Nəşriyyat işi: bu gün və sabah

Kitabın mövcudluğu qeyri-adi, mürəkkəb ictimai və mədəni hadisədir. Onda fikir və söz, elm və incəsənət, hər bir insanın və bütöv cəmiyyətin mənəvi aləmi əks olunur. Bəşəriyyətin yaratmış olduğu ən böyük xarüqələrdən biri kitabdır. Kitab təbiəti, cəmiyyəti və insan təfəkkürünü əks etdirən zəngin bir aləmdir. Təbiət, cəmiyyət və insanlar daha çox kitablar vasitəsilə əlaqələnir, formalaşır, inkişaf edir.

-Kitab yayımı ilə bağlı sizə suallar vermək istəyirəm, sizcə Azərbaycanda müstəqillik illərində kitab marketinqi yarana bilibmi?

- Xeyr, çox təəssüf ki, yaranmadı. Heç nə səbəbsiz deyil. Məsələn, əyalətdə kitab dükanları yoxdur, insanlar kimi kitab mağazaları mərkəzdə cəmləşiblər. Bu mağazalar isə kirayə haqqının baha olduğu şəhərin mərkəzində yerləşdikləri üçün kitablar həddindən artıq bahadır. Kitab yayımı ilə məşğul olanlar var, lakin böyük problemlərlə üzləşirlər. Dövlət, Heydər Əliyev Fondu çox böyük jest elədi, şəhərin düz mərkəzində bir kitab evi açdı, bu çox böyük göstəricidir. Dövlətin kitaba qayğısı hər ölkədə yoxdur, siz biləsiniz. Hətta görürsüz orda kitab təqdimatları keçirilir, bu işlər insanların vəziyyətini bir qədər yüngülləşdirir. Doğrudur, bu tədbir daha da artsa, başqa yerlərdə də belə mərkəzlər açılsa oxuculara xeyli kömək olar.

-Kitab yayımını, kitabın təbliğini həyata keçirmək üçün hansı işlər görülməlidir?

- Birinci növbədə kitab yayımı ilə bağlı bir jurnal buraxılmalıdır, kataloq nəşr edilməlidir. Oxucu abunə olmalıdır.Tanış olmalıdır ki, hansı kitablar var və harda var? Zəng vururlar nəşriyyata ki, məsələn, sizdə 2008-ci ildə belə bir kitab çıxıb, onu axtarıram, necə əldə edə bilərik? Çünki 2008-ci ildə məsələn, bir şəxs gəlib bizdə kitab çap edib, biz də bütün nəşrləri götürüb ona vermişik. Biz kitabın çapına qədər cavabdehik. Tutaq ki, müəyyən bir topdansatış kitab mağazası olsa, aparıb ora təhvil verə bilərsən. Bu yaxınlarda İsveçrədə idim. Baxın görün kolxoz quruculuğu orda qalır. İnsanlar mehribancasına əkir, becərir. Nəyə görə misal çəkdim? Deyəcəm sizə. Sonda bir başqa müəssisə, dövlət müəssisəsi gəlir onların məhsulunu alır və tamamilə də maddi cəhətdən onları ödəyir, lazımi qaydada. Əlbəttə, fermer artıq maraqlıdır ki, gələn il bundan da artıq məhsul versin. Onun məhsulu zay olmur, pambığı məhv olmur, üzümü xarab olmur. Alıcı var. Bəli, alıcı var. Dövlət onu hazır olan kimi alır və özü də satır. Onun məhsulunun satılması üçün başının üstündə dayanan adam var. Fermer əziyyət çəkmir. Məsələn, ölkəmizdə soğan əkirlər, soğan əkən deyir ki, soğanı heç əkməyə deyməz. Eynilə kitab da. Bütün yazarlar kitab çap edir, öz cibinin puluna. Sifariş əsasında kitabı çap edirik. Kitablar qalır müəllifin əlində. Sonra da mənə zəng edib soruşur ki, biz bunu necə sata bilərik? Bax bu böyük bir problemə çevrilir. Hara versin çap etdiyi kitabları satmağa? İkinci problem nədir? Aparıb tutaq ki, kitab mağazalarından birinə verib satmağa. Kitab mağazası icarəyə götürüb axı yeri. Kitabın qiyməti 5 manatdırsa, kitab mağazasının sahibi bunu 15 manata satır. Halbuki, kitabın maya dəyəri manat yarımdır. Bu qoy, çap edən müəllifə redaktəsi, yığımı və s. ilə bütövlükdə başa gəlsin 5 manata. Daha belə kitabı mağazada 15 manata satmazlar... Mən bu yaxınlarda Azərbaycan dilinin tarixi ilə bağlı kitab axtarırdım. Müəllifinə zəng vurdum, dedi ki, mən bağışlayaram. Dedim bağışlamaq yox, sənə də xeyrim dəysin, əziyyət çəkmisən, kitab yazıb çap etdirmisən. Getdim kitabı Ədəbiyyat muzeyinin yaxınlığındakı kitab mağazasından aldım. Müəllifin özünə də təşəkkür etdim ki, aldım kitabı. Müəllif məndən sonruşdu ki, neçəyə almısan kitabı? Dedim 17 manata. Deyir, məndən o kitabı satış üçün 6 manata almışdılar. Görürsüz, nə qədər fərq var? 17 manat, təsəvvür edirsiz? Bu nə boyda fərqdir?

Ancaq yayım üçün təşkilatı qaydada bir mərkəz olmalıdır. Oxucular da ordan istifadə etməlidirlər.

-Sizcə marketinq sahəsində kimlər işlər görməlidir? Bu sahəni inkişaf etdirmək üçün kimlərin üzərinə vəzifə düşür?

- Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrası fəaliyyət göstərir. Bu sahə üzrə kifayət qədər təhsil alan tələbələr var. Mən arzu edirəm ki, marketinq nəzəriyyəsini daha dərindən öyrənsinlər. Sonra istənilən nəşriyyatın funksiyasını öyrənib matketinqlə məşğul ola bilsinlər.

-Nəşriyyatlarda bu şöbələrə ehtiyac varsa, niyə yaradılmır?

- Nəşriyyatların əksəriyyətində bu şöbələr var, lakin sadəcə bu sahəni bilən adamlar yoxdur.

-Kitabı çap edəndən sonra satışı və təbliği ilə məşğul olursuz? Yoxsa bu çap edən müəllifin üzərində qalır?

- Biz kitabın çap mərhələsinə kimi məsuliyyət daşıyırıq. Çapdan sonra kitabın taleyi necə olacaq? - deyə bilmirik.

-Məcburi nüsxələr haqqında danışmaq istəyirəm, hamı məcburi nüsxəni kitabxanalara təqdim edir?

-Məcburi nüsxə anlayışı artıq gündəmə gəlməlidir. Mütləq bu məsələ haqqında qanunda dəyişiklik olmalıdır. Kitabı gedib öz puluma çap edirəm, sonra da mütləq aparıb bu kitabları kitabxanalara pulsuz paylamalıyam? Halbuku müəllif onu öz cibinin pulu ilə çap edir. Əsas məsələlərdən biri də budur ki, ziyalıların o qədər pulu yoxdur böyük tirajlarla kitab çap etsinlər. Güclə, 100-150 nüsxə çap edir, öz ehtiyaclarını ödəmək üçün, əksinə bu nəşriyyat qanunu göstərir ki, filan qədər nüsxəni məcburi aparıb kitabxanalara paylamalısan. Bu sosializmdən qalma bir ənənədir. Çünki, onda xərci dövlət çəkirdi. Ona görə də kitabxanalara məcburi verilməsi tələb edilirdi. Təbii, dövlət versə pulu, çəksə xərci, tələb etməyə haqqı var. Yoxsa, bazar strukturunda fərdi müəlliflərdən bunu tələb etmək düzgün deyil. Vergi ödəyicisindən sən zorla kitab alasan, bu düzgün deyil. Bunun üçün dövlət kitabxanaya kifayət qədər pul ayırıb. Yəni kitabxanaçılar da bunu bilsinlər. Onlar hər kitabı almalı deyillər. Onlara lazım olan kitabları almalıdırlar. Kitabxananın fondu lazımsız kitablarla niyə doldurulmalıdır? Nə çap oldu, 4 nüsxə ver bizə. Bu bizə lazım deyil. Bu bizim tariximizə lazım deyil. O kitab gərək kitabxananın fondunu zənginləşdirsin ki, bizim dövlətçiliyimiz üçün, bu günümüz üçün, gələcəyimiz üçün, sabahlarımız üçün, intellektimiz üçün lazımdır.

-Nadir müəllim hansı mövzularda kitab çap edir? Hansı mövzularda isə çap etmir?

- Bizim nəşriyyat birinci növbədə elmi kitablar və bədii kitablar çap edir. Bir şərtlə ki, bu kitabların arxasında dövlətçilik durmalıdır. İstənilən bir kitabda. Birinci növbədə onu qorumaq lazımdır ki, bu dövlətçiliyimizi güclə qazanmışıq. Onun əleyhinə, yarıtmaz kitablar buraxmaq olmaz. Kitab çap edilməmişdən əvvəl mütləq şəkildə şəxsən mən kitabın süjeti, məzmunu ilə tanış oluram. Bilirsiniz də, kitab nə qədər ideoloji bir sahədir. İstənilən ictimai bir fikirə təsir edə bilər. İctimai fikiri də qorumaq lazımdır. Yəni, əslində bu çap edilən kitabı hörmətə mindirmək lazımdır.

-"Hamı kitab çap edir” – sözünü bu gün üçün şamil edə bilərik?

- Mən belə hesab edirəm ki, insan öz şəxsiyyətinə hörmət etməlidir. Tutaq ki, bu gün rəngi qurumadan əlyazmasını götürüb aparır ki, gedim çap edim, bu düzgün deyil. Dünən mən televizorda bir verilişə qulaq asırdım. Məsələn, cavan bir şair idi. Deyir ki, əvvəlcə mən bir kitab oxudum. Şeir xoşuma gəldi, səhər başladım özüm yazmağa, mən ondan əskik deyiləm ki...Hər kəs öz qələminə hörmət etməlidir. Bilirsiz də dəsti-xətt deyilən bir anlayış var. Üslub deyilən bir anlayış var. İnsanları yazmaq üslubundan tanımaq lazımdır. Yazmaq manerasından tanımaq lazımdır. Bu filankəsin yazısıdır. Yoxsa...bu düzgün deyil, birinin kitabını oxuyub, səhər mən də kitab yazım...

-Sizcə kitab çapına nəzarət edəcək bir qrumun yaradılması vaxtı gəlib çatıbmı?

- Qətiyyən, mən onun əleyhinəyəm. Biz o nəzarət sistemini görmüşük. Bunu olmaz, onu olmaz. Normal şəkildə insanları düşünməyə imkan vermirdilər. Hətta üstündən xeyli müddət keçib, bilmirəm həmən şəxslər sağdır, yoxsa yox? Poliqrafiya Nazirliyinin nəzdində nəşriyyatların lisenziya alması və s. xüsusi bir şöbə yaradılmışdı. Biz onun dadını gördük. Siz təsəvvür edin ki, nəşriyyatı qeydiyyatdan keçirmək üçün ən azı filan qədər rüşvət verməli idin. Yəni bizim artıq gözümüz qorxub. 100 faiz bilirəm ki, bu gün yeni bir struktur yaradılsa, o bizi ancaq əzməklə məşğul olacaq.

-Nadir müəllim, danılmaz faktdır ki, bu gün keyfiyyətsiz kitablar da çap olunur. Kitabların keyfiyyətsiz çap olunmaması üçün başlıca olaraq qoruyursuz nəşr prinsiplərini. Bu prinsiplərə məsuliyyət daşımayan nəşriyyatlar da var. Bəlkə bunun üçün belə bir qrupumun yaradılması vacibdir və ya gərəklidir?

 

- Mən axı dedim ki, pis kitab yoxdur, pis naşir var. Nəşriyyat nə qədər strateji sahədirsə demək onun başında duran adamlar...bax bu qorxuludur. Hər kəs yerində olmalıdır. Qabilin şeirində deyildiyi kimi "Səhv düşəndə yerimiz”. O yerə səhv düşəndə, tutaq ki, maddi imkanı var gedib avadanlıq alıb, gəlib quraşdırıb, çap edir, ağına-bozuna baxmadan... bu başqa məsələ. Nə istəsən çap edir, maddiyyata vurulub.

-Piratçılığın qarşısını almaq üçün bu vasitə ola bilər?

-Respublikada ən yaralı yerimiz piratçılıqdır. Düzdür, deməzdim ki, hər çap olunan kitabın başına gəlir bu hadisə...Siz bilirsiz hansı kitablardan söhbət gedir. Məsələn, BDU-nun Filologiya fakültəsinin müəyyən dərslikləri var. Vaxtilə Muxtar Hüseynzadənin, Səlim Cəfərovun, Əli Sultanlının və başqalarının kitabları bunlar kütləvi tirajla dövlət tərəfindən kiril qrafikası ilə çap edilib, latın qrafikası ilə onların işıq üzü görməsi vacibdir. Bax, piratçılıq buradan qaynaqlanır. Bu kitabların təkrar nəşrinə böyük ehtiyac var. Prezident Cənab İlham Əliyevin sərəncamı ilə bütün ali məktəblərdə "Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. Lakin dərslik yoxdur. Bu tip kitablar dövlət tərəfindən maliyyələşdirilmir, təhsil nazirliyi tender elan edib bu kitabları nəşr etmir. Bəzi alimlərimiz bu dərsliyi yazır, öz hesabına 100-200 ədəd çap etdirir. Bəli, gələn il kitab yoxdur, artıq müəllim öz vəsaiti ilə satışa da çıxara bilmir, piratçılar onu, dəyərindən də aşağı qiymətə keyfiyyətsiz kağızda, keyfiyyətsiz boyada çap edirlər. Həmin nəşrlər insan səhhəti üçün çox təhlükəlidir. Keyfiyyətsiz boyalarla uşaq necə dərs oxuyur? Barmağını dilinə vurur, vərəqləyir, içində də keyfiyyətsiz, qorxulu boyalar, görün bu nə demekdir. Ziyan, xəstəlikdir bunların hamısı. Kütləvi tiraj olmayan kitabların piratları tapılır. Yəqin ki, təhsillə bağlı bütün sahələrdə belə piratçılıq var.

-Nəşriyyat işinin inkişafı üçün təklif və tövsiyələriniz...

-Birinci növbədə İSBN-nin alınması məsələsi. İSBN neçəyədir? Bir nömrəsi 25 manat. Bu, dünyada görünməmiş bir qiymətdir. Mən təklif edirəm ki, İSBN-ni almaq üçün Milli kitabxana bunu pulsuz təşkil etsin. Biz də ona əvəzində kitab verək. Əbülfəz müəllim bir dəfə biz naşirləri bir araya toplamışdı. Özü də orda etiraf etdi ki, bəli, bu Xəzər univeristetinin əlindədir İSBN vermək, ona görə biz məcbur oluruq daxili İSBN yaradaq. Hələ mən alınması üçün yaranan çətinlikləri demirəm. Ora get, bura get. Müəyyən mərhələlərdən keçib sonra da 25 manat ödəmək. Mexanizm yaratmaq olardı ki, M.F.Axundov adına Milli Kitabxana bunu öz üzərinə götürsün, bizə İSBN versin, biz də ona əvəzində kitab verək. Tutaq ki, 20 kitaba 1 İSBN versin.

- Nadir müəllim suallarımın içində hansı sualı eşitmək istəyirdiz mən o sualı vermədim sizə?

-Niyə sizdə qiymətlər xeyli ucuzdur? Demədiz mənə... sualını eşitmək istəyərdim.

- Gəlin bu sualı da cavablandıraq.

-Əvvəla, bunun başlıca səbəbi: nəşriyyatın və mətbəənin binası, icarə deyildir, şəxsi mülkiyyətimdir. Avadanlıqlar özümüzünküdür. İkinci, "Allahdan başqa şərikimiz yoxdur”. Üçüncü, elm adamıyam, elm adamlarının içərisindəyəm və onların bütün problemlərini daxildən bilirəm. Sevinclərinə şərikəm, onların kitab çap etmək üçün nə qədər əzab çəkdiyinin canlı şahidiyəm və ona görə də həmişə fikirləşmişəm ki, bu işi kimsə görməlidir. Bu missiyanı kimsə öz üzərinə götürməlidir ki, bu adamlara kömək edək. Bu adamları vəziyyətdən çıxaraq. Keçid dövrü deyin, nə istəyirsiz adlandırın, doğrudan da çətindir, müəllimlərin maaşı çox aşağıdır. Kitabı da çap edən kimlərdir? Bax, bu insanlardır. Allah tərəfindən mən göndərilmişəm. Mən də bu vəzifəni öz üzərimə götürmüşəm ki, nə qədər bacarıramsa bu insanlarla xoş rəftar edim, qiymətləri aşağı edim, baxmayaraq ki, kağız bahadır hətta, digər problemlər də var. Ancaq istənilən halda başqa nəşriyyatlarla müqayisədə... lap elə eyni sifarişi edib görə bilərsiz. Görəcəksiniz ki, nə qədər fərq var. Hərdən zarafatyana mənə Hacı Zeynalabidin Tağıyev də deyirlər. Messinatlıq edirəm. Mən də nə qədər bacarıramsa insanlara kömək edəcəm.

 

Müsahibəni apardı

Leyla ABASOVA

Tarix üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universitetinin

Ədalət  2019.- 15 mart.- S.5.