Türkiyənin Bamsı Beyrəyi olacaq
aktyor
Turan Çakır: “Biz tariximizi
eşqlə oxuyan millətik”
22-28 iyul tarixlərində Türkiyənin Bayburt şəhərində 25-ci dəfə Beynəlxalq Dədə Qorqud Festivalı keçirildi. Festivala Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə qatıldıq. Böyük şənlik formatında hazırlanan festivalda tarixi qəhrəmanlar və Bayburtda dəfn olunduğu deyilən Bamsı Beyrəklə bağlı hazırlanan səhnəciyi izlədik. Bu tədbirdə Bamsı Beyrəyin obrazını canlandıran türk aktyoru Turan Çakırla tanış olduq. Onunla söhbət etmək üçün gün təyin etdik. Müsahibə günü böyük bir çadırın hazırlandığını və Turan bəyin bizi Bamsı Beyrəyin geyimində qarşıladığını gördükdə təəccübləndik. Özümüzü bir anlıq həmin dövrdə hiss etsək də, söhbətimiz Türkiyənin yeni dönəm serialları və tarixi qəhrəmanların obrazları ilə bağlı oldu. Qeyd edim ki, müsahibimiz TRT kanalında nümayiş olunan "Diriliş Ertoğrul” serialında döyüşçü rolunu oynayır. Turan Çakır Bayburtun Mədəniyyət və Turizm müdiri Bekir Kurtoğlunun layihəsi olan Bamsı Beyrəklə bağlı filmdə baş rolu canlandırır. Turan Acar 1980-ci ildə Bayburtda doğulub. Buranın daşının, torpağının tarix qoxuduğunu və özünü bu torpağın bir parçası hesab etdiyini deyir. 5 ildir film sektorunda fəaliyyət göstərsə də "Aşkın yolculuğu”nda 20, "Diriliş Ertoğrul” serialında isə 30 bölümdə rol alıb.
- Turan bəy, niyə məhz Bamsı Beyrək?
- Doğma torpağımda
belə bir festival keçiriləcəyini və burada
Bamsı Beyrəyi canlandırmaq təklifi aldıqda çox
sevindim. Biz bu torpaqlarda
uşaqlığımızdan bəri Bamsı Beyrəyin, Dədə
Qorqudun adını eşidərək
böyümüşük. Məlumat üçün bildirim
ki, sizin "Diriliş Ertoğrul” serilaında izlədiyiniz o
Bamsı mənim canlandırdığım Bamsı Beyrək
obrazı deyil. Bunlar tamamilə
fərqli xarakterlədir. Bəzən
insanlar bunları səhv salırlar. Bamsı Beyrək bu
coğrafiyada yaşamış, Bayburt qalasını fəth etmək üçün
qalaya gəlib və 16 il burada əsir həyatı
yaşayıb. Ömrünün üçdə birini zindanda
keçirib. Qalanı fəth edib, bu bölgənin bəyi
olan bir qəhrəmandır. Dədə Qorqudun hekayəsində
ən önəmli xarakterlərdən
və fiqurlardan biridir. "Dədə Qorqud” dastanının
boylarında Bamsı Beyrək xüsusi önəm kəsb edir.
Qəhrəmanlığı, qorxusuzluğu, zalımları
qarşı olması ilə əfsanəyə
çevrilib.
- Hər bir aktyorun arzusu qəhrəman
obrazlar yaratmaqdır. Yəqin ki, siz də o aktyorlardansınız.
- Biz tariximizi eşqlə oxuyan millətik. Hər
bir türkün ağlının bir küncündə qəhrəmanlıq
dastanı yatır. Əlbəttə ki, özlərini o
dastanların bir parçası olaraq görmək arzusu ilə
yaşayırlar. Bu, bir coğrafiyaya yayılmış ana təməl
ünsürlərindən biridir.
- Nə üçün rejissorlar
sizi ancaq tarixi qəhrəmanlara bənzədirlər?
- Yəqin ki, xarici görünüşüm buna imkan verir. Demək, görünüşüm o dövrün qəhrəmanlarına bənzəyir. Hazırda günümüzdə tarixi filmlər daha aktual və reytinqlidir. Bu baxımdan mənə görünüşüm sərf edir. Bu günə qədər eşq, komediya və bir çox səpkidə olan seriallardan təkliflər alsam da, daha çox tarixi qəhrəmanlara üstünlük vermişəm.
- Bəs maddi gəlir?
- Maddiyyat mənim üçün hər
zaman ikinci planda olub. Misal
üçün, hazırda Bayburtda Bamsı Beyrəyi
canlandırıram və bu işdən zövq qalıram. Bunu
öz torpaqlarıma dəstək göstərmək
üçün edirəm. Bu layihədən heç bir təmənnam
yoxdur. Təbii ki, rolun da xarakterinin böyük önəmi
var. Məsələn, Bamsı Beyrəyi oynadıqdan sonra, hər
hansı komediya və eşq seriallarında yüngül bir
obrazda oynaya bilmərəm.
İnsanların yaddaşında qəhrəman kimi qalmaq
istəyirəm. Bundan sonra canlandıracağım obrazlarda
Beyrək obrazına xələl gətirməməyə
çalışacağam.
- Sizcə, bu gün tarixi filmlər
niyə daha çox reytinq toplayır?
- İnsanlar sevgi hekayələrini dinləyib yorulublar.
Artıq onların maraq dairələri də fərqlidir.
İndi insanlara bu zamana necə
gəlib çıxdıqları, hansı çətinliklərdən
keçdikləri daha maraqlıdır. Atalarımız bu
torpaqlarda nələr edib, hansı şərtlərdə
yaşayıb, hansı şəraitdə bir cəmiyyət
qurub və bu günə gəlib çıxıb? Bu kimi
suallara cavab tapmaq üçün tarixi seriallara daha çox
meyl edirlər. Bu, tamamilə istək və tələb məsələsidir.
Tələbi qarşılayacaq olan prodüserlər isə
tamaşaçının tələbatına uyğun məhsul
hazırlayırlar. Serialın
bir neçə bölümünü çəkir və
tamaşaçıların ixtiyarına buraxırlar. Çəkilən
bölümlər reytinq verirsə, işi davam etdirilər.
Beləliklə, bir ildə bitməli olan layihə 5 ilə qədər
uzanır. İstək olarsa, bəlkə 10 il davam edəcək.
- Türkiyədə məşhur
olmaq bir aktyor üçün çox asandır. Uğur qazanarsa, o serial dünyaya açılır
və şansınız gətirir.
- Təbii ki, hər bir aktyor məşhur olmaq istəyir. Ancaq istəməklə iş bitmir. Bunun üçün çalışmaq və əmək sərf etmək lazımdır. Bizim elə bir istəyimiz yoxdur. İnsanlara yararlı ola biləcək layihədə yer aldığınız zaman, inanın ki, şan-şöhrət, pul hamısı ikinci plana keçir. Qarşınızdakı insana nələrsə öyrədə, nələrsə verə bilirsinizsə, bu, hamısına bədəl olur. Elə də məşhur olmaq, tanınmaq kimi bir hədəfim yoxdur. Olursa, olmasın demərəm, amma ana hədəfim bu deyil. Ana hədəfim büründüyüm xarakteri qarşımdakı insana izah edə bilməkdir. Bunu edə bilirəmsə, işimi görmüş olaram.
- Tarixi qəhrəmanları
canlandıran aktyorların da işi bir qədər çətinidir
- at çapmaq, ox atmaq, qılınc oynatmaq, döyüş səhnələrinə
bələd olmaq asan deyil. Sizə
bunları çalışdığınız film şirkətlərimi
öyrədiblər?
- Adi yoldan keçən hər hansı insana qəhrəman
geyimləri geyindirsəniz, onun duruşu, baxışı istər-istəməz
dəyişəcək və özünü qəhrəman
kimi aparmağa çalışacaq. Bu özəlliklər
insanlarımızın sanki sümüyünə işləyib.
Biz tarixi bağımızı heç bir zaman
qoparmamışıq. Ona görə də, belə bir fiqur görəndə onu asanlıqla
həyata keçirə bilirik. O ki qaldı aktyorun
bacarıqlarına, biz kənardan gələn, ikinci,
üçüncü dərəcəli aktyorlar olduğumuz
üçün artıq seriala gələndə bütün
bunları öyrənib, hazır gəlirik. Və şirkət
bizim üzərimizdə xüsusi olaraq
çalışmır. Ancaq baş rolları canlandıran
aktyorlara özəl müəllimlər tutulur,
öyrədirlər.
- "Diriliş Ertoğrul”
serialında obrazınızı yeni mövsümdən davam
etdirəcəksiniz?
- "Diriliş Ertoğrul” serialının final
bölümü yayımlandı. Bundan sonra "Diriliş
Osman” olaraq davam edəcək və Osmanlı
imperiyasının yaradılması prosesi göstəriləcək. İnşallah, layihənin içərisində
yer almağa davam edərəm. Yeni mövsümdə
böyük sürprizlər var, biz də maraqla gözləyirik.
- Adətən belə serial təklifləri
necə gəlir? Sizin özünüzlə əlaqə
saxlanılır, yoxsa bu işdə prodüserlərin üzərinə
böyük yük düşür?
- Prodüserlər bizim rəsmlərimizi
agentliklərə təqdim edirlər. Təşkilatçılar şəkillərə baxıb,
seçimlərini edir və
aktyorların prodüserləri ilə
danışırlar. Belə layihələrdə birbaşa
olaraq bizim özümüzlə əlaqələr qurulmur.
Rolun haqqını verə biləriksə, iştirak edir,
agentliklə müqavilə imzalayırıq.
- Serialın çəkiliş
prosesində yəqin ki, çətinlik çəkdiyiniz məqamlar
da olub.
- Çəkiliş prosesində bir çox hadisələr
yaşamışıq, onlardan bəziləri pis sonluqla bitib.
Misal üçün, döyüş səhnələrində
yıxılanlar, özlərini zədələyən həmkarlarım
çox olub. Ertoğrulun qardaşı Gündoğdu rolunu
canlandıran aktyor atdan yıxılıb qolunu qıranlardan
idi. Ümumiyyətlə, tarixi filmlərdə rol almaq
çox çətin, məşəqqətli və bir o qədər
də zövqlü bir işdir. Geyimlərimiz çox
ağırdır, onları daşımaq və üstəlik
o geyimlərdə obraza girmək bir qədər çətindir.
Qış çox sərt, soyuq olur, yayda isə istidə
qalın geyinmək məcburiyyətində qalırıq. Hər
bir çətin işin gözəl tərəfi var. Bizim də
işimiz budur, bu çətinliyə qatlaşmaq məcburiyyətindəyik.
-
Sizcə, hər bir aktyor tarixi obrazları oynaya bilərmi?
- Bacarmaz. Tarixi obrazlara can
vermək sevgi və eşqlə bağlı olan bir şeydir.
Tarixi mənimsəməyən biri qəhrəman
obrazının öhdəsindən gələ bilməz.
- Bəzən serialın tarixə əsaslanmadığını və şişirtmələr olduğu deyilir. Məsələn, Ertoğrulun təkbaşına bir orduya qalib gəlməsi kimi səhnələrin çox şişirdildiyi iddia olunur.
- Biz öz mədəniyyətimizdən belə
qəhrəmanlar çıxarmaq əvəzinə onları
ittiham etməyə başlayırıq. Rembo böyük bir
ordunu təkbaşına yox edərkən,
kimsə çıxıb demədi ki, yalandır, bir insan təkbaşına
silahlı ordunu yox edə bilməz. Tariximizdə belə qəhrəmanlar
var. Əlbəttə ki, qəhrəmanların da edə biləcəklərinin bir
sərhədi var. Ancaq tariximizə
boylansaq, əcdadımızın
bir qisminin belə şir ürəkli olduğunun şahidi
olarıq. Belə ki, bir nəfərin 30 insanı öldürdüyü, zərərsizləşdirdiyi
bir çox tarixi döyüşlərimiz olub, bu, faktdır.
Biz öz mədəniyyətimizdən çıxan bir
çox dəyələrimizin qədrini bilməliyik. Bu
xüsusiyyətimizi tərgitməliyik. Amerika Rembosunu necə
parladıb bizə sata bilirsə,
biz də öz qəhrəmanlarımızı onların
bütün müzakirələrinə
baxmayaraq parladıb onların qarşısına
çıxara bilərik. Bundan başqa Yeşilcam dönəmlərində
çəkilən filmlərdə
Cüneyt Arkın, qarşısına çıxanı zərərləşdirirdi.
Çəkildiyi bu filmlər onu qəhrəmana
çevirmişdi. O zaman heç bu fikirlər səsləndirilmirdi.
Dəyərlərimizə sahib çıxmalı və onu qəbul
eləməliyik. Biz bu coğrafiyada
bu qəhrəmanlıqları yaşatdıq və
yaşadırıq.
- "Aşkın yolculuğu”
serialında da bir müddət sizi gördük. Bu layihə sizə nə qazandırdı?
- Bu
serialın 20 bölümündə
rol aldım və orduda
çalışan əsgəri canlandırırdım. Yunus Emre bir layihə idi, istədiyinə
nail oldu və bitdi. Çox gözəl layihə idi. Bu serial
cəmiyyətə gözəl mesajlar verdi. Tariximizlə
bağlı olan hər məlumatı tarixi seriallardan öyrənə
bilərik. Gənclərimizə və gələn nəslimizə
bu serialları izlətməliyik.
- Gələcək
üçün hər hansı layihələriniz varmı?
- Biz hazırda Bayburtda Bamsı Beyrək filminin üzərində
çalışırıq. Bayburtun Mədəniyyət və
Turizm müdiri Bekir Kurtoğlunun layihəsi ilə film çəkilişlərinə
başlamışıq.
- Bamsı Beyrəyin həyatı
və yaşam tərzi ilə bağlı nələr
bilirsiniz?
- Bamsı Beyrək 16 illik bir zindan həyatı
yaşayıb. Onunla bağlı bir neçə filmləri
izləmişəm. Bizim yer aldığımız layihə
isə ya qısa film, ya da sənədli bir film olacaq. Onun bu coğrafiyada nələr
etdiyini, zindan həyatını necə keçdiyini, qala
komandirinin qızını özünə necə aşiq
etdiyini göstərəcəyik. Onun haqqında olan rəvayətləri
oxudum, araşdırdım. Misal üçün, Bamsı 9
yaşından at çapmağa başlayıb, 20-30
düşmənə necə qalib gəldiyini oxudum.
Atasının karvanını basan düşmənləri necə
yox etdiyi, böyük bir orduya təkbaşına qalib gəldiyi
haqda oxumuşam. Bu, geniş bir mövzudur, danışmaqla
bitmir.
- Bəs Azərbaycanda çəkilən
"Dədə Qorqud” filmini necə, izləyibsinizmi? O
filmdəki Bamsı Beyrək rolunu analiz eləmək
imkanınız olubmu?
- Təəssüf
ki, izləməmişəm, onun haqqında eşitmişəm.
Ancaq hələ ki, zamanım var, çalışacağam
ki, izləyim.
- Azərbaycanda olubsunuz?
- Azərbaycanda olmamışam. Bu tarixi torpaqda da olmağı, Xəzər dənizinin sahillərini görməyi çox istəyirəm. Bilirəm ki, bu məmləkət öz tarixinə, keçmişinə sahib çıxır. Sosial mediadan Azərbaycanın il ötdükcə inkişaf etdiyini eşidirik. Təbii ki, bu da bizləri sevindirir. Biz Azərbaycanla tək millət iki dövlətik.
Xəyalə Rəis
Kaspi.- 2019.- 31 iyul.- S.8.