Lənkəran teatrının direktoru: “Uğurlarımızı yeni mövsümdə də artırmağa çalışacağıq”

 

İyulun 16-da Lənkəran Dövlət Dram Teatrı Bəhram Beyzayinin "Senemar” faciəsi ilə özünün 128-ci mövsümünü başa vurub. Redaksiyanın tapşırığı ilə teatrın direktoru Tofiq Heydərovla görüşüb ondan mövsümün yekunları və qarşıda duran vəzifələr barədə danışmasını xahiş etdik. T.Heydərov dedi:

-Bəri başdan bildirim ki, mövsümü yaxşı nəticələrlə başa vurmuşuq. Yaradıcı kollektivimiz ötən il noyabrın 20-dən 25-ə kimi İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında ölkəmizi təmsil etdi. Bu ənənəvi sənət yarışmasında yazıçı-publisist Əjdər Olun "Meşəbəyinin dostları" musiqili nağıl-tamaşası ilə məharətimizi ortaya qoyduq.

Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hisləri aşılayan tamaşamız haqqında İranın müxtəlif qəzet və jurnallarında, radio və televiziya kanallarında, informasiya saytlarında xəbərlər, məqalələr, resenziyalar verildi. Festival günlərində Ərdəbil vilayətinin Mədəniyyət və İrşadi İslam Baş İdarəsinin rəis müavini Qərib Mənuçehri, tehranlı teatr rejissoru Xeyrullah Təğiyənipur və digər tanınmış sənət xadimləri ilə görüşərək, yaxın gələcəkdə sənət mübadiləsinin vacibliyi məsələlərini müzakirə etdik.

Belçika, İtaliya, Almaniya, Türkiyə, Norveç, Hindistan, İraq, Fransa kimi ölkələrin təmsil olunduğu festivalın bağlanış mərasimində Lənkəran teatrının truppası münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldı.

Onu da əlavə edim ki, Lənkəran teatrı 2017-ci ildə də İranın Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Azərbaycanı təmsil etmişdi.

-Tofiq müəllim, son dövrlərdə İranla mədəni əlaqələriniz intensiv xarakter alıb...

-Tamamilə doğrudur. İran digər xarici ölkələrlə müqayisədə bizə həm məsafəcə, həm də milli dəyərlər baxımından çox yaxındır. Biz hələ təqribən beş il öncə İran İslam Respublikasının Teatr Baş İdarəsi ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə dair momeriandum imzalamışıq. Bu sənəddə müştərək tamaşaların hazırlanması, festivallarda təmsil olunmaq, qastrol səfərlərinə getmək, təcrübə mübadiləsi keçirmək və s. öz əksini tapıb. Momeriandumun şərtləri demək olar ki, hər iki tərəfin iştirakı ilə yüksək səviyyədə yerinə yetirilib. Bir neçə dəfə İran teatrlarının truppaları Azərbaycanda keçirilən festivallara qatılıblar. Biz də öz növbəmizdə həm Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr festivallarında, həm də Rəşt, Parsabad və s. şəhərlərdə qastrol səfərlərində olmuşuq. Bir neçə gün öncə isə-iyulun 8-dən 12-dək İranın Zəncan şəhərində keçirilən "El” Milli Teatr Festivalında Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu "Sehrbazlar dərəsi” nağıl-tamaşası ilə iştirak edərək diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıldıq.

Ötən dövrdə İranlı rejissorlar Xeyrullah Təğiyənipur və Qərib Mənuçehri teatrımızda truppamızın iştirakı ilə iki tamaşa hazırlayıblar. Hər iki tamaşa yüksək dəyərləndirilib. Onlardan sonuncusu – B.Beyzayinin "Senemar” (quruluşçu rejissor Qərib Mənuçöhri) tamaşası ilə bu ilin avqust ayının 12-dən 19-a kimi Tehran şəhərində keçiriləcək Milli Ənənə Teatr Festivalında iştirak edəcəyik. Ümumiyyətlə qonşu ölkə ilə mədəni əlaqələrimizin bundan sonrakı dövrlərdə davam etdirilməsi məsələsini ilin sonlarında yenidən müzakirəyə çıxaracağıq.

-Tofiq müəllim, bu yaxınlarda 1-ci Beynəlxalq Teatr Festivalına ev sahibliyi etdiniz.

- Festivalın təəssüratları çox güman ki, hələ uzun müddət yaddaşlarımıza hakim kəsiləcək. Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində iyunun 1-dən 5-ə kimi keçirilən bu tədbirə ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil "Ol” Teatrı öz tamaşaları ilə qatılmışdılar. Beynəlxalq festivalda, həmçinin Böyük Britaniyanın "Two Destination Language” Teatrı, Gürcüstanın "Azad” Teatrı, İranın "Muğan Hünər” və "Mika” teatrları, habelə "Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri öz məharətlərini nümayiş etdirdilər. Şadıq ki, bütün sənət kollektivləri yaratdığımız şəraitdən razı qaldılar.

-Bəs mövsüm ərzində hazırladığınız tamaşalar barədə nə deyə bilərsiniz?

-Hər dəfə olduğu kimi, cari mövsümdə də repertuar planımız zəngindir. Həm Qərbi Avropa, həm də milli dramaturgiyamıza müraciət etmişik. Bunlardan Əziz Nesinin "Manyak”, T.Abdullayevin "Tilsimlənmiş qız”, M.Bayciyevin "Şənbə axşamı” və B.Beyzayinin "Senemar” tamaşalarını artıq sənətsevərlərin ixtiyarına vermişik. Yaxın vaxtlarda serb dramaturqu M.Bulatoviçin "Qodo gəldi”, V.Əlixanlının "Dənizə baxan pəncərə” əsərlərini də tamaşaya hazırlamağı planlaşdırmışıq. Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq onun "Vəfalı Səriyyə” əsərini Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudun Məhərrəmovun quruluşunda tamaşaçılara təqdim edəcəyik.

Fürsətdən istifadə edib kollektivimiz adından Ulu Öndər Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyevə təşəkkürümüzü çatdırmaq istəyirəm. Cari ildə ölkə başçısı 11 mart 2019-cu il tarixli Sərəncamı ilə teatr işçilərinin əmək haqlarını fərqli dərəcədə artırmaqla yaradıcı insanlara olan sonsuz qayğı və diqqətini bir daha nümayiş etdirdi. Biz də öz növbəmizdə daha yaxşı işləyəcək, uğurlarımızı yeni mövsümdə də artırmağa çalışacağıq.

 

 

Müsahibəni apardı:

Ağaddin BABAYEV,

teatrşünas.

 

Ədalət.- 2019.- 25 iyul.- S.4.