Söz sözü çəkər,
arşın da bezi, yaxud niyə belə deyirik?
Faiq Şükürbəyli, filologiya üzrə
fəlsəfə doktoru
Dalımı dağa söykəmişəm
Kənddə Mamed adlı lütün birisi
gedib varlı bir tayfa ilə qohum olur. Şidənlər onu beməzləyirlər:
-Ay rəhmətliyin oğlu, niyə
gedib-tay-tuşunu tapmadın? Bunlar sənin vərin deyil axı?
Mamed təşəxxüslə
deyir:
-Mən
dalımı dağa dirəmişəm. Daha mənə
zaval yoxdur.
Aradan bir müddət keçir. Onların arasında
söz-həkət olur. Arvad küsüb
atası evinə gedir. Arvadın
qardaşları bacılarının
döyüldüyünü eşidib hücum çəkirlər
Mamedin üstünə. Eşidənlər bunu görcək
Mamedin yanına qaçıb deyirlər:
-Mamed,
qaç dağ üstünə gəlir!
O işin
üstündə Sevdimalını sel apardı ha!
Mahalda
Sevdimalı deyilən bir adam varmış.
Bu adam bazara gedəndə sürgün
olarmış, dəyirmana gedəndə qırğın. Hansı yığnaqda olarmışsa, motal atar,
aranı qatarmış. Bu şeytan-şuğul kişi qardaşı qardaşla qanlı edən,
qonşunu qonşu ilə kinli edən bir nadürüst idi. Harda görsəydi ki, bir şirin məclis var, tez
özünü yetirib aradan gül axıdardı.
Günlərin
bir günü mahal əhli cana
yığılıb Sevdimalını tutub dağ
çayından axıdırlar. Gur axan dağ
çayı Sevdimalını daşlara çırpıb cəhənnəmə
vasil eləyir.
İndi də
biri şeytan-şuğulluq, araqarışdıranlıq eləyəndə
o dəqiqə xəbərdarlıq edirlər: "O işin
üstündə Sevdimalını sel apardı ha!...”
Onun
qaraçuxası yatıb
Hər
bir evin qaraçuxası var. Bu qaraçuxa evin kişisində,
arvadında, oğlunda, qızında ola
bilər. Evin ruzisi, bin-bərəkəti də
həmin qaraçuxa ilə bağlıdır. Amma
qaraçuxanın kimdə olduğunu heç kim
bilmir. Əgər qaraçuxanın başına bir iş gəlsə,
həmin evin dövranı dönər, ələyi ələniər,
xəlbiri göydə fırıldayar. Həmin
evi qərəmət basar, hər şey qəhətə
çəkilər.
Hansı evdə ki, dava-dalaş var, söz-həkət
var, deməli həmin evin qaraçuxası yatıb. İndi də bir adamın
işi düz gəlməyəndə deyirlər: Filankəsin
qaraçuxası yatıb.
Onun
qanlamasını vermişəm
Bir kişi bazarda xanımı ilə gəzirmiş.
Birdən bir kimsənə yetirib xanımdan bir
çimdik götürür. Xanımın
"Allah oy!”-u göyə qalxır. Kişi
tez çıxarıb o kimsənənin ovcuna pul basır.
Kimsənə pulu alıb uzaqlaşır.
Xanım dönüb kişinin abırını ətəyinə
bükür:
-A səni
iyim-iyim, didim-didim gedəsən belə kişi.
O nadürüst sənin arvadından çimdik
götürür, sən də hələ üstəlik pul
verirsən? Sabah da gəlsin, iki çimdik
götürsün?
Kişi
deyir:
-Arvad,
dunmə, mən onun qanlamasını vermişəm. Qoy xatası bizdən uzaq olsun.
Xanım söyüb-söylənəndən sonra
kiriyir. Bazardan çıxanda baxırlar ki, bir nəfər
yerdə uzanıb qan içində çabalayır. Zəndləyib dəqiqləşdirirlər ki, yerdəki
həmin kimsənədi.
Elə bilirsən Qarabağda oğul yoxdur?
Özünə cox güvənən bir gənc
qarabağın kəndlərindən birinə soxulur və
xeyli mal-qaranı oğrayıb aparır. Anası əhvəlatdan
xəbər tutacaq oğlunun gələcək aqibətindən
qorxur.və oğlunu bu işdən cəkindirmək istəyir.
Oğlan təkəbbürlə deyir.
-Ana hec nədən
qorxub eləmə, mən qarabağa bələdəm.Orada mənim
qabağıma cıxan oğul nə gəzir. Qarabağda
bircə qoluzorlu oğul varsa oda özüməm.
-Anası
başını bulayır.
Oğul qarabağda oğullar var ki, adamın belini
sındırar.Allah göstərməsin hansı birinin əlinə
düşsən səni bağışlamayacaq.
Oğlan gülüb deyir.-Yox anan qarabağda oğul
yoxdur.
Anası
yalvarır.- Oğul, gəl şeytanın
daşını ətəyindən tök, bu işdən
qayıt Qarabağda oğul coxdu, ancaq rastına düşməmisən..Nə isə cox cək-cevirdənj sonra oğlan yenə
öz sözündən dönmür ki, dönmür.
Səhərisi axşam oğlan yenədə həmin kəndə
oğurluğa gedir. Onu tutub öldürür və
atının üstünə sarıyıb buraxırlar.
At qapıya catar catmaz anası oğlunun
halını görərək fəryad qopara-qopara deyir.
-Can bala sənə
demədimmi ki, Qarabağda oğul coxdu, amma ürcahına
cıxan olmayıb.
Birisi özündən razı halda yekə-yekə
danışıb hec kəslə hesablaşmayanda deyirlər. Elə bilirsən
qarabağda oğul yoxdur.
Qarı
ilə qızın nağılı
Bir qoca qarı ilə onun cavan nəvəsi bir damın
altında yaşayırmışlar. Onlar adi bir işin
üstündə bir-birinə deyinərmiş.
Bir
gün qarı nəvəsinə deyir ki, qızım get
odundan-zatdan gətir, qış ücün ehtiyat saxlayaq.
Qız getmir, qarının üzərinə cəmkirir ki,
özün get.
Qarı öz-özünə fikirləşirki odun mənim
nəyimə gərəkdir.Günümü görüb
dövranımı sürmüşəm. Onsuzda qışa qədər
öləcəyəm , qoy qız əlayağa
düşsün.
Qız da öz-özünə təskinlik verir ki, cvan
adamam, qış gələnə qədər cıxıb gedərəm
ərə. Canı cıxsın qarı özünə bir
gün ağlasın.
Günlər ötüb kecir, sərt qış
qapının ağzını kəsir. Nə qız ərə
gedir nə də qarı ölür, qalırlar soyuqdan əsə
əsə.
Həmin
vaxtdanda hər hansı bir vacib məsələyə müvəqqəti
iş kimi baxan adamlara rəğmən deyirlər
. Sənin işin qarı ilə
qızın nağlına bənzəyir.
Baxşalının
güləyən öküzü
Baxşalı
kişinin də aman-güman ələngə (çox
arıq) qoca bir öküzü varmış, onu bazara
çıxarmalı olur…
Baxşalı
kişi öküzün
çatısından tutub azaylana-azaylana bazara yollanır. Bazarın bir küncündə durub müştəri
gözləyir. Gələnlər
öküzün yaşını, sağlam olub-olmadığını
bilmək üçün onun dodaqlarını aralayıb
dişlərinə baxır, çürük dişləri
görüb başlarını bulayıb gedirmişlər.
Bir gün belə, iki gün belə, öküzü alan olmur. Elə hər gələn də
Baxşalıya salam verəndən sonra,
birinci öküzün dodaqlarını aralayıb
dişınə baxırmış. Bu hadisə
o qədər təkrar olunur ki, axırda yazıq öküz
ona yaxınlaşan olan kimi dodaqlarını aralayıb
dişlərini göstərirmiş.
O vaxtdan
Qarabağda çöpəgülən adamı sakitləşdirmək
üçün deyirlər: "Bəsdi,
Baxşalının öküzü kimi irişmə!”
Hərlədiyin
Gülyetərdi
Birisinin Gülyetər adlı bacısı
varmış.
Sevimli bacısının ölümü onu bərk
sarsıdır. Necə olursa həmin şəxs
başqa birisi iləsavaşır. Mübahisə
müxtəlif söyüşlərlə
qızışır.Bacısının təzə
öldüyünü nəzərə alan
kimi susur. Qorxur ki, rəqibi onun
ölüsününn goruna söyər.
Rəqini
isə onu yandırmaq ücün teztez təkrar edir .
Bu saat sənə elə söz deyərəm ki, yeddi
qatında kecib səni qəbrə kimi yandırsın.
Kişi o saat bilir ki rəqibi nə demə istəyir. Odur ki, onu
qabaqlayaraq yandığından deyir.
Sənin hərlədiyin gül yetər deyil. Lap onun goru belə
belə olsun.
Bu məsəldən məişətdə məqsədini
acıq demək əvəzinə həminn məqsəd ətrafında
dəfələrlə vurulan ehyamlardan istifadə edilir.
Ölmüş
eşşəyin nalını sökür
Bir gün bəyin eşşəyi ölür. Onu
kalafaların birinə atmaq üçün sürüyüb
aparırlar. Kasıb bir kişi
görür ki, bu eşşəyin nalları təzədir. Onu çıxarmaq niyyətinə düşür.
Əl-ayaq yığışandan sonra kasıb kişi
həmin dərəyə gəlib eşşəyin
nalını dördünü də söküb
götürür. Bunu görən həmkəndlilərindən
biri deyir:
-Gör nə
günə qalıb ki, ölmüş eşşəyin
nalını sökür.
Bu məsəldən lap kasıb adamlara rəğmən
istifadə edirlər.
Şələni götürən Məmmədalı,
gücə düşən Əhmədalı?
Məmmədalı və Əhmədalı adlı iki
qardaş varmış. Bir-atanın, bir ananın övladları
olsalar da, yola getmirmişlər. Cır səndən
cırramaq məndən deyib elə hey höcətləşirmişlər.
Gördükləri işi də avsanadan
çıxarırmışlar. Qardaşlardan
Əhmədalı lap cığal imiş. Hər dəfə də araya pələpörtlüyü
o salırmış.
Bir dəfə
ataları deyir:
-Mən xəstələnmişəm.
Ayağa qalxa bilmirəm. Unumuz
isə qurtarıb. Çuvaldakı dəni
aparıb dəyirmanda üyüdün.
Qardaşlar bir-birinin üzünə baxırlar. Məmmədalı
o saat ürəyindən keçirir ki, bəs Əhmədalının
boynuna qızıl ilan da salsan, o, çuvalın ucundan da
yapışmayacaq. Əlacsız qalıb deyir:
-Nə
olar, çuvalı mən apararam, amma bu şərtlə ki,
qiyasəli də mənimlə getsin. Razılaşırlar.
Məmmədalı dolu çuvalı alır
çiyninə, Əhmədalı da düşür onun
yanına. Üz qoyurlar dəyirmana
sarı. Yol boyu Əhmədalı başlayır yüz
hoqqadan çıxmağa-gah hıqqıldayır,
ağır yük altında qalan adam kimi
ufuldayır, tərini silir-bir sözlə tası-fası aləmi
başına götürür. Buna dözə
bilməyən Məmmədalı hirsini boğa bilmir.
Tayı yerə qoyub deyir:
-Ay belə-belə
olmuş, tayı götürən Məmmədalı, gücə
düşən Əhmədalıi?!
Bu məsəldən mənasız yerə
özünü gözə soxmaq istəyən adamlara rəğmən
istifadə edirlər.
Allah yezidə lənət eləsin!
Yezid ibn Müaviyyə Peyğəmbərə
və əhli-beytinə düşmənçiliyi ilə
tanınır. Atasının ölümündən sonra
hakimiyyəti ələ keçirmişdir. Şərab və
qadın düşgünü olmuşdur. Onun
xilafət taxtında səriştəsizliyi,
bacarıqsızlığı, vaxtını daim əyləncələrdə,
meymun oynatmaqla keçirməsi, İslamın
beytül-malına göz dikməsi, rüşvətə
geniş meydan verməsi, müsəlman əhaliyə zülm
verməsi, vergiləri ağırlaşdırması və
İslamın adına ləkə yaxan digər hərəkət
və davranışları məlumdur. Bəni-Üməyyə
nəslinin keçmişdən sürdürdüyü
peyğəmbər nəsli ilə düşmənçiliyi
Yezid öz hakimiyyəti dönəmində daha da
qızışdırmış, dəfələrlə Bədr
və Uhud döyüşlərində Həzrət Əli tərəfindən
öldürülmüş qohumlarının
qisasını peyğəmbər əhli-beytindən
alacağını açıq şəkildə söyləmişdir
Ədalət.-2019.-5 iyun.-S.8.