Nigar Rəfibəyli
DURNA
Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan
aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.
Uçuruq uça bildikcə...
Bizə
həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat
səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır
məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.
HƏBİBƏYƏ
Gənclik şəklimə baxdın
- Nə gözəldin, nə incəydin, - dedin.
Fikrə daldın. Gözlərin doldu.
- Niyə ağlayırsan, -
dedim.
Şükür Allaha, ölməmişəm
ki...
Dinmədin. Gözlərinin
inci yaşı
Damla-damla
töküldü
yanağından...
Anlayırdım, sən
gözəlliyin, incəliyin,
bir də əbədi olaraq
ötüb-keçən gəncliyin
ölümünə ağlayırdın...
DÜŞÜNCƏLƏR
Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
əyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib
keçdi sevinclərim
bir qanadsız rüzgar kimi.
İndi
ağır düşüncələr
içindəyəm,
Bilmirəm
kiməm
nəyəm?
Ey mənim gəncliyimi xatırladan,
təzə qız,
bu sözləri səninçün
yazır titrəyir
əlim,
Yazır
ki, sən heç zaman,
ey ağıllı
gözəlim,
Olmayasan
mənimtək
dünyada yapyalqız.
Saçına dən düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə
həzin axşamlar
ağır-ağır fikirlər
bəhrinə dalmayasan.
BAHAR
NƏĞMƏSİ
Yaşıllanır çöllər,
oyanır torpaq,
Bəzənir gəlintək hər
dərə, hər dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.
Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə
qaldım.
Qışda sorağını uzaqdan
aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.
Xoş nəğmələr qoşdum
sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.
AYRILIQ
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Biz ki, bir ruh
idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim
mən də,
Vüsalın bülbülü uçub
gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların
bahar elinə?
Mehriban sözünə, şirin
dilinə,
Cananın sazını alıb
əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
Ədalət 2019.- 8 mart.- S.8.