YAŞI KİÇİK, HÜDUDLARI SONSUZ DOĞMALIQ

 

Vəlyəddin Misiroğlunun 75 yaşına ünvanlanan təbrik

 

Bütün yollar heç paralel deyil. Hətta paralel olsa belə hardasa sınma, kəsişmə nöqtəsi var. Bu hələ ola dağ yolları... Həmin dağ yollarının bir-birinə dolana-dolana üzü zirvələrə tərəf yüksəldiyini yəqin ki, görmüsünüz. Təəssüf ki, mənim kimi düşünənlər indi o dağ yollarının həsrətini çəkirik. Həmin həsrət bizim ömrümüzü baltalayır. Amma... Biz hər əzaba, hər ağrıya diz çökən deyilik. Yıxılırıq, amma sınmırıq, əyilmirik. Elə "şükür!” etdiyimizbudu.

Onun barəsində çox eşitmişdim. Və bütün söhbətlərin də əsas məğzi bu dağlar oğlunun dəyanəti, dözümü, dizibərkliyi idi. Onu tanıyanların hamısı birmənalı şəkildə vurğulayırdı ki, Vəlyəddin müəllim əsl qaim-qədim kişilərdəndi. Sözü də, hərəkəti də bir-birini tamamlayır. El-obanın tədbirlərindən qalmır... dostun hər an yanındadı. Elə bil ki, xilasedicidi. Dərhal alır dostun başının üstünü. Bir damla su ilə də olsa, bir isti söz ilə də olsa təsəllisini verir. Ürəyə, hisslərə rahatlıq bağışlayır...

Bax, belə bir adamı qiyabi tanımaq nə qədər xoş olsa da, köhnə kişilər demiş, "igidin adını eşidəndən sonra üzünü görmək” bu xoş ovqatı bir az da artırdı. Təbii ki, hər şey zamanın diqtəsiylə öz axarına düşdü. Yəni mən Vəlyəddin müəllimi, elimin, ailəmin ağsaqqalı, çox dəyərli ziyalımız, özünü həyatda kifayət qədər təsdiq etmiş Nəbi Muxtarovun vasitəsilə günlərin bir günü qarşılaşdıq. Elə buradaca onu da əlavə edim ki, mən Vəlyəddin müəllim barəsində ən çox məhz Nəbi müəllimdən eşitmişdim. Doğrudur, onun barəsində Kəlbəcərin və bütövlükdə Azərbaycanın söz, qələm adamları – Hidayət Elvüsal, Adil Cəmil, Məhəmməd Nərimanoğlu ilə də söhbətlərimiz olmuşdu. Belə ki, indi həsrətini çəkdiyimiz dağlardandağ qürurlu insanlardan söz düşəndə söhbətin müəyyən bir məqamında Vəlyəddin müəllimin də adı çəkilirdi. Amma Nəbi müəllim onun barəsində gənclik illərindən, rəhbər vəzifələrdə olduğu məqamlarda danışanda da, ailəvi dostluqdan söhbət açanda da mütləq Misiroğlunu yada salırdı. Hətta mən Nəbi müəllimin 70 illik yubileyi ilə bağlı kitab hazırlayanda Vəlyəddin müəllimin telefonunu mənə verdibildirdi ki, onunla da əlaqə saxla. Bax, bu tapşırıq bizim gələcək münasibətlərimizin ipucu oldu. Və beləcə, başladı Vəlyəddin Misiroğlu ilə yolumuzun kəsişməsi...

Həyatın qəribəlikləri içərisində elə nüanslar var ki, bəzən onu vaxtında görüb duya bilmirik və yaxud gözümüzdən qaçırırıq. Bax, mən Vəlyəddin müəllimlə tanışlığımızdan bir az keçmiş, təsadüf nəticəsində öyrəndim ki, onun gəlini Aytən xanım ən yaxın qohumlarımdan imiş. Aytənin atası mərhum professorumuz, aşıq-şair rəhmətlik Aşıq Aydın isə çox önəmli ziyalılarımızdan idi. Bunu sözgəlişi xatırlatdım. Yəni demək istəyirəm ki, insanları bir-birinə çəkən, yaxınlaşdıran impulslar var. Bax, məni Vəlyəddin Misiroğlu ilə öncə Nəbi müəllim, sonra isə Aytən xanım daha da doğmalaşdırdı. Bu yaxınlaşma nəticəsində Vəlyəddin müəllimin sözə, qələmə bağlılığını da öyrəndim, yazılarını oxudum. Görmdüm ki, bu dağlar oğlu həm də qələm əhlidi, söz xridarıdı. Baxmayaraq ki, gəncliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Necə deyərlər, komsomolun şinelindən çıxıb. Siyasi fəallığı ilə yanaşı, ədəbiyyat, folklor biliciliyigöz önündədir.

İndi mən Vəlyəddin müəllimin 75 yaşının tamamı ərəfəsində onunla bağlı düşüncələrimi bilgisayara köçürərkən onunla bağlı bir neçə məqamı gözümün önünə gətirirəm. İlk xatırladığım yurdsevərliyidi. O, Kəlbəcərin pərvanəsidir. Gecə-gündüz sözüylə, söhbətiylə, yuxularıyla dolanır Kəlbəcərin başına. İkincisi, o, son dərəcə ailəcanlıdı. Bir an da olsun ailənin böyüyündən, kiçiyindən diqqətini yayındırmır. Çalışır ki, heç olmasa ürəyinin hərarətiylə onları ovundursun.

Üçüncüsü, Vəlyəddin müəllim son dərəcə dostsevərdi, dosta bağlı adamdı. Mənə elə gəlir ki, dostlar onun ikinci nəfəsidir. Dördüncüsü, Vəlyəddin müəllim məclis adamıdı, çöl-bayır adamıdı. Yaşının bu çağında da o, dostları ilə birlikdə təbiət qoynunda süfrə açanda elə səliqəli və həvəsli bir dəstgah yaradır ki, ən özündən razı aşbaz da şəraitsiz, necə deyərlər, "vəhşi təbiətdə” bunu edə bilməz. Çünki onun üzündəki nurla, ürəyindəki hərarətlə yanaşı, əlində də dad var, bərəkət var. Və nəhayət, Vəlyəddin müəllim olan hər yerdə bir doğma mühit var, orda sıxılmırsan.

Bax, qısaca müəyyən cizgilərini şərh etdiyim Vəlyəddin Misiroğlu istənilən yerdə, istənilən məqamda həm ağsaqqaldı, həm ziyalıdı, həm dost-həmkardı, həm də qayğı göstərən insandı. Ona görə də onunla yol-yoldaşlığı da, həmsöhbət olmaq da xoşdu. Mən xoş ovqatlı insanın, ürəyi Kəlbəcər nisgilli dostumun 75 yaşının astanasında nələrdən keçdiyindən də xəbərdaram. Ona görə də onun dözümü qarşısında baş əyməklə dəyərli ağsaqqalım Nəbi Muxtarovun dediyi bir fikri təkrarlamaq istəyirəm. Nəbi müəllim yubilyarla bağlı fikirlərində belə bir nüansı qabardır:

- Yetmiş beş nədir ki, ay Misiroğlu, gərəkdi ki, yüzü vurasan başa!

Mən də öz növbəmdə Vəlyəddin müəllimi təbrik etməklə ona öncə can sağlığı və Kəlbəcərli günlər arzu edirəm. sonra qəlbinin pıçıltılarına qovuşmağı Allah ona nəsib etsin! – deyirəm. Tam səmimi şəkildə etiraf edirəm ki, şəxsi tanışlığımızın yaşı az olsa da, isti münasibətlərimizin hüdudları sonsuzdu. Kaş bütün sevgilərin, doğmalıqların sərhədsiz hüdudları , Yaxşıları, Xeyirxahları, sözün hər mənasında İNSAN olanları qoynuna alsın. Onda dünyamız yaşamalı olacaq. İnanın ki, mən bunu öz inancıma güvənib dedim. Çünki Vəlyəddin müəllim kimi halal nümunələr göz önündədir.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2019.- 30 iyul.- S.5.