.
Dilin bəlalarından biri də ifrat və yüngül zarafatdır. Peyğəmbər (ə) zarafatı qadağan etməyib. Az və əndazəni aşmamaq şərtilə yeri gələndə zarafatlaşmaq mübahdır (izn veriləndir). Lətifənin isə şərti onu danışanın yaxşı xasiyyətli, gözəl əxlaqlı olması, doğru danışması və lətifənin adət-peşə halına gətirilməməsidir. Çünki ifrat zarafat həm düşmənçiliyə yol açar, həm də vaxt alar və çox güldürər. Çox gülmək isə qəlbi daşlaşdırar, təmkini yox edər. İfrat zarafat barədə deyilib:
"Zarafat üzlərin tökər suyunu,
Artırsan pisliklə
qurtarar sonu".
Marağalı
(Azərbaycan)
Əvhədi (v.ə.1385)
Zarafatı qadağan etməyən Peyğəmbər (ə) buyurub: "Mən də zarafat edirəm, lakin doğru danışıram". Onun gülüşü təbəssümü idi. Çox güldürən şeyi pis qəbul etdiyi üçün buyurub: "Mən bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız".
(Ardı gələn
sayımızda)
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə
doktoru
Ədalət.- 2019.- 25 iyul.- S.6.