Nurəngiz
GÜN
MƏNƏ
SOYUQDUR
GÜNƏŞ
Günəş!.. Mənə soyuqdur,
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
...Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!......
Yerdə
mənə yaman soyuqdur, Günəş!
Niyə
gəldim
Nilufərlər solan çağı
Mən bu gölə niyə gəldim?
Niyə axı bura gəldim?
Gəlmişdimsə niyə gəlib,
Niyə getdim?
Ah, bilən yoxdur
bağrım başı
nədən belə
bölük-bölük?
Nədən axı qəmgin
olur
Könül belə o göl sarı?
Bəs nə üçün çıxdım getdim
Nilufərlər solan çağı?
Döydüm qapını
Şəngülümsüz, Şüngülümsüz
bir Məngülüm
var, bir bəmbəyaz gülüm
var.
Qürbətdən gəlirdim.
Döydüm qapını, utana-utana.
Oxudum mahnımı, mən yana-yana:
- Məngülüm! Aç qapını,
mən gəlim.
Döşümdə ağrı gətirmişəm,
başımda təzyiq...
Buynuzlarım ki, yoxdur?
Olsaydı, ot yox,
At gətirdim, həyat gətirərdim,
At ucalıqdır, həyat -
qanadlı bir nağıl!..
At gətirərdim, həyat
gətirərdim.
Boşluq
Bomboş
bir səssizlik,
bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!
Ədalət 2019.- 8 mart.- S.9.