İşığa bələnmiş poeziya

  Poetik topluların başqa bədii kitablardan fərqli cəhətləri var. Ən başlıca və diqqətçəkən məziyyət odur ki, bircə şeirlə də müəllifin poetik gücünü, iqtidarını görmək mümkündür. Bəzən bir şeir bütöv bir yaradıcılığın, bir şair taleyinin poetık indeksinə çevrilir və bu uğur müəllifə sənətkar etiketi qazandırır. Tutduğu vəzifə mövqeyindən, qazandığı titullardan, fəxri adlardan asılı olmayaraq hər bir şair şeirindən, misrasından boylanır. Şeirin bədii səviyyəsini ifadə edən elementlər sırasında başlıca məharət müəllifin qələmə aldığı mövzuya yanaşmada öz baxış bucağını göstərə bilməsidir. Digər ədəbi janrlar kimi şeirdə də bədii ümumiləşdirmə səriştəsi şairin yetkinliyinin, dolğun əsərlər yaratmaq bacarığının əyani təzahürüdür. Mahiyyət etibarı ilə ədəbiyyatda bütün mövzular işlənmişdir. Lakin istedadlı qələm sahibləri, "köhnə” mövzulara da öz poetik nəfəsi ilə yeni ruh verə bilir, məhz poetik ruhun canlılığı, təravəti şairin özünəməxsusluğunu şərtləndirən amillər sırasındadır.

Müasir poeziyamızda ənənəvi şeirin inkişafına və bədii məziyyətlərinin yeni mahiyyət kəsb etməsinə, mənəvi-əxlaqi dəyərlərin poetik vüsətlə qorunmasına özünəməxsus dəst-xəttlə, səmimi ovqatla xidmət göstərən, Uca Tanrı sevgisinə tapınan, qəlbindəki sozun işığında yol gedən istedadlı şairlərdən biri Rəfiqə Qasımqızıdır.

O, axarlı-baxarlı Şəmkir rayonunun Çinarlı kəndində anadan olub. Bu torpağın havasını udub, suyunu içib. Anasının ona çaldığı laylanın isığında böyüyüb. Böyük istiqlal sairi Əhməd Cavadın nəvəsi sayılır. Bəlkə bu torpağın suyundandır ki, belə saf, təmiz ürəyi geniş, yurdsevər bir ziyalıdır, kövrək qəlbli bir şairdir. İntellekti, kübarlığı, sadəliyi ilə el-obada, ziyalılar arasında, qələm adamları arasında hörmət qazanıb. Elm sübut edib ki, insandakı bütün müsbət və mənfi xüsusiyyətlər genetik kodla ötürülür. Rəfiqə Qasımqızının bütün gözəl keyfiyyətləri gendən, qandan gələndir. Onun bütün yaradıcılığında bu hiss olunur. Şeirlərində təkcə Şəmkir mahalını deyil, bütövlükdə anamız Azərbaycanın gözəlliklərini tərənnüm edir. Uzun illər əbədi-bədii yaradıcılıqla məşğul olsa da, ədəbi imzası son onillikdə poeziyasevərlərin diqqətini cəlb edib. Bir çox mətbu orqanlarında şeirləri mütəmadi olaraq işıq üzü görür.

Rəfiqə Qasımqızının poetik dünyası səmimi, zərif və könül oxşayan duyğularla naxışlanıb. Böyüdüyü doğma yurdu, ata ocağı olan Çinarlı kəndinə ünvanladığı "Çinarlıya gedən yollar” şeirinin hər misrasından səmimi və kövrək bir şair ürəyi boylanır:

 

Hərdən dönür yuxulara,

Xəyalımdan itən yollar.

Mənim gözumdən başlayır,

Çinarlıya gedən yollar.

Xatirəmdə bir qız yaşar,

Gözlərində sevinc gülər.

Hərdən səbri dolub-daşar,

Kədəri mənimlə bölər.

 

Doğma yurd yerlərinə ithaf etdiyi şeirlərdən böyük vətənin ətri gəlir. Bu mənada "Seyfəlim” şeiri də maraqlı və könül oxşayan misralarla qolboyun olub.

 

Doymaram hüsnünün mənzərəsindən,

Güllü yamacından, dağ-dərəsindən.

Gözəl Şəmkirçayın bənd-bərəsindən,

Yayılan nəğməmin sözü, Seyfəlim.

 

Poeziya aləmində elə şairlər vardır ki, onların istedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi dünyasını rəvan, səmimi və aydın əks etməsindədir.

Onun poeziyasının əsas mövzusu böyük Odlar diyarının gözəlliklərini, insanın daxili aləminin özəlliklərini, həmçinin ləyaqətli insan şəxsiyyətinin səmimi və obrazlı tərənnümü, bununla yanaşı, əzəmət və gözəlliyin, həssaslıq və qayğıkeşliyin təbliğidir.

Şairin əsərləri bədii-ictimai siqlət, poetika baxımından nəzəri cəlb etməklə bərabər, həm də məxsusi yaradıcılıq fəaliyyətinin zengin xüsusiyyətləri ilə də maraq doğurur. Səmimi ahəngdarlığı, rəvanlığı ilə seçilən şeirləri vətəndaşlıq möhürü ilə təsdiqlənərək, xalqın ruhunu oxşayan şair dəst-xəttini müəyyənləşdirir və geniş oxucu sevgisinin ünvanına çevrilir.

"İilmələnən arzular” kitabına toplanmış poetik nümunələr istedadlı şair düşüncəsinin sənət müstəvisində əyaniləşməsidir. Rəfiqə Qasımqızının şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur. Şairin müxtəlif mövzularda yazılan şeirlərini səmimiyyət, həyat hadisələrinə fəlsəfi baxış, xeyirxahlıq duyğularının təbliği, saf sevgi kimi amillər birləşdirir. Bütün bu məziyyətlər onun sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla bərabər, həm bədii sözlə işləmək məharətinə yiyələnməsinə zəmanət verir.

Şairin ədəbi uğurunu şərtləndirən cəhətlərdən biri də onun qələmə aldığı mövzuların mahiyyətinə dərindən vara bilməsi, gördüyü problemlərin səbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə bağlılığı, milli özünüdərk mövzularına daha dərindən vaqif olması diqqətdən yayınmır. Onun şeirlərində yalnız milli ağrılarımız göstərilmir, həm də bu bəlaları doğuran səbəblər bədii sənət güzgüsündə işıqlandırılır. Rəfiqə xanımın poetik nümunələrində insan, təbiət və zamanla bağlı fikir və düşüncələr təqdim olunan mahiyyətin mühüm tərkib hissəsi kimi üzə çıxır.

Vətən sevgisi, yurd məhəbbəti onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Özünəməxsus obrazlar yaratmaq bacarığı, sözü yerində və ustalıqla işlətmək məharəti, həmçinin sadə deyimlə zəngin poetik məna ifadə bilməsi onun sair xüsusiyyətini əyaniləşdirir.

"Vətən” şeiri sairin poetik mətləbinə güzgü tutur:

 

Deyirlər oğullar düşmən çəpəri,

Qızlar bəzəyidir, evin-eşiyin.

Oğullar göstərir döyüş hünəri,

Ona əmanətdir, Vətən, keşiyin.

 

 

Cümləmin əvvəli, axırı vətən,

Dilimin müqəddəs kəlməsi, sözü.

Hər iki ananın övladıyam mən,

Anadır anama vətənin özü.

 

Rəfiqə Qasımqızının şeirlərinin önəmli məziyyətlərindən biri də insanın mənəvi dünyasının, hisslər, duyğular aləminin həssas və zərif ifadə olunmasıdır. Bu poetik nümunələrdə dərin və saf bir sevginin, hicran və həsrət qoxulu məhəbbətin səmimi tərənnümü diqqəti cəlb edir. Lirik qəhrəmanın yaşadığı duygularin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələrinin təravətli şairin poetik ustalığının ehtivasıdır.

Şairin poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onun fərdi poetik siması, yalnız qələmə aldığı nümunələrin üslüb cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qiymətləndirməsində, lirik "eqo”nun əhval-ruhiyyəsini təravətli, həm də səmimi çalarlarla ehtiva etməsindədir.

Rəfiqə Qasımqızı Azəbaycan dilinin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Onun yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna sənətkarlıq xüsusiyyəti kimi böyük yaradıcılıq səciyyəsi daşıyır.

Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç vaxt duyulmur. Kitabdakı şeirlərində insan ləyaqətinin tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfı mündəricə gətirir.

Bu poetik nümunələri mövzusundan asılı olmayaraaq daxili bir bədii məntiq, ümumi bir məna birləşdirir. Rəfiqə xanımın şeirlərində insana inam və etibar motivi güclü olduğu üçün, bu məziyyət şeirlərinin bədii siqlətinə nikbin əhvali-ruhiyyə, işıq və hərarət qatır.

Rəfiqə Qasımqızının rəvan və təbii üslubu, şeirlərinin vəzn, bölgü, qafiyə və poetik strukturun digər elementlərindən məharətlə istifadə etmək bacarığı onun sənətkarlıq yetkinliyini şərtləndirən keyfiyyət kimi önəmli səciyyə daşıyır. Poetik yükündən bədii mahiyyətindən asılı olmayaraq, Rəfiqə xanımın bütün şeirlərindən iman ətri gəlir, halallıq qoxusu duyulur. Bu şeirlərdə insanın insanlar qarşısında, bəşəriyyət qarşısında insanlıq borcunun və ləyaqətinin vicdanla, ədalətlə, namusla icrası məsələsinə böyük diqqət verilir. Bu xüsusiyyətlər onun şeirlərinə ictimai dərinlik, geniş vüsət və məzmun bütövlüyü gətirir. Rəfiqə xanımın bir çox şeirlərinin ifadə tərzindəki məxsusilik, fıkrin misra-misra incələnməsindən yaranan dolğunluq, incə lirizm, sakit və təmkinli ahəng, bədii-ictimai düşüncələrin doğurduğu poetik sanbal onun yaradıcılıq fərdiyyətinin keyfiyyət göstəricisidir.

Məlumdur ki, lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuz etmiş olur. Rəfiqə Qasımqızının şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və vətənpərvərlik mövzusu geniş yer tutur və onun dünyagörüşünün, bədii-estetik idealının müəyyənləşməsində, formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ən səciyyəvi xüsusiyyətlərindən biri onun müasirliyidir, yəni şair müasir həyatımızın təzadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda, insanları əzab məngənəsində sıxan anları poetik məzmunda ehtiva edərək, onu yeni-yeni məna çalarları ilə zənginləşdirir.

Rəfiqə Qasımqızının şeirlərində bədii dilinin milli koloriti qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qoşma janrının ahəng və ritmində, bədii təsvir vasitələrində nəzərə çarpır. Şairin "Kimisən” rədifli qoşması bu janrın imkanlarını sərgiləyən nümunə kimi səciyyəvi mahiyyət daşıyır.

 

Payızda solanda bağçalar, bağlar,

Göy üzünü örtən buludlar ağlar.

Yadıma düşəndə o gözəl çağlar,

Uzaqdan səslənən haray kimisən.

 

Yağışdan qıvrılar ağca tellərin,

Qarı səpələyər əsən yellərin.

İtib axarında keçən illərin,

Daşları köhnələn saray kimisən.

 

O, insan mənəviyyatının qüdrət və gözəlliyini tərənnüm edəndə də, doğma yurdu vəsf edəndə də, elin adət-ənənələrindən yazanda da kolorit zənginliyi diqqəti cəlb edir. Şairin qızına yazdığı şeir poetik təravəti, səmimi ovqatı ilə seçilir:

 

Hər qız gözəl olur gəlin köçəndə,

Beyazlıq gəlinin yaraşığıdır.

Üzündə yaranan zərif təbəssüm,

Paklığın ismətlə qarışığıdır.

 

 

Yaxşı yol, qədəmin mübarək olsun,

Qızıl bəxtin olsun, taxtın olmasın.

Evinin hər küncü səs-küylə dolsun,

Sənin darıxmağa vaxtın olmasın.

 

Şair bəzən bir bənddə lakonik poetik detallarla oxucu xəyalında orijinal lövhələr canlandıra bilir. Onun bir sıra şeirlərində mürəkkəb psixoloji vəziyyətlər, anlar və duyğular, hisslər aləmi çox zərif və dəqiq ifadəsini, bədii həllini tapmışdır. O, bədii dilin estetik gözəlliyinə, emosionallığına məsuliyyətlə yanaşaraq, məzmuna uyğun forma rəngarəngliyindən səriştəylə istifadə etməyi bacarır. Rəfiqə xanımın yaradıcılığında mənəvi-əxlaqi zənginliyin harmoniyası vardır.

Bu mənada o, daim inkişaf edən həm forma və məzmun əlvanlığı, həm də poetika baxımından kamilləşən parlaq bir istedadın sahibidr.

Bəllidir ki, bədii sənətin gücü böyük ideyanın, dəyərli fikrin obrazlı təcəssümündə, səmimi və təravətli ehtivasındadır. Bu keyfiyyətlər qələm sahibindən bədii-sözün məna çalarlarını, dilin incəliklərini duymağı, poetik obrazlar sistemində əsərin forma və məzmun vəhdətini yaratmağı, sənət qarşısında daim məsuliyyət hissini qorumağı tələb edir. Bütün bu məziyyətlər şair Rəfiqə Qasımqızının yaradıcılığında öz əksini tapmışdır.

"İlmələnən arzular” şeirlər toplusunu şairin ədəbi uğuru, yaradıcılıq nailiyyəti kimi səciyyələndirmək olar.

 

BALAYAR SADİQ

Ədalət  2019.- 11 iyun .- S.7.