Nəğmələşən poeziya və pıçıldaşan xatirələr...

Vərdişimdi- günortalar bir az mürgüləməsəm, olmur. İndi həmin vaxtdı. Yuxum gəlir- uzaqdan yox, lap yaxından gəlir. Tərsliyim tutub, bu gün yatmaq istəmirəm. Redaksiyamızda qalaq-qalaq yığılmış kitablardan birinə əl uzadıram. Açığı, əlimə düşən heç tanımdığım bir şairin kitabıdır- "Xatirələr pıçıldaşırşeirlər kitabı.

"Xatirələr pıçıldaşır”ı asta-asta vərəqləməyə başlayıram- özü elə ön sözdən... Tanınmış yazıçı, mahnı musiqilərimizin zövqlü ifaçısı Zəka Vilayətoğlunun təqdimatında kitaba marağım daha da artır. Beləcə, bir müəllif, bir şairi tanıyıram - Damət Salmanoğlu. İndiyədək bir neçə kitabı işıq üzü görüb. Masallı rayonunda- qədim Öncəqala kəndində doğulub. Əsasən, sevgi şeirləri yazır. Doğum tarixinə baxanda, aydın olur ki şair ömrünün altıncı onilliyini yaşayır. Bu yaşda sevgi şeirləri yazmağın dərəcədə asan, dərəcədə çətin olduğunu deyə bilmərəm. Amma hər halda, 60 yaş ömrün yüksək pillələrindən sayılır. Bu yaşda gözəl sevgi şeirləri ərsəyə gətirmək yəqin ki bir şairin uğurudur. Bu şeirlər təkcə sevgi şeiri kimi oxunmur, həm həzin bir nəğmə təsiri bağışlayır adama. O nəğmə ki, özünün sehirli sevgi pıçıltıları ilə insanın ruhuna, qanına axır. İnsanda mərhəmanə duyğular kompleksi formalaşdırır. İxtisasca sənətşünasam. belə məsələləri az-çox duyduğuma görə şairin şeirlərinə bəddi-estetik müstəvidən yanaşmaq imkanlarım da var.

Damətin şeirlərində insana yanaşma tərzi çox incə, zərifdir. O, həssas duyğularla insan ruhunu özünə tərəf çəkərək ona öz sözünü deyə bilir. İnsanı sevgiyə kökləyir. İnsanı həyatla, dünyayla barışa çağırır. Şairin əsas hədəfi insanı onun təbiətinə yad olan şər, yabancı ünsürlərdən təmizləməkdir. Buna qədim filosofların düşüncəsində "katarsis deyilir. Şair sanki öz oxucusunun ruhunu katarsisdən keçirir. Onu təmizlənmə mərhələsindən körpünün o tərəfinə, sağlam bir adaya ötürməyi bacarır.

deyim, onun səmimi hislərinə xələl qatmadan yazdığı şeirlərindən zövq aldığımı gizlətmirəm. Ümumiyyətlə, gəncliyin ruhu bu tip şeirlərlə sıx bağlıdır. Belə şeirlər gəncliyin sanki boyunbağısıdır. Onlar sevgi qanadlı şeirlərlə cəmiyyətə boylanırlar. Həyatın ritmini, ahəngini bu şeirlərdə axtarırlar. Zənnimcə, bu, elə belə olmalıdır. Çünki həyat dediyimiz, mənasını o qədər aydın təsvir edə bilmədiyimiz qeyri-adi bir mənzərənin içərisindəki yaşam tərzimizdir. Bizi o həyata bağlayan ilk növbədə sevgi telləridir. O tellər qıırlarsa, biz uşaqlığımızdan yeiniyetməliyə, gəncliyimizdən ahıllığa adlaya bilmərik. Körpülər önümüzdə uçulub dağılar. Həyatın dərinliyinə enmədən elə ilkin qatlarındaca günəşin hərarəti qanadlarımızı ütər, qışın sərt, dondurucu havası isə qəlbimizi üşüdər...

Şeir, poeziya böyük bir aləmdir. hər şair həyatı bütün çalarları ilə ora köçürə bilmir. O şair ilhamla, o şair daha dərin məhəbbətlə yaza bilir ki, o özü həyata həqiqətən vurğundu. Həyata vurğunluq isə elə dünyaya özüylə istedad gətirmək deməkdir. Damət Salmanoğlunun istedadından, nəğmə dolu şair təbindən Azərbaycan Yazıçılar Birliyinin üzvü Zəka Vilayətoğlu da şirin-şirin söhbət açır:

"Damət Salmanoğlu şair, eşq, sevgi, rayihəli nəğmələrə könül verən bir qələm adamıdır. Onun yazdığı şeirlərlə ilk tanışlıqdan sonra məndə belə bir əminlik yarandı ki, Damət iddialı insan deyil o, bu şeirləri heç bir təmənna güdmədən bu yöndə heç bir iddiaya sahib olmayan saf qəlbi ilə yazır. Elə buna görə onun yazdığı şeirlər ruh oxşayan musiqilər verir ki, bəstəci bu şeirlərə ruh oxşayan musiqilər yazsın. Yəni bir musiqi adamı, bir melodist bəstəçi kimi Damət Salmanoğlunun şeirlərilə ilk tanışlıqdan sonra bu şeirlərdən bir neçəsi mahnı mətni kimi diqqətimi cəlb etdi. Çox rahatlıqla musiqi yazdığım bu şeirlərin özünün mayasında musiqi olduğundan düşünürəm ki, yazılmış mahnılar da yorucu deyil. Bu da daha çox bu şeirlərin hər sözünün, hər misrasının dilə, musiqiyə yatımlılığı, sadəliyi, rəvanlığı ilə əlaqdardır. Damət Salmanoğlunun özü ilə bağlı yekun qənaətim isə belədir; Damət Salmanoğlu üçün şairlikdən ötəri bir müqəddəs vəzifə var- insanlıq!”

Tamamilə razıyam. Deyəsən, belə bir klassik fikir var. Şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. Zəka Vilayətoğlu gerçəkdən məndə bir əminlik yaratdı. mən nədənsə ona inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, şeirlərilə yenicə tanış olduğum şair Damət poetikasından öncə Vətəndaş duyğuları, milli düşüncələr, milli hisslərlə yaşayan birisidir. Onunla aramızda ədəbi-bədii bir körpünün yaranmasından heç peşaman deyiləm. Bu sətirləri yazmamışdan öncə onun şeirlərinə mahnı bəstələyən, toyların, məclislərin bəzəyi Zəkanın səsini dinlədim. Bu səs , bu söz doğrudan da yazının yazılması üçün məndə çox xoş ovqat yaratdı. Müğənninin səsi ilə şeirlərin tutumundakı, çəkisindəki ritm, ahəng bir-birilə qarışaraq gözəl bir musiqi yaradıb. O musiqi ki, mən onu gəncliyin səsi kimi dinlədim. Həyatın canına hopmuş ona minbir rəng qatan gənclik duyğuları kimi heyran oldum.

Şairin şerilərindən nümunələrə gəlincə isə "Qalıbadlı bir şeirini oxumaq istəyirəm. Sadə, rəvan bir axarda yazılmış üç bəndlik bu şeir insan həyat, insan sevgi haqqında təəssürat yarada bilir. Buradakı poetik enerji bir oxucu kimi məni düşündürür, duyğulandırır. Dünənə qayıdıram, bu günə baxıram, gələcəyə boylanıram. Bu dəqiqəyə, bu ana qiymət verməyə çalışıram. Bilmirəm, hər nədirsə, mənə elə gəir ki, şairin xəyalında ilişib qalmış bakirə bir gözəllikdən, saflıqdan söhbət gedir.

 

Qar üstə bir qızın ləpiri qalıb,

Unudub, bəzəkli çətiri qalıb.

Yayılıb aləmə çiçək qoxusu,

Keçdiyi yollarda ətiri qalıb.

Göydən narı-narın qar səpələnir,

Sanki heç qar deyil, həsrət ələnir.

Şirin xatirələr dərdə bələnir,

Ruhum xəyalların əsiri qalıb.

Sızlayan yanıqlı telə dönmüşəm,

Acı həsrət dolu ilə dönmüşəm,

Qəfil yanıb-yanıb külə dönmüşəm,

Sənə olan eşqim dipdiri qalıb.

Görünən dağa bələdçi?! Şeir sevən qəlbin həyəcanı, titrəyişi kimi yadda qalır. Bəlkə "Xatirələr pıçıldaşırkitabındakı pıçıldaşan misraların ən gözəli idi ki, bu misralardan ötə bilmədim. Əgər yer məhdudluğu olmasa, şairin örnək seçdiyim bir şeirini nümunə gətirmək istəsəm – "Eşqin ünvanı”ndan danışmalıyam. Bu şeiri bütünlüklə oxucu diqqətinə vermək istəyirəm .

 

Bu qız bir mələkdir, göylərdən gəlib,

Gəlişiylə yorğun ruhum dincəlib.

Açılıb könülmdə sevda çiçəyi,

Qəlbimin telləri yaman incəlib.

O, qəlib baharın müjdəçisi tək,

Ömrümə-günümə sevinc gətirib.

Gəlişi mübarək, yolu mübarək,

Bağımda min çiçək, min gül bitirib.

Bu sevən könlümün sultanıdır o,

Bahar çiçəyitək zərif, ətirli.

Bir eşqin ən şirin ünvanıdır o,

Ən ağır kəlməsi ovsunlu, sirli...

Mətni yazmağa başlayanda "yuxum gəlir” demişdim. İndi gözlərim avazıyıb. Poeziya sehrinə düşmüş arzularımın, ümidlərimin çırpınan qanadları haqqında düşünməyə başlamışam. Şairlik, şeiriyyət də elə budur. İnsanı ətalətdən, sükunətdən qoparıb onun ruhunu, daxili duyğularını hərəkətə gətirmək. Bu, hər hansı bir fiziki təsirlə həyata keçməz. Bunun ən gözəl yolu, yəni insanı süstlükdən ayırmağın ən effektli yolu sənət yoludur. İnsanın ruhuna söz, sənət qədər təsir edəcək ikinci bir amil düşünmək çətindir. Bu yazını yaza-yaza yeni bir düşüncə, yeni bir qələm, söz-sənət adamı kəşf etdim. Mətn başa gəlincə, haqqında söhbət açdığım sənətkar barədə də bir xeyli araşdırma apardım. Gördüm ki, Damət Salmanoğlu haqqında ədəbi-ictimai camiədə olduqca müsbət fikirlər səsləndirilib. Şairin yaradıcılığı yüksək dəyərləndirilir və onun 60 illik yubileyi də ədəbiyyatımızın tanınmış simlarının, şair və yazıçılarının iştirakı ilə qeyd olunub. Zənnimcə, bu da şairin şəxsiyyət və yaradıcılığını xarakterizə edən detallardan biri kimi qiymətləndirilə bilər. Bir yeni oxucu kimi Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Damət Salmanoğluna gələcək ədəbi fəaliyyətində uğurlar arzulayıram.

 

Təranə Əlizadə

Ədalət  2019.- 14 iyun.- S.7.