Əbülfət
MƏDƏTOĞLU: AĞDAM HƏSRƏTİNƏ DİZ
ÇÖKƏN...
Bu aydının adı Surxay Əlibəylidir
Ağlımız kəsəndən yaddaşımıza yazdığımız sözlər, fikirlər olur ki, onlar da bizimlə son mənzilə qədər yol gedir. Bu mənada insanın ən güvənli dostları sırasında söz də özünə görə bir yer sahibidi. Və bu yer sahibi olan söz təkcə hopduğu, yaşadığı yaddaşın deyil, həm də ətrafın, çevrənin, bütövlükdə sözü anlayan hər kəsin doğmasına, tanışına çevrilir. Deməli, söz həm də öz sahibinin yaşadanı, qarantı olur...
Bütün bu söylədiklərim sözlə nəfəs
alan, sözə xidmət edən və həm
də sözün fövqündə dayana bilən insanlara aiddir. Təbii ki, biz onları söz
adamı kimi görür,
tanıyır və dəyərləndiririk – bir
az tez, bir
az gec... Yəni
adamların haqqını, dəyərini verməyi biz onsuz da
həmişə ertələmişik, sabaha
saxlamışıq, sonra da
həmin adamı itirəndə dizimizə döyüb
"ah” çəkməyə adət etmişik. Bütün bunlar bizim həyat tərzimizin
normal axarda
olmadığının bir göstəricisidir.
Və normallığı yaratmaq
özümüzdən asılı olduğu
halda biz laqeydliyin, astagəlliyin kürkünü
əynimizdən çıxarmırıq...
Bütün bunları elə-belə,
sözgəlişi yazmıram, xatırlatmıram. Bütün
bunların səbəbi və bir də o səbəbin özünün
bu dediklərimdə iştirakı var. İndi xatirə kimi andığımız, əhvalatlarını,
söz-söhbətlərini yaddaşımızda
yaşadıb xatırlamaqla təzələdiyimiz bir Qarabağ həsrətlisi
var idi Bakıda. Özü boyda Qarabağ olan... özü boyda Ağdam sevinc və kədərini
daşıyan... özü boyda Ağdam koloritini ifadə edən Surxay
Əlibəyli! Bəribaşdan deyim ki, Surxay Əlibəyli bir insan olaraq
hamı üçün açıq adam idi. O, heç
kimdən ürəyini gizlətmirdi. Nə
düşünürdüsə, nə xəyal edirdisə, nə
arzu edirdisə, ürəyi ilə dilinin arası bir iynə boyu olduğundan cəmi bir neçə dəqiqə susa
bilərdi. Və...
Kimsə onu
danışdırmaq üçün bircə
söz dilə gətirməli idi – yəni Ağdam deməli
idi. Bu, Surxayın dilinin qıfılını açan
söz idi... Bu, Surxayın "sim-sim”i idi... Elə bil həmin sözü
işlətməklə Surxayı hərəkətə gətirirdin,
ona nəfəs verirdin,
başlayırdı danışmağa. Öncə
ağdamlı günlərindən... Ağdamdakı
dostlarından... Ağdamla digər bölgələri müqayisədən... sonra Ağdamın işğalından... sonra Ağdamın şəhid
oğullarından... sonra Ağdamın
seyidlərindən, ocaqlarında... sonra
Ağdamın aydınlarında, ziyalılarından... sonra Ağdamın futbol
komandasından... sonra Qarabağ
bülbüllərindən... sonra onu havalandıran Qədir Rüstəmovdan... sonra fanatı olduğu Rəmişdən...
sonra Şahmar Əkbərzadədən...
sonra Xudu Məmmədovdan...
sonra Gülablıdan, Abdaldan,
Qarqardan, Qarağacı qəbiristanlığından...
Ağdamın cəbhəçilərindən...
Ağdamın sayılıb-seçilən söz
sahibi olan
oğlanlarından... teatrından, kinosundan...
Surxay danışırdı Ağdamdan - özü də
hamısını ayıyla, günüylə, saatıyla,
soyadıyla xatırlayırdı.... Surxay
danışırdı Ağdamdan – Bəxtiyar
Vahabzadənin, Xudu Məmmədovun, Nurəddin
Rzayevin, Şahmar
Əkbərzadənin dostluğundan... Surxay çoxumuzun
oxumadığı kitablardan söz açırdı... Surxay
Əbülfəz Elçibəydən söhbət edirdi... Surxay Füzulidən
olan, amma ən
yaxın dostlarının sırasında həmişə
adını öndə çəkdiyi Elman
Ağayevdən xatirələr danışırdı... Surxay ağdamlı günlərini söz-söz, cümlə-cümlə hər
gün təzələyirdi
yaddaşında. Surxay Quzanlıya gedəndə
Ağdam üçün
partlayan ürəyini güclə tutub saxlayırdı. Surxay
bir himə bənd idi
– Ağdam himinə! "Gedək!” deyəni
gözləyirdi Surxay! Surxay
Ağdamsız qala bilmədiyindən için-için əriyirdi... Onun əhvalının yaxşı vaxtında
da, kədərli anlarında da söz-söhbəti ancaq
Ağdam idi!
Bəzən
adama elə gəlirdi ki, Surxay həddindən çox
Ağdamsevərdi. Ona görə də
hissə qapılır və özü-özünü
təkrar edir. Amma onun damarına düşüb
etdiyi söhbətin mahiyyətinə varanda görürdün ki, surxay təkcə özü üçün
danışmır, danışmaqla ürəyini
boşaltmır, o həm də danəşdıqlarını
kimlərəsə hopdurur. Ağdamı
tanımayanlara sanki Ağdam
dərsi keçir...
Bəli, Surxay Əlibəyli təkcə danışmırdı, söhbət etmirdi, həm də yazırdı – kitabda yazırdı, jurnalda yazırdı, qəzetdə yazırdı, xüsusi buraxılışlar edirdi. Düşüb gəzib toplayırdı materialları... Yorulmurdu Ağdamın işığına, Ağdamsevərlərin ünvanına getməkdən. Bəzən günlərlə, saatlarla dirəşib Ağdam adına bir söz, bir fakt tapıb toplayırdı. Surxay həm də dostcanlı idi... məclis adamı idi. Yasa da, toya da, yasa da bir ovqat gətirirdi Surxay! 1982-ci ildən tanıdığım Surxayla etdiyim yoldaşlıq, dostluq, kəsdiyim söhbət bir ömrün hüdudunu çoxdan aşıb. Onunla Qarabağlı günlərimizi səhifələmək mənim Qarabağsız günlərimin bir xatirəsi idi, özü də dipdiri xatirəsi.
İndi də Surxaydan xatirə yazıram – 70
yaşının xatirəsini! Bilmirəm nədən
başlayım, hansı mövzunu çəkim
önə. Bircə bildiyim odur ki, mən Ağdam deyiləndə
xatırladığım ən işıqlı adamların
sırasında Surxay Əlibəyli də
var.Ona görə də iyun
ayının 10-cu günü 70
yaşı tamam olan Surxay Əlibəyli barəsində nə
dostlarının, nə doğmalarının fikrini
soruşmadan, nə də onunla
bağlı özəl xatirələrimin heç
birini dilə gətirmədən ruhu qarşısında baş
əyirəm. Bilirəm ki, bilgisayara söylədiklərimi o bir ruh
olaraq eşidir, dinləyir
və həmişəki kimi də redaktəyə
hazırdır. Qoy olsun!
Bu da Surxayın bir yaraşığıdı, bir özəllliyidi. Mən isə ruhuna bir salavat
çevirməklə Bakıdan Ağdama üz tuturam. Bilirəm ki, o, Ağdamdadı! Can atdığı, uğrunda
sinov getdiyi Ağdamda!
Surxay Əlibəyli, ruhun şad olsun!
Surxay Əlibəyli, mənim də salamımı səninlə birlikdə gəzib-dolaşdığım yerlərə - Ağdama, Qarabağa çatdır! Sağ ol! Görüşənədək!
Ədalət 2019.- 11 iyun.- S.5.