Söz sözü çəkər, arşın da bezi, yaxud niyə belə deyirik?

 

Faiq Şükürbəyli, filologiya üzrə fəlsəfə doktoru

 

Mən ölməyəcəkdim, amma sənin bu tikanlı

sözlərin məni öldürəcək

Bir aslan ağır yaralanır. Hıqqına-hıqqına güc bəla ilə bir ağacın kölgəsinə gəlir. Ax-ufla yarasını yalamağa başlayır.

Birdən hardansa bir çaqqal gəlib onun qabağında şonquyur. Aslanın vəziyyətini görürbilir ki, o yerindən tərpənəsi halında deyil. Odur ki, başlayır ona lağ-luğaz eləməyə.

Aslan çarəsiz halda deyir:

-Mən ölməyəcəkdim, amma sənin bu tikanlı sözlərin məni öldürəcək.

Mən bir qəzil çatının zibilinə düşmüşəm

Həbsxanaya yenicə düşmüş dustaqdan soruşullar:

-Nə üstündə tutulmusan?

Dustaq laqeydliklə:

-Heç, əşşi mən bir qəzil çatının zibilinə düşmüşəm.

-Çatı nəmən şeydi ki, bundan ötrü sənə 7 il veriblər? Bəlkə çatı nə iləsə bağlı olub?

-Heç... çatı bir öküzün başında idi.

Tənbəl qızın əhvalatı

Bir arvadın tənbəl qızı varımış. Bu qız o qədər tənbəl imiş ki, ojağın bu yanınnan o biri yanına keçməyə də ərinərmiş. Ərincəhliyinnən qarnına vaxtında çörəh də yemirmiş, su da işmirmiş . Gözdüyürmüş ki, hər şeyi anası hazır eliyf onun qabağına qoysun.

 

Bir dəfə anası südü qaynadıf qazanı çölə çxarır, ağzını da açıx qoyur ki, tez soyusun. Özü də həyət-bajada işinən məşöğul olur.

Aradan bir az keçənnən sohra anası qızını sısləyir:

-Aaz nooldu, süd soyumadı?

Qız çölə çıxmadan başını qapıdan çıxarıf deyir:

-Soyuyuf, ay ana, soyuyuf.

Anası əsəfləşif deyir:

-Sən heş çölə çıxmamısan, həənnən bilidsən ki, soyuyuf? Bir çıxıf yoxlasana!

Qız da ajıxlı-ajıxlı deyir:

Gərəh elə yolxuyam? Görmürsənmi pişiy südü yaladı, sohra da çalpaladı. İsdi olseydi pişiy onu yalıya bilərdimi?

Sığırçın gəldi-gedərdi, qurban olum sərçəyə

Deyirlər bir gün xırmana od düşür. Eşidənlər əli belli, vedrəli insanlar hay-harayla köməyə yetişirlərə Hərə bir işin qulpundan yapışır. Çox çətinliklə yanğın söndürülür.

Elə bu vaxt görürlər ki, bir sərçə tez-tez arxa yenir, dimyində bircə qətrə su götürüb alovlanan dərzlərin üstünə tökür.

Bu tərəfdən bir sığırçın özünə bir həkk kəsib ki, gəl görəsən. O, tez-tez samanlıqdan bir qıça saman çöpünü gətirib alovun üstünə atır. Məəttəl qalırlar. Adamlardan biri sərçədən soruşur:

-Ay sərçə, sən özünü niyə yorursan? Gətirdiyin çimdik boyda su ərşə dirənən oda-alova neyləyə bilər axı?!

Sərçə deyir:

-Mən bununla insanlara öz sevgimi bildirmək istəyirəm. Xırman təkcə insanların çörək yeri deyil, o həm mənim yem yerimdir. Mən insanları ac görmək istəmirəm

Eyni sualı sığırçına da tuşlayırlar. Sığırçın qayıdır.:

-Bu mənim insanlara istəyimin ifadəsidir. Mən istəyirəm ki, insanlar həmişə ehtiyac içində çabalasınlar.

Odur ki, deyirlər, sığırçın gəldi-gedərdi, qurban olum sərçəyə!

Gözümü hara qoyum?!

İki cavan oğlan küçənin tinində dayanıb söhbət edirdi. Küçədən isə üç gözəl-göyçək qız keçirdi. Qızlar qəşəng olduqları qədər cazibədar idilər. Onlar cavanların bərabərliyinə çatanda cavanlardan biri qızları qıyqacı süzür. Bu baxışı duyan qızlardan biri atmaca atır:

- var alə, nöş baxırsan?!

- Nağayrım aaaz, baxmaq da pulunandı?- qıyqacı baxan oğlan avtomat kimi cavab verir, - gözümü qoltuğuma vurum?!

Cavab qızlara elə ləzzət eləyir ki, onlar dəmiryol vağzalına tərəf burulub gözdən itənəcən qəhqəhələri eşidilir

Ədalət.-2019.-4 iyun.-S.8.