Nəğmələrində göründüyümüz müğənni

 

Haqqında nə qərəzli, nə də qeyri-səmimi yazacağım bir kəs yoxdur. Sadəcə, doğru və yanlış bildiyim məqamlar var ki, onları vurğulamağı çox sevirəm. Yazdığım hər cümlə naqil dirəklərə bərkidildiyi qədər qəlbimə bağlıdır. Səmimiyyətimə inanın. Daha bunu birheç bir yazımda vurğulamayacam. Qəlbimlə beynimin arasında baş verən qısa qapanmadan yaranan qığılcımları qələm tutub saxladıqca məni yaxından tanıyacaqsınız. Ətrafa sıçrayan hər nə varsa ( ideya, amal, niyyət və s.) bilin ki, əqidəmin göstəriciləridir. Vəssalam.

Yaxşı insanların yaxşılığından, pislərin də pisliyindən, heç kəsdən mənəvi dəstəyini əsirgəməyənlərin gözəl keyfiyyətlərindən, qarşında tikanlı məftil kimi dayananların da "tikanlarından” bəhs etməkdə qəbahət görmürəm. Əksinə belə hallardan yazılı bir nümunə qoymaq, kimlərinsə oxuyub ya özünü görməklərinə, ya da nəticə çıxarmaqlarına səbəb olmaq lazım olduğunu düşünürəm. Narahat olduğunu hiss edəndə qəlbimə tərəf boylanıram. Orda baş verənləri gözlə görmək mümkün olmadığı üçün Allah-təala qələmi insanlara bəxş edib ki, açıb baxa bilmədiyi qəlbində nələr baş verdiyini yazıb göstərə bilsin. Qələm güzgüyə çevrilir, daxili dünyanı açıb göstərir. Bu güzgüdən istifadə etməyi həddən çox sevirəm. Əsl güzgüyə vaxt ayırmasam da qələm güzgünün qarşısından saatlarla ayrılmıram və bundan da zövq alıram. Ürəyimi yaxşı tanıdığım üçün orda baş verənləri izah etməkdən çəkinmirəm. İnanıram ki, yazdıqlarımı oxuyan hər kəs o yazıların səmimiliyinə inanacaq, hansı məqsədlə ərsəyə gəldiyini elə ilk cümlələrdən duyacaqlar. Yazdığım hər şeyi bu arxayınçılıqla yazıram,. Yazarkən özümü o dərəcədə xoşbəxt hiss edirəm ki, gözümdən nurun əskilməsinə belə sevinirəm. Bununla sevdiyim insanlara təmənna güdmədən sevgimi izhar etməyə çalışıram.

Təmənnasız sevdiklərimdən birini bu axşam sözə hopduracam. Söz cahanda əbədilik qazanmış nəsnələrdəndir. Sevdiklərimi ona etibar edirəm.

Əsas mətləbə də elə sözün üzərindən musiqini sıyırıb tökməklə başlayacam. Başqa çarəm yoxdur. Yazıda o səsi və ahəngi vermək mümkün deyil. Əminəm ki,

 

Gecə küsdü ay da batdı

Yuxusuna haram qatdı,

Ürəyimi dərd oyatdı

Mən gözlədim, sən gəlmədin.....

 

misralarını oxuyanlar, sevgidə yetim qalanlar "Qədir Qızılsəs” deyə həyəcanla pıçıldadılar. Hər gecə hamıdan gizlənib sevgilisinin yolunu gözləyənlər, əzabları ilə zülmət gecələrdən fərqlənməyən gündüzlər həsrət çəkənlər bu mahnını kimin oxuduğunu bilməzlərmi? Uzaqdan qulağınıza min dənə həzin nəğmə səsi gəlsə də onların içində Qədir Məmmədovun səs adlı kədərini tanıyacaq, duyacaqsınız.

 

Yollarında itib qaldım

Döngəsində bitib qaldım,

Tənha qaldım, yetim qaldım

Mən gözlədim, sən gəlmədin.

 

Elə bu hicranın təsirindən ayrıla bilməyən həmin yetim insanın ümidsiz halda dinlədiyi daha bir mahnıdan –

 

Bilsəm gələrsən, durub yol üstə

Sən gələn o yollara çiçək səpərdim

Bu ayrılığa əlvida deyib

Qaçıb ayaq izlərindən də öpərdim.

yanğısından da Qədir boylanır. Bu səs nələr oxuyur, bu səs nələri xatırladır... Səslə sözlər bir-birinə necə qarışırsa onları seçmək çətin olur. O elə oxuyur ki, adam elə bilir müğənni bunları həmin an yaşayır. Bəzən də onun sənin hislərini nəğmə şəklində oxuduğunu zənn edirsən.

 

Qayıt şeirimin sətrinə qayıt

Qayıt ömrüm-günüm yanıma qayıt

Qayıt ikimizin xətrinə qayıt

 

deyib göz yaşı tökənlər, bəlkə də sirrinizi onu kimi açıb-ağardan olmayıb. Nəğmələrini bir-bir xatırlatsam həsrətiniz təzədən nəqərat-nəqərat təzələnəcək, xatirələriniz nəğmə-nəğmə pərən-pərən düşəcək. Səpələnən hislərinizi yığın, həmdəm olun bir-birinizə. Baxın sizin kimi nə qədər sevgisi perik düşmüş adamlar var. Onlar Qədir oxuyanda baş-başa verirlər.

Son dövrlərdə götürdüyü "Qızılsəs” təxəllüsü Qədir Məmmədov imzasına kölgə salmadı. Onda o cür, indibu cür sevilir. Məmmədbağır Bağırzadə ilə birgə evimizin ən sevimli qonağı idi. Onları ekranda görəndə aləm bir-birinə dəyirdi. Nənəm xanəndələrə söz çağıranlar deyirdi. Bəli, onlar sözü çağırırlar, amma sözün kimə gələcəyi səslənməkdən asılıdır. Yaxşı səsləyərsən notlar da ayaq açıb yanına qaçar. Bu sarıdan Qədir Məmmədovun bəxti gətirib, söz ondan qaçmır, hansını çağırırsa gəlib qarışır duyğularına. Hər dövrdə söz çağıranlarımız çox olub, amma Allahdan gizli olmayanı sizdən niyə gizlədim, bu zamanda yaxşı söz çağıranlarımız azdır. Az-çox yaxşıları da ötən illərin musiqi ab-havasını almışlardır.

Bizim pis xüsusiyyətimizin biribudur ki, sağlığında heç kəsə dəyər vermirik, üstəlik paxıllığını çəkirik. Gözləyirik ki, o dünyasını dəyişsin, biznekroloq yazaqyaxud da tərifləyək. Məhəbbət Kazımov neçə ki, sağ idi elə saytlar, jurnalistlər vardı ki, onu heç yada salmırdılar. Bəlkə də, belə bir müğənni olduğunu unutmuşdular. Bir səhər oyanıb gördük ki, bütün səhifələr, saytlar qan-yaş tökür ki, M.Kazımov dünyasını dəyişidi. Təbii ki, onun sevilməyinə, bir çox saytların ölümünə təəssüflənməyinə şübhəm yoxdur. Amma rəhmətlik sağ olanda bircə dəfə də olsun haqqında yazmayanlar həmin gün onun ölümündən yazırdı. Məhəbbət Kazımov ancaq xəbər rolunu oynayırdı. Onun adını görənlər üçün bu təsirli olacaqsayta daxil olub oxuyacaqdılar. Söhbəti bu qədər uzatmaqda bir məqsədim var. Demək istəyirəm ki, sevdiklərim üçün vaxtında yazmağı sevirəm. Onun mahnıları həmişə mənə sirr kimi görünüb. Özümsirrimi bu nəğmələrdə gizlətmişəm. Onun ifası ilə bildim ki, həsrətin, kədərin və hicranın da səsi olurmuş, onun ifası ilə tanıdım sevgisi qəlbində daşa dönənləri. Unudulanları, unutmayanları, gəlməyənləri, kədərdən qopmaq istəyənləri Qədirin nəğmələri nişan verdi mənə. Sevgini ötəri hislərlə ayıra bilməyənlərə bir nümunədir onun yanıqlı səsində canlanan nəğmələr. Dinləyin bu mahnıları, kədərdən qorxmayın, o, sizə çox şeyi anladacaq, eyforiya dalınca qaçmağa çox bənd olmayın. Kədərin qandırdığı mətləbləri hələ heç kəs başa sala bilməyib bizə.

Həyatda üz-üzə gəlmədiyim adamları uzaqdan sevməyə alışmışam. Özü də mənim sevgim təmənnasız olur.

Qədir Qızılsəsə deyin ki, nəğmələrindən aldığım zövqə görə yazımı təşəkkür məktubu kimi qəbul etməyini istəyirəm.

 

 

Pərvanə Bayramqızı

 

Ədalət.- 2019.- 25 iyul.- S.5.