Sizin feysbuk şairiniz...
Ulucay Akif
Sosial şəbəkələr
hər gün daha böyük sürətlə həyatımızın
ayrılmaz hissəsinə
çevrilir. Artıq sosial şəbəkələrdən
bir çox məqsədlərdə istifadə
edirik. Sosial şəbəkələr vasitəsilə hadisələrdən
xəbərdar oluruq, fikir bildiririk, yeni insanlar tanıyırıq,
ünsiyyətdə oluruq,
yeri gələndə
əylənirik.
Sosial şəbəkələri
həm də öz işini təqdim etmək üçün tribuna kimi istifadə edənlər də çoxdur. Bu bir
növ yeni marketinqdir. Məsələn, sosial şəbəkə
vasitəsilə öz
işindən pul qazananlar çoxdur.
Məsələn, Həkimlər, müəllimlər,
dərzilər, bizneslə
məşğul olanlar,
hüquqşünaslar, müğənnilər,
modellər, yeri gələndə lap ... Özünüz
bildiniz də...
Yazıçılar da bu siyahıya
daxildir. Burada daha böyük
kütlə qarşısında
çıxış etmək
fürsətindən yazıçılar
da istifadə etməyə çalışır.
Xüsusən, son illər bu
tendensiya daha da aktivləşib. Hətta o dərəcə "aktivləşib”
ki, yazıçı
və oxucu münasibətləri feysbuk
səviyyəsinə enib.
Bu ağrılı məqam
haqqında növbəti
köşə yazımda
danışacağıma feysbukum
və instagram üzərinə and içirəm!
Hə, nə deyirdim... Bütün digər sahələrdən fərqli
olaraq yazıçılar
sosial şəbəkələrdəki
fəaliyyətlərinə görə xalq arasında lağyana ad da qazanıblar: "feysbuk şairi”, "feysbuk yazarı”.
Ad demişkən, fürsətdən
istifadə edib Vahid Əzizi "xalq şairi” adı alması münasibətilə təbrik
edirəm! Biz bilmədik, yəqin özü bu adı niyə
aldığını bilir...
Yenə fikrim yayındı...Harda qalmışdıq?
Hə, hə. Yadıma
düşdü...
Digər sahələrə feysbukdakı
fəaliyyətinə görə
lağyana ad verilmir. Məsələn, hansısa həkimə
"feysbuk həkimi”,
hansısa hüquqşünasa
"feysbuk hüquqşünası”
deyildiyini nə görə, nə də eşidə bilərsiniz.
Bəs niyə
yazıçılara bu
"adı” qoyurlar?
Birinci istəyirəm
"Feysbuk şairi” adının necə qazanıldığından danışım:
1.Şair şeirlərini feysbukda paylaşmalı və bu şeirlərə
çoxlu "like”, "komment”
gəlməlidir.
2.İnsanlar qəzet, saytlarda çıxan yazılar oxunmamalıdır.
3.Kitabı çap olunmamalıdır,
olunubsa da alınmamalı və oxunmamalıdır.
Gəlin, görək bu qeyd olunanlar nə dərəcədə
doğrudur.
Qəzet oxucusu ilə sosial şəbəkə
istifadəçisi arasında
intellekt fərqinin olduğunu qəbul edirəm, amma artıq bu fərq
yoxa çıxmaqdadır. Sosial şəbəkələrdə şeirlərin paylaşılması
tamamilə normal haldır
və sosial şəbəkələr vasitəsilə
tanınanlara lağ etmək sosial şəbəkələrdən istifadə edən hər kəsə lağ etməkdən heç nə ilə fərqlənmir.
Buna görə də
"Səni feysbukdan tanıyırlar” demək çox gülünc səslənir, çünki
artıq 7dən 77yə, peşəsindən
asılı olmayaraq hər kəs sosial şəbəkələrdən
istifadə edir.
Yəni oxucu kütləsini qəzet, sayt, yaxud sosial şəbəkə
vasitəsilə yığmağın
elə də fərqi yoxdur. İnsanlar qəzet
və saytlardan mətn oxumursa, kitab alıb oxumağa ərinirsə, yazıçının heç
bir qəbahəti yoxdur. Hələ şükr edin
ki, yazıçı
yenə də sizi (oxucuları) hardasa tutub iki
kəlmə sözünü
deməyə çalışır.
Digər yazıçı prototipi
isə "ciddi yazıçı” adlanır.
Feysbuk yazıçısının
əksi da elə bu dediyim
"ciddi” yazıçılardır. Çox
vaxt səliqəli kostyum və xirtdəyəcən sıxılmış
qalstukda olan bu "ciddi” yazıçılar mümkün
olduğu qədər
az gülməyə
çalışır, tədbirlərdə
şeirlərini oxumağı
çox sevir, sosial şəbəkələrdə
isə ancaq ciddi paylaşımlar edirlər (redaktor üçün qeyd: burada ciddi sözünü
"mənasız”, "saxta
pafoslu” sözləri ilə də əvəz etmək olar).
Bu "ciddi yazıçılar”da
yazıçı olmaq
üçün bütün
göstəricilər var,
istedad və mətndən başqa. Onlar üçün
bu iki göstərici
heç əhəmiyyətli
də deyil. Özünü şair kimi
aparsın bəsdir, şeir yaza bilməsə də olar.
Bir dəfə
dostum bir "şair” haqqında fikrimi soruşdu. Belə
cavab verdim:
- Şeir yazmağı da bacarsa, əla
şairdi!
Xülasə, sosial şəbəkələrin
yazıçı üçün
yaratdığı ən
böyük problem onun
oxucu ilə üz-üzə gəlməsidir. Sosial şəbəkələr
yazıçını oxucu
üçün daha əlçatan edir. Oxucu sevdiyi yazıçı ilə asanca söhbət edir, hətta görüşə
dəvət edir, bir yerdə yeyib-içirlər.
Oxucu yazıçıya
rahatlıqla öz fikirlərini, tənqidlərini,
təriflərini çatdıra
bilir. Bu rahatlıq
isə oxucunun yazıçının başına
çıxması ilə
nəticələnir. Oxucu "Bu şeirdir?”, "Mən olsam, ikinci bəndi
elə yox, belə yazardım” kimi şərhlər, ya da mesajlar
yazmağa başlayır.
Təsəvvür edin, kimsə Mikayıl Müşfiqə
yazır ki "Qaqa, yaxşı yazmısan, amma elə bil ikinci
bənd artıqdır”. Ya da kimsə Mirzə Ələkbər Sabirin
"Harada müsəlman görürəm
qorxuram” şeirini paylaşmasından sonra, belə bir şərh
yazır: "Müəllim,
bütün müsəlmanlara
aid eləmə, yaxşısı
da var, pisi
də”, hətta, bu şeir gündəmə
çevrilir və bütün müsəlmanlar
Sabirə dişinin dibindən çıxanı
deyir.
Yəni, oxucu sevdiyi yazıçılar,
klassiklər feysbukda
status yazmadığı üçün,
sevdiyi yazarlarla dialoqa girə bilmədikləri üçün
sosial şəbəkələrdəki
yazıçılara qeyri-ciddi
baxır, ya da yazıçı-oxucu münasibətinin necə
qurulmalı olduğunu
anlamır. Yazdıqları şərhə, mesaj cavab gəlməsə,
yazıçıya rahatlıqla
"lovğa, özündənrazı,
yekəxana” damğasını
vururlar.
Dünya
şöhrətli yazıçı
Umberto Eko Ceyms Coys haqqında belə yazırdı:
"Əgər Ceyms Coysun dövründə
internet olsaydı, o, bütün
günü onlayn olardı”.
Əmin olun, internet, sosial şəbəkələr digər
yazıçıların, klassiklərin də dövründə olsaydı,
onlar mütləq ki, çox aktiv istifadəçi olardılar. Düşünün, Mirzə Ələkbər
Sabir hər saatbaşı ironiyalı
bir status yazır, oxucular da, "layk” edib "smaylik” qoyur. Kimsə,
"Güya sən mırtsan da, qaqa” yazaraq, Sabiri "sındırmağa”
çalışır.
Səməd Vurğun dəqiqəbaşı
təbiət qoynunda
"selfi” çəkib
paylaşır, hansısa
şeirindən bir misra yazır. Məsələn, "Sıra dağlar,
gen dərələr / Ürək
açan mənzərələr”.
Ya da Kafka hər gecə qəmgin statuslar yazır. Həştaq da
açır: "Ünvanlı”,
"Milenaya”.
Təsəvvür edin, Puşkinlə Yesenin qızların şəkillərinə
ürək qoyur və şərhlərdə
kompliment yazırlar, bəzən şeirlərindən
misra paylaşırlar.
Yəqin, Tolstoy gülməli status yazmazdı. Heminquey feysbuk
dostlarını balıq
ovuna dəvət edərdi, ovladığı
balıqların şəkillərini
paylaşaraq qürrələnərdi.
Remark tez-tez hansı
restoran və kafedə olduğunu
"tag” edərək, yazardı:
"Yenə içirəm”.
Nitsşe
isə insanların elə də yaxşı dərk edə
bilmədiyi fikirlərini paylaşardı.
İnanın ki, belə də
olardı.
Dövr dəyişdikcə
həyatın da dəyişməsi biz yazıçıların günahı deyil. Sizin ürəyinizcə
olsun deyə, şam
işığında lələklə şeir
yazası deyilik, necə ki,
faytonlar atları, maşınlar isə
faytonları əvəzlədi. Yəqin, qələmlə yazanlara da lağ
edirdilər, sonra çap
maşını çıxdı, sonra
"noutbuk”.
Əlqərəz, bir
şeyə fikir bildirəndə
çalışın, yaranmış şəraiti nəzərə
alasınız.
Hörmətlə, sizin feysbuk şairiniz...
Ədalət.-2019.-13 iyun.-S..7.