Tarmar edilən yurda
ağı...
Yurd
itkisi köz kimidir, adamı yandırıb yaxır, nəfəs
almağa, dincəlməyə qoymur, gülməyə qoymur,
sevinməyə qoymur, ürəyimizi pörşələyir,illər
uzunu yurd deməkdən dilimiz qabar bağlayıb. Kədər
köynəkli,dərd yüklü bu həsrəti yaşamaq
zülümdü.
Yurdsuzluq adamı için-için oyur, bir tərəfdən də bir nadanın kinayəsi , tənəsi xəncər kimi ürəyimin başına saplanır. Mən yurdsuz deyildim ki, köçkünə tənə eləyən nakəs, mənim də yurdum-yuvam var idi, indi tərki-vətən olub dərviş kökünə düşmüşəm.
Axı,bu mənim yüküm deyildi, hər nadan bir daş atıb, neyləyim, məcburam daşıyam. Daş yükünü daşımaq asandır, Söz yükünü daşımaq olmur, vallah, çiyinim əyilir. Hələ bu azmış kimi, düyün-düyün fikir kötüklərini də üstümə atırlar, onu doğramağa, onu yarmağa, onu açmağa heyim hərəkətim qalmayıb axı?!
Qıraqdan baxan elə bilir ki,əkib biçirəm, axı, doğma torpaq yoxdursa, onda becərdiyim dəqiq bil ki, qamışdı, eşidən, görən, biləndə qımışır, özü də elə qımışır ki, adım yadımdan çıxır. Heç olmasa quru adım qalmışdı, hərdən çağırardılar, neynəyim, elə bir gün gəlib ki, adamı öz adıyla çağırmırlar...
Sınaqdan keçdik, qoca tarix bizi çox ülgüdən keçirsə də, başımız çox ağrılar, çox müsibətlər çəkib, kirpiyimizi kösöv eləyib enişli-yoxuşlu, duman-çən basmış yolumuza çıraq kimi tutmuşuq. Mərdi qova-qova namərd elədilər, bizi çörəklə, suyla, qeyrətlə, namusla sınağa çəkdilər, yurdumuzu hərraca qoydular, düşməndən də beşqat artıq qisas aldılar.
Bürkülü dolaylarda tülkü süləngi, hər çalaya,çuxura tərs-tərs baxır. Süləngi tülkünün qəzəbi yaman qəddar olurmuş, çox keçmədi ki, kotan da bildi ki, zəncir nə çəkir, səsimizə, sözümüzə, gözümüzə, dilimizə, arzularımıza paslı bir zəncir vurdular.
Erməni faşızmi mənim körpəliyim,yeniyetməliyim, gəncliyim keçən yerləri işğal edəndən sonra evləri də, ağacları da, torpağı da yandırdı, tüstüsü göylərə bülənd oldu, yurdumu tarmar etdilər, ağ damlı şəhərimi yer üzündən sildilər. O yerlərdəki ayaq izlərim yandı, könlüm, qəlbim yandırıldı, bu nə ömür oldu ki, kərpic-kərpic sökdülər, od vurdular, indiki ömrüm də elə qaralmış ocaq yeridir.
Orda nə bitər ki?! Qondarma budaqda axı, nə bitər ki, toxumu yalan, tumu yalandı. Dünya da kı, tamam qırdıqaçdı...Qapın hayandadır,ay qoca dünya, ay qarı dünya, qapını aç, çıxım gedim. Əgər gedə bilsəm?! Hara gedəsiyəm ki?! Yurd yox, yer yox, ev-eşik yox, səmtindən, izindən də neçə illərdir soraq yoxdur...
Özü
də şəhid oldu,qoynundakı şəhid məzarları
da dübarə şəhid oldu,qalxdı,qabardı torpaq, əlindən
tutanı olmadı, səsinə, ününə yetəni
olmadı, çat- çat olub dodağı, cadar-cadardı
torpaq. Üstündə iməklədiyimi,
üstündə gəzdiyimi halal eləmə,
səni yağılar əlində qoyduğum
üçün, hayına çata bilmədiyim üçün
haqqını halal eyləmə...
Birdən
elə bil Ağdamın xarabalıqlarından,”ruhlar şəhəri”ndən
bir qərib səs ucalır, pıçıltı ilə bizə
deyir ki, iki şəhidlər qəbirstanlığında
ruhların harayı göylərə bülənd olub. Niyə
qayıtmırsınız?!
Bu
suala cavab vermək mümkün deyil. Bizi dədə-baba
torpağımızdan, yurd yerimizdən,
uşaqlığımızdan, gəncliyimizdən, ilk sevgimizdən, mənəviyyatımızdan,
adət-ənənələrimizdən, xeyir-şərimizdən,
bir sözlə
özümüzü-özümüzdən zülümlə,
sitəmlə,xəyanətlə ayırdılar. Qisas aldılar. Ağdam
sarsıldı, bu cənnət diyar şəhid oldu.
Neyləmək
olar, bu da bir tale oldu, dözdük, kösöv kimi içimiz
qaraldı. Ayrıldıq, beşiyimizdən,
qibləmizdən ayrıldıq. İyimi
altı ildir bu
ayrılığın yaşı. Bu qəddar
ayrılıq bizi yadlaşdırdı, bizi qocaltdı, bizi ruhu uçmuş bir məxluqa çevirdi.Məğrurluğumuza,
ağayanalığımıza, adımıza gölgə
saldı. Fəqət bizi əysələrdə,
sındıra bimədilər?!
Öldürülmüş,
qarsalanmış, üzərinə neçə-neçə
çirkab atılmış avaz ilə Ağdama ağı
demək istəyirəm... Xaraba qalmış bir yurdun
hıçqırıqları, ağrı-acısı dilə
gəlir:
-Hardasınız,
haralara üz tutdunuz, ocağınız yansa da,
işığınız gəlsə də,
danışıb-gülsəniz də,
özünüz-özünüzdə deyilsiniz. Qərib-qərib
gəzib dolaşsanızda ürəyiniz, qəlbiniz, nəfəsiniz,
sözünüz-söhbətiniz, gülüşünüz,
hayınız-harayınız, göz
yaşlarınız məndədir, Ağdamdadır.
Qayıdın, oturmaqdan
ayağınız, uzanmaqdan beliniz, baxmaqdan gözünüz yorulmadı?! Qayıdın,
qayıdın, üzü Ağdama
sarı, üzü yurda
sarı, üzü beşiyə, ana qucağına sarı, üzü
qibləyə sarı.
Gəlin.
Dişiniznən, dırnağınıznan, qanınıznan
yol açın, nə olar. Darıxmışam, çox darıxmışam, səsiniz üçün, özünüz
üçün, gələcək nəsillər
üçün darıxmışam.
Qayıdın, gəlin, insafınız olsun,
gözü yolda
qalmışam. Qayıdın...
Axı, bu tarmar edilmiş, xaraba qalmış yurda deyə bilmirik ki, bizi ora doğma qucağına qayıtmağa qoymurlar, hərə bir tərəfdən yurdu, ev-eşiyi dağıdılanlara, məcburi köçkünlərə, məsləhət verir, ağıl verir, öyüd nəsihəd verir. Sakit olun, səsinizi çıxarmayın, haqqınızı tələb etməyin, yurd sözünü “lazım” gələrsə sözünə qurban verin, yaralarınızı möhkəm bağlayın, qanı görükməsin, birdən əcnəbilərin xoşuna gəlməz.
Ayrı
nə deyim, ay Allah, yurdun bir tərəfində
çal-çağırdır, çəpik səsləri
ölkəni titrədir, qananı, qanmayanı tərif
yağdırır, yurdun o biri tərəfində torpaqlar od
tutub yanır, qız - gəlinlər əsirlikdə, iki -
üç gündən bir gənc əsgərimiz
öldürülür, dinc sakinlər qarı düşmən
tərəfindən atəşə tutulur, ermənilər
Şuşada, Kəlbəcərdə yallı gedib mahnı
oxuyurlar, bulaq başında kabab çəkirlər, var
dövlətimizi talan - qarət edirlər, məskunlaşma
aparırlar... Eləcə durub baxırıq...
Nə
vaxta kimi baxacağıq?!
Salman Alıoğlu
Ədalət.- 2019.- 25 iyul.- S.5.