Qan Turalının "Fələk qırmancı" - mistika, sufizm və modernizm

 

Qan Turalı müasir nəsr texnologiyasına yeni, sərbəst forma və ifadə, mistika, sufizm, fəlsəfə gətirmiş yazıçıdır. Onun əsərlərində Azərbaycan ədəbiyyatında 2000-ci illərdən sonra yaranan yeni yazı tərzinin qarşısına dünya ədəbiyyatının, xüsusilə Avropa ədəbiyyatının təsiri hiss olunur. İlk kitabı "Elektronik sevdalar"dan tutmuş sonuncu kitabı "Ayna"ya kimi həm fəlsəfəlik, həm də psixologizm ön planda durur, altmənalılıq kriteriləri ilə bağlı olan modernist estetika nəzərə çarpır. Qan Turalının nəsr yaradıcılığının əsas keyfiyyətlərindən biri onun qəhrəmanlarının bu dünyanın madiyyat körpüsündən mənəviyyat  dünyasına keçə  bilməməsi, insan ruhunun azadlığı qarşısında daha güclü və iradəli olması, eyni zamanda "bağışlamaq" və "bağışlanmaq" ehtiyacının zəruriliyidir.    

Bu, Qan Turalının nəsr kredosunun ilkin təməli, sütunudur. Məsələn, "Elektronik  sevdalar" kitabında sərbəst şeirlər gələcək romandan, ən azından uğurlu bir hekayədən xəbər verir.  "Fələk qırmancı" romanı isə yazıçının yaradıcılığında xüsusi yerə və çəkiyə malikdir.

"Fələk qırmancı" yeni nəsrin intellektual nəsrə keçidini hazırlayan əsərdir. 2016-cı ildə işıq üzü görən kitab müəllifin ən uğurlu yaradıcılıq işidir. Bu əsərdə Qan Turalının qələmi təbəddülat yaşayır, zaman və insan məqamlarının daha alt qatlarına varmaq üçün ona imkan yaranır.

"Fələk qırmancı" romanı  dirçəliş, bir qədər də özünüdərk əhvalında yazılmış, bətnində mənəvi aşınmanı ehtiva edən əsərdir. İnsan mənəviyyatının dirçəlişini, cəmiyyət qanunlarının bu dirçəlişə mane olmasını, yeni dünyaların - insan xislətinin təzahürlərini verən, bunu sufi məqamında müşahidə edən və dərin qatda tapan mətndir. Müəllif Molla Sadiqin timsalında ruhani dünyanın gözəlliyini ifadə etməyə çalışır. Sual oluna bilər: "Bu ruhani dünyanın təsviri müəllifə nə qazandırır?".

Müəllif oxucunu böyük bir sirrin kəşfinə doğru aparır. Bu sirr hamını maqnit kimi özünə çəkir, onu rahat buraxmır, düşündürür, ağrıdır, həm də zövq verir... Bu düşüncə, narahatlıq, ağrı və zövq əsərdə oxucunu hadisələrin içinə atır, bəzən qərarların qəbul olunmasında onun bilavasitə iştirakını təmin edir, oxucunu həm də əsərin qəhrəmanına çevirir...

Əsərdə təsvir olunan məkanlar o qədər təbii və inandırıcıdır ki, sanki yaddaşının bir küncündə o yerlərdə olduğunu düşünürsən və sənə elə gəlir ki, o yerlər sənin doğma yerlərindir. Sufilərin toplaşdığı təkkə, Molla Sadiqin evi, həyəti tanışdır. Kadr kimi göz önündə canlanır. Rəngli, maraqlı və sadə görüntü ilə. Yazıçı məkan təsvirlərini kino dili ilə desək, yüksək operatorluq - sözün operatorluğu və rejissorluğu ilə verib.  Hadisələrin montajı yeni səbəb və nəticə əlaqələrini müəyyən edir. Bu səbəb və nəticə əlaqələri əsər boyu davam edir...

Mətn içində mətn metodundan istifadə edən yazıçı əsərdə müasir dövr ilə Orta əsrlər dövrünü üzvi surətdə, paralel şəkildə aparır, birini o birisində maraqlı edir, həm yenini, həm də köhnəni özünəməxsus şəkildə ifadə edir. Zeynəbin sevgisi, göz yaşları və həsrəti, yazıçı Mehdinin həyat gerçəklikləri ilə qarşı-qarşıya qalması, Kəmalə Həssaskimilərin özünü aldatması təsirlidir. Zeynəb sevir, həm də dəlicəsinə sevir, Mehdi bu sevginin önündə ilk vaxtlar çaşıb qalır, buz soyuqluğu onu əhatə edir, sonra hadisələr yeni forma və məzmun almağa başlayır... Uğursuzluqlar, itkilər, ayrılıqlar... Hamısı təsirlidir, ağrılıdır və tanışdır. Bu təsir, ağrı və tanışlıq kövrəkliyə, həssaslığa səbəb olur. Nəticə isə pis deyil. Biz insanıq, ən əsası insan olduğumuzu unutmuruq...

Əsər boyu fonda bir musiqi eşidilir. Bu musiqi qəhrəmanların yaşantılarına aiddir. Məsələn, sufiliyin on qaydasını şeyx belə buyurur:

 

Bilik təkəbbürdür.

Təsəvvüf haldır.

Qadın günahdır.

Könül Şeyxdir.

Xalq batildir.

 

Sevgili Allahdır.

Eşq haqdır.

Sufilik xəlvətdir.

Söhbət ürəyə yoldur.

Cismani sevgi haramdır.

 

Bu qaydalar  sufilik mətnlərində ardıcıl surətdə davam edir. Sufilik həm aşkar, həm də naməlum formada izah olunur. Ona görə də bir qədər çaşqınlıq yaranır. Nədir axı sufilik? Xəlvətilik nədir? Bu suallar həm Molla Sadiqin, həm də Şeyxin timsalında ayrı-ayrılıqda müxtəlif hadisələrin içində izah olunur: "Sufilikdə məsafə qət etməyin üç yolunu öyrədirdi Molla  Sadiq. Birinci yol söhbət, ikincisi çilə çəkmək, yəni qaranlıq otaqda qırx gün çörək və su ilə dolanıb ibadət etmək, üçüncü yol isə səyahət idi".

Əsərdə mistika təkkədə baş verir. Təkkənin mərkəzində "Könül evi" var. Dərvişlər burada qalır. Təriqətə girənlərə verilən dərəcələr isə ayrı bir marağa səbəb olur. Aşiq ilk dərəcə sayılırdı. Zəruri imtahanları verəndən sonra dərviş, dərvişlikdən sonra isə xəlifəlik gəlirdi... Bütün bunlar mistik ab-havanın, sehr dolu gedişatların mərhələləridir. "Könül evi"ndən gələn dua səsləri mistikanı Ay işığı kimi gözəl edir.

Romanda təsvir olunan Zeynəb və Mehdinin həyat fraqmentləri modernist üslubda verilib. Zeynəb bütün qadağalara qarşı çıxmağı bacaran kənd qızı, Mehdi isə özünə qadağaları edə bilməyən səfil bir yazıçı. Sonu da bu səfilliyin və qadağaların birgə vəhdətindən doğur. Zeynəb faciəli surətdə ölür, Mehdi zəhər içib intihar edir. Yox, bu, adi ölüm ya da intihar deyil... Bu, zamanın və cəmiyyətin ölümü və ya intiharıdır. Cəmiyyətin günahını fərdlər, zamanın günahını isə intihar edənlər çəkir...

"Fələk qırmancı" o romanlardandır ki, onu təkrar oxumağa ehtiyac duyursan. Yenidən oxumaq, yenidən düşünmək və yenidən sehrə düşmək. Bu oxu zövqünü bizə yaşatdığına, düşünmək varlığını bizə xatırladan və sehr dolu dünyaya səyahət etmək imkanı yaradan müəllifə - Qan Turalıya əvvəlcə bir oxucu kimi təşəkkür edib, ona yeni yaradıcılıq uğurları arzu edirəm. Sonra romançılıq ənənəsinə yeni bir "izm" (hələlik bu termini tapa bilmirəm) gətirdiyinə görə təşəkkür edirəm.

 

 

Tural Cəfərli

 

Ədalət.- 2019.- 26-27 iyul.- S. 11.