BİR
NƏFƏS ALIB-VERMƏDƏ ALLAHA İKİ
ŞÜKÜR BORCLUYUQ
Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru
Kainatın nizamlı yaradılışı, planetlərin proqramlı hərəkətləri, fəsillərin, gecə və gündüzün bir-birini təqib etməsi və iradəmizdən asılı olmayan digər hadisələr ağıl, bəsirət, təfəkkür, təzəkkür (yada salma, xatırlama) və ibrət əhli üçün çox böyük və önəmli nemət, əlamət və dəlillərdir. İnsanın vəzifəsi
bu nizam və mizanı dərk edib, onları Yaradanı
tanımaq və Ona təşəkkür etməkdir. Bu, "hər
şey insan, insan da Rahmən üçün yaradılıb”
sirrinin açılışıdır.
Təşəkkür
və minnətdarlığın ən ali
dərəcəsi həmddir: "Həmd Allaha təşəkkürün
başıdır” (həz.Məhəmməd). Biz
"əlhamdu lilləhi rabbil aləmin” (həmd olsun aləmlərin
Rəbbinə) deyərkən, Onun sahib olduğu ehsan və nemətlərin
bizə çatıb-çatmaması haqqında yox, o
Zatın minnətdarlığa layiq olması barədə
düşünməliyik. Həmddə əsas
qayə nemət yox, nemətin Sahibini dərk etməkdir.
Deməli, həmd səmimi və saleh bəndənin
ixləs (saf ibadət, qulluq) məqamında heç bir əvəz
gözləmədən Allaha itaətdir. Ondan
başqa yaradan olmadığı üçün, həmd
ancaq Allaha məxsusdur və Ondan başqa heç kimə və
heç nəyə həmd olunmaz. Həmddən
fərqli olaraq, şükür verilən nemətə görə
edilən təşəkkür formasıdır və o, həm
Allaha, həm də insanlara edilir. Şükürün
ziddi nankorluqdur. Həmd və
şükürdən sonra təşəkkür və tərifin
sonuncu (aşağı) mərtəbəsi mədhdir. O,
həm Allaha, həm də canlı və cansız
varlıqlara edilir. Məs., sevimli Allah;
yaxşı insan; yaraşıqlı at, ev və s. Qeyd edək
ki, mədhdən yararlanan məddahlar çox olub və təəssüf
ki, belələri indi də kifayət qədərdir.
Şükür
Ərəbcədən ana dilimizə keçən
"şükür” termini "təşəkkür”
sözü ilə eyni kökdən əmələ gəlib və
hər hansı yaxşılığa görə
razılıq bildirmə, minnətdar olmaq anlamını verir. İslamda isə
şükür, ümumi mənada insana bəxş edilən
duyğu, düşüncə, əza və digər üzvlərlə
yaradılış qayəsinə uyğun davranış və
yaşam tərzinə deyilir. Qeyd edək
ki, "şükür” sözü Allahın isimləşmiş
sifətlərindən biri olan "Şəkur”dan təşəkkül
tapıb. Şükür bəndənin Allahu-Təaləyə
itaət etmək üçün məsul olduğu vəzifələrdən
biridirsə, Şəkur isə az itaət,
ibadət müqabilində çox böyük dərəcələr
verən, dünyadakı yaxşı əmələ görə
axirətdə sonsuz nemətlər bəxş edən deməkdir.
Belə mükafatın Ondan başqa həqiqi
sahibi yoxdur. Bu baxımdan ən qatı
ateist belə "təşəkkür” sözünü
işlədərkən, özü də bilmədən
Allahın Şəkur ismini zikr etmiş olur.
Şükrün
icrası və gerçəkləşməsi
Şükür qəlb, dil və bədənin digər
üzvlərilə yerinə yetirilir. Dil ilə edilən
şükür hər növ nemətin Allahdan gəldiyini
iqrar etməkdir. Bütün gözəllik
və yaxşılıqların ərsəyə gəlməsi
naminə əzəldən əbədə qədər səbəbləri
hazırlayan O olduğu kimi, vaxtı gələndə göndərən,
qismət edən də Odur. Nemətləri
təqdir və təqsim edən (hissələrə
ayıran) və səməvi süfrələr halında
qarşımıza sərən O olduğu üçün,
minnət və şükran da Onun haqqıdır. Bu
süfrənin hazırlanmasını və
hazırlayanını nəzərə almayanlar barədə
Rəbbimiz buyurub: "İnsanların çoxu dünya həyatının
zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər”(Rum 7).
Qəlblə şükür dil və digər üzvlərlə
edilən şükrün əsasını təşkil edir. Çünki
ərşi-səmaya sığmayan Allahı qəlbində məskən
etməyən şəxsin söz və hərəkətləri
də səmimi olmaz. Yəni qəlblə
şükür, bəndənin zahiri və batini bütün
nemətləri və bu nemətlərdən yararlanmağı
Allahdan bilib, həyatını bu anlayışla
yaşamasıdır. "O, gizli-açıq nemətlərini
sözə bol-bol ehsan edib” (Loğman 20) qəlblə edilən
şükürün keyfiyyət və kəmiyyət göstəricisini
ehtiva edirsə, "Allahın nemətlərini sayacaq
olsanız, saya bilməzsiniz” (İbrahim 34) isə həmin nemətlərin
sonsuz olduğuna işarədir.
Bədən əzaları ilə edilən
şükür isə həmin üzvlərin
yaradılış qayəsinə uyğun istifadəsidir. Bu alətlərin haram
işlətmək üçün bir vasitə olacağı
təqdirdə (zina, sələm, rüşvət, əyyaşlıq,
həsəd və s.), bəndə nankorluq etmiş olur:
"Əgər (Mənə) şükür etsəniz, sizə
(olan nemətimi) artıracağam. Yox, əgər
nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən,
şiddətlidir”. Həmin səbəbdən
bəşərin iftixar tablosu, şükür öndəri Məhəmməd
(ə) gecə-gündüz Rəbbinə şükürdə
bulunub və bunu başqalarına da tövsiyə edib. O:
"Allahım! Səni anmaq, Sənə şükür edə
bilmək və Sənə ibadətlərin ən gözəli
ilə yaxınlaşmaq üçün mənə yardım
et” - deyərdi.
Həqiqi şükür nemətin tam bilinməsilə
gerçəkləşir. Çünki nemətin
qaynağı və onu verənin təqdir edilməsi əsasən
nemətin aşkarlanması – üzə çıxması ilə
mümkündür. Əslində hər
bir insanda nemət və nemətverənə müəyyən
bir simpatiya, hətta bəzən pərəstiş hisii də
olur. Amma biz bu hissin yaradacağı ana qədər
dəryada yaşayan balıqlar kimi sonsuz nemətləri
görmürük, onlara ya "azdır”, ya da "belə də
olmalıdır” deyib, əhəmiyyət vermirik. Bu məqama
diqqət çəkən Məhəmməd (ə) buyurub:
"Aza şükür etməyən, çoxa da
şükür etməz”; "İnsanlara şükran və
minnət hissi daşımayan, Allaha da şükür etməz”.
"Şükrünü verdiyin az mal,
şükrünü verə bilmədiyin çox maldan
xeyirlidir”. S.Şirazi (v.e.1291) isə deyib: "İnsan
bir nəfəs alıb-vermədə Allaha iki şükür
borcludur”. Göründüyü kimi,
şükür çox dəyərli bir mərtəbə və
məsul vəzifə olduğu üçün hər kəs
onun mahiyyətinə qovuşa bilmir. Həmin səbəbdən
Rəbbimiz buyurub: "Bəndələrimdən (nemətlərimə)
şükür edən azdır” (Səba 13). Şeytan isə
Allaha xitabən deyib: "Sən onların əksəriyyətini
şükür edən görməyəcəksən”
(Əraf 17).
Şükrün
mahiyyəti
Məlumdur ki, din yolunda hidayətlərdən (doğru
yollardan) olan bəzi dəyərlər əslində məqsəd
yox, digər hallara – nəticəyə çatmaq
üçün bir vəsilədir. Məs., tövbə,
səbir, qorxu, zöhd (qadağalardan çəkinmə) və
s. kimi. Lakin sevgi, təvhid və
şükür kimi elə dəyərlər də var ki,
onlar məqsəd və nəticə olduğu
üçün özləri lazımdır. Şükürün mahiyyətində Allahu-Təalənin
bütün sifətlərilə icraatını əqlən
qəbul etmək, qəlbən məmnun olmaq və dil ilə
həmd etmək vardır. Şükrün
təməlini izan (itaət, etiraf) və irfan (Allahı dərketmə),
şüur və bəsirət təşkil edir. Şükrün təməlində və əvvəlində
təzəkkür və təfəkkür vardır. Ancaq bu xüsusiyyətlərə sahib olanlar həqiqi
şükür mərtəbəsinə çatır və
təşəkkürlərindəki mahiyyəti dərk edirlər.
Ümumiyyətlə,
dində bütün mərtəbələr üç
növdür: elm (ağıl,bilgi), hal və
əməl. Elm, ağıl əsasdır.
Çünki hal və əməl hər
hansı şey haqqında məlumat-bilgi ilə
reallaşır. Yəni elmdən hal, haldan
da əməl meydana gəlir. Elmlə olan
Şükür bütün nemətlərin Allahdan
olduğunu bilməkdir. Bir kimsənin
verdiyi hər hansı neməti həmin adamdan gəldiyini bilmək
cahillikdir. Nemətin bəndədən gəldiyini
bilmək həmin neməti hikmətə çevirər ki,
onun da bərəkəti olmaz. Nemətin
Allahın o şəxsi vəkil etdiyini və onun əli ilə
verdiyini bilmək lazımdır. Başqa
sözlə, mükəlləf şəxs kainatda var olan hər
şeyin Ondan gəldiyini və Onun neməti olduğunu bilməlidir.
Elə "əlhamdulilləh” kəlməsi (təhmid)
də bunu ifadə edir. Yeri gəlmişkən,
əksər üləma hesab edib ki, bu kəlam həm
"Sübhanəlləh” (Allahı ağıl və xəyalə
gələcək hər şeydən -"münəzzəh
tutmaq və buna inanmaq) təqdisi, həm də "ləə
iləhə illəlləh” təhlil kəlməsindən (mərifət
mərtəbəsindən) üstündür. Zira
Peyğəmbər (ə) buyurub: "Sübhanəlləh”
deyən on, "ləə iləəhə illəlləh”
deyən iyirmi, "əlhəmdulilləh” deyən isə otuz
savab qazanır”.
Ümumi anlamda hal qəlbin riqqətə gəlməsi,
oyanışı ilə sevinməsidir. Şükrün
halına gəlincə isə o, mərifətdən (elmin bir
hissəsindən) qəlbə doğan bir rahatlıq və fərəhdir.
Çünki bir kimsə digərindən
yardım, yaxşılıq görsə ona sevinər. Lakin təkrar da olsa deməliyik ki, Allahın nemət
verdiyi kimsənin nemətverənə deyil, nemətə sevinməsi
şükür deyil.
Məlumdur ki, saleh əməl verilən neməti Onun
rizasına uyğun şəkildə istifadə etməkdir. Şükrün
əməli isə, qeyd edildiyi kimi qəlb, dil və digər
üzvlərlə icra edilir. Qəlb ilə
edilən şükür hər kəs üçün
yaxşılıq istəmək, heç kimə həsəd
aparmamaqdır. Dil ilə şükür
etmək "əlhəmdulillah” deyib, nemətin sahibinə
minnətdar olmaqdır. Digər üzvlərlə
edilən şükür isə, həmin əzaların (əl,
ayaq və s.) Allah tərəfindən verilən
bir nemət olduğunu bilib və onları fitratdan təyin
edilən istiqamətdə işlətməkdir. Bəndənin dünyada yaşamasını təmin
edən bu əzalar nəticə etibarilə axirətdəki məqamı
qazanmaq üçün verilib. Yəni,
Allahın yeganə istəyi bəndəsinin həmin cövhərləri
dünyada ikən axirət üçün istifadəsindən
ibarətdir və bəndə də Rəbbin verdiyi neməti
Onun sevdiyi, təqdir etdiyi işə sərf etdiyi zaman
şükrünü izhar etmiş olur. Başqa
sözlə, Onun nemətinə şükür etmək, həmin
neməti ancaq Onun arzusuna uyğun tərzdə istifadə etməklə
mümkündür. İslamda buna tovfiq –
Allahın qəzası ilə bəndənin iradəsi
arasında uyğunluq – deyilir. Bunlar
şükrün incəlikləridir.
Verilən nemətləri Onun razı olmadığı
işlərdə istifadə etmək nankorluq olduğu
üçün, həmin çövhərlər küfrani
nemət sayılır. Məs., göz bir nemət kimi həm
bəndənin bu dünyada normal yaşamasını, həm də
Rəbbin yaratdıqlarındakı heyrətamiz hallara
baxıb, Onun əzəmət və
böyüklüyünü anlamaq üçündür. Əgər bu nemət sosial statusu aşağı
olan qadına baxıb sahibini zinaya sövq edərsə, bəndə
küfr – nankorluq etmiş olur. Bə ya əl
halal zəhmətə yox, rüşvət almağa öyrənibsə,
o, bəndə üçün küfrani nemət olar. Belə mühakimə digər üzvlərə də
şamil edilir. Başqa bir misal. Müasir texnologiyaların tətbiqi bir nemətdir.
Bu nemət vasitəsilə TV-lər haram, milli dəyərlərimizə
əks olan verilişlər təqdim edərsə, o zaman nemət
küfrani olub əzab və utanc gətirən alətə
çevrilər.
Şükrün əlaməti qənaət və
iqtisadi tənzimdir, neməti Allahın sevdiyi yerə yetərli
və ehtiyacı ödədiyi qədər xərcləməkdir. Şükürsüzlüyün
əlaməti isə acgözlük və israfdır,
halal-haram bilmədən rastına düşəni qamarlamaq və
mənimsəməkdir. Bu isə həmin
neməti Göndərənə hörmətsizlik və
asilikdir.
İnsanların
şükürdə qüsurlu olmasının səbəbi
Şükürdə qüsurlu olmanın əsasən
iki səbəbi var. Birincisi, nemətlərin çox olmasına biganəlikdir. Zira Allahın nemətlərinin
hamısını saymaq qeyri-mümkündür: "Əgər
Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara
bilməzsiniz” (Nəhl 18). İkincisi, insan iradəsi
xaricindəki ümumi-qlobal nemətləri nemət
saymadığı üçün onlara "belə də
olmalıdır” – deyib, şükür etmir. Halbuki, ümumi sayılan nemətlər olmasa, insan
yaşaya bilməz, həyat olmaz. Məs.,
təkcə 1-2 dəqiqə hava olmazsa, nə baş verəcəyinə
heç macal tapmarıq. Saysız-hesabsız nemətlərin
şükrünün qiymətini kamil insanlar bilirlər.
Şükürdə xəta etməməyin
çarələrindən biri də xəstəxanalara, həbsxanalara,
qəbiristanlığa, qocalar və atılmış körpələr
evinə gedib onlardan ibrət alaraq rahatlığımıza
şükür etməliyik.
Şükrün-nemət münasibətlərində
bir məqamı da vurğulamaq yerinə düşərdi. Əgər
insanın nail olduğu nemət qabaqcadan onun barəsində
xeyirli bilinibsə, bu, ilahi bir ikramdır (hədiyyə,
lütfdür). Əksinə, əgər
nemət həmin şəxsin təkəbbür və
asiliyini artırırsa, bu, ikram yox, istidracdır. İstidrac isə, bir şəxsi arzusuna görə
müəyyən səviyyəyə qaldırıb, sonra
oradan fəlakət çuxuruna atmaqdır. Allah bəzi lovğa və üsyankar insanlara etdikləri
pisliklərə rəğmən bolluca var-dövlət,
oğul-qız və vəzifə verir. İlk
baxışda bu hədiyyələrin onlar üçün
bir nemət olduğu da zənn edilir. Halbuki
bu hal onlar üçün ikram yox, istidracdır, bir məkri-
ilahidir (İlahi tələsidir). Çünki
onlar bir sınaq üçün verilən nemətlər
maqabilində Allaha itaət və şükranlıq əvəzinə,
həmin nemətlərə nankorluq edənlərdir.
Verdiyi sonsuz sayda nemətlərə görə, Rəbbin
bəşərdən şükür istəməsi haşə,
buna ehtiyacı olduğu üçün deyil. Onun heç
bir şeyə ehtiyacı yoxdur. Şükrə
möhtac bəndədir və xüsusən, azərbaycanlı
olaraq biz. Çünki, verilən nemətlərin
– torpaqlarımızın bir hissəsinin işğal
altında olması, həm də o nemətlərin
şükrünü yetərincə verə bilmədiyimiz səbəbindən
doğub. Unutmayaq ki, "Vətən
imandandır” (həz.Məhəmməd). İmanın
yarısı da şükürdür. Elə
isə nemət Sahibini izzətləndirməklə neməti qəlb,
dil və əməllə qoruyub, Ona şükür edək.
Bu növ şükür, həm də tarixi
yaddaşsızlığın dərmanıdır.
Ədalət.-2019.-13 iyun.-S.6.