Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat
II fəsil C.Hacıbəylinin mühacirti
dövrü
yaradıcılığını əhatə edir. A.Tahirli C.Hacıbəylinin üzdə olan
və Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin yazıçıya aid fondunda saxlanılan Azərbaycan,
fransız, rus dillərində qələmə
aldığı bədii əsərlər və
publisistikasının, xatirələrinin, tədqiqatlarının
əlyazmalarını, makina
yazılarını araşdıraraq ədibin bədii
irsinə olan baxış
bucağını xeyli genişləndirib.
İrəlidə qeyd edildiyi
kimi, fransız dilində
yayılmış «Baş tutmayan
ziyarət» əsərinin qəhrəmanı Əbdül Kərim
yazıçının illərlə öncə obrazını
yaratdığı Hacı Kərimdir. Tədqiqatçı
yazır ki, dini dəyərləri
yüksək qiymətləndirən, həmişə
İslamın böyük təəssübkeşi
olaraq çıxış edən
C.Hacıbəyli Əbdül Kərimin müqəddəs
ziyarətə getmək istəyi
«Hacı» titulundan sui-istifadə edərək
varlanmaq, başqaları ilə təkəbbürlə
davranmaq niyyətlərinin günah və yolverilməz olduğunu
açıb göstərir. Həcc ziyarətinə təmiz dualarla, pak niyyətlərlə,
halal pulla getmək
lazımdır. Müəllif qeyd edir ki, əsərin
başlıca ideyası budur və bir epoxa bundan
əvvəl yazılmasına baxmayaraq,
yazıçının ideyası bu
günümüzdə də çox
aktualdır. Dinlə bağlı problemlər
yazıçının fransız dilində
yazılmış və Mirzəbala Əmrahov tərəfindən
tərcümə edilmiş «Müəzzinin
lənəti» hekayəsində də özünə yer almışdır. Tədqiqatçı,
əsərin 50-ci illərin ortalarında – "soyuq müharibə” dövründə
yazıldığını əsaslandırır, hekayə
ilə bağlı fikirlərinin izah edir və yazır ki, bu hekayə nəinki C.Hacıbəyli
yaradıcılığında, eləcə də ümumən
Azərbaycan, o cümlədən
mühacirət nəsrində bənzərsiz bir əsərdir, nasirin Sovet imperiyasının tez-gec
süqut edəcəyi ilə bağlı
qəti qənaətinin, sarsılmaz iradəsinin, əqidəsinin,
inamının bədii ifadəsidir. O dövrdə
yazılmış «Nejdanovun işi» hekayəsindən söz
açarkən, onu rejimin
aynası adlandır və vurğulayır ki,
müəllif burada insanlığın
faciəsini bədii sözün gücü ilə bütün
çılpaqlığı ilə canlandıra bilmişdir. A.Tahirli əsəri
rus dissident ədəbiyyatı
ilə müqayisə edərək, onu rus dissident ədəbi
nümunələrinin pioneri, qaranquşu adlandırması ədəbiyyatşünaslığımızda
olduqca önəmli fakt
sayıla bilər. C.Hacıbəylinin, həm də Azərbaycan
mühacirət irsində ilk və yeganə
sənədli siporsisin «Stalin
öpüşü» və «Fatimə»nin
müəllifi olduğu
araşdırılır. Siporsis əsasında
ssenari yazmağın və kinoda canlandırmağın Ceyhun
bəyə nəcib olmadığına təəssüflənərək,
sələfləri tərəfindən bu
işi başa
çatdıracaqlarına ümid edir. Həmçinin gələcək tədqiqatçılara
«Səssiz-küysüz məhkəmələr» əsərinin
tam mətninin tapılmasını və
tərcüməsini məsləhət bilir.
Fəslin
«Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü»
adlı II bölümündə tədqiqatçı,
araşdırmaları əsasən Ceyhun bəyin memuarları
üzərində aparır, ədibin həyatından olan bir
çox faktlar üzərində dayanır, onun memuarist kimi nə
dərəcədə istedadlı olduğunu açıb
göstərir. Xüsusi yer, ilk Azərbaycan
operasının yaranmasına ayrılmışdır. Ceyhun bəy qardaşı Üzeyir
bəylə «Leyli və Məcnun»
operası üzərində apardığı işlərdən
ətraflı danışır və qeyd
edir ki, Şərq
musiqisinə polifoniyanı birinci gətirən
Üzeyir bəy olmuşdur.
Monoqrafiyanın
III fəslində Ceyhun bəyin araşdırmaları izlənir.
Müəllif qeyd edir ki, Hacıbəylinin
araşdırmaları barədə dolğun,
sistemli elmi-nəzəri qənaətlər
əldə etmək üçün onun qələmə aldığı əsərlərin
təsnifatını verməklə təhlil etmək və dəyərləndirmək
məqsədəuyğundur. Bununla
bağlı o, araşdırmaları 4
hissəyə ayırır. I hissədə ədəbiyyatşünaslığa,
tariximizə, mətbuat, mədəniyyət və incəsənət
xadimlərinin yaradıcılığına dair
əsərlər izlənir. Tamamilə düzgün qeyd edilir ki, Ceyhun
bəy birinci olaraq Azərbaycan
mətbuat tarixinin elmi,
sistemli və əhatəli tarixini qələmə almışdır və
məqalənin bəzi nöqsanlarına baxmayaraq,
onun, ayrıca kitabça
şəklində çıxmasını təklif edir. Bu bölümdə
müəllif, C.Hacıbəylinin azərbaycanlı
qadın – şairlərinə həsr olunmuş
«Azərbaycanın gülləri» məcmuəsinə xüsusi diqqət yetirir.
Ceyhun bəyin
onların şeirlərini ilk dəfə olaraq rus və fransız
dillərinə tərcümə etdiyini,
yaradıcılıqları haqqında elmi
mühazirələr söylədiyini və sovet ədəbiyyatşünaslığına
tənqidi yanaşdığını da
açıqlayır.
Folklorşünaslığa dair
araşdırmalar və folklor nümunələrindən
istifadə mövzusuna toxunarkən, müəllif qeyd edir ki,
problemin həllinə bir neçə aspektdən (Hacıbəyli
– folklor toplayıcısı, folklor tədqiqatçısı,
folklor nümunələrindən yaradıcı şəkildə
istifadə edən yazıçı kimi) yanaşılsa, daha
dolğun və doğru elmi-nəzəri nəticələr əldə
etmək mümkün olar. «Qarabağ dialekti və folkloru”
(Qafqaz Azərbaycanı) əsərinin bu gün də
aktuallığını saxladığını və Qafqaz
etnoqrafiyasını, dialekt və folklorunu öyrənmək
üçün mötəbər məxəz olduğunu
vurğulayır».
«Sovetologiya,
politologiya və tarix sahəsində araşdırmalar»
bölümündə müəllif, Ceyhun bəyin
nüfuzlu sovetoloq kimi tanınmasından, yazılarında
sovet rejiminin antibəşəri mahiyyətini
açmasından və onun gec-tez məhkum
olacağını inandırıcı dəlillərlə əsaslandırmasından
bəhs edir. Tarixlə bağlı araşdırmaların
fransız dilində olduğundan, hələ ki, onların
öz tədqiqatçılarının gözlədiyini
göstərir.
«Tərcüməçilik
fəaliyyəti» bölümündə A.Tahirli Azərbaycan –
fransız ədəbi əlaqələrində Ceyhun bəyin
müstəsna xidmətlərindən söz açır,
İvan Turgenevin «Pulsuzluq», Monassanın «Yolçu» əsərini
ilk dəfə Azərbaycan dilinə tərcümə etdiyini
vurğulayır. 1925-ci ildə onun tərcüməsi və
rejissorluğu ilə Parisin «Femina» teatrında Üzeyir bəyin
«Arşın mal alan» operettası tamaşaya qoyulmuşdur.
Nəticədə
müəllif yazır ki, istər mühacirətəqədərki
və istərsə də ondan sonrakı dövr Ceyhun bəy
Hacıbəyli yaradıcılığı, ümumazərbaycan
mədəniyyətinin, söz sərvətinin dərindən
öyrənilmək, geniş təbliğ edilmək
haqqını qazanmış bir parçasıdır.
Ümumi qənaət belədir ki, Ceyhun Hacıbəyli kimi nadir şəxsiyyətin çoxjanrlı və çoxsahəli alim - yazıçı irsinin ilk monoqrafik tədqiqatı ədibin elmi, bədii axtarışlarının öz dövrü üçün novatorluğu və bu gün üçün də gərəkliliyi haqda kifayət qədər dolğun təsəvvür yaradır. İşin böyük əhəmiyyəti bir də ondadır ki, müəllif bir çox məsələlərin üzərində işləməyi, araşdırmalar aparmağı gələcək tədqiqatçılara tövsiyə edir, lüzumlu sayır.
Nailə Muradəliyeva,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin baş elmi
işçisi,
filologiya elmləri doktoru
Ədalət.- 2019.- 26-27 iyul.- S.4.