Azərbaycan vətəndaşlarında
sosial-psixoloji güvənlik yaranıb
Yunus Oğuz:
"Vətəndaşlar arxayındırlar ki,
dövlət istənilən məsələnin həllində
onların yanında olacaq"
Prezident İlham
Əliyev tərəfindən həyata keçirilən sosial islahatlar davam etməkdədir. Dövlət
başçısı sözügedən islahatın
davamı olaraq yeni sosial islahat paketini ortaya qoyub. Belə ki, ölkə
rəhbərinin ötən gün
imzaladığı sərəncamlar əsasında minimum əmək haqqı 180 manatdan
250 manata qalxıb. Bundan
başqa bir sıra
dövlət qurumlarında çalışan şəxslərin,
eləcə də hərbi qulluqçuların vəzifə
maaşları artırılıb. Bununla da
Azərbaycanda sosial problemlərin həllinin,
eləcə də əhalinin sosial rifah halının yaxşılaşdırılmasının
başlıca prioritet olduğu
bir daha təsdiqini
tapdı. Müsahibimiz
yazıçı-publisist, "Olaylar"
qəzeti və eyni adlı agentliyin rəhbəri Yunus
Oğuzdur.
- Yunus
bəy, prezident İlham
Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasəti necə dəyərləndirisizniz?
- Prezident İlham
Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar həm
də çox ciddi siyasi addımdır. Burada söhbət təkcə
ondan getmir ki, minimum əmək
haqqı artırıldı, dövlət və özəl
müəssisələrdə çalışan
işçilərin əmək haqqı yüksəldildi,
şəhid ailələrinə birdəfələk müavinətlərin
verilməsi təmin olundu, söhbət həm
də psixoloji amildən gedir. Bu məqamın mahiyyəti ondan
ibarətdir ki, dövlətin
başında duran insan
birbaşa mesaj verib ki, dövlətin
başçısı xalqının yanındadır, hər
zaman xalqına dəstək verəcək,
dövlət sosial problemlərin
ağırlığını öz
üzərinə götürəcək və onu həll edəcək. Yəni, burada psixoloji amil ən böyük rol oynayır. Ola bilsin ki, bundan
sonra da pensiya və müavinətlər, əmək
haqları artırılacaq, ancaq insanlarda ümid var ki, bu
dövlətdə yaşamaq mümkündür. Məsələnin maddi tərəfini nə qədər izah etməyə çalışsaq da mümkündür ki, kimsə bundan razı
qalsın, kimsə razı qalmasın. Fakt
ondan ibarətdir ki, cari ilin yanvar
ayından bəri həyata keçirilən sosial
islahatlar ondan xəbər
verir ki, insanlarda sosial-psixoloji
güvənlik yaranıb. Vətəndaşlar
arxayındırlar ki, dövlət istənilən
məsələnin həllində onların yanında olacaq. Mətbuatda tez-tez məlumatlar yayılır ki, dövlət sadə vətəndaşlardan
tutmuş ziyalılara qədər
çoxsaylı insanlara dəstək verir, onların mənzil-məişət məsələsini
həll edir, müalicəsini öz üzərinə götürür
və sair. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın göstərişi
ilə mərhum prezident Əbülfəz
Elçibəyin həyat yoldaşı Həlimə
xanımın cənazəsinin götürülməsi barədə
göstəriş verməsi o deməkdir ki, dövlət öz vətəndaşlarına
güvənc verir. Dövlətin öz vətəndaşlarına dəstək
verməsi, daim onların yanında
olması deməyə əsas verir ki, ölkədə psixoloji
gərginlik aradan qalxıb.
- Dövlət
başçısı cari ildə əhalinin
sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində bir sıra sərəncam
imzalayıb. Prezidentin son
cərəncamları vətəndaşların rifah halının yüksəlməsinə
hansı təsirini göstərəcək?
- Əslində ölkədə insanların sosial-rifah halının yüksəldilməsi
istiqamətində ciddi bir
proses davam edir. Bu prosesin əsas mahiyəti qiymətlərin
tənzimlənməsi və qiymət artımının
qarşısının alınmasından ibarətdir. Əgər
ölkədə əmək haqları artırılırsa bu normaldır, lakin bununla paralel olaraq qiymətlər də artırsa, artıq
bu anormal olur. Ona görə dövlət minimum əmək
haqlarını, maaşları artırmaqla yanaşı, qiymətlərin,
xüsusən də gündəlik tələbat
mallarının qiymətlərinin tənzimlənməsinə
də nəzarət etməlidir. Çünki,
infilyasiya qeydə alınsa, təbii ki, rifah olmayacaq,
maaşlar qalxsa da rifah halının
yüksəlməzi nəzərə çarpmayacaq.
Qiymət tənzimlənməsi həyata keçirilməsə,
bu sahəyə müdaxilə edilib nəzarət güclənməsə, təbii
ki, əmək haqlarının
artımı gözə görünməyəcək.
Dövlətin bu məsələyə
müdaxiləsi insanlara güvənc verir ki, qiymətlər də
tənzimlənəcək.
- Məlim olduğu kimi dövlət
başçısının sərəncamları əhalinin
bütün sosial təbəqələrini
əhatə edir. Bu,
ölkədə sosial ədalətin bərpa
olunması demək deyilmi?
- Sosial ədalətin bərpası yüzillik dövlətlərdə də birdən-birə təmin olunmur. Bu məsələ zaman-zaman həllini tapır. Məsələn, ölkədə işsizliyə görə müavinət ödənilir, lakin bu sosial ədalət deyil. Bəzən bizim insanlarda belə fikirlər səslənir ki, işsiz qalıb. Əli, ayağı sağdır, ancaq deyir ki, işsiz qalıram. Elə adamlara hansısa ödəniş etməklə sosial ədaləti bərpa etmək düzgün deyil. Çünki o adamın işsizlik səbəbi hansısa sənət yiyəsi olmaması üzündəndir. Gözləyir ki, dövlət buna hansısa yolla yardım etsin. Ancaq sənəti olan adam heç vaxt işsiz ola bilməz. Təbii ki, elə insanlar var ki, qışqıracaqlar ki, "iş yoxdur", "iş tapa bilmirəm" və sair. Ancaq fakt odur ki, insanlar sənətə yiyələndikcə, hər hansı bir sənətin sahibi olduqca müəyyən bir gəlir əldə edəcəklər. Dövlət başçısının sərəncamı da dövlət qulluğunda çalışanlara şamil olunur ki, insan peşə qazanıb, zəhmətilə əldə etdiyi gəlirlə ailəsini saxlamalıdır. Sadə insanlarla bağlı sosial ədalətdən danışırıq, ancaq dövlət məmuru statusu olmayan yüz minlərlə işçilər var. Onlar üçün də sosial ədalət bərpa olunur. Məlum olduğu kimi hər şeyin bir düzəni var. Söhbət ondan getmir ki, kiminsə əmək haqqına 40 manat əlavə olundu, o, yaxşı yaşayacaq. Amma bununla insanlarda güvənlik yaranır ki, bu artımlar mütəmadi olaraq davam etdiriləcək. Bəzən insanlar sosial ədaləti düzgün başa düşmürlər. Hamıya ucdantutma əlavə pulun verilməsi sosial ədalətin təmin olunması demək deyil. İordaniyanın kralı neftdən gələn gəlirdən ölkə vətəndaşlarına adambaşına 100 dollar paylayır. Bizimkilər isə buradan qışqırırlar ki, hər adama 100 dollar verirlər. Ancaq fikirləşmirlər ki, bununla nə əldə etmək mümkündür, 100 dollar o vətəndaşın hansı işinə yarıyacaq? Ancaq şəhidlərlə bağlı sosial ədalətin bərpa olunması başqa məsələdir. Uzun illərdi ki, şəhidlər ailəsinə heç bir kompensasiya verilmirdi. İndi isə bu kateqoriyadan olanlara birdəfələk ödənişlər edilir. Bax, sosial ədalətin təmin olunması budur. Vətən üçün, dövlət üçün vuruşub, indi də sosial ədalət bərpa olunur.
-Ölkənin iqtisadi
inkişafı davam edir, dövlət büdcəsinin gəlirləri
artır. Necə hesab edirsiniz, bundan sonra da
sosial islahatlar davamlı olacaqmı?
-Hesab edirəm ki, ölkədə sosial islahatlar davamlı olacaq. Çünki, bu islahatların
əsas mahiyyəti psixoloji baxımdan dövləti insanlara sevdirmək idi. Artıq istənilən azərbaycanlı əmin ola bilir
ki, dövlət onun arxasındadır. Məsələn, Fuad Abbasov Azərbaycan vətəndaşıdır,
ona görə də onun hüquqlarının
müdafiəsi ilə
məşğul olunur.
Bu isə o deməkdir
ki, Azərbaycan vətəndaşı harada
yaşamasından asılı
olmayaraq dövlətin
güvəncini hiss etməlidir.
Yaxud, dünən millət vəkili Aqil Abbasın Bayat kəndinə qaz çəkiblər. Əslində bu da sosial
ədalətin bərpa
olunmasıdır. Çünki, uzun illər idi ki, qonşu
kənddə qaz var idi, ancaq
bu kənddə yox idi. Demək istəyirəm ki, ölkədə sosial ədalətin bərpa olunması təkcə vətəndaşlara pul ödənilməsilə müşayət
olunmur, hətta bütün ucqar kəndlərə işıq,
qaz, yeni yollar şəkilir, yeni turizm infrastrukturu
yaradılır. Eyni zamanda
qeyd edilməlidir ki, Qəbələdə,
yaxud Şəkidə
turizm infrastrukturu yaradılır, lakin gözəl təbiəti
olan digər bölgələrdə bu
işlər aparılmır.
Bax, bu bərabərsizlik də aradan qaldırılmalıdır. Çünki, təkcə əmək
haqlarının artırılması
ilə sosial bərabərsizlik aradan qalxmır. Yenə də qeyd etmək istəyirəm ki, əsas məsələ
insanların psixoloji baxımdan Azərbaycan dövlətinə inamının
artmasıdır.
Ədalət 2019.- 21 iyun.- S.3.