İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?"

Daha çox "Bozbash Pictures” və Şəmi obrazı ilə insanların sevgisini qazanan aktyor İlkin Həsəni ilə komediya janrından, kinomuzun bu günü və digər mövzulardan danışdıq.

Adalet.az həmin müsahibəni sizə təqdim edir.

Etiraf edirəm ki, müsahibənin bəzi ciddi yerlərində İlkin bəyə baxanda gözümün önünə Şəmi və digər obrazlar gəlirdi deyə gülməmək üçün özümü birtəhər saxlayırdım.

İnsanlara pozitiv enerji ötürən İlkin Həsəni və komandasının fəaliyyəti mənim çox xoşuma gəlir. Keçək müsahibəyə.

- Kanallarımızın izlənmə sayının aşağı düşməsindən gileylənmişdiniz. Sizcə bunun səbəbi nədir? Niyə kanallarımızın reytinqi aşağı düşür?

- Səbəbi odur ki, TV-də müəyyən mövzulara "olmaz”lar var və artıq efir üçün iki mövzu qalıb. Bunlardan biri məişət və ailə problemlərini neçə milyonluq xalq qarşısına çıxarıb müzakirə etmək, digəri isə şou-biznesdir. Mövzu yoxdur, mövzu qıtlığıdır buna görə də televiziyaya maraq azalıb. İnsanlar internetə qaçır, çünki internetdə "o olmaz, bu olmaz” kimi qadağalar yoxdur.

İnsanlar internetdə istədiyini tapır və daha rahat fikirlərini bildirə bilirlər. Deputatların, məmurların çıxışlarına tənqidi fikirlərini bildirə bilirlər. Yəni internet azaddır və bu azadlığı kanallarımıza da gətirmək lazımdır. İnsanlar işini görə bilməyən məmurları rahat tənqid edə bilməlidirlər, canlı yayım zamanı zəng edib fikirlərini şəxsən onun özünə bildirməlidirlər. Hal-hazırda kanallarımızda çatışmayan budur.

- Son illərdə Türkiyə seriallarına bənzəyən seriallar çəkilməyə başlayıb. Bu serialları izləyirsinizmi? Nə düşünürsünüz bu seriallar barədə?

- Təbii ki çatışmazlıqlar çoxdur. Bizim ərsəyə gətirdiyimiz filmləri Türkiyə və yaxud Rusiya filmləri ilə müqayisə etmək məntiqsiz olar. Çünki biz xarici serialların büdcəsini, neçə milyonluq ölkə üçün nəzərdə tutulduğunu yaxşı bilirik, yəni həm imkanları, həm tamaşaçıları çoxdur, amma bizdə belə seriallara maraq çox azdır və heç kim belə filmlərə, seriallara milyonlar ayırmaz. Çünki o vəsait geri dönməyəcək. Bu bir biznesdir və hamı pul qazanmaq istəyir, ehç kim ziyana getmək istəmir və buna görə belə seriallar keyfiyyətsiz olur.

- Amma mən bunun aktyorların zəifliyi ilə əlaqələndirirəm. Niyəsə süni görünürlər, süni oynayırlar...

- Yox, kifayət qədər yaxşı aktyorlarımız var. Müasir aktyorluq məktəbimizin çox yaxşı xanım və bəy aktyorları var. Onlara yaxşı şərait yaradılsa, rejissorlar onların bacarıqlarından düzgün istifadə etsə, gözəl işlər görmək olar. Hansı aktyora hansı rolun uyğun olduğunu doğru seçmək lazımdır. Çox təəsüf ki, indi filmlərdə heç bir aktyorluq təhsili olmayan modellərə, idmançılara daha çox yer verirlər. Bir serialıq hansısa məşhuru "qonaq aktyor kimi dəvət etmək olar, amma bunu daimi olaraq etsən, artıq tamaşaçı da bəyənməyəcək.

- "Bozbaş pictures” dublaj ilə başlamışdı. Biz sizi görmürdük, eşidirdik. Sözün əsl mənasında özünüzü bizə göstərmək qərarına necə gəldiniz?

- Söhbət 2002, 2003-ci illərdən gedir. Birinci başladıq əcnəbi kliplərlə Azərbaycan mahnılarının sintezini etməyə. O vaxt daha böyük kütlənin fikrini öyrənmək üçün sosial şəbəkələr yox idi, amma televiziyaya gələn zənglər var idi, hamı fikrini bildirirdi. Bizə maraq yaranmışdı, sonra keçdik dublaja və gördük ki, belə daha yaxşıdır. O vaxtlar bizdən küsən müğənnilər də, ya da onla məzələnməyimizi, tənqid etməyimizi istəyən müğənnilər də olurdu. Biz də edirdik (gülür).

- "Bozbash pictures”in ötürmək istədiyi mesaj var?

- Təbii ki var. Bizim ötürdüyümüz mesajlar daha çox gündəlik problemlərlə bağlı olur. O problemlər ki, sosial şəbəkələrdə də çox müzakirə olunur. Biz həmin adamlara bu problemlərin kənardan necə iyrənc və gülməli göründüyünü göstərməyə çalışırıq.

- Mesajları təsir edəcək formada verdiyinizi düşünürsünüz? Məncə, çox şirin və gülməli verirsiniz deyə heç kimə təsir etmir.

- Həmin mesajlar "Bozbash pictures”in serialarında var idi, amma kinoteatr üçün çəkdiyimiz filmlərdə həmin mesajlar demək olar yoxdur. Çünki biz o filmləri kinoteatra istirahət etmək, gülmək istəyən tamaşaçılar üçün çəkirik. Mən axı niyə düşündürücü komediya çəkməliyəm? Onsuz da hamının problemləri var, hamı bütün günü problem içindədir. Niyə mən də onları yükləyim? Dünya film sənayesində də belədir. Komediya filmləri belə olur. Bunu yaxşı qarşılayanlar da var, pis qarşılayanlar da.

Mən bu işi sıfırdan yaratmışamsa və bizi sevirlərsə demək nələrisə düzgün etmişik. Bizi yaşıl pencək, "spartivnı” şalvar, ağ ayaqqabı ilə sevdirməmişik. Biz onla sevdirmişik ki, hər həftə fərqli bir rayonumuzda, bölgəmizdə çəkilişlər etmişik, hər kəsi fərqli bölgələrimizlə tanış etmişik və hər həftə bizi maraqla gözləyiblər. Biz onlara Ucarı, Ağstafanı, Sabirabadı, Şəruru, Sədərəyi, ağlınıza gələn bütün bölgələrimizi göstərmişik. Yəni bizə olan sevginin arxasında bütün bu çəkdiyimiz əziyyətlər dayanır. Bu sevginin nəticəsidir ki, Azərbaycanda ən çox baxılan film məhz bizim filmdir. Heç bir film, istər Türkiyə, istər Hollivud filmi olsun, bizim filmin rekordunu qıra bilmir.

- Filmlərinizin adları niyə 18+ ifadələri xatırladır?

- "Ay brilyant” filminin adını posterin hazırlanmasına iki gün qalmış seçmişdik. Filmin hər şeyi hazır idi, amma adı tapmamışdıq. Demək olar bütün filmlərimizin adını mən fikirləşmişəm. Biz filmlərə ad seçəndə qruppa şəklində toplaşıb məsləhətləşirik, hamı öz fikrini deyir və ən çox xoşumuza gələn variantı seçirik. Mən "Stalinin başı” variantını deyəndə hamı güldü, sonra etiraz etdilər ki, olmaz. Sonra "niyə olmaz?” sualı ətrafında müzakirələr aparıb qərara gəldik ki, elə filmin adı bu cür olsun.

- Bunun reytinqə təsiri olur deyə belə edirsiniz?

- Məncə, filmin adından daha çox treyler onun pasportu olur. Nə poster, nə də ad treylerdən vacib ola bilməz. İnanmıram ki, tamaşaçı filmin adına görə kinoteatra gəlsin. Tamaşaçı treylerə baxır, treyler maraqlı gəldisə, filmə baxmaq istəyir.

- Bütün obrazları özünüz fikirləşmisiniz?

- Obrazların adları mənə məxsusdur, amma obraz olaraq onlar aybaay, ilbəil özləri formalaşıb. 5 il qabaq çəkdiyimiz filmlərlə indikiləri müqayisə etsəniz, obrazlar arasında fərqləri görəcəksiniz. Məsələn, 5 il qabaq Fəlakətin geyimi, saçı fərqli idi, Şəmi və digər obrazlar da. Yəni zamanla çalışmışıq fərqli olsun. Obrazların danışıq tərzi, hərəkətləri isə aktyorların öz bacarığı ilə formalaşıb. Heç kim onlara göstəriş verməyib.

- Ədəbiyyatla aranız necədir?

- Ədəbiyyatla aram lap yaxşı idi, amma indi ancaq öz sahəmə uyğun audio kitablara üz tuturam. İdman vaxtı, ya təyyarrədə olanda, ya başqa hardasa telefonuma yükləyib qulaq asıram.

- Filmlərinizdə daha çox şou-biznes adamlarının təbliğatını aparırsınız. Heç yazıçıları necəsə təbliğ etməyi düşünməmisiniz?

- Bizə qarşı istər yazıçılar, istər digər sənət adamları həmişə kinayəli yanaşıblar. Yazıçılar bizi həmişə tənqid edib deyə biz çəkinmişik ki, hansısa obrazımızın bir yazıçının kitabını oxuduğunu göstərək. Sonra həmin yazıçının "mənim icazəm olmadan kitabımı niyə göstərmisiniz orda?!” deməyindən qorxmuşuq. Amma etiraz etməzlərsə, bunu edə bilərik.

- Sizcə, siz cəmiyyətə təsir edib onu formalaşdırırsınız, yoxsa cəmiyyət sizin fəaliyyətinizi formalaşdırır?

- Xeyr, mən deməzdim ki, bizim filmlər cəmiyyəti formalaşdırır. Biz cəmiyyətin hansısa üzünü göstərməyə çalışırıq. Yenə deyirəm, kinoteatr üçün çəkdiyimiz filmlər başqa. Məsələn, Türkiyədə bütün rekordları qırmış "Recep İvedik” filmi də hansısa mesaj üçün nəzərdə tutulmayıb. Türkiyə komediyalarını qəbul edirlər, amma biz ondan daha səviyyəli yumor göstərəndə bəyənmirlər, tənqid edirlər.

Məndən başqa nəsə tələb etmələrini atıram. Bu bilirsiniz nəyə bənzəyir? Mən malımı Sədərəkdə satıram, mənə deyirlər "niyə malını mərkəzdə satmırsan?”. Axı mən mağazamı Sədərəkdə açsam, 300 alıcım olacaq, şəhərin bahalı yerində isə 30. Deyirlər 30 alıcı olan yerdə aç mağazanı. Axı niyə?

Mən Mədəniyyət Nazirliyindən müəyyən bir məbləğ alıb hansısa filmi çəkməyi öhdəliyimə götürsəm və nəyisə düzgün çəkməsəm, belə fikirlər bildirməkdə haqlı olarlar. Amma mən filmimin sponsorlarını özüm qapı-qapı düşüb axtarıram. Bu sırf kommersiya işidir və heç kim mənə "onu eləmə, bunu eləmə” deyə bilməz.

Hamı "Pərdə” filmini tərifləyir, bizə misal göstərir, amma hamı bildi ki, o film tamaşaçı toplaya bilmədi və batdı. O film Youtube-da çıxandan sonra rezonans doğurdu. Deməli həmin tamaşaçılara pulsuz film lazımdır: çək, Youtube-a qoy, baxaq.

Elə "Çernobl” filmiylə bağlı şərhdə də gördüm ki, hamı pulsuz link axtarır. Amma mən o filmə pulsuz baxmadım, pul ödəyib abonə oldum və izlədim. Pulsuz film izləmək istəyi istehsalçıya hörmətsizlikdir.

- Televiziya kanallarında, filmlərdə, elə hər yerdə homoseksuallığın təbliğatı aparılır. Sizin buna münasibətiniz necədir?

- Tamamilə qarşıyam. Tolerantlıq hesab etdiyimiz bir şey sabah tamamilə əleyhimizə çevrilə bilər. Sosial şəbəkələrdə homoseksualların iyrənc davranışlarını tez-tez görürük: "Evdə görüşürəm, qiymət filan”. Bu artıq tərbiyəsizliyə gətirib çıxarır. Ən azından o halların qarşısını almalıyıq. Yox əgər belə tərbiyəsizlik halları baş verməyəcəksə oğlan oğlanı sevir, qız qızı, öz şəxsi işləridir.

- Qadınlar güldürməyi bacarır?

- Komediya ifaçısı qadınlar da olub, amma tarix göstərir ki, qadınlar güldürməyi yox, ağlatmağı bacarırlar.

- Sizi tənqid edənlərə nəsə sözünüz var?

- Sürü psixologiyasından uzaq olan, şəxsi fikri olan hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Haqlı tənqid inkişafa gətirir, haqsız tənqid isə neqativ yaratmaqdan başqa bir işə yaramır. Təəssüf ki, indi neqativ yaratmaq üçün fikir bildirənlər daha çoxdur. İnsanları neqativə yox, pozitivə kökləməliyik.

 

Söhbətləşdi: Ulucay Akif

Ədalət  2019.- 21 iyun.- S.6.