Bir çağırış, bir haray, nəhayət bir üsyan

Məşhur teatr xadimlərindən biri teatr tənqidi və teatrşınaslıq elmi haqqındakı çıxışlarının birində üç məsələni daha çox diqqətəlayiq və əhəmiyyətli hesab edir: tənqidi yazının oxucu tərəfindən oxuna bilinməsi, tamaşanı sankiseyr edən kimi oxucuya çatdıra bilməsi və nəhayət tənqidçının obyektivliyini. Əslində müvəffəqiyyətli teatr tənqidi sadə və yaradıcı olmalıdır. Tənqidlə mütəmadi məşğul olan qələm sahiblərinin əksəriyyətinin özünü "büruzə vermək” məqsədi ilə qələmə aldıqları az qala dəb halını alan bərli–bəzəkli, süslü, saysız-hesabsız elmi ifadə və priyomlarla aşıb-daşan hər hansı bir tənqidi məqaləsi, tənqidin başlıca kontekstinə tərs gəldiyi kimi, oxucuya da bir yararı olmaz. Bu zaman oxucu məqalədə tənqidçinin nə demək istədiyini və hansı düşüncələri aşıladığını dərk etmək və qavramaq əvəzinə məqalədə hər addımbaşı rastlanan bu elmi ifadələrin çəmbərinə düşəcək və oradan da çətinliklə qurtulacaqdır. Çünki, bu tipli məqalələri oxuyub başa çıxmaq və teatrşünasın nə demək istədiyini anlamaq üçün "Əcnəbi sözlüklər lüğəti”nə müraciət etmədən keçinmək mümkün olmayacaqdır. Düşünürəm ki, bu tipli yazılar daha çox namizədlik və doktorluq dissertasiyalarında keçərlidır, tamaşalara yazılan məqalələrdə isə deyil...

Oxuna bilən tənqidi məqalə isə ən qısa yoldan yazarın təməl düşüncəsini, ideyasını çatdıra bilən bir yazıdır. Qəzetin və ya jurnalın teatr tənqdinə ayırdığı sütunun hüdudları içərisində, teatrşünas-tənqidçi düşüncələrinin ən önəmli nöqtələrini müxtəsər şəkildə bəyan edə bilməli və yazıya aydınlıq gətirməlidir. Əsl teatrşünas o şəxsdir ki, dar bir hüdud içərisində oxucunun diqqətini elə bir nöqtəyə yönləndirsin ki, oxucu yazı ilə tanış olarkən tamaşa ilə bağlı kifayət qədər məlumat əldə edib öz təxəyyülündə həmin tamaşanı vizual olaraq canlandıra bilsin.

Gördüyüm və bildiyim qədər üç növ tənqidçi var. Deməyə sözü olan və bunu inandırıcı və təsirli bir biçimdə yazan. Deməyə sözü olmayan, amma yenə də təsirli və oxuna bilən bir ölçüdə yazan. Deməyə sözü olmadığı kimi, yavan, bəsit, sıradan, quru və sxematik bir şəkildə yazan tənqidçi...

Düşünürəm ki, 1989-2018-ci illəri əhatə edən "Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” adlı kitabı yeni çapdançıxan görkəmli teatrşünas Anar Burcəliyev məhz sadə yazan, yazılarını oxucuların dərk edəcəyi şəkildə qələmə alan və məqalələrində obyektiv prinsipləri rəhbər tutan bir tədqiqatçı kimi məhz birinci zümrəyə mənsub olan teatrşünaslarımızdan sayılmaqdadır. Kitabda mətbuatda dərc olunan məqalələr, resenziyalar, oçerklər və eləcə də müsahibələrin bir qisminin toplumu təqdim edilib.

Regional teatrlar üzrə bir mütəxəssis kimi tanınan Anar Burcəliyevin məqalələrini oxuyarkən hiss edirsən ki, onun məqsədi geniş planda toplumun teatr yaşamını inkişaf etdirmək, teatr sənətini, sənətçisini, habelə tamaşaçını xəbərdar etmək, onları doğru istiqamətə yönləndirmək tək paytaxt Bakıda fəaliyyət göstərən teatrlarımızın deyil həmçınin regionlarda fəaliyyət göstərən teatrların hər birinin öz missiyasi, teatr estetikası, dəsti-xətti olduğunu sübuta yetirməkdir. Öz yazılarında Anar Burcəliyev obyektiv və adildir. Təbii ki, obyektivlik və adillik bir-birini tamamlayan kateqoriyalardır. Məncə ideal teatrşünas savadına və zəngin məlumatına istinad edərək öz tənqidi yazılarında tamaşanı dürüstlüklə tanıdan bir şəxsiyyətdir. Tənqidçinin vəzifəsi qapıları çırpmaq deyil, qapıların necə və haraya açıldığına işarət etməkdir. Tənqidçi əmr verməz yol göstərər. Anar Burcəliyev də öz yaradıcılığını məhz bu tendensiyalar kontekstində kökləyir.

Anar Burcəliyev məqalələrini ömrünün erkən çağında 15 yaşından yazmağa başlayıb. İlk illərin məqalələri çox sadə, bəsit formada qələminin məhsulu olaraq təqdim olunsa da sonrakı təqdim olunan yazılar daha orijinal və mürəkkəb formada nəzərə çarpır. O, sadə məqalədən mürəkkəb məqaləyə keçən yolda yaradıcılığa başladığı elə ilk gündən teatrımızın nəzəri, elmi, estetik-fəlsəfi problemləri ilə məşğul olur. Onun yazdığı "Məqalələrim, resenziyalarım, oçerklərim və müşahidələrim” kitabında toplanan məqalələri oxuyarkən yalnız müəllifin nələrlə maraqlandığı ilə yox, ümumən 1989-2018-ci illər arasındakı teatral mühit və ictimai proseslə tanış olursan. Bir çox məqaləsində Anar Burcəliyev teatrımıza istiqamət verən, onun təkamül prosesini izləyən bir teatrşünas kimi çıxış edir. O, regionda hansı teatra gedirsə-getsin, hansı tamaşadan yazırsa-yazsın heç bir zaman dürüstlüyünü və obyektivliyini əldən vermir.

Yaradıcılığının ilkin dönəmlərində (1989-2000) "Solğun çiçəklər”, "Bəxtsiz cavan”, "40 il səhnə arxasında”, "Fosforlu Çevriyyə” "İntizar”, "Yandırılmış adam”, "Ölüm hökmü”, "Əbədi diriyəm mən”, "Səhnəmizin yetirmələri”, "Zirzəmidən başlanan yol” kimi qələməaldığı məqalələrində hiss olunur ki, o, tamaşalarda müasir həyat problemlərinin bədii həllinə girişən sənətkarlara xüsusi diqqət yetirməyin necə zəruri olması haqqında son dərəcə mənalı mülahizələr irəli sürür, bədii əsərin, tamaşanın həyatiliyini, inandırıcılığını, aktyor, rejissorlarımızın yaratdıqları yeni insan surətlərini, yeni həyat səhnələrini bacarıqla işıqlandırır. O, öz tənqidi ilə bir daha sübut edir ki, tənqidçinin əsas meyarı həyatın özüdür. Həcmcə kiçik məqalələrindətənqidin tələbkar və prinspial olması, dostluq, qruppaçılıq problemləri deyil, tamaşanın mənafeyi əsas götürülməli kimi qiymətli fikirləri ilə rastlaşırıq. Müəllif bu məqalələrində qayğıkeş və diqqətli olmaqla sənətkarların yaradıcılıq yolundakı real, qaçılmaz çətinliklərini aydın dərk edir, onların yaradıcılıq müvəffəqiyyətlərini görür və buna sevinməyi bacarır.

Anar Burcəliyev eyni zamanda peşəkar bir yazardır. Yəni, gördüyü işi məqsədinə uyğun olaraq ən yaxşı biçimdə nəticələndirə bilən bir teatrşünasdır. Xüsusilə, bu onun yaradıcılığının ikinci mərhələsində (2000-2018) ön plana çıxır. Bu dönəmdə yazdığı "Teatr, zaman və məkan”, "Bəşəri ideyalı pyeslər ölmür”, "Tamaşaçının dalınca qaçmağa məcburuq”, "Uzun ömrün akkordları” və s. bu kimi məqalələr milli teatrımızın qarşısında duran problemlərdən, onun estetik prinsiplərindən bəhs edir. Bu məqalələrdən hiss olunur ki, onun özünə xas olan fikri, düşüncələri, meyilləri, öz estetik prinsipləri var. Müəllif bunları biliyi və səhnə təcrübəsi ilə öz nöqteyi-nəzərindən bitərəf mövqe tutaraq ortaya qoyur. Onun səciyyəvi cəhətlərindən biri də budur ki, o, teatrşünas tənqidi ilə ədəbi tənqidi bir araya gətirərək nəzəriyyə problemlərinə də güclü meyl göstərir. Çalışır ki, teatrşünas Anarla, ədəbiyyatşünas Anar arasındakı məsafə və fərq bir o qədər də gözə çarpmasın. Belə bir tənqid üsulu hazırlanan tamaşalarda bədii yaradıcılıq haqqındakı təsəvvürləri genişləndirir, bədii zövqü, estetik anlayışı daha da zənginləşdirir.

Anar Burcəliyev yazılarında obyektivdir, səmimidir, dürüstdür. O, bir teatrşünas tənqidçi kimi dərk edir ki, onun başlıca vəzifəsi haqlı bir qərar verərək tamaşaçıya və sənətçiyə doğru yol göstərmək olmalıdır. Tənqidçının ən böyük düşməni opportunizmdir. O tənqidçi üçün qorxunc bir tələdir. Anar təcrübəli bir teatrşünas kimi heç vaxt bu tələyə düşmür.

Anar Burcəliyev yazılarında yazarın ali məqsədi, rejissorun şərhi, aktyorların bu şərhə istinadən ifa tərzləri və tamaşaçı reaksiyasına xüsisi diqqətayırır, rejissorun yozumu ilə hər hansı bir aktyorun səhnədəki ifası arasında bir uyğunsuzluq görürsə, dərhal buna işarət edir. Ayrıca səhnə tərtibatının, geyimin, əlbəsənin, musiqi və işıq partiturasının və digər səhnə amillərinin üslub yönündən rejissor şərhinə həmahəng olub-olmadığını da təsbit edə bilir və bütün bunları yazıya çevirərkən bir teatrşünas-tənqidçı kimi oxucuya prinspiallığını da hiss etdirir.

Anar Burcəliyevin ən mühüm estetik prinsiplərindən biri də budur ki, yazarın səhnədə söyləmək istədiyi ideyanın ən kiçik detallarına qədər fərqinə varır. Elə bu səbəbdəndir ki, tamaşaya gəlmədən öncə tamaşaya hazırlanan həmin pyesi diqqətlə oxuyub araşdırır, yazarın ərsəyə gətirdiyi ilə rejissorun gerçəkləşdirmək istədiyi arasında fərq varsa, onu təsbit edib üzə çıxarır, yazarın yazdığı ilə rejissorun nə demək istədiyini qarşılaşdıra bilir. Belə bir üsula əl atmayacağı təqdirdə pyes, ya da tamaşa üzərində yanlış mühakimələrə yol verəcəyi ehtimalını öncədən nəzərə alır və hazırlıqlı bir tənqidçi kimi, tamaşaçının ümumən nəzərdən qaçırdığı nüansları yaxalayır və bunlar əsər nöqteyı-nəzərindən məna və əhəmiyyət kəsb edirsə dərhal yazısında həmin detallara işarə edir. Yazarın mətni ilə səhnə üzərindəki oyun arasında çatışmayan cəhətlər varsa bunların üzərində durmağı vacib bilir. Ya da tam bunun əksi olaraq, zəif bir pyesi rejissor cilalayıb uğurlu bir tamaşa ortaya çıxarmışsa bunu da açıq şəkildə müəyyənləşdirir. Yazılarının birindəMingəçevir Dövlət Dram Teatrının səhnəsində A.P.Çexovun "Ayı” vodevili əsasında hazırlanan tamaşaya yazdığı "Ehtiyatlı olun, bu Çexovdur!” adlı məqaləsi ilə tanış oldum. Maraqla oxuduğum bu məqalədə onun bir teatr tənqidçısı kimi pyesi və tamaşanı təhlil prosesində ustalaşdığını gördüm. O, bir teatrşünas kimi yazar və rejissor fikri arasındakı uyğunsuzluğu, tamaşadakı hadisələrin sönük başlanmasını, aktyor ifalarının göstərmə xarakteri daşıdığını, ən başlıcası da rol bölgüsünün düzgün aparılmamasını, bunun nəticəsində tamaşanın bütövlükdə ideya-istiqamətinə xələl gəldiyini maraq doğuran faktlarla təsbit etmişdir.

Ümumiyyətlə Anar Burcəliyev yazılarında teatrın məhsulu olan tamaşanı bir bütün olaraq dəyərləndirərkən forma və məzmun nöqteyi-nəzərindən bütün detalları, parçaları ilə çözür, pyesin yazıldığı dönəm, yazarın yaradıcılıq xüsusiyyətləri, pyesin yazılması səbəbləri, rejissorun dünya görüşü və çalışma sistemi hər zaman onun tənqid obyektidir.

Məlumdur ki, hər bir teatr tənqidçısınin özünəməxsus dəsti-xətti vəyaradıcılıq üslubu var.Amma hamısı üçün əvvəl-axır dəyişməyən, sabit qalan bir yönəliş mövcuddur. Bir tamaşa sonrası teatr tənqidçısınin düşüncəsi nə olursa-olsun, yazısını yazmadan öncə, təhlil etməsi zəruri olan bir neçə cəhət olacaqdır. Hər şeydən əvvəl o, rejissorun yazarın məqsədinə uyğun bir çalışma həyata keçirib-keçırmədiyini, ümumi işə nəsə bir yenilik gətirdiyini müəyyənləşdirməlidir. Ayrıca, rejissorun aktyorlarını hansı üslubla çalışdırdığı, müəllif ideyasına onları necə istiqamətləndirdiyi üsulları təfərrüatı ilə tənqidçi tərəfindən dərk edilməli, qavranılmalıdır. Əsl teatr tənqidçisi başlıca kriteriyalarını qarşılıqlı yaradıcılıq əhatəsində olan Yazar-Rejissor-Aktyor-Səhnə tərtibatı və tamaşaçı beşliyi münasibətini nəzərə alaraq irəli sürər. Məhz Anar Burcəliyev məhz bu kriteriyalara əsaslanaraq tədqiqatını ərsəyə gətirə bilir.

Bəllidir ki, iki tənqid növü mövcuddur: akademik tənqid və praktik tənqid. Anar Burcəliyev isə hər iki tənqid növündə özünü təsdiqləyə bilir. Onun kitabında toplanan məqalələr həm birinciyə, həm də ikinciyə aiddir. Birincisi, daha çox jurnal və kitablarda dərc olunan təfərrüatlı təhlildən ibarət yazılardır. Pyesin mətninin struktur baxımından çözülməsini, həm də səhnələşdirməni təfsilatı ilə əhatə edir. Praktik tənqid isə daha məhdud bir yerdə, məsələn, günlük bir qəzetin teatr üçün ayrılan guşəsində, tamaşaçıya yol göstərmək üçün yazılan tənqidi əhatə edər. Jurnal və qəzet tənqidi arasında həm metod, həm də üslub fərqləri var. Həcminin kiçik olmasına baxmayaraq qəzetdə dərc olunan tənqidi məqalə daha mütəhərrikdir və elə bəri başdan ilk sətirləri ilə oxucunun marağına səbəb olmalıdır. Yer darlığı səbəbi ilə qəzet tənqidçısı bir cümlə içində birdən-birə çox şey söyləmək və cümlə quruluşlarını qənaətlə oxuna bilinəcək biçimdə yerləşdirmək məcburiyyətindədir. Dövrü mətbuatda fəaliyyət göstərən "Cümhuriyyət”, "Hürriyyət”, "Kaspi”, "Ədalət” və "Mədəniyyət” qəzetlərində vaxtı ilə çap etdirmiş olduğu məqalələrində onun bu baxımdan səriştəli olduğu diqqətdən yayınmır. Həmin məqalələrin bir çoxu müəllifin indi nəşr etdirdiyi qiymətli tədqiqat əsərində də öz əksini tapmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, o, intellektual dürüstlüyü olan bir teatrşünasdır. O, heç vaxt tənqid etdiyi sənətçiləri incitmir, çünki özünün də özünütənqid mexanizması vardır və başqalarını tənqid süzgəcindən keçirdiyi qədər, özü-özü ilə də hesablaşmağı göz ardı etmir. Anar Burcəliyev bir teatrşünas-tənqidçi kimi çağının ruhunu əks edir və keçmişi bu günə, bu günü də gələcəyə bağlayan bir körpü kimi yeni üslubları, qaydaları, təcrübə və sınaqlarıyayaraq genişləndirir.

Müəllifin qələmə aldığı bu kitabda teatrşünaslıq elminin başqa bir cəhəti-sənətkarla ictimai həyat, sənət əsəri ilə zaman, dövrün bədii-estetik qanunları arasındakı mütəqabil əlaqə, elmi ümumiləşdirmə səviyyəsindən izah edilib. Tədqiq etdiyi sahəni mükəmməl öyrənməsi ilə yanaşı müasirlik duyğusuna tam mənası ilə sahib olması, müasir estetik fikrin xüsusiyyətlərini mənimsəməsi kitab müəllifinin təhlil üsulunun əsas cəhətləri kimi özünü göstərir.

"Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” kitabı onun sayca beşinci əsəridır. Kitabda toplanan materiallar teatrşünas və teatr tədqiqatçılarının, sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdən milli teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də aktyor rejissor və teatrlarımızın sənət yollarının öyrənilməsi baxımından da əhəmiyyətli sayılacaqdır.

Yeri gəlmişkən onu da vurğulamağı vacib bilirik ki, az qala 150 yaşı olan milli teatrımız nə yazıq ki, son illər ərzində teatr sferasına sirayət edən və teatr sənətindən heç bir şey anlamayan bəzi təsadüfi qüvvələrin merkantil maraqları ucbatından tənəzzülün astanasına, dibi görünməyən uçurumun kənarına qədər sürüklənibdir. Tam zamanında işıq üzü görən bu tədqiqat əsəri, həmin qüvvələrə qarşı bir başqaldırıdır, bir çağırışdır, bir haraydır, nəhayət bir üsyandır!..

 

Xəzər Gəncəli

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

 

Respublikanın əməkdar artisti.

Ədalət.-2019.-4 iyun.-S.8.