YARIŞ

Ələsgər ƏLİOĞLU

(Hekayə)

Əsərlərində atı sonsuz bir məhəbbətlə təsvir edən yazıçı-publisist Novruz Nəcəfoğluya

Hələ onda on altı-on yeddi yaşlarımda idim.Bağda-bostanda olandan-olmazdan yığıb atımıza yükləyər və qoşulardım qəsəbə bazarına gedənlərə. Atımızın bir qırmızı qulunu vardı.Haçan ki,bazara gedirdim,qulunu tövləyə salıb ağzını bağlayardım.İstəmirdim ki,əl-ayağa dolaşsın... Onu da deyim ki,atla bazara gedənlərin sayı ən azı yeddi-səkkiz nəfər olardı...

Apardığımız pomidoru,əriyi,şaftalını,gilənarı,bir sözlə hər nə vardısa,hamısını satıb qurtarandan sonra yenidən kəndə üz tutarduq...Bu zaman aramızda yarış başlayardı...Şərtimiz də bu olardı ki,görək kimin atı birincilik qazanacaq... Hamımız da atların başını buraxardıq.Özgə vaxt qaçmağa elə də üzü olmayan atımız özünü kəndə birinci çatırardı...

Bir gün bazara gedərkən birgördüm ki,qulun anasının böyrüncə yortur... Görünür tələsdiyimdən tövlənin ağzını yaxşı çəkib bağlamamışdım.Artıq yolu yarılamaqda idim.Qulunu geri qaytarıb yenidən tövləyə salmağım çox uzun çəkərdi.Bununla da bazarı əldən vermiş olardım.Əlacsız qalıb yoluma davam etdim...

Apardıqlarımızı satıb-sovduqdan sonra yenidən kəndə üz tutduq.Həmişəki kimi yenə də at yarışı başladı...İndi atımızın qaçışı məni məyus etdi... Başını ha buraxsam da,qamçını başı üzərində ha yelləsəm də atımız canıdildən qaça bilmədi...Həmin gün yarışda ən axırıncı yeri tutdum...

...Bunun səbəbini mən bilirdim.Başımı aşağı salmışdım. Öz-özümə düşünürdüm: " Görəsən rəqiblərim də bunu bilirlərmi!? "

GÖZLƏNİLMƏZ ƏRİZƏ

Nizibala Doymazlının xasiyyəti onun soyadına ölçülüb-biçilmişdi.Dünyaya göz açan bir gündən o, doymaq nədir bilməzdi...Tamahı bir çatı kimi keçmişdi boğazına və hara gəldi sürüyürdü onu.Dişinin altı boş qalsaydı bağrı çatlayardı...

Deyilənlərə görə hələ uşaqlıqda süfrədə qardaş-bacısının qabına da göz dikərmiş.Girəvə düşən kimi saytal tikələrdən çırpışdırarmış...Nəfsi onu hələ qonşu çəpərinə də dırmaşdırarmış...Kimin bağına,bostanına bir əl uzadılsaydı,hamı da bilərdi ki,bu Nizibalanın işidir... Onun üçünyetişmişin fərqi vardı, nə də kalın... Əlini hansı budağa,hansı şaxa uzadardısa dürtüşdürərdi qoyun-qoltuğuna...

Nizibala ali təhsililni başa vurub bankda işə başladı.Pul götürməyə gələnlərdən görüm-baxım umurdu.Hər şeydən əli üzüləndə:"Mənə bir piti alın!"-deyərdi.

İllər sonra onu daha bir məsul vəzifəyə təyin etdilər...Burada işə başladığı gündən yenə də öz "metoduna" sadiq qaldı... İşçilərdən ona nə qədər görüm-baxım eləyirdilərsə də,gözü doymurdu ki,doymurdu...

Günlərin birində o, Amil adlı şöbə müdirini tora salmaq fikrinə düşdü...Buna görə də ürək qızdırdığı işçiləri tək-tək yanına çağırır,onlardan həmin şöbə müdirinə qarşı izahat toplayırdı.

Bir gün o,Vüqar adlı işçini də yanına çağırdı:

-Vüqar,sən Amilə qarşı bir izahat yaz ver.Danışmışam, rüşvətxor kimi ona qarşı prokurorluq qarşısında iddia qaldıracağıq. Mənə siqnal çatıb ki,o,rüşvətxordur.

Vüqar etiraz etdi:

-Nə danışırsız,cənab Doymazlı!?O heç zaman məndən rüşvət istəməyib.Özü də çox vicdanlı adamdır.

-Yox,izahat yazmalısan!

-Yaxşı,sabah yazıb gətirərəm...

...Səhəri gün Vüqar qapını döyüb Doymazlının kabinetinə keçdi və əlindəki kağızı stolun üstə qoydu:

-Buyurun,cənab Doymazlı!

-İzahatdır də?..

-Bəli,izahatdır!...

-Bir oxu görüm.

 

Vüqar yazmış olduğu izahatı təmkinlə oxumağa başladı:"Cənab N. Doymazlı!Siz məni məcbur edirsiniz ki,kollektivdə vicdanlı bir işçi kimi tanınan Amil haqqında böhtan yazam.Mən bunu bacara bilmirəm.Sizin dediyiniz kimi çörək yemək istəmirəm.Buna görə də xahiş edirəm ki,məni işdən azad edəsiniz..."

Doymazlı alınan kimi oldu.Qaynar suya salınınb-çıxarılmış albuxara gavalısı kimi pörtdü...Sanki öz alçaqlığını indi dərk etdi...Handan-hana gözləri qırmızıdan hürkmüş öküzün gözlərinə döndü.Ağzı köpüklənə-köpüklənə: " Bu nədir, ə!.. "-deyə çığırdı.

Ancaq hər şey gec idi...Vüqar artıq kabineti tərk etmişdi.

Açılmayan kilid

Vüqarın şəhərdə yeni kirayə tutduğu evin qonşuluğunda bir gənc qadın tənha yaşayırdı.Onun mütənasib bədəni,yerişi,duruşu,gözlərinin şövqü,üzünün cizgiləri elə ilk baxışdan kişilərin çoxunu günəbaxana döndərirdi.Küçədən ötüb keçəndə qadınlar belə,başlarını qaldırıb yüngülvariolsa onu gözaltı süzürdülər.Vüqarla həmin qadının arasında yeganə ünsiyyət ancaq salam verib-salam almaqla bitirdi...

Vüqar bir axşam işdən evə qayıdırdı..Həyət qapısının ağzına

çatanda həmin qadının küçədə narahat bir halda dayanıb böyür-başa nəzər yetirdiyini gördü.Axşamınız xeyir deyib evə keçmək istəyirdi ki,qadın onu:-"bir dəqiqə olarmı" - deyə səslədi.Vüqar səmtini dəyişib ona sarı yaxınlaşdı:

-Buyurun,xanım,eşidirəm.

-Evimin kilidi dolaşıb,aça bilmirəm.Bəlkə kömək göstərəsiniz...

Vüqar onun yaşadığı evin həyətindən ilk dəfə içəri keçdi.Açarı alıb kilidin içində sağa-sola fırladı.Elə ilk cəhddən qapını aça bildi.

Qadın sevincək halda : "Sizi çox yordum.Keçin içəri,indi sizə kofe dəmləyərəm.Özü də Braziliya kofesidir"-dedi.Ürəyindən olan bu gözlənilməz təklif Vüqara götür-qoy etməyə belə imkan vermədi.O,içəri keçdistullardan birini çəkib əyləşdi.Qadın mətbəxə keçdi.

Vüqar öz-özünə düşünürdü: "Bu cür gözəl-göyçək qadın niyə tənha yaşayır?..Bir sevib-seçdiyi yoxdurmu?..Bəlkə hələlik heç kimi bəyənmir!?" Onun fikri,xəyalı bu sualların qarşısında aciz qalmışdı...

Çox keçmədi ki,kofe dəmlənib ortalığa gəldi.Qadının özüqonaqla birgə stolun arxasında əyləşdi.Onun incə və bir qədər mülayim danışığı bayaqdan bəri otağı əsarətdə saxlayan sükutun əl-qolunu bağladı:

-Doğrudan da sizə çox əziyyət verdim.Əgər bir az da gec gəlsəydiniz,məcbur idim ki,axtarıb bir usta tapım.

-O nə sözdür,xanım,bəs qonşu qonşuya nə gündə lazımdır!?Nə çətinliyiniz olsa mən həmişə hazıram.

-Minnətdaram.

-Bağışlayın,adınız nədir?

-Təravət.

-Gözəl adınız var,adınız da özününzə çox yaraşır.Mənim də adım Vüqardır.

-Çox şadam.Soruşmaq ayıb olmasın,bəs harada işləyirsiniz?

-Elə bir yönlü işim yoxdur.Nəşriyyatda hələlik korrektoram.Söz veriblər ki,bu yaxınlarda redaktor keçirəcəklər.

-Deməli ziyalısınız.

-Bəs siz hansı sahədə çalışırsınız?

-İngilis dili müəlliməsiyəm.

-Lap əla!Bu gün sizin ixtisasa tələbat daha çoxdur.

Vüqar dörd-beş kəlmə kəsib,içdiyi kofeyə görə öz minnətdarlığını bildirdikdən sonra Təravətə "gecəniz xeyirə qalsın" deyib ayrıldı...

Aradan bir həftə keçmişdi.Vüqar axşam çağı işdən qayıdarkən həmin qadının yenə də küçədə pəjmürdə bir görkəmdə dayanmış olduğunu gördü. Salam-kəlamdan sonra qadın həyəcanlı bir tərzdə dilləndi:

-Daha bu kilid məni xəcalət elədi.Bir də dolaşıb...Qoy bu dəfə açılsın,mütləq dəyişdirəcəm...

Vüqar artıq işinin adını bildiyindən ona:"Zəhmət olmasa açarı verin"-deyərək evin qapısına doğru yaxınlaşdı.Yenə də əvvəlki kimi açarı kilidə keçirib sağa-sola hərlədi.Qapını asanlıqla açıb açarı Təravətə qaytardı:

-Buyurun,xanim.

-Yenə sizə əziyyət verdim.Xahiş edirəm getməyin,qonağım olun.

Təravət təklifini elə bir yalvarıcı tərzdə işlətdi ki,Vüqar ikinci kərə onun stolunun arxasında əyləşməli oldu.Qadın gülümsəyə-gülümsəyə dilləndi:

-Maşınla yaxşı ət çəkmişəm.İndi sizə qutab hazırlayaram.Özünü tərifləmək olmasın ,mənim bişirdiyim qutabı hamı da bəyənir.Görək siz də bəyənəcəksinizmi?..

-Bu cür xanım hazırladığı qutab söz yox ki,dadlı-ləzzətli olar.

Təravət qutabı ərsəyə gətirdi və boşqabda süfrəyə qoyanda otağı xoş bir rayihə bürüdü.Vüqar elə ilk loxmadan ona öz təşəkkürünü bildirib ləzzətlə yeməyə davam etdi...

Bu qonaqlıqdan heç bir həftə keçməmişdi ki,Vüqar axşam işdən evə qayıdarkən yenə də Təravətin həyət qapısının ağzında fikirli bir halda dayandığını gördü.Salamlaşdı.Qadın utancaq bir tərzdə çəkinə-çəkinə dilləndi:

-Kilid yenə də açılmır...Heç bir vaxt tapıram ki...

Vüqar gülümsəyə-gülümsəyə dedi:

-Narahatlığa dəyməz,indi açaram.

Təravətdən açarı almaqla kilidi açmağı bir oldu...Artıq ürəyində elə hiss etdi ki,kilidbir bəhanədir...

Təravət Vüqarı yenə də evə dəvət etdi:

-Sizi çox yordum.Heç bilmirəm ki,minnətdarlığımı necə bildirim.Xahiş edirəm keçin içəri.

Vüqar daha çəkinmədən otağa keçdistolun başında əyləşdi.Təravət bir gözqırpımında süfrəni qaydaya saldı və həlim baxışlarla:"Mənə bir qutu şokalad pay veriblər.Xahiş edirəm ki,bir ondan dadasınız..."-dedi və servantın gözündəki konyak şüşəsini də gətirib stolun üstə qoydu:

-Mən içən deyiləm.Bu konyak da ad günümdən qalıb.Mən bilən şokalad konyakla yaxşı tutur.

Vüqar dilləndi:

-Onda siz də içməlisiniz,yoxsa içməyəcəyəm.

Ani tərəddüddən sonra Təravət başını tərpətməklə razılığa gəldiyini bildirdi.Hər ikisi kiçik qədəhlərə süzülmüş konyakı içdi.Artıq Vüqar da,Təravət də özlərini bir az sərbəst hiss edirdilər.Beləlliklə, ikinci-üçüncü sağlıq da qeyd olundu.

Bir vaxt Vüqar hiss etdi ki,əyləşmiş olduğu stulun qeyri-adi "sürüşməsi" nəticəsində Təravətlə diz-dizə,nəfəs-nəfəsədir.Bədəni artıq ehtizaza gəlirdi.Yerində qovurğa kimi qovrulurdu...Birdən özündən asılı olmayaraq əlini Təravətin yaxasına sarı uzatdı...Qadın əlləri ilə onun istəyinin qarşısına sipər çəkdi:

-Silikondur...Özünü yorma!..

Vüqar heçanlaya bilmədi.Sanki dumanlı bir yuxu görürdü.Heyrət dolu baxışlarla üzünü Təravətə tutdu:

Heçbaşa düşmədim.silikon nədir?..

-Dayan,indi mən hamısını danışaram.

Beləliklə,qadın öz taleyi barədə danışmağa başladı:

 

-Tələbə yoldaşım bir oğlanla ailə həyatı qurmuşduq.İkimizin də təyinatımızı elə bu şəhərə vermişdilər.Həyat yoldaşım imkanlı bir ailədən çıxmışdı.Bu evi də bizə onun valideynləri almışdılar.Lakin bu xoşbəxt günlərimizin ömrü cəmisi altı ay çəkdi. Günlərin birində döş nahiyəmdə kəskin ağrılar hiss etməyə başladım.Onkoloji xəstəxanaya müraciət etmək məcburiyyətində qaldım.Bildirdilər ki,xərçəngə tutulmuşam.Təcili əməliyyat olunmalıyam.Döşümün birini kəsib götürdülər.Hələ yaramın yeri tam sağalmamış həyat yoldaşım məndən ayrıldı.Dedi ki,ev də sənə qalsın,amma daha mən gedəsi oldum... Sonralar Almaniyadan onkoloji xəstəxanaya qısamüddətli ezamiyyətə gəlmiş bir professorun qəbuluna düşdüm.Xəstəlik tarixçəmlə bağlı bütün kağızları nəzərdən keçirib acı-acı başını tərpətdi...Bildirdi ki,hər şey müalicəylə ötüb keçərmiş... Təəssüf ki,artıq gec idi.Həkim naşılığı öz amansız izlərini mənim taleyimə həkk etmişdi... Mən adamlar içinə çıxarkən silikondan istifadə edirəm ki,heçhiss olunmasın.İndi başa düşdünüzmü!?

Artıq Vüqarın hissləri üstə su əndərilmiş bir ocağa dönmüşdü.Yavaş-yavaş əli qadının əlindən ,dizi də dizindən geri çəkilirdi...Bayaq özünü od-atəş içində hiss edirdisə,indi ona elə gəlirdi ki,bədəni buz bağlayıb...

...Aradan beş-on dəqiqə keçməmiş yorğunluğunu bəhanə gətirən Vüqar Təravətə "gecəniz xeyirə qalsın" deyib, sonu iztirablar üstə köklənmiş bu qonaqlıqdan çıxdı və səhər obaşdan paltar-palazını da kirayə tutduğu evdən yığşırıb getdi.

Vüqar getməyə də bilməzdi...Getdi ona görə ki,Təravətin qapısının kilidini asanlıqla aça bilsə də,onun taleyinin kilidini açmağa sinəsində elə bir ürək yox idi...

Ədalət 2019.- 5 iyun.- S.7.