Bircə günlük padşahlıq

 (hekayə)

"Bu fani dünyada padşahdan-zaddan da olmadıq... Heç olmasa, bircə günlüyə". Ağlı kəsəndən bu fikir İsfəndiyarı sakit buraxmırdı. Nəsə, beyninə yaman batmışdı. Dəryada balıq ovlamaq sevdasına bənzəsə də, istəyindən heç cür əl götürə bilmirdi.

Yenə də padşahlıq azarı ona qənim kəsilmişdi. Yuxusu ərşə çəkilmişdi. Evdə özünə yer tapa bimədiyindən həyətə düşdü. Tanrının dərgahına sarı boylandı. Göy üzündə əmin-amanlıqdı. Ayla ulduzlar baş-başa verərək xısınlaşırdılar. Ətrafda qəribə bir sakitlik hökm sürürdü. İstəyi himə bənddi, lap şahə qalxmışdı. İsfəndiyara bu boyda gen dünya darlıq eləyirdi. Hardan ağlına gələ bilərdi ki, Ayulduzlar da bundan duyuq düşmüşdü. Öz aralarında nəsə pıçıldaşandan sonra Tanrı bəndəsinə yardımçı olmaq qərarına gəldilər.

Ay bir göz qırpımında İsfəndiyarı haləsinə alaraq Göy üzünə qaldırdı. O, əlini uzatsaydı, ulduzlara yetərdi. Karıxmışdı.Yorğunluqdan gözləri qapanmaq üzrə olsa da, acgözcəsinə dörd bir tərəfə boylanırdı. Yerə sarı da nəzər yetirməyi unutmadı. Dünyaya göz açdığı bu planet indi özü bir ulduz boydaydı. İsfəndiyar təzəcə yerini rahatlamışdı ki, laylaya bənzər bir həzin nəğmə onu ağuşuna aldı. Ayın solistlik elədiyi mahnının nəqəratını ulduzlar zümzümə eləyirdilər. Bir anlığa İsfəndiyar özünü körpə təkin doğma anasının qucağında sandı. Ayparanın quyruq hissəsində lövbər salan İsfəndiyar ayaqlarını yelləyərək şipşirin xəyallar dünyasına qapılmışdı. Ayla ulduzların nəğməsi yarıya yetməmiş o, yuxuya daldı. Dünya onundu, mışıl-mışıl mürgü döyürdü.

Bərq vuran sarayın önündə karetadan endi. Padşahlara layiq geyim-keciminə əl gəzdirərək qamətini tarazladı. Bütün saray əhli pişvazına çıxmışdı. Hər bir əmrinə müntəzir vəziyyətdəydilər. Vəzir-vəkilin müşayiətilə şux addımlarla padşahın taxt-tacına sarı yönəldi. Sözlə ölçüyəgəlməz istiqanlıqla "xoş gəldin!" eləyən padşah tərəddüdsüz-filansız yerini ona göstərdi. Çoxdanın tamarzısı kimi tezcənə özünü verdi padşahın taxtına. Çöhrəsindən nur yağan vəzir isə anındaca öz yerini padşaha təklif elədi. Yeni padşahın - İsfəndiyarın əshabələrinə gözucu nəzər yetirməyi ilə onlar vəzirə də adına layiq yer düzəltdilər.

İsfəndiyar dünyanın ağası təkin ətrafına göz gəzdirməkdəykən şam süfrəsi açıldı. Yemək masalarındakı çeşidbəçeşid təamları o, heç yuxusunda da görməmişdi. Məclis qızışdı, nə qızışdı. Say-seçmə gözəllər çıraq başına dolanan pərvanələr təkin ona naz satır, yerlərini isti salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Padşaha yelpik yelləmək üstündə də az qalırdı ki, saçyolduya çıxalar. Süfrəyə şərabın verilməyi ilə məclis tam axarına düşdü. Rəqqasələr meydan sulamağa başlayınca isə hal əhli nağıl dünyasına qovuşdu. İsfəndiyar da fürsəti fövtə verməyərək acgözcəsinə yeməyə girişdi. Gözəllərin parıltısından gözləri qamaşırdı, canına vic-vicə düşmüşdü. Yeni padşahın şəninə sağlıq deyənlər növbəyə düzülmüşdü. Bu minvalla gecə yarıdan keçənədək İsfəndiyar bir ömrə bəs edəcək qədər kef sürdü. Şəninə deyilən sağlıqların, ləziz şərabların təsirindən məst olan İsfəndiyarın gözləri öz-özünə qapanmaqdaykən kənizlərin ən gözəllərindən ikisi olmazın nəzakətlə qollarına girərək onu yataq odasına apardılar.

İsfəndiyar röyadan birgünortaya yaxın qopdu. Ürəyincə nahardan sonra vəzir-vəkili ətrafına cəm elədi. Xeyirxahlıq damarı ona sakitlik vermirdi. Vədinə əməl etməliydi. Həmişə düşünürdü ki, bu padşahlar niyə xəzinənin qapısını açıb kasıb-küsuba əl tutmurlar. İmkansız xəstələri xəstəxanalara yerləşdirdi, borcunu ödəyə bilməyənlərə yardımçı oldu, neçə vaxtdı övladına toy eləməkdə çətinlik çəkənləri də razı saldı, evsizlərə neçə-neçə mənzil hədiyyə elədi, istedadlı kasıb balalarının təhsil haqqını ödədi, işsizləri bacardığı qədər işlə təmin etdi, alın təri ilə çörək qazanmaq istəyənlərə torpaq payladı, bir sözlə, müraciət edənlərin ümidini qırmamağa çalışdı. Bu minvalla xəzinənin bircə günə boşalacağını duyan vəzir özündə təpər taparaq padşahın qulağına pıçıldadı ki, "Əlahəzrət, bəs, xəzinənin yarısı artıq əldən getdi, dayanmaq məqamıdır". Bayaqdan özünə yer tapmayan əvvəlki padşahın məsum-məsum baxışları da vəzirin haqlı olduğuna işarəydi. Xeyirxahlıq gözünü tutsa da, İsfəndiyar müdrik vəzirin sözünü yerə salmadı. Şad-xürrəmdi, istəyinə gözlədiyindən də artıqlaması ilə nail olmuşdu. Sən demə, padşahlıq doğrudan da çim yağmış. Əmrlərini sağa-sola payla, kefini sür, birki, bacardıqca xeyirxahlığından da qalma, vəssalam, sadəcə bu qədər. Şirin xəyallar aləmində pərvaz eləməkdəykən onu şam yeməyinə səslədilər. Budəfəki eyş-işrət məclisi də dünən gecəkindən geri qalmadı. Sərməst halda yerinə girməkdəykən ona xəbər verdilər ki, bəs, vəzirin sənə deyiləcək təcili sözü var.

- Əlahəzrət, indicə kəşfiyyatımız bəd xəbər gətirdi; qonşuluqdakı qarı düşmən qoşununu sərhədlərimiz boyu cəmləyib, hücuma keçmək üçün dan yerinin sökülməsini gözləyir.

Mən də tezcənə özümüzünkülərə tapşırıq verdim ki, qoşunumuzu ayağa qaldırsınlar. Döyüşçülərimiz, sərkərdələrimiz əmrinizə müntəzirdilər. Düşmənə layiqincə ibrət dərsi vermək üçün səhərin gözü açılanadək sərhəddəki qoşunun başında sizin yerinizi tutmağınızı səbirsizliklə gözləyirlər.

Bu qəfil xəbərdən İsfəndiyarın az qala dili tutula. Nə yaxşı ki, bəsdi deyincə şərab sümürmüşdü. Göz qapaqlarına güclə yiyəlik edirdi. Bir təhər qafasına əl gəzdirərək əvvəlki padşahı çağırmalarını əmr etdi. Tükənməz mərifət sahibi olan həmən kəs anındaca İsfəndiyarın hüzurunda peyda oldu.

- Məni ən ümdə arzuma qovuşdurduğuna görə sənə sonsuz təşəkkürümü yetirirəm. İstədiyimə artıqlaması ilə nail oldum. İş orasındadar ki, mən bircə günlüyə padşah olmaq niyyətindəydim, bu müddət də artıq başa çatmaqdadır. Ona görə də sizə bir daha sidqi-qəlbdən minnətdarlığımı çatdıraraq səhər tezdən qoşunun başında olmağınızı rica edərdim.

Məstlikdən səntirləyən İsfəndiyarın gücü yalnız bu kəlmələrə yetdi. Zindan ağırlığında göz qapaqlarının möhkəm-möhkəm qapanmağı ilə qış yuxusuna getməyi bir oldu.

Bironda ayıldı ki, çöhrəsinə sığal çəkirlər. Ürəyinə gəldi ki, yəqin, bu kənizlərin işidir. Gözlərini aralayanda Günəşin al şəfəqləri ilə ona nəvaziş göstərdiyinin mahiyyətinə vardı. Həyətlərindəki oturacaqdaydı. Gecəni buradaca yola vermişdi. Ayulduzlar artıq qeybə çəkilmiş, onların şux nəğməsi də çoxdan bitmişdi.

Azad Müzəffərli

Ədalət  2019.- 13 mart.- S.8.