MUĞAMLARIMIZDA "BAYAT"
GİZLİNCLƏRİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Klassik şairlərimizdən Molla Vəli Vidadi
ilə Molla Pənah Vaqifin deyişməsindən də görünür
ki, bu müqdədir söz ustaları da bayatı söyləməyi,
bayatı çağırmağı sevirmişlər. Bu, məşhur
deyişmədən də aydın görünür.
Vaqif:
Yavuz çox qocalan bayatı sevər,
Gah ögini, tək-tək özündən deyər,
Sən də yetişibsən o həddə məgər,
Beynini bayatı oyar, ağlarsan?
Vidadi:
Külli
Qarabağın abi-həyatı,
Nərmi-nazik
bayatıdır, bayatı,
Oxunur məclisdə
xoş kəlamatı,
Ox kimi
bağrını dələr, ağlarsan!
Vaqif:
Müxəmməs
deməgin seyrəklənibdir,
Bayatıda
zehnin zirəklənibdir,
Qocalıbsan,
qəlbin köyrəklənibdir,
İşdən-gücdən olub bekar ağlarsan.
Xalq həyatını
və məişətini, adət-ənənəsini gözəl
bilən yazıçı, dramaturq Əbdürrəhim bəy
Haqverdiyev hekayələrinin birində yazır:
"Anasından ayrılandan sonra Əbdülkərim bir
bayatı çağırmağa izn istədi".
Təsadüfi deyildir ki, bizim bir çox xalq
mahnılarının, şikəstələrin mətni
bayatılardan ibarətdir.
Dahi bəstəkarımız
Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov
"Rəsmili musiqi tarixi" adlı əsərinin "Azərbaycan
musiqisi" bölməsində gözəl səsli şəxslərdən
söz açarkən məşhur Bədəlbəyliləri
yad edərək yazır: "Xoş sövtlük Bədəlbəyli
nəslinə bir bəxşeyişdir. Odur ki,
Muxtarın əmioğlusu Cavad gözəl bayatı
çağırmaq ilə Qarabağda məşhurdur.
Digər əmioğlusu Bədəl Bədəlbəyli həm
tar çalır, həm də xoş ləhnlə şikəstə
və bayatı oxuyardı. Onun bayatı
çağırmağı bir kəsə müyəssər
deyildi. Üçüncü əmioğlusu
Əhməd Bədəlbəyli (Ağdamski) məşhur incəsənət
xadimidir".
Dahi müğənnimiz Bülbül 1932-ci ildə gənc
bəstəkat Asəf Zeynallı ilə xalq
mahnılarını toplamaq üçün Şuşaya
gedir. O,
özü görünməsə də, səsi dağlara
düşmüş gənc Xan Şuşinskini
"Çoban-bayatı" oxuyaraq yanına
çağırdığını yazır: "... İstirahət günü idi. Böyük
bir qayanın üstünə çıxdıq. Biz
göz qaralan dərəyə, dərədən nazik bir lent
kimi axıb gedən çaya, o taydakı meşələrə
baxır, təbiətin bu ecazkar gözəlliyindən
zövq alırdıq. Birdən
qulağımıza bir səs gəldi. Diqqətlə
fikir verdik. Kimsə
"Bayatı-kürd" oxuyurdu. Oxuyanın
səsi yavaş-yavaş aşkar eşidilirdi. Xanəndə zəngulə vuran kimi onu
tanıdım. Gənc xanəndə Xan
Şuşinski idi. Xanın məlahətli
səsi qayalarda əks edir, Cıdır düzü boyu
yayılırdı. Asəf Xanın
yalnız adını eşitmişdi. Onunla tanış olmadığını söylədi.
Mən Asəfi arxayın edib, bu saat onu buraya gətirəcəyimə
söz verdim.
- Necə
gətirərsən? - deyə Asəf təəccüb
etdi.
- İndi görərsən, - deyib "Çoban-bayatı"
oxumağa başladım. Doğurdan da
"Çoban-bayatı" Xanı və onun dəstəsini
bizim yanımıza gətirdi. Görüşdük,
hal-əhval tutduq. Xan bizim üçün
"Rast" oxudu. Həmin günün səhəri
Xanın ifasında "Alma almaya bənzər" və
"Əlində sazın qurbanı" mahnılarını
vala yazdıq".
Bu xatirədən də aydın olur ki, BAYATI musiqi
janrı kimi xalq musiqisində əhəmiyyətli rola malikdir. Doğrudan da, Azərbaycan
musiqi ifaçıları, mahir xanəndələr, Üzeyir
bəyin dediyi kimi, "... uçub dağılmış bu
"musiqi binasının" qiymətli "parçalarından"
istifadə edərək... özünəməxsus səciyyəvi
üslubda yeni "musiqi barigahı" tikilmişdir" və
zaman-zaman öz mənəviyyatına uyğun
yaratdığı muğam-bayatıları təkmilləşdirmişdir.
Görkəmli
bəstəkar, musiqişünas alim Əfrasiyab Bədəlbəyli
iftixar hissi ilə yazır: "Azərbaycan musiqi sənətində
xalq dühasının ən parlaq yaradıcılıq məhsulu
muğamatdır. Muğamat musiqimizin təməli,
onun bünövrəsi, onun dayaq sütunudur. Muğamat mahnılarımız, təsniflərimiz,
oyun havalarımız, simfonik əsərlərimiz, opera və
baletlərimiz üçün tükənməz və
gözəl təranələr mənbəyidir. Bir sözlə, muğamat Azərbaycan musiqi dilinin, əgər
təbiri düzgün başa düşülərsə,
lüğət fondudur".
Muğamat yaddaşdan yaddaşa, ağızdan
ağıza, ustaddan şəyirdə keçərək
yaşayan və yaşamaqda, inkişaf etməkdə olan
möhtəşəm bir irsdir. Azərbaycan
muğamlarının qüdrəti ondadır ki, onu ifa edən
xanəndənin, necə deyərlər, əl-qolunu
bağlamır, ona improvizə etmək üçün
geniş imkanlar verir. Əslində,
muğamat öz daxili qayda-qanununa riayət tələb etməklə
ona görə köhnəlib sıradan çıxmır ki,
xanəndələrin ifaçılıq manevrini,
özünüifadəsini, oxumaq fantaziyasını, improvizə
hüququnu məhdudlaşdırmır, əksinə,
zaman-zaman təkmilləşir, hissi-emosional təsirini itirmir.
Əgər min il qabaq hər hansı
muğam dəstgahı nota alınıb, ona əsasən
çalınıb-oxunsaydı, şübhə etmirəm ki,
o muğam bu günümüzə gəlib
çıxmazdı; çıxsa belə, o qədər də
sevilməzdi.
Musiqi fantaziyası geniş olan yaradıcı xanəndələr
zaman-zaman oxuduqları muğamın daxili qayda-qanunu pozmadan
öz mənlərini, "öz muğamlarını"
dinləyicilərə təqdim ediblər. Cabbar Qaryağdıoğlu,
Şəkili Ələsgər, Segah İslam, Seyid
Şuşinski, Xan Şuşinski, Yaqub Məmmədov, Mütəllim
Mütəllimov kimi ustadlar bugünkü bəzi müğənnilər
kimi "mən-mən" deməyiblər , əsl sənət
nümayiş etdiriblər. Bu gün savadsızlıq o həddə
çatıb ki, aparıcı bəsit
dünyagörüşlü mikrofon müğənnisinə
amiranə tonda deyir ki, filən kəs xanım, qalx, qalx, bir
"ana segahı" oxu! Filankəs bəy, o
"yağlı" səsinlə bir "ata segahı"
oxu! Onlar da bu cür savadsız aparıcıya - "bu adda
muğam yoxdur" demək əvəzinə dünyadan
köçmüş ata-analarını yadlarına salıb
"Ay ata", "Ay ana" deyib özlərini şəhid
eləyirlər. Bu cür müğənnilər
beləcə mavi ekranı gah toyxanaya, gah da yasxanaya
çevirirlər.
Muğamatda bəşəri kədər var,
"şaxsey-vaxsey" yoxdur. Onu ağıya
çevirmək yaramaz. Unutmayaq ki,
muğamlar əsasında bir-birindən gözəl rənglər,
diringilər, rəqslər, mahnılar, təsniflər,
operalar, baletlər, simfonik əsərlər yaranıb və
yaranacaqdır. Lakin kimsə yeni bir
muğam yarada bilməz.
Muğam ifaçısı şəxsiyyət
olmalıdır. Əks təqdirdə küçə ilə
səhnəni səhv salar. Mən bu yerdə yenə də
ölməz Əfrasiyab Bədəlbəylidən sitat gətirməkdən
özümü saxlaya bilmirəm: "...Hər xanəndənin
hər sazəndənin özünəməxsus
ifaçılıq ədası, öz səciyyəvi
üslubu, öz "boğazı",
"xırdalıqları", öz "barmağı"
olmuşdur. Daha doğrusu, bütün bu cəhətlərin
mövcudiyyəti ən zəruri şərtlərdən biri
idi. Burada heç bir standarta, heç bir təqlidçiliyə
yol verilə bilməz. Bir xanəndə və
sazəndə əsl sənət adamına xas olan
ifaçılıq heysiyyətindən məhrum deyilsə və
sənətkar mənliyini, doğrudan da, yüksək qiymətləndirirsə,
heç zaman həmkarının yaradıcılıq nailiyyətlərindən
özü üçün
"çırpışdırmaz". Keçmiş
xanəndələrimizin qrammofon vallarına yazdıqları
muğamları dinlədikdə eyni muğamın, eyni dəstgahın
ayrı-ayrı xanəndələr tərəfindən tamamilə
başqa tərzdə, başqa səpkidə, özünəməxsus
ifaçılıq üslubu əsası üzrə ifa
olunduğunu görürük".
Bu gün bəzi sənətşünaslar (milli təəssübkeşlik
hissindən irəli gələrək) Azərbaycan
muğamlarının adında yerdəyişmə etmək
fikrinə düşüblər. Məsələn,
"Bayatı-Şiraz" əvəzinə muğamı
"Şiraz bayatısı" adlandırmağı təklif
edirlər (Unutmayaq ki, keçən əsrin otuzuncu illərində
Üzeyir bəy başda olmaqla ustad muğam
ifaçıları belə bir təşəbbüsdə
olublar və dərhal da fikirlərindən
daşınıblar). Əgər deyilən
kimi yanaşsaq tarixilik itər, onda bu muğam Şirazın
bayatısı, yəni şirazlıların
yaratdığı muğam olar. Amma
xalqımız belə deməyib. "Bayatı-Şiraz",
"Bayatı-İsfəhan", "Bayatı-əcəm",
"Bayatı-türk", "Bayatı-Qacar" deyib. Yəni bu muğamların bayatlılara məxsusluğunu
bu şəkildə ifadə edibdir. Ona
görə də muğamların əvvəlində işlənmiş
Bayatı kəlməsi həm söz, həm el, ulus, həm də
oxumaq, çağırmaq mənasında işləndiyinə
görə onu dəyişmək, təhrif etmək olmaz.
Çox
təəssüflər olsun ki, müxtəlif televiziya
kanallarında musiqi verilişlərinin bəzi
aparıcıları, bəzi xanəndələr
muğamlarımızın şöbə və
adlarının fars mənşəli
sözlərinə istinad edərək muğamların mənşəyi,
yarandığı coğrafi ərazi haqqında yanlış
fikirlər söyləyirlər. Yadımdadı,
Sovet hökuməti dövründə televiziyanın rəhbərlərindən
birisi xəstəxanada yatırmış. Günorta
üstü radioda muğamat saatı imiş. Diktor elan edir ki, əziz dinləyicilər, indi də
filan xanəndənin ifasında "Bayatı-Şiraz"
muğamını dinləyin. Kişi
götürüb radionun musiqi şöbəsinə zəng
çalıb deyir ki, yoldaşlar, olmaz
"Bayatı-Şiraz" əvəzinə "Bayatı-Lənkəran"
deyək?
Dünyadan köçmüşlərə və müasirlərimizə üzümüzü tutub deyirik ki, olmaz! Muğamın bircə, cüm-ləsinə də toxunmaq yaramaz! Çünki muğam xalqımızın mənəvi dünyasının tarixidir. Muğamlarımızda bütün zamanların nəbzi döyünür.
Mustafa
ÇƏMƏNLİ
Ədalət.-2019.-14 mart.-S.7.