Övladlarınızın
göz yaşını qoruyun…
XƏYALƏ ƏFƏNDİYEVA
Övladlarınızın göz yaşlarını qoruyun… Qoruyun ki, sabah qəbriniz üstdə ağlaya bilsinlər…
(Pifaqor)
Bayramı
uşaqlarla birlikdə keçirmək arzusuyla körpələr
evinə yollandı. Bu gün o gül balaların bayramıdı
- ən böyük bayram isə onları sevindirməkdi…
Uşaq
evlərinə sığınan körpələr mənim ən
həssas, ağrılı yerimdi. Onların valideynlərinin əvəzinə
vicdan əzabında boğulmuşam həmişə. O
körpələrin gözlərinə baxa bilməsəm də,
o məsum gözlərin dərinliyində batmağa cəsarətim
çatmasa da, nə qədər sevincli olduqlarını
duyurdum. Xoşbəxt idim yanlarında... Kaş ki,
sağollaşmaq üçün müdirə xanımın
otağına getməyəydim...
Bir
qadın vardı müdirə xanımın yanında.. Elə
sevindim ki, nə yaxşı, çox adamın ürəyindən
keçib bu gün bura gəlmək... Nə yaxşı,
uşaqlar gününü burda keçirməyi
düşünən xanımlarımız var deyib, - fərəhlənmək
istəmişdim guya… Az sonra söhbətdən anladım ki,
qadın öz uşağını görməyə gəlib.
Özümə yer tapa bilmirdim. Elə bil boğazıma kəndir
salıb boğurdular.
Bu günəcən
kiminsə işinə qarışmaq tərzim olmasa da, indi
söhbət mövzusu uşaqlar idi və susa bilməzdim.
Qadın məndən 5-6 yaş böyük olardı, ərkim
çatdı elə bil. Müdir uşağı anası ilə
görüşdürmək üçün otaqdan
çıxanda özümü toplayıb birtəhər
dedim:
-
Xanım, sizə heç cür haqq qazandıra bilməsəm
də, bir təhər anlamağa çalışmaq istəyirəm.
Heç bir səbəb sizə sağ-salamat olduğunuz halda
uşağınızı bura verməyə əsas vermir.
Çox-çox üzr istəyərək deyim ki, əgər
maddi durumunuz, dolanışığınız sizə ana
olmağa imkan vermirsə, yetmiş cür kontrasept var, apteklər
doludu: janin, yarina… Gedin, alın, için istədiyiniz qədər.
Planlaşdırmış olarsınız hamiləliyinizi.
Doğru və sizə uyğun zamanda ana olarsınız onda.
Qadın
sözümü ağzımda qoydu...
- Bilirsənmi,
o janin kimi hamiləliyə qarşı olan dərmanlar nə
günə qoyur qaraciyəri. İndi sənə təsir eləmir
e. Amma 45 – 50 yaşdan sonra anasını ağladır qaraciyərin.
… Kaş
ki, bu sözləri eşitməyəydim. İnsanlığa
bir az da nifrət elədim. Düşün ki, adam öz
qaraciyərinin bu qədər qayğısına qalır. Bəs
o körpələr - o məsum mələklər bizim nəfəsimiz
deyilmi? Onlar bizim nəfəsimizdisə, deməli, ağ ciyərimizdi.
Bəs o ağ ciyərlərimizi necə məhv elədiyimizin
fərqindəyikmi ? Bu cür ana adını daşıyan məxluqlar
qara ciyərininin 40 yaşdan sonrakı halına yana – yana bədbəxt
elədiyi, ruhən şikəst elədiyi yavruları
heç düşünürlərmi?
Əgər
Cənnət belə "adamlıqdan payı
olmayanların" ayağının altındadısa, Sən
məni Cəhənnəminə yaz, İlahi. Bunun kimi
vücudu bir qəpiyə dəyməyən qadınların
11 dəqiqəlik zövqündən doğulan yüzlərlə
məsum uşaq dünya işığına, ana nəvazişinə,
ata nəfəsinə möhtac qalır. Bu cür ruhsuz, ürəksiz
qadınlar hər gecə boynuyoğun, içiboş, mənəviyyatı
çürük ərlərinin isti bədəninə
sarılıb yatanda, arada istiləyib yorğanlarını
üstlərindən atanda... heç vicdanları üşüyürmü,
görəsən?! ... Vicdanları sızlayırmı ki,
onlar burda məst olub xumarlananda uşaqları kimsəsiz kimi
körpələr evinin soyuq köşələrinə
qısılıb ana yoluna dikir gözlərini... Dodaqları
ana yanaqları üçün titrəyir... Ana əlləri
ilə bişmiş yeməklərə ehtiyacları var
onların… Ana deyib sarılmaq istəyirlər... Ataları olan
o əclafların "balam", "meymunum", "məstanım",
"doyşanım" deyib əzizləməsi
üçün burnunun ucu göynüyür o
uşaqların... Nədi o körpələrin günahı
ki, o uşaqlara bu dünyada öz layiq olduğunuz cəhənnəmi
yaşadırsınız?!
4 kiloluq
uşağı və 5 litrlik suyu 9 ay bətnində
daşıyan hər qadın Ana ola bilmir... Analıq bununla
bitmir... anlayana ....İnsanlığın öldüyü
yerdə - çürümüş toxumlar üzərində
cücərən, böyüyən fidandı uşaq evləri..
Uşaq
ya qoca fərqi yoxdu, Atılmış olmaq lazımsız olmaq
deməkdi... bu həyatda lazımsız olduğunu bilməkdən
daha böyük faciə yoxdu bir insan üçün...
Fikirlərimin
burulğanında əzilirəm...
Müdirə
xanım balaca gözəl bir qız uşağının əlindən
tutub otağına gətirir. Oturduğum yerdəcə stula
yapışıb qalıram. Yerimdə donuram az qala... Nəymiş
bu gül parçası kimi uşağın günahı?!
Şikəst olan o körpə deyil, şikəst olan onun
valideynləridir. Və ana dilimizin izahlı lüğətində
o "adamcıqların” adı və onların
ünvanına deyiləsi söz yoxdu.
Elə
bir zamanın içində yaşayırıq ki, sanki
insanların ruhunu çəkib çıxarmış,
özgə bir canlıya çevirmişlər. Ruhsuzlaşan,
hissizləşən, özgələşən bu insan dənizinin
içində boğulur adam.
Belə
yerdə deyirlər ki, zaman çat verir... Zaman bilirsiz niyə
çat verir? Çünki o zamanın içi bu cür
çat zehinli qadınlarla, kişilik, ərənlik
duyğusu çatlamış kişilərlə - bu cür
çatlaq xislətlilərlə doludu. Zamanın heç nədə
günahı yoxdu, havayı yerə hər şeyi zamanın
boynuna yıxıb, özümüzü
sığortalayırıq. Biz adam ola bilməmişiksə,
burda zamanlıq və məkanlıq heç nə yoxdu...
İnsanlıq çat verəndə hər şey
sınır...
Hüseyn
Cavidin xanımı Müşkinaz xanımın xatirələrini
oxuyanda dünyam dağılmışdı, param-parça
olmuşdum, yazırdı ki: Cavid sürgündə olanda gecələr
uşaqlarımı yatırıb kimlərinsə pəncərələrin
qabağında qoyduğu quru çörək
parçalarını toplayır, gətirib evdə yuyur,
uşaqlarımın şorbasına doğrayırdım...
Kirpiyimlə od götürürdüm ki, balalarım Ata
sarıdan onsuz da acdılar, heç olmasa qarınları ac
qalmasın...
Belə
analarımız olub bizim... Biz isə dünyaya gətirdiyimiz
qüsurlu uşağa görə utanıb onu uşaq evinə
verəcək qədər adi, şərəfsiz, ləyaqətsiz
adamlarıq...
…
Və bir
də bu həyatda şikəst övladlarını
dünyadan köçənə qədər qucağında
daşıyan ata-analar var, onların qarşısında
baş əyirəm…
Günlər
yarpaq kimi qopmur ömürdən,
Qopur
diş kimi, dırnaq kimi.
Hər
keçən gündən iz qalır
Üzümdə
cırmaq kimi.
Çətini
yaşamaqdı,
Ölmək
nədi ki? Heç nə.
Son dəfə
nəfəsini çəkib içinə
Bir dərin
suya baş vurmaq kimi.
Suyun
içindən gəlir dünyaya insan,
Nə var
su içində ölməkdən asan?
Xeyri yox,
lap dönüb balıq olasan,
Əcəl
durub yol üstə qarmaq kimi...
Beləcə... Dünya sonlu və ölümlüdü... Bir gün hər şey heç nə ola biləcək qədər sonlu... Əcəl də yolunuz üstə qarmaq kimidi, balalarınızdan qaçsanız da, əcəldən qaça bilməyəcəksiniz. Heç olmasa, öz sabahınız üçün... Qoruyun övladlarızı. Onların göz yaşını qoruyun... Qoruyun ki, sabah qəbriniz üstündə ağlaya bilsinlər.
(1 iyun, 2019-cu il Mərdəkan).
Ədalət 2019.- 14 iyun.- S.5.